Getmə, tərsa balası!..

 

Şair və yazarlar onları sevənlər üçün həmişə bütün parametrləri ilə maraqlı olur... Necə yaşayıblar, ömürləri necə keçib görəsən? - kimi suallar oxucunun zehnində dolaşıb durur... Amma hər kəsi daha içdən düşündürən, ən çox maraqlandıran isə onların yaşadığı eşq hekayəsi, ürcah olduqları sevgi macəralarıdır. Məhəmmədhüseyn Şəhriyarın da özəl həyatı həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra diqqət çəkib... Çünki o da gənclik çağlarında sevginin ən alisinə, öləsiyə eşqə tuş gəlib. Ancaq min təəssüflər ki, sevgilisinin vüsalına yetə bilmədiyindən kədərin də ən böyüyünü, ən dərinini yaşamalı olub…Son nəfəsinədək könlündən, yaddaşından silinməyən, illər keçsə də unudulub öləziməyən eşqinə neçə-neçə şeirlər yazıb, onu qəhr edən üzüntülərini dəfələrlə nəzmə çəkib "əvvəli sultani-eşq, axırı ustadi-şeir olan Şəhriyar..."

Könüllər sultanının sevgi romanını növbəti yazımda - "Behcətabad xatirəsi" qəzəli üzərində açıqlamalar edərkən vərəqləyəcəyimə görə, bu yazımın mövzusu çağının klassiki, sağlığında ikən ustad kimi qəbul olunaraq elə bu cür də xitab edilən şairin "Getmə, tərsa balası" qəzəlidir...

Öncə onu qeyd edim ki, "Getmə, tərsa balası" qəzəlini klassik ədəbiyyatımızın ustadlarından birinin - Seyid Əzim Şirvaninin çap olunmamasına rəğmən dillər əzbərinə çevrilən məşhur qəzəlinin iki beytini:

 

Getmə tərsa balası, mən də sənə sayə gəlim,

Damənindən yapışım mən də kəlisaya gəlim...

Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,

Ya da təlim elə mən məzhəbi-İsayə gəlim!

 

- iqtibas verərək qələmə alıb və sevgi, məhəbbət duyğularının izharına həsr edib "qəzəllər şahı..." S.Ə.Şirvaninin əsərindən əsl sənətkar məharəti ilə bəhrələnməklə o, klassik şeirin ən bitkin, mükəmməl örnəklərindən birini yaradıb və Azərbaycan muğam sənətinə qeyri-adi bir sevgi duyğusunun poetik ifadəsi olan unikal mətn - yeni bir qəzəl bəxş edib.

Türkcə divanının əksər nəşrlərində yer alan qəzələ şairin özünün yazdığı izahdan məlum olur ki, S.Ə.Şirvaninin o məşhur şeirindən yuxarıdakı iki beyti anası Kövkəb xanım tez-tez zümzümə edərmiş. Şəhriyar qəzəli çox bəyəndiyindən bütün mətnini əldə etmək üçün axtarış aparır... Lakin dillərdə əzbər olan qəzəlin çap variantını, əslində bütün mətnini tapa bilmir və şifahi mətnin özəlliklərindən çıxış edərək şahə qalxan sevgi duyğularının bəyanetmə tavrı və heyranedici gözəlliyi ilə nəfəs kəsən misilsiz bir əsər ərsəyə gətirir. Bu faktı onu yaxından tanıyan, yaradıcılığını əzbər bilən Əsgər Fərdi də təsdiqləyir.

Şəhriyarın "Getmə tərsa balası" qəzəlini S.Ə.Şirvanidən etkilənərək qələmə alması ilə bağlı mübahisəli fikirlər mövcuddur. Belə ki, bəzi Şəhriyarsevərlər həmin qəzəlin S.Ə.Şirvaniyə məxsus olmadığı fikrini də irəli sürüblər. Hətta qəzəlin yazılma nədəni ilə bağlı belə bir məlumat da var: "Deyilənlərə görə, bu, Şəhriyarın Tehranda tibb kollecində oxuyarkən sevdiyi xristian qız ölkədəki qeyri-stabil vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə ölkəni tərk etdiyinə görə, həmin qıza Şəhriyar tərəfindən həsr edilən qəzəldir".

Əfsuslar olsun ki, məlumatda əks edilən yanlışlıqlar gözdən qaçmır: Birincisi, Şəhriyar həmin vaxt tibb kollecində deyil, Tehran Tibb universitetinin Cərrahiyyə fakültəsində oxuyurdu. İkincisi də şair bu dönəmdə xristian qızını deyil, ata-anası xalis türk olan Sürəyyanı sevirdi... Bu nakam sevgisi üzündən də gəncəcik çağında çəkmədiyi zülm qalmadı... Görünür, qəzəl "Getmə, tərsa balası" adlandırıldığından və "tərsa balası" ifadəsi "xristian, xaçpərəst, isəvi" anlamına gəldiyindən belə bir yanlış məlumatın yayılmasına rəvac vermişdir. Hətta qəzəlin   Nişat Şirvaniyə məxsus olduğu da söylənir.

Tərsa qızına bütün varlığı ilə aşiq olan, bu yolda sahib olduğu hər şeydən-dinindən belə imtina edərək sevgi adlı dinə iman gətirən Şeyx Sənanın faciəsini də ustad Şəhriyar məhz bu qəzəldə xatırlayır və misilsiz bir bənzətmə yaradır:

 

Şeyx Sənan kimi donquz otarıb illərcə

Səni bir görmək üçün məbədi-tərsayə gəlim?

 

Məlum olduğu kimi, ayrı-ayrı millətlərə və dinlərə mənsub olan iki insanın milli fərqlərin sınırlarını və məzhəb ayrı-seçkiliyini nəzərə almadan bir-birinə aşiq olmaları və öləsiyə eşq yaşamaları bütün dövrlərdə rast gəlinən iztirab, ağrı-acılarla dolu həyat hekayələridir.

Şəhriyarın tərənnüm etdiyi sevginin obyekti-sevgili Tərsa qızı deyil. Bu bir gerçəkdir, çünki sevdiyinə "Mən cəhənnəmdə də baş yastığa qoysam sənilə, Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim. Nənə qarnında da sənlə əkiz olsaydım əgər, İstəməzdim doğulub bir də bu dünyayə gəlim. Sən yatıb cənnəti röyadə görəndə gecələr, Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim. ...Sən də səhrayə marallar kimi çıx, nolu ki, Mən də bir seyrə çıxanlar kimi, o səhrayə gəlim", - etiraflarını edən lirik qəhrəman hətta gözəl dinindən dönüb tərsa olsa belə, ona yetmək üçün Şeyx Sənanın göstərdiyi fədakarlıqları etməyi gözə alır...

Əgər sevdiyi gözəl tərsa balası olsaydı, şair onun Allahından, dinindən dönüb başqa dinə - xristianlığa etiqad edərək "tərsa" ola biləcəyindən əndişələnməz, qorxu hissi keçirməzdi... Çünki aşiq lirik qəhrəman bu halda özünün də Şeyx Sənan kimi tərsa qızının mənsub olduğu özgə dini qəbul edərək sevdiyini, heç deyilsə, bircə dəfə görmək üçün illərlə donuz otardıqdan sonra, xristianların dua və dini ayinləri icra etdikləri məbədə-kilsəyə gələcəyini bəyan etməzdi. Bir nüansı da vurğulamaq gərəkir ki, Şəhriyarın lirik "Mən"i bunları edəcəyini təsdiqləmir, hətta eşqinin ona bu addımı atmağa vadar etməyə gücünün yetəcəyini bildiyi halda belə, yenə də bəyanını sualla edir:

 

Allahından sən əgər qorxmayıb olsan tərsa,

Qorxuram, mən də dönüb dini-Məsihayə gəlim.

Şeyx Sənan kimi donquz otarıb illərcə

Səni bir görmək üçün məbəde-tərsayə gəlim?

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,

Buraxım məscidimi, sənlə kəlisayə gəlim?!

 

Şairin sunduğu olayda eşqinin üzündən acı çəkən aşiqlərin ayrılıq həsrəti ilə axıtdığı göz yaşları qıtlıq illərinin yağışı kimi, artıq qurumuşdur. Amma o, namaz qılan və sonra səcdəyə qapanıb Allaha dualar edən mömünlər tək sevdiyinin eşqinə düşdüyü yerə - Qaf dağının ətəyində olduğu söylənən Haqq dərgahının qapısına gəlib ona (həm də Allahına) yetmək üçün dualar etməkdə qərarlıdır...

Şəhriyarın da özünü büsbütün dərk etdiyi andan etibarən mükəmməlliyə, arifliyə, salikliyə - Tanrının dərgahına qovuşmağa doğru yol aldığını xatırlasaq, burada da onun birmənalı olaraq Ali gözəlliyin dərkinə yönəldiyini dərk etmiş olarıq... Eyni sonuca varmaq üçün əsərin başqa beyti də yardımımıza gəlir. Beytdə Şəhriyar sevdiyindən Tur dağına çıxmağı və ilahi nurun içində cilvələnməyi, bu zaman Musa peyğəmbər kimi özünün də Tur dağına təcəllaya gəlməsini istəyir. Şəhriyar bu motivlə orijinal bir bənzətmə yaratmış olur, ilahi qüdrətin təcəlla etdiyi Tur dağını dünyəvi sevgiliyə bənzədir:

 

Gəl, çıxaq Turi-təcəllayə, sən ol cilveyi-Tur,

Mən də Musa kimi ol Turi-təcəllayə gəlim.

 

Doqquz beytlik qəzəldə böyük məharətlə yaradılan təşbeh və metafora silsiləsində sevdiyini səhradakı marala, özünü səyyaha, aylı gecədə seyrə çıxan sərv ağacına, sərvin arxasınca sürünən kölgəyə, cənnət quşuna, göz yaşının qurumasını isə qıtlıq illərinin yağışına bənzədən şairin xəyal gücünə heyran olmamaq mümkünsüzdü...

Şəhriyarın bir məharəti də dinlər arasında bağlılıq yaratmağa səy göstərməsi, insanların dini mənsubiyyətinə qarşılıqlı hörmət prinsipini gözləməsi, bu son dərəcə həssas məsələyə poetik yanaşmasıdır...

"Getmə tərsa balası" şeirinin iqtibasdan sonra gələn ilk beytində Şəhriyar lirik qəhrəmanın dili ilə xalqın toy adətlərinin xüsusiyyətlərindən birini açıqlamağı gərəkli sayır. Adətə görə, toy günü ər evinə yola düşməzdən öncə, məşşatə gəlinin üz-gözünü bəzəyir, saçına, libasına bəzək-düzək verir. Burada başqasına yar olacaq sevgilisindən əli üzülən naçar aşiq-şair, toy gecəsi dayə kimi də olsa toy evinə gəlmək, gəlinə gözəllik verən məşşatə ona "əl qatanda", yəni bəzəyib-düzəyəndə orada olmaq, onun daha da gözəlləşməsinə tamaşa etmək arzusunu gizlədə bilmir:

 

İzn ver toy gecəsi mən də sənə dayə gəlim,

Əl qatanda sənə məşşatə tamaşayə gəlim.

 

Sonuncu, məqtə beytdə adını çəkən Şəhriyar şeirini əlində şəmşir-qılınc tutmuş şirə bənzədir və əminliklə bildirir ki, bu şir ilə üz-üzə gəlməyə, söz oynatmağa - deyişməyə qüdrəti çatan elə bir söz ustası yoxdur. Şairin qürrələnməyə haqqı çatırdı, çünki İranda Azərbaycan türkcəsinin qadağan olunduğu bir dövrdə "Heydərbabaya salam" poemasının yaranması çox ilginc, qarşısıalınmaz bir ədəbi hadisəyə çevrilmişdi...

Əsərlərində, eləcə də bu qəzəlində Şəhriyarın təsvir etdiyi insanlar, obrazlar, milli mühitdə, milli konkretliyində yaşayır, hadisələr xalqın düşüncə və duyğu tərzində canlandırılır.

Və sonda Şəhriyarımızın "bir ruhun daxilindəki ilahi eşqi, qutsallıq duyğusunu kəşf etmək üçün bütün çətinliklərə davam gətirən, həyatın tam dibindən, çirkabın dərinliyindən çəkib çıxaran ən güclü bir vasitənin məhz sevgi, eşq olduğunu kanıtlayan "Getmə tərsa balası" qəzəlinin tam mətnini sunuruq:

 

İzn ver toy gecəsi mən də sənə dayə gəlim,

Əl qatanda sənə məşşatə təmaşayə gəlim.

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,

İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla gözilən, mən qaragün

Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.

Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,

Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.

Nənə qarnında da sənlə əkiz olsaydım mən,

İstəməzdim doğulub bir də bu dünyayə gəlim.

Sən yatıb cənnəti röyadə görəndə gecələr

Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.

Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,

Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.

Sən də səhrayə marallar kimi çıx, nə olu ki.

Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb olsan tərsa,

Qorxaram mən də dönüb dini-Məsihayə gəlim.

Şeyx Sənan kimi donquz otarıb illərcə

Səni bir görmək üçün məbəde-tərsayə gəlim?

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,

Buraxım məscidimi, sənlə kəlisayə gəlim?!

Gəl çıxaq Ture-təcəllayə, sən ol cilveyi-Tur,

Mən də Musa kimi, ol Turə təcəllayə gəlim.

Şirdir Şəhriyarın şeiri, əlində şəmşir,

Kim deyir mən belə sir ilə dəvayə gəlim?

 

Esmira Fuad

 

Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.23.