Qara kvadrat
hekayə
Yağış yağırdı. Pişik
miyoldayırdı. Züleyxa əlindəki
kitabı kresloya qoyub durub qapını açdı. Pişik dərhal soyuducuya tərəf qaçdı
və yenə miyoldamağa başladı - yemək istəyirdi.
Züleyxa soyuducunun qapısını açıb dedi:
- Bax, ay Məstan,
görürsən, soyuducumuz boşdu. Mən də
sənin kimi, üç gündür yemək yemirəm.
Ancaq qara qəhvə, su içirəm. Heç çayımız da qalmayıb.
Züleyxa düşündü ki, bu koronavirus
pandemiyası qurtaranda mütləq Məstana
xoşladığı yeməkləri - kolbasa, sosis, konservlər
və pişik yeməkləri alacaq. İndi Züleyxa
heç evdən kənara çıxa bilmir - karantindir.
Onun yaşı artıq yetmişi keçib.
Karantindən qabaq heç olmasa qonşusu Zərəngizdən
nəsə almağı xahiş edirdi. Üç
gün qabaq Zərəngiz Böyük Bağmanda yaşayan
qoca anasının yanına getmişdi. Züleyxa
fikirləşdi ki, gərək ona heç olmasa pişik
üçün yemək və özü üçün
çörək, pendir aldıraydı.
Dünən
Züleyxa evindən xeyli aralıda yerləşən marketə
gedəndə yağış yağırdı, külək əsirdi
və onun qısa ağ
saçlarını üzünə dağıdırdı.
O, addımlarını yeyinlədirdi ki, yağışın
altında çox islanmasın. Yolda bir inni-cinni
yox idi. Sanki dünya büsbütün
dağılmış, insanlar qeybə çəkilmişdi.
Züleyxanın ürəyini bir xof
bürüdü. Adamsız küçə,
illah da ki, yağış yağanda, külək əsəndə
nə qədər qorxunc görünürdü. Züleyxanın getdiyi yolun qurtaracağında polis
maşını dayanmışdı. Onun marketə
çatmasına lap az qalmışdı. Bu məqam düşündü ki, kaş polislər
onu görməyələr, Züleyxa da dərhal marketə
daxil olub pişiyi və özü üçün yemək
alar. Ancaq polis onu gördü və ona
yaxınlaşıb kimliyini göstərməyi tələb
etdi. Züleyxa öz əlləriylə düzəltdiyi
maskanı aşağı salıb dedi: - Başına
dönüm, oğul, qoy marketə keçim.
- Olmaz,
ana. Qanun çox sərtdir. Ona
tabe olmaq lazımdır.
Züleyxa geri döndü. Saçları
büsbütün islanmışdı. Polisin
ona ana deməsi ürəyini titrətdi. "Ay Allah, ay
Allah, mən bu sözü eşitmək üçün
darıxmışam... qoy yaşadığım bu günlər
ömrümün axırıncı günləri olsun, ancaq mən
yenə də ana sözünü eşidim".
Zərəngiz demişdi ki, üç günə
qayıdacaq. Bu gün artıq üç gündür. Əgər qayıtsaydı, heç olmasa ondan
xahiş edərdi ki, ona, bir də pişiyə ərzaq
alsın. Züleyxa masanın üstündəki
aldığı təqaüdə baxdı - indi pul ona adi
kağız kimi görünürdü. Üstü
şəkilli kağız idi, vəssalam. Aynadan
həyətə baxdı - ikiotaqlı balaca evin
qarşısında cəmi bir alça ağacı vardı.
Nədənsə, bu ağac hələ
çiçəkləməmişdi. Zərəngizgilin
alça ağacı artıq çiçəkləmişdi.
Ağacın bir budağı da barıdan
Züleyxanın həyətinə düşürdü.
O fikirləşdi ki, ata-anası yaşayanda həyətdə
balaca ləklərə pomidor, xiyar, göyərti əkilirdi. Züleyxa onda çox sevinirdi. Sonradan, az qala otuz beş yaşında Faiqin evinə
köçəndə, ilk vaxtlar onun böyük evində
özünə yer tapa bilmirdi - onun mənzilində royal,
böyük kitabxana var idi. Həyət də əsrarəngiz
güllərlə, Züleyxanın çox sevdiyi yasəmən
və pionlarla dolu idi. O, belə gözəlliyə, belə
genişliyə çətin vərdiş edirdi. İlk və yeganə övladı Fərid
doğulanda özünü dünyanın ən xoşbəxt
qadını sandı. Onda Züleyxa Gəncə
Musiqi Kollecində fortepiano müəllimi işləyirdi.
Burada hər kəs onun taleyinə qibtə
edirdi.
- Görəsən,
Faiq müəllim bunun nəyini alıb? O cür gözəl
oğlan kollecimizdə işləyən gözəl
qızları görmürdümü? Eşitmişik ki, kişi qadından böyük olar, qadın
yox, özü də bir neçə yaş böyük.
Arxasınca deyilən bu sözləri Züleyxa
eşidirdi, pərt olurdu, ancaq eşitdiklərini eşitməməzliyə
vururdu.
Heç tövrünü pozmadan bu iş yoldaşlarıyla
danışırdı.
Bir dəfə də Züleyxa Faiqdən
soruşmuşdu - kollecimizdə o qədər gözəl və
məndən cavan qızlar var, sən niyə məni
seçdin?
"Mən sənin qəlbini, ruhunu sevdim. Sən Qara
Qarayevin "Adajio"sunu çalanda, siman büsbütün
dəyişirdi. Üzün qeyri-adi gözəl
görünürdü". Faiq onu
qucaqladı.
Faiq kollecdə nəzəriyyə müəllimim idi.
- Bəs
sən niyə pianoçuların müsabiqəsində
iştirak etməyibsən?
- Məni
heç vaxt müsabiqəyə buraxmırdılar. Əksinə, hansısa tələbəyə təhkim
edib deyirdilər - bu uşaq qalib çıxmalıdı.
Bu sənin səyindən və
bacarığından asılıdı. Tələbəmiz
də istedadlıdı.
Onda Züleyxa tələbəsi ilə Çaykovskinin
iyun Barkarolasını hazırladı. Tələbəsi
laureat oldu. Tünzalə adlı bu qız
çox istedadlı idi. Züleyxa işlədiyi
müddətdə müxtəlif müsabiqələrə bir
neçə tələbə hazırlamışdı.
Qalib çıxanı da olurdu,
çıxmayanı da.
Bir tələbəsi də Bakıda keçirilən pianoçular
müsabiqəsinin laureatı oldu. Onda tələbəsi
Fikrət Əmirovun "Prelüd"ünü
çalmışdı. Züleyxanın
bir tələbəsi də Tbilisidə keçirilən
Zaqafqaziya pianoçuları müsabiqəsinin qalibi oldu.
Uşağın valideynləri ondan çox
xahiş etdilər ki, Züleyxa da onlarla getsin Tbilisiyə -
sizin yanınızda uşaq o qədər də həyəcanlanmaz.
Bizim maşınla gedər. Onda
Züleyxa bilmirdi ki, Tbilisiyə getməyinə necə
peşman olacaq. Əgər bilsəydi getməzdi.
"Yox, yenə gedərdim, heç olmasa oğlumun
üzünü gördum. İki kəlmə
olsa belə, onunla söhbət etdim".
Sadəcə, Züleyxa düşünürdü ki,
Amerikadan Tbilisiyə gələn oğlu Tbilisidən cəmi
200 km aralı olan Gəncəyə - anasının yanına
heç olmasa bir günlük, ya yarım günlük, lap bir
saatlıq gələ bilməzdimi?
Onda Şəhlanın valideynləri Tbilisidəki restoranların
birində qızlarının qələbəsini qeyd edirdilər,
Züleyxaya hədsiz minnətdarlıqlarını bildirirdilər.
- Bu qələbə
Şəhlanın öz qələbəsidi. O çox
istedadlı qızdır. Birdə ki, Şəhla
bizim musiqimizə dəyər verməyi bacardı. Qara Qarayevin "Adajio"sunun bu qədər sənət
adamlarının içində ifa olunması böyük
sevincdir. Siz fikir verdiniz, hamı ayaq üstə
alqışlayırdı "Adajio"nu, Şəhlanı.
Şəhlanın atası əyilib
Züleyxanın əllərindən öpdü.
Birdən Züleyxanın gözləri onlara tərəf
gələn oğluna sataşdı. Oğlunu neçə il idi görmürdü. Onun
uğurları barədə hərdən qəzetlərdə,
sosial şəbəkələrdə oxuyurdu. Qəlbi qürur hissi ilə döyünürdü.
-
Çox şükür, Allahım, balam xoşbəxtdi. Heyif, uşaqları yoxdur. Yoldaşı
da bizimkilərdəndi, 1979-cu ildə valedeynləri Təbrizdən
Amerikaya köçüb. Fərəh Fərid
kimi Harvardı bitirib. Çox
şükür, Allah, özün balamı, ailəsini pənahında
saxla.
- Ana, sən
məni tanımadın?
- İndi tanıdım.
Fərid onun üzündən, boynundan öpürdü,
ağappaq, qısa vurulmuş saçlarına sığal
çəkirdi. Züleyxa ağlamaq istəyirdi, lakin
yanındakı adamlara görə özünü tox
tutmağa çalışırdı.
Mən bu gün Gəncəyə gəlmək istədim,
ancaq imkan olmadı - rəsmi tədbirlər, indi də dostumun
ad günüdür, gəlməmək olmazdı. Yaxşı
ki, səni burda gördüm. İki saatdan
sonra təyyarəm Vaşinqtona uçur. Mən
indi Aeroportda olmalıyam.
Sanki anasının yanında əyləşən
insanları indi gördü.
-
Bağışlayın, anamı gördüm həyəcanlandım.
Siznən görüşə bilmədim.
- Olan
işdir, Şəhlanın atası Fəridin əlini
sıxdı. Züleyxa müəllimədən
xahiş etdik ki, biznən getsin Tbilisiyə. İndi qızımın bugünkü müsabiqədə
qələbəsini qeyd edirik.
- Təbrik
edirəm. Böyük uğurlar diləyirəm.
- Sağ
olun. Biz bilmirdik ki, Züleyxa müəllimənin belə
gözəl oğlu var, - dedi Şəhlanın atası.
Fərid anasının balaca çantasına pul qoydu. Yenə anasını
qucaqlayıb:
- Məni
bağışlayın, təyyarəmin vaxtına az qalıb.
Fərid geriyə baxmadan qapıdan çıxdı. O əyləşdiyi
masanın arxasından iki nəfər cavan kişi
də Fəridin arxasınca çıxdı.
Sonra Züleyxa başını masaya söykəyib
hönkürtü ilə ağladı. Onun
bütün vücudu titrəyirdi. Şəhla da
valideynləri də;
-
Züleyxa müəllimə, sakit olun, hamı bizə
baxır.
Şəhla
ona su verdi.
- Məni
bağışlayın... Özümdən
asılı olmadı. Oğlumu çoxdan
görmürdüm.
Züleyxa yenə də ağladı. O, artıq heç kimi
görmürdü, eşitmirdi. Mən balamı az qala tanımadım. Mən
oğlumnan söhbət edə bilmədim. Darıxmışdım axı onsuz. Ondan başqa mənim heç kimim yoxdu. Hamı olsaydı belə, yenə də Fərid təkdi
mənim üçün. Züleyxa,
doğrudan da, bu dünyada qərib kimi idi. Valideynlərini hələ cavanlıqda, rəfiqələrini,
qohumlarını illər keçdikcə itirdi. O, şəhərə
çıxanda bir tanış sima
görmürdü. Artıq bu il kollecdən
də işdən çıxdı. Daha doğrusu, təzə
gələn müdir onu yanına çağırıb dedi:
- Müəllimə,
sizə böyük hörmətimiz var, ancaq qanuna görə
siz işdən çıxmalısınız. Altmış beş yaşdan sonra sizi işdə saxlamaq
ixtiyarım yoxdu. Lakin müsabiqəyə gedən tələbəylə
kollecdə məşğul ola bilərsiniz.
Züleyxa dərhal ərizəsini yazdı, müdirin
masasına qoyub qapıdan çıxdı. Onun ürəyi
sızıldayırdı. Gözləri
alatoran görməyə başladı. "Məni
makulatura kimi çölə tulladılar. Mən artıq heç kimə lazım deyim. Heç Allaha da lazım deyiləm. Lazım
olsaydım yanına aparardı"...
Evinə doğru səssiz-səssiz
addımlayırdı. Heç kəs ona məhəl qoymurdu.
Hərənin öz problemi var.
Züleyxanı
kədərli xatirələrdən Şəhlanın
anasının sözləri ayırdı: - Sağ olun, müəllimə,
Şəhlanın hazırlığını
yarımçıq qoymadız.
- Şəhla istedadlı qızdır.
- Siz
çox gözəl anasız, bu cür oğul
böyütdünüz.
Züleyxa kədərlə gülümsədi. Fikirləşdi
ki, Fəridin oxuyub boya-başa çatmasında Münəvvər
xanımın müstəsna xidməti olub. O da, əri də
ADİU-da professor idilər, iqtisad kafedrasında. Tək oğullarını itirəndə Fəridin
12 yaşı vardı.
Onlar otelə qayıtdılar. Züleyxa otağına keçən
kimi, ağladığına görə özünü
qınadı: "Özüm deyirdim axı, təki balam
xoşbəxt olsun, heç məni itirib- axtarmasın".
Yadına
düşdü ki, Fərid babasını dəfn edib Amerikaya
qayıdanda yaraşıqlı evlərinə baxıb
demişdi: - Ana, indi nə nənəm var, nə də babam, sən
bu böyüklükdə evi neynirsən? Yaşın
da artıq keçib. Mən evi satmaq istəyirəm.
Mənə orda pul lazım olacaq.
Fərid evi satdı. Züleyxa da öz
atasının indi xaraba qalmış balaca, təmirsiz evinə
köçdü. Doğulduğu,
boya-başa çatdığı evdə özünü yad
hiss etdi. Yaxşı ki, onu tanıyan
qonşuları var idi. Əgər Faiq
dursaydı heç xoşbəxtlik çağlarının
o evi satılmazdı. Fərid atasına
çox bağlı idi. Yenə ürəyi
gizildədi - ay Allah, onlar necə xoşbəxt idilər.
O düşündü ki, Münəvvər xanım da,
Əvəz müəllim də ona qarşı çox diqqətli
idilər.
Yadındadır, Züleyxanın hamiləliyi təsdiqlənəndə
Əvəz müəllim şampan açdı, Münəvvər
xanım masanın üstünə meyvə, şirniyyat
düzdü.
Əvəz müəllim:
- Gələcək
nəvəmizin şərəfinə, qoy qədəmləri
evimizə uğur gətirsin.
Onda nə Əvəz müəllim, nə də Münəvvər
xanım bilmirdilər ki, onları son mənzilə - "Səbiskar"
qəbiristanına Fərid yola salacaq. Onların ölümlərini
eşidib dərhal Vaşinqtondan Bakıya, sonra da Gəncəyə
gələcək. Məni gözləyin
deyəcək anasına. Onda Fərid
Harvardı yenicə bitirmişdi, Müsabiqə yolu ilə ən
nüfuzlu, maaşı yüksək vəzifəyə
keçmişdi Vaşinqtonda. Münəvvər
xanım Əvəz müəllimdən yeddi ay sonra
dünyasını dəyişdi. Ömründə
heç vaxt heç kəsə qibtə etməyən
Züleyxa onların ölümünə həsəd
apardı - onlar Faiqin yanına Züleyxadan qabaq getdilər.
Bir ildə Fərid iki dəfə Gəncəyə
gəldi - baba, nənəsini son mənzilə yola saldı.
Hələ indiyə kimi o səhnə Züleyxanın
gözləri önündədi. İndi Züleyxa o
evin yanından keçə bilmir, qəhər onu
boğmağa başlayır. Kimlərsə,
ayrı adamlar o evin işığını yandırır, o
çıxdığı pilləkənlərlə evə
qalxırlar. Nə isə...
keçmişi qaytarmaq mümkün olsaydı, Züleyxa
birinci Faiqi qaytarardı. O, kollecdə və pedaqoji
texnikumda işini atıb müharibəyə getməsəydi
onda həyat bambaşqa olardı. Onda Faiq nə Züleyxaya, nə
də ata-anasına demədi ki, o, bir qrup könüllü ilə
Şuşa uğrunda vuruşmağa gedir.
Əgər desəydi, onda Züleyxa onun
ayaqlarına döşənərdi, qoymazdı Faiq getsin.
Müharibə, azadlıq - hamısı ritorika,
pafosdur.
Züleyxanın ömrü tən yarıya
bölündü - 1993-cü ilə kimi və ondan sonra. 1993-cü ilin
mayında Gəncə Hərbi Komissarlığından
Züleyxaya zəng etdilər.
- Bu Faiq
Hüseynlinin evidir?
- Bəli.
- Siz onun
kimisiz?
- Həyat
yoldaşı.
-
Xanım, onu bura gətiriblər, şəhər hərbi
komissarlığına. Gəlin onu evə
aparın.
"Qurban olum, Allah, bu nə böyük xoşbəxtlikdir. - Bəs niyə
gəlin aparın dedilər?"
Tez Əvəz müəllim də, Züleyxa da taksi
saxlayıb hərbi komissarlığa getdilər. Münəvvər
xanım plov bişirməyə hazırlaşırdı.
Ağlına belə gəlmirdi ki, oğlu onun
ürəyi, gözlərinin işığı əlil
qayıdacaq evinə.
Əvəz
müəllim və Züleyxa hərbi komissarlığa
çatan kimi soruşdular:
- Faiq Hüseynli hardadı?
- Mən
burdayam, ata - Faiqin boğuq səsi eşidildi. Burada
xeyli insan vardı. Bu insan selinin içində
Əvəz müəllim yenə Faiqin səsini eşitdi.
- Mən
burdayam, ata. - Əvəz müəllim də,
Züleyxa da səs gələn tərəfə getdilər.
Faiqi iri, köhnə kresloda otuzdurmuşdular. Onun hər iki
ayağı dizdən aşağı yox idi. Əvəz müəllim hönkürdü, onu
qucağına aldı. Onları gözləyən
taksiyə əyləşdilər. Üçü
də arxada yerləşdi.
Münəvvər xanım onun ayaqlarını
öpür, "bütün ağrıların mənə gəlsin,
oğul" - deyirdi. Fərid də ağladı. O da əyilib
atasının ayağını öpdü. Sonra
başını onun sinəsinə sıxıb
xısın-xısın ağladı.
"Təki quru nəfəsin gəlsin, təki səsin
gəlsin, qurban olum. Ölənə kimi sənin qulluğunda
duracam. İnşaallah protez sifariş verərik.
Təki sağ ol, qurban olum. Atanın,
ananın yanında mən səni öpə bilmirəm.
Utanıram onlardan..." - ürəyində
deyirdi Züleyxa.
Atası
özünə gələrək:
- Sən
niyə belə oldun, oğul?
- Minaya
düşdük, ata.
- Təki
canın sağ olsun, oğul. Müharibə
ölüm-itimdir. İnsan hər dərdə
alışır, oğul. Dərd,
ağrı sənin ayrılmaz bir hissənə çevrilir -
ömür boyu sənnən qalır. -
Əvəz müəllim siqaret yandırdı. Axşam Züleyxa Faiqi çimizdirdi, onun dizindən
yuxarı qalan ayaqlarını öpürdu, onun
yaralarını göz yaşına qərq edirdi. Faiq onun saçlarını oxşayırdı.
-
Ağlama. Ağlamağa haqqımız yoxdur.
Bizim axı Fəridimiz var.
Sonra Əvəz müəllim oğluna protez, əlarabası
aldı. Bir
neçə gün sonra Faiq öz iş yerinə qayıtmaq
istədi. Əvvəl musiqi kollecinə getdi.
Onu hər an Fərid müşayiət edirdi. Faiq nə
atasını, nə anasını, nə də
Züleyxanı qoymurdu onunla getməyə.
- Mən
özümü yaxşı hiss edirəm. Həm
də oğlumnan gəzmək istəyirəm.
Kollecin
direktoru hal-əhval tutandan sonra soruşdu:
- Xeyir ola?
- İşimə qayıtmaq istəyirəm.
Müdir Faiqin ayaqlarına baxdı. Sonra üzünə:
- Bu
ayaqlarla necə işləyəcəksən?
- Mən
elə bilirdim siz adamları işə götürəndə
başına baxırsız, ayağına yox, - Faiq qoltuq
ağaclarına söykənib getdi.
Ertəsi gün Faiq humanitar kollecə üz tutdu. Kollecin direktoru ona eyni
sualı verdi:
- Sən
bu ayaqnan necə işləyəcəksən?
- Elə
bildim siz insaların qabiliyyətinə baxırsız,
ayaqlarına yox.
Faiq düşündü ki, ayaqları Şuşada
qalıb. O,
Şuşanı çox sevirdi. Bu sevgi ona
anasından keçmişdi. Atasından da
Faiqə Naxçıvana olan sevgisi keçmişdi. Faiq xatırladı ki, onlar Naxçıvana tək
bircə yol getdilər. Şərurun Sərxanlı
kəndində Əvəz müəllimin qardaşıgildə
qonaq qaldılar. Onda Fərid balaca idi.
Faiq üçün bu yerlər doğma, əziz
idi. Sanki o, burada doğulmuşdu.
Məktəbdə oxuyan zaman Faiqin yay tətilləri həmişə
Şuşada keçirdi. Burada ana nənəsi
Şəkərin dağın başında keçən əsrdən
qalmış mülkü var idi. Faiq hər
gün şuşalı qohumlarının uşaqları ilə
İsa bulağına, Cıdır düzünə gedirdi,
burada at çapırdı, müxtəlif oyunlar
oynayırdılar. Fərid də balaca olanda,
Züleyxa da ailə ilə birgə Şuşaya gedirdilər.
Axırıncı dəfə 1987-ci ildə
Şəkər nənəsi rəhmətə gedəndə
özlərini Şuşaya çatdırdılar. Faiqin ağlamağını dayandırmaq olmurdu.
Münəvvər xanım və Əvəz
müəllim onu sakitləşdirməyə
çalışırdılar. Onlar bir
daha Şuşaya qayıtmadılar. Bir dəfə
Faiq nənəsini yuxuda gördü. Nənəsi
70-ci illərdə atdan yıxılıb ölən ərinin,
yəni Faiqin babasının üstündə dil deyib
ağlayırdı. Faiq ona
yaxınlaşmaq istəyəndə nənəsi onu qoymurdu.
Birdən Şəkər nənəsi
qalxıb, cavan qız kimi yüyürüb onun
ayaqlarını qucaqladı.
-
Ayaqlarına qurban olum, bala, çoxmu ağrıyır
ayaqların? Bütün ağrıların mənə
gəlsin.
Faiq yuxudan sərsəm oyandı. Fikirləşdi
ki, indi Şuşada döyüşlər gedir. Bəlkə
də nənəsinin qəbri uçub dağılıb...
Onda Faiq Şuşaya müharibəyə getməyi qərar verdi.
Onun rəngi ağappaq olmuşdu. Faiq gecəni
yata bilməmişdi. Qulağında kollec
direktorlarının sözləri səslənirdi.
- Sən
bu ayaqlarnan necə işləyəcəksən? Faiqin ürəyi qəzəbdən, çəkdiyi
əzabdan ağrıyırdı. O, yataqdan qalxıb,
öz əlil arabasına əyləşmək istədi.
- Sən
hara hazırlaşdın, qurban olum? - soruşdu
Züleyxa və dərhal yatağından qalxdı.
- Bir az hava almaq istəyirəm.
Züleyxa ona pilləkənlə düşməyə
kömək etdi. Bir daha Züleyxa yatağına girmədi.
Arabada gəzən Faiq əlini bağdakı
güllərə uzatdı. Əli onlara
çatmadı. Züleyxa onu artıq
yuxudan oyanmış Fəridlə birgə evə
qaldırdı.
Əvəz müəllim və Münəvvər
xanım artıq işə hazırlaşırdılar. Faiq divardan
asılmış Maleviçin "Qara kvadrat"ına baxdı. Bu əsərin
surətini ona rəssam dostu bağışlamışdı.
Züleyxa bu əsəri xoşlamırdı,
başa düşmürdü, heç başa düşmək
də istəmirdi. Faiq bir xeyli "Qara kvadrata"
baxdı - elə mənim indiki taleyimdir, - dedi. Arabasını
yataq otağına sürdü.
Düşündü ki, alacağı cüzi pensiya
heç onun dərmanlarının pulu deyil, o valideynlərinə
arxa olmaq əvəzinə onlara möhtacmı olsun? Ya
Züleyxaya, həyatından çox sevdiyi qadına
möhtacmı olsun? Bu, rəzillik
olardı. O, belə yaşaya bilməz. Eşitdiyi
sözlər, sanki beynini döyəcləyirdi. "Bu
ayaqla necə işləyəcəksən?".
Həmin gün Əvəz müəllim də, Münəvvər
xanım da işdə idilər. Hərəsinin 6
qoşa saat dərsləri vardı. Züleyxa
Faiqin sevdiyi balıq ləvəngisini bişirib aptekə
yollandı. Fərid atasının
yanında qaldı. Züleyxanın aptekə
gedib-gəlməyi heç yarım saat çəkmədi.
Yatağına uzanmış Faiq Fəridə: - Get anana həyətdən
pion yığ. Onlar açıblar - dedi.
- Baş
üstə, ata. - Fərid qayçını
götürdü, pilləkənləri düşüb,
bağçaya yollandı. Faiq
çarpayısının yanına qoyulmuş kiçik
masanın üstündəki dolçadan fincana su
töküb ağrıkəsici dərmanların bir qutusunu
xışmalayıb ağzına apardı. Züleyxa evə
dönəndə Fərid ağlaya-ağlaya onun
qabağına qaçdı:
- Ana, mən
istəmirəm ata ölsün! Ana, mən istəmirəm ata
ölsün! Tez ol dirilt onu. O
danışmır, nəfəs də almır. Tez
ol.
Faiqin açıq gözləri divardan
asılmış "Qara kvadrata" baxırdı. Züleyxa hər
şeyi - ətrafı, təcili yardım
maşınını, Münəvvər xanımı, Əvəz
müəllimi, başqa adamları, axırda gələn
mollanı tor içində görürdü. Hesab etdi
ki, artıq onun ömrünə son qoyuldu... "Allah
Fəridimi xoşbəxt, uzun ömürlü eləsin".
Yağış səngimək bilmirdi. Zərəngizgilin
həyətindən səs gəlirdi. Həm
də elə bil balıq qızardırdılar. Züleyxa aclığını dəf etmək
üçün çaydanı qaz plitəsinin üstünə
qoydu. Çaydan qaynayan kimi fincana qaynar su
tökdü, udum-udum içməyə başladı. Qapqara Məstan onun ayaqlarını
cırmaqlayırdı. Züleyxa soyuducunun
qapısını açıb içini göstərdi:
- Bax, Məstan,
soyuducumuz boşdu.
Sonra masanın üstündəki pula baxdı. Düşündü,
yaxşı ki, işığın, qazın, suyun pulunu
vaxtında ödəyib. Yoxsa indi
işıqsız, qazsız qalardı. Bir
də masanın üstündəki pula baxdı - indi pandemiya
dövründə bu pul bir kağız parçasına
dönmüşdü. Qapı
döyüldü. Zərəngiz idi.
-
Qardaşım balıq almışdı, - dedi Zərəngiz,
- üç dənəsini də mənə verdi.
Dedim ikisi bizə bəsdi, birini Züleyxa müəlliməyə
aparım. Nə var ki, iki adamıq - bir kişi,
bir də mən. Uşaqlar da sağ olsunlar,
Bakıdadırlar. Karantin qurtarsaydı gələrdilər.
- İnşaallah, gələrlər - yenə
Züleyxanın ürəyi gizildədi. Oğlu
neçə gündür zəng eləmir. Züleyxa ondan nigaran idi. O, dəfələrlə
oğluna zəng eləmişdi, ancaq, nədənsə, Fərid
telefonu açmırdı. İndi Züleyxa özünün
həyatda artıq adam olmasını, hər
kəsə gərəksiz olduğunu
düşünürdü. Təki balam sağ
olsun. Mənim üçün bu bir bəxtəvərlikdi.
Təki Fəridimin övladı olsun. Oğlu ayda bir dəfə ona 100, bayramlarda 200 dollar
pul göndərirdi. Züleyxa bu pulları
özünün məktəb, tələbə illərində
çaldığı çoxdan kökdən
düşmüş "Belarus" pianosunun üstünə
Faiqin şəklinin yanında qoyulmuş "Qara
kvadratın" arxasına şəklin çərçivəsinin
içinə qoymuşdu. "Sabah mənə
birdən bir şey olar. Qonşumun
ümidinəmi yerdən qötürülüm? Züleyxa iki min dollar pul yığmışdı.
Pulun yerini Zərəngizə demişdi.
Pişik indi də masanın ayaqlarını
cırmaqlayırdı. Səsi otağı başına
götürmüşdü. Məstan da
onun kimi üç gündür ki, ac idi. Züleyxa
Zərəngiz gətirdiyi balaca sudak balığını Məstanın
qabağına qoydu. Ozünə yenə
qaynar su tökdü. Məstan
ağız-burnunu yalayırdı. Pişik
keçib kreslonun üstündə uzandı.
Fəridi pandemiya qorxutdu. Uzaqda tək-tənha
yaşayan anasına acıdı. Fikirləşdi
ki, anasının ondan başqa heç kəsi yoxdu. Fərid, sanki indi ayıldı - hər an anası
koronavirusa yoluxa bilər. Fərid
özünü qınadı. Gərək
tez-tez zəng eləməliydi anasına. Yollar
açıq olsaydı, elə indi bilet alıb anasının
yanına gedərdi. Sabah anası olmaya bilər axı...
Koronavirus, sanki bütün varlığına
hakim kəsildi. Dərhal Azərbaycana
getmiş dostu Rüfəti tapdı. Ürəyi
həyəcandan sürətlə döyünürdü.
Nə yaxşı ki, Rüfəti tapdım.
Bu an Züleyxanın telefonu zəng
çaldı. Oğlu idi zəng edən.
- Ana,
bağışla, Cənubi Amerikadaydım. Başım
qarışıq idi. Ancaq Azərbaycandan xəbərim
var. Özün necəsən, ana?
- Ölum
qabağında, yaxşıyam. Sənin işlərin
necədi?
-
Yaxşıdı, ana. Çox yorulmuşam.
Ancaq bu gün çox sevinmişəm. Nəhayət, mən ata oldum, ana. Əkiz qızlarım oldu.
-
Çox şükür, bala. Adlarını nə
qoydun, Fərid?
-
Züleyxa və Münəvvər.
-
Çox gözəl. Sağ ol, bala. Ancaq
çalış ki, öz dilimizdə danışsınlar.
- Mütləq,
ana. İki aydan sonra məzuniyyətə
çıxıram, sənin yanına gələcəm.
- İnşaallah. Bəs uşaqlar?
-
Onların yanında dayə, bir də Fərəhin anası
var. Ana, sən indi evdəsən?
- Hə,
qadan alım.
- Mən Cənubi Amerikada olanda, orda konfransdaydım. Dostum Rüfət Azərbaycana,
Gəncəyə gedibmiş. Xəbərim
olmayıb. O, indi Gəncədədir. Pandemiyaya
görə bura qayıda bilmir. Mən ona zəng
edib xahiş etdim ki sənə bir aylıq ərzaq alsın - ət,
toyuq, kolbasa, konservlər, sən xoşladığın hisə
verilmiş balıq, meyvə-tərəvəz, bir də
Rüfət sənə 300 dollar pul verəcək.
- Sağ
ol bala, zəhmət çəkdin.
- Borcumdu,
ana. Mən səni çox istəyirəm.
- Sağ
ol, Fərid.
Bu an bir kişi qapını açıb əlində
bağlamalar içəri keçdi.
- Salam,
ana. Mən Fəridin dostu Rüfətəm.
- Xoş
gəldin, oğul. Zəhmət çəkdin.
-
Heç bir zəhməti yoxdur, ana. Rüfət
əlindəki bağlamaları və zərfi masanın
üstünə qoyub getdi.
Züleyxa açıq qapıya söykənib xeyli
dayandı. Qapıdan düşən işıq Faiqin və
"Qara kvadratın" üzərinə düşdü.
Züleyxaya bir an elə gəldi ki, "Qara
kvadrat" artıq bəyazlaşdı. Dərhal
gecə görduyü yuxunu xatırladı. Yuxuda o ağlayırdı. Onun
göz yaşları Maleviçin əsərinin ustünə
tökülürdü. Bu şəkil, nədənsə,
Züleyxanın əllərində idi və onun göz
yaşları şəklin uzərinə töküldükcə
şəkil ağarırdı.
15.04.2020
Nüşabə
Əsəd MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.20-21.