Tofiq Məliklinin həyat nərdivanı
"Ermiş",
"Deli" ve "Gezgin" kimi gözəl kitabların
müəllifi Halil Cibran bir yerdə belə yazır:
"Dünən bu günün yaddaşı, sabah bu
günün xəyalıdır".
Əlbəttə ki, şair haqlıdır. Dünənlə
bu gün arasındakı duyğu əlaqəsi sabahın xəyallarını
da yaradacaqdır.
Prof. Tofiq
Məliklinin "Suyu axtaran adam"
kitabını oxuyanda xəyalımda keçmişlə bu
gün arasında paralellik yaratmağa
çalışdım. Bəzən
özümü yazıçı yerinə qoyurdum, bəzən
də müəlliflə gəzib söhbət etdiyi insanlarla
danışırdım.
Tofiq Məlikli xatirələrinə özü, ailəsi
və doğulduğu yerlər haqqında danışmaqla
başlayır. İnsanın keçmişi onun gələcək
şəxsiyyətində böyük rol oynayır. Bu səbəbdən doğulduğu tarixi Gəncə
şəhəri və Gəncədəki ailələrin
tarixi onun gələcəkdə də "milli kimliyi"
olur. Uzun müddət Moskva kimi
yabançı bir mühitdə yaşasa da, ürəyindəki
bu kimliyi ilə özünü qoruya bilir. Hətta məktəb həyatında da ən
böyük maneələri və çətinlikləri
aşaraq bu şəxsiyyət ətrafında
formalaşır. Orta məktəbi bitirdikdən
sonra seçdiyi Şərq Dilləri fakültəsinin
Türkologiya şöbəsinə qəbul olunan altı nəfərdən
biri olması, bəlkə də, gələcəkdə
formalaşacaq tarixi şüurunun taleyinin bir xətti idi.
Gəncədə
başlayan sevgi və isti ailə ab-havası Bakıda davam etməsə
də, orada görüşəcəyi Azərbaycanın ən
böyük alimlərindən və ədəbiyyat
tarixçilərindən olan Prof. Həmid Araslı,
duruşu, düşüncəsi və həqiqi müdrikliyi
ilə ona rəhbər
olacaqdır. Gənc yaşlarında özünü sərbəst,
inqilabi və bir az qayğısız kimi
göstərsə də, onda dəyişməyən tək
şey xalqının mədəniyyətinə və dəyərlərinə
bağlılığıdır. Bu səmimi sədaqət
hansı ölkəyə getməsindən asılı
olmayaraq şəxsiyyətinə və fikri mövqeyinə fərqli
bir məna verir. Ruslar, araplar, italyanlar onun
ölkəsinin zəngin mədəniyyətini görərək
şəxsinə hörmət göstərirlər.
Prof. Tofiq Məlikli fərqli yerlərdə və fərqli
dövrlərdə yaşasa da, həmişə suyun mənbəyini
axtarır. Suyun mənbəyini axtarmaq ağır məsuliyyət
və böyük səylər tələb edən bir
işdir. Həm ona ana, həm də nənə
olan Dursun xanım 6-7 yaşına qədər Tofiq Məliklinin
həyatında "suyun başında" olan şəxsdir.
Ondan
nağıllar, xalq mahnılarını dinləyir, yaxşılığı və həqiqəti
öyrənir. 1920-ci ilin mayında başlayan Gəncə
qiyamını yaşayan və ürəyində ağır
ağrılar toplayan bu Türk xanımı Tofiq Məliklinin
qəlbindəki ilk eşqdir. Bakıya anası ilə
gedərkən ayrılığı və həsrəti
Dursun xanımdan öyrəndiyini yazır:
"Yaxşı yadımdadır - mən Bakıya getmək
istəmirdim, nənəmdən, geniş həyətimizdən,
dostlarımdan, arxlı küçəmizdən ayrılmaq
istəmirdim.
Eyni zamanda, anamın yanında olmağı da
çox arzulayırdım. 1948-ci ilin
sonlarında anamla Bakıya gəldim və beləliklə, həyatımın
yeni səhifəsi başladı".
İllər
keçdikcə, duyğuları gücləndikcə həmişə
o qısa uşaqlıq xatirələrini gündəmə gətirir
və bunu kitabında çox poetik sözlərlə izah
edir:
"Sağ
tərəfində sərin kəhriz suyu axan arx və onun kənarındakı
uca qovaq, çinar ağaçları, bir-birinin yanında səliqəylə
tikilmiş sağlam həyət evləri küçəyə
başqa gözəllik verirdi. Nənəmgilin geniş həyətində
xurma, əncir, nar, alma kimi meyvə ağaçları,
yayın istisində altında sərinləndiyimiz Təbrizi
üzümü tənəyi, kərpic divarlarının
qalınlığı bir metrdən çox olan və buna
görə yayda sərin, qışda isti olan ev xatirələrimdə
hələ də yaşamaqdadır".
Tofiq Məlikli kosmopolit bir şəhər olan Bakıya,
anasının yanına gedir. Maşın və
insan səsləri, dar evlər, izdihamlar ona tanımadığı
yerdə olduğunu hiss etdirir. Bakıda məktəbə
başlayanda şəhər mühitinə bir az
alışır. Sovet İttifaqında ilahiləşdirilən
Stalin bir müddət sonra vəfat edir. Stalin
onun da ailəsinə çox zülm etmişdir. O,
kitabında bir diktatorun necə ilahiləşdirildiyini gözəl
bir nümunə ilə izah edir.
"1953-cü ilin martında anamla İmran dayımgildən
evimizə qayıdarkən, Nizami bağının
yaxınlığında ağacda asılmış qara dəyirmi
radio reproduktorunu dinləyən bir qələbəlik
gördük.
Stalinin ağır xəstə olduğunu
bildiyimizə görə biz də onlara yaxınlaşdıq.
Məşhur diktor Levitan titrək və
hüznlü səslə Stalinin öldüyünü bildirən
məlumatı oxuyur, oradakı insanların bir çoxu da
hönkür-hönkür ağlayırdı. Anam da onlara qoşulub ağlayır və "bizim
halımız necə olacaq?" deyirdi. Mən
də anamın sözlərindən etkilənərək
qorxuya düşmüşdüm. Görəsən,
Stalindən sonra dünyamı dağılacaq, yenidən
müharibəmi başlayacaq, hər şey məhvmi olacaq?".
Əlbəttə ki, Stalinin ölümündən sonra
ölkədə bəzi dəyişikliklər olur və
insanlar bir qədər azadlıqdan istifadə etməyə
başlayırlar. Tofiq Məliklinin valideynləri həkim olduqları
üçün "ənənə"ni
davam etdirmək əvəzinə, daxili səsini dinləyir və
fərqli bir qol seçir. Türkiyə
türkcəsinə, xüsusən ədəbiyyata olan
marağı Nazim Hikmət, onu Şərq Dilləri fakültəsinin
Türk dili sevgisinə yönəldir. O dövrdə Stalin
terroru və qorxusu gözə çarpan şəkildə
azalsa da, "Türk" və "Türkiyə"
sözləri hələ də qorxuludur. Tofiq Məlikli
bu təhlükəni qəbul edir, Hadi Mirzəzadə və
Yusuf Ziya Şirvani kimi idealist müəllimlərin köməyi
ilə Türk dili şöbəsinə daxil olur.
Osmanlı tarixinin, Türk ədəbiyyatının gözəl
bilicisi Yusuf Ziya 1937-ci ildə "pantürəst" kimi
damğalanmış və Sibirdə 19 il
sürgün və işgəncə ilə üzləşmişdır.
Yusəs Şirvani 1956-cı ildə bəraət
alır və yenidən Bakıya qayıdır. O, Tofiq Məlikli
kimi gəncləri Türk ədəbiyyatının və
türk tarixinin gözəllikləri arasında gəzdirməyə
davam edir.
O
dövrdə Sovet İttifaqında Nazim Hikmət adı
çəkiləndə Türkiyə ağla gəlir. Nazim
Hikmət, xüsusən də Bakıda bir əfsanədir və
şairin özü də orada olduğunda özünü
Türkiyədəki kimi hiss edir. Orada Rəsul Rza, Süleyman
Rüstəm və Mirzə İbrahimov kimi çox yaxın
dostları var idi.
Tofiq Məlikli məzuniyyət tezi olaraq Nazim Hikmətin
"Yaşamaq Gözəl Bir Şey, Qardaşım"
romanını seçir. Nazim Hikmət 1962-ci
ildə Bakıya gedəndə müəllimi Yusuf Ziya onu
şairlə görüşmək üçün
vağzala özüylə birlikdə aparır.
Nazim Hikmət həm dostlar arasındakı söhbətində,
həm də Bakı Dövlət Universitetindəki
çıxışında ana dilinin və ədəbiyyatın
inkişafındakı rolunu vurğulayır bu da tələbələrin
ana dillərinə daha diqqətli yanaşmalarına səbəb
olur.
Türk, Türk ədəbiyyatı və Nazim Hikmət
sevgisi Tofiq Məliklinin həyat yolunu təyin edir. Fakültənin
müvəffəqiyyətli, çalışqan və həvəsli
bir tələbəsi olaraq, onu Şərq Dilləri fakültəsində
oxumaq üçün Moskvaya göndərirlər.
Böyük şəhər və Sovet İttifaqının
paytaxtı olan Moskva, bu gəncəli gəncin ümidlərini
artırır və başqa dünyaların
qapılarını onun üzünə açır.
Tofiq Məlikli zəhməti və işinə
bağlılığı ilə dərhal Moskvada diqqəti cəlb
edir. O
dövrdə Moskvada Türk ədəbiyyatına dair kitablar
yox kimidir. Hərdənbir gələn
"Varlık" kimi jurnallar olsa da, türk ədəbiyyatının
yenilikləri haqqında çox böyük bir sənəd və
məlumat əldə etmək asan deyildir. Buna
baxmayaraq, Tofiq Məlikli çətin yol seçir və Fazil
Hüsnü Dağlarcanın şeirlərini Magistr tezisinin
mövzusu olaraq seçir. "Varlık"
jurnalına Dağlarca üçün bir məktub yazır.
Əvvəlcə məktuba cavab ala bilmir, ikinci
məktubu yazır. Bundan əlavə,
lisans tezinin mövzusu "Varlık" jurnalında xəbər
olaraq dərc edildikdən sonra həm Dağlarca, həm də
Ataol Behramoğlu kimi digər yazıçı və
şairlərdən məktub almağa başlayır. Türkiyə artıq onun həyatının hədəfi
olmuşdur.
Bir-birinin ardınca Türk ədəbiyyatına dair
kitablar nəşr etdirir. Bakıda Azərbaycan
türkcəsində, Moskvada rus dilində türk şeirinin
nümunələri böyük tirajla çap olunur.
Sovet İttifaqına gedən Əziz Nesin kimi yazarlarla tanış olur və dostluq edir.
1974-cü ildə ilk dəfə "Arzu etdiyim ölkə"
dediyi Türkiyəyə getmək imkanı da yaranır. İzmir Sərgisinə
qatılan Sovet İttifaqı nümayəndələriylə
Türkiyəyə gedir. Orada sənətçi
Emel Sayınla görüşür. Elə həmin il Türk ordusu Kiprə girir. İzmirdə
Türk xalqının Kiprlə bağlı coşqusunun
şahidi olur.
Sovet İttifaqı ilə Türkiyə arasında
1976-cı ildən başlayaraq artan iqtisadi münasibətlər
istiqamətində türk-rus tərcüməçi
ehtiyacı ortaya çıxır. Tofiq Məlikli üzərində
işlədiyi "Yeni Türk ədəbiyyatı"
haqqında məlumat toplamaq üçün iş təklifini
qəbul edir və Türkiyəyə gedir. Orada
bir neçə ildə Türkiyə ilə Sovet
İttifaqı arasındakı əlaqələrin şahidi
olur.
Türk ədəbiyyatının
ustaları Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamal, Orhan Kamal
və Fazil Hüsnü Dağlarca onun xatirələrində
böyük yer tutur. Nazim Hikmətin Moskvada
övladlığa götürdüyü oğlu Əkbər
Babayevin qısa və faciəli ömrü, Türkiyəyə
getməyinin qadağan edilməsi, Nazim Hikmətin həyat
yoldaşı Qalina və Vera ilə münasibətləri, Veranın vəfasızlığını
Tofiq Məlikli çox
axıcı bir şəkildə təsvir etmişdir:
"Orxan
Kamalın "Əl Qızı" ("Fahişə")
romanı "Broşennaya v bezdnu" adıyla ruscaya tərcümə
olunmuş və böyük tirajla çap edilmişdi. 1971-ci
ildə o, həyat yoldaşı Nuriyə xanımla bərabər Moskvada
olanda, məndən şəhər metrosunu göstərməyimi
xahiş etmişdi. Bir gün Orxan Kamal, Nuriyə
xanım və mən metronun "Lenin kitabxanası"
stansiyasına endik və Sokolnikiyə gedən qatara mindik.
Günorta olduğundan vaqonda sərnişin az
idi. Üçümüz də oturub söhbət
edirdik. Birdən qarşıda oturan bir gənc
qızın Orxan Kamalın romanını oxuduğunu
gördüm.
"Orxan
bəy, qarşımızda oturan qız Sizin
romanınızı oxuyur", dediyimdə o gülümsəyərək:
"Zarafat
etmə", - dedi.
Mən
keçib o qızın yanına oturdum:
"Qarşınızda
oturan bu incə bığlı adam
oxuduğunuz kitabın yazarıdır. İstəyirsiniz,
Sizi onunla tanış edim".
Gənc
qız bir mənə, bir Orxan bəyə baxdı:
"Siz, görünür, tanış olmanın orijinal
yolunu tapmısınız".
"Yox",
- dedim. "O adam həqiqətən əlinizdə
tutduğunuz kitabın müəllifidır, adı da Orxan
Kamaldır, inanmırsınızsa, kitabın
arxasındakı şəklə baxın".
Qız bir şəklə, bir Orxan bəyə baxıb
durdu, daha sonra gedib Orxan bəyin yanında oturdu və
kitabı imzalamasını xahiş etdi. Orxan Kamal kitabı vərəqlədikdən
sonra imzalayıb qıza qaytardı və əsər
haqqında onun fikrini öyrənmək istədi.
"Çox maraqlı əsərdir. Romanı
yalnız mən deyil, çoxları bəyənir və oxuyur.
Kitab satılıb qutardığından, onu
oxumaq üçün rayon kitabxanasına getdim, ancaq istəyənlər
çox olduğundan iki ay növbə gözləməli
oldum. Üç-dörd günə kitabı oxuyub
qaytarmalıyam", - dedi.
Gənc qız növbəti stansiyada bizə əl edib
vaqondan çıxdı. Orxan bəy:
-
"Tofiqciyim, bu sənin qurduğun oyun olmasın", dediyində
mən:
-
"İstəyirsiniz, elə buradan bir rayon kitabxanasına gedək,
görək o qız doğrumu deyir?".
Bu sözdən sonra qonağımızın
üzündə bir məmnunluq, təbəssüm peyda oldu. Bəlkə,
o gün Orxan Kamal Sovet İttifaqı kimi bir ölkədə
məşhur olmanın sevincini, qürurunu
yaşayırdı".
Tofiq Məlikli
kitabında ustad yazarımız Yaşar Kamalla birlikdə
yaşadığı təhlükəli bir gəmi səyahətini
belə izah edir:
"Keçən əsrin 80-ci illərinin
başlarıydı. İstanbuldaydım. Bir axşam saat
10 radələrində qaldığım otelə zəng etdi
və "tez aşağı düş, Anadolu yaxasına
keçəcəyik", - dedi.
"Yaşar abi, bu saatdan sonra vapurlar, gəmilər də
işləmir, ora necə keçəcəyik? - deyə soruşduğumda,
(o vaxtlar Bosforun üstündən körpü yox idi!) o,
bariton səsiylə: - Bu iş sənlik deyil, qarışma,
tez düş aşağı", - dedi.
Holda bir dostuyla oturmuşdu. Maşına minib
Boğazın kənarına gəldik. Bizi
bir balıqçı öz qayığıyla gözləyirdi.
Üçümüz də bu balaca
qayığa mindik və qarşı tərəfə
yollandıq. Yolu yarı etmişdik,
gördük ki, üstümüzə nəhəng bir gəmi
gəlir. Qayığın motoru zəif
olduğundan, elə bil biz yerimizdə çapalayır, o nəhəng
gəmi də əjdaha kimi bizi udmağa
çalışırdı. Yaşar Kamal məni
quçaqlayıb: "Qorxma, Hasan usta belə vəziyyətə
min dəfə düşüb, o, işini bilir", - dedi.
Doğrudan da, gəmi bizim 5 metr
yaxınlığımızdan keçdi, ancaq onun
qaldırdığı ləpələr bizim
qayığı kibrit qutusu kimi atıb tuturdu...
Nəhayət, Anadolu yaxasına gəldik. Sahilə çıxarkən
Yaşar Kamal bərkdən gülərək: - "Bilirsənmi
nədən qorxurdum? Biz heç, sənə bir
şey olsaydı, Sovet İttifaqı Türkiyəyə
müharibə elan edərdi. Bunun səbəbkarı da
bizim Hasan usta olardı", - dedi.
O gecə
Yaşar abi sayəsində səhərə qədər davam
edən unudulmaz bir ədəbi, musiqili, dost
görüşünün şahidi və
iştirakçısı oldum".
Prof. Tofiq Məlikli təkcə ədəbiyyatda deyil,
xalqının ictimai və siyasi məsələlərində
də öndə gedənlərdən biridir. Moskvadakı
dostları ilə birlikdə qurduğu "Ocak" təşkilatı
vasitəsilə Bakıdakı hadisələrin Rusiya ictimaiyyətinə
və dünya mediasına çatdırılmasında
mühüm rol oynayır və zaman-zaman böyük təhlükələrlə
üzləşir.
Su axtarmaq və suyun mənbəyini tapmaq
çox zəhmətli bir işdir. Tofiq Məlikli qələmi
ilə su axtararkən bizi də özü ilə
keçmişə aparır. Əlbəttə,
keçmişə bir alimin gözü ilə baxmaq insanlara
böyük təcrübələr qazandırır.
Orxan Aras.
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr.- S. 22-23.