Ədəbi
düşüncələr
Bir daha "Ədəbi
düşüncələr" haqqında
«Ədəbi düşüncələr»in Azərbaycan
dilindəki ilk nəşrinə yazdığım kiçik
ön sözdə həmin kitabın mənim
üçün tamamilə gözlənilməz bir hadisə
olduğunu demişdim.
Dediklərimi
təkrar etmək istəmirəm və yalnız bir cəhəti
bir daha vurğulamağı lazım bilirəm ki, kitaba
toplanmış ədəbi qeydlərdə – esseciklərdə
oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi
hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə,
fərqli müqayisələrə, bir-biri ilə
üst-üstə düşməyən yanaşmalara,
münasibətlərə, hətta bir-biri ilə zidd
mülahizələrə rast gələ bilər və bu, təbiidir,
çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif
onilliklərdə!) yazılmış yazılardan gedir.
Bədii
zövq də, dünyagörüşü və
düşüncələr də, aydın məsələdir
ki, zamana bağlıdır və hər hansı bir kitab
haqqında, yazıçı haqqında 25 yaşında, 45
yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə
və müəlliflərə münasibətin – dinamik bir
şeydir, dəyişir, başqalaşır.
Ancaq güman edirəm ki, dəyişməyənlər
daha çox olur.
Koronavirusla bağlı uzunmüddətli «Evdə qal»
kampaniyasından istifadə edərək, mən yenə (neçənci
dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-sahmana
salmaq istədim və bu zaman yenidən yadımdan
çıxmış cürbəcür yazılar, o cümlədən
də ədəbiyyatla bağlı qeydlər ortaya
çıxdı.
Oxuduğum kitablar, əsərlər haqqında qısaca
qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən
mənim vərdişim idi (elə indi də davam edir) və
bunlar mənim bilavasitə təəssüratlarımdır,
özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.
Mən bunların haçansa çap
olunacağını düşünməzdim. Əslində,
bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir.
Bu qeydlərin də bəziləri gənclik illərində,
bəziləri aradan keçən onilliklərdə
yazılıb və onların başlıqlarını isə
mən sonradan – çapa hazırlayanda yazmışam. Bunu da deyim ki, «Ədəbi düşüncələr»
tam şəkildə, yəni bu yeni əlavələrlə
birlikdə Azərbaycan Tərcümə Mərkəzində
nəşrə hazırlanır. Birinci nəşrdən
isə artıq 18 il keçib və o zaman «Ədəbi
düşüncələr» oxucuların, mətbuatın diqqətini
cəlb etdi, bir çox məqalələr yazıldı,
müzakirələr keçirildi.
Həmin
birinci nəşrin tarixçəsi isə belə oldu ki,
«Ədəbi düşüncələr»i mətbuatda
oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur
teatr xadimimiz və rejissorumuz) mənimlə söhbət əsnasında:
« - Mütləq kitab kimi hazırlamaq lazımdır» - dedi və
kitab nəşr olunandan sonra o özü də bu kitabı
mükəmməl bir səriştə ilə rus dilinə tərcümə
etdi – Vaqif çox mütaliəli, geniş
dünyagörüşlü bir sənətkar idi. Tərcümə
etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə
dedi.
«Ədəbi
düşüncələr» Vaqifin tərcüməsində
Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən
«Literaturnaya qazeta»da) çap edildi, kitab kimi nəşr olundu və
aradan keçən bu illər ərzində isə başqa dillərə də
çevrildi.
… O ki
qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz
qaldı.
8 iyul 2020. Bilgəh.
Ə D Ə B İ D Ü Ş Ü N C Ə L
Ə R
TEATR
MÖCÜZƏSİ
«Romeo və
Cülyetta»nın əvvəlində Dayə
ilə Sinyora Kapulettinin söhbəti əsnasında məlum
olur ki, iki həftədən sonra Cülyettanın 14
yaşı tamam olacaq.
Və teatr möcüzədir.
Əgər
möcüzə olmasaydı, 70 yaşlı Sara Bernar hələ
14 yaşı tamam olmamış Cülyetta rolunu oynaya və
tamaşaçını bu qızın, həqiqətən,
bu yaşda olduğuna inandıra bilməzdi.
DON
KİXOT FACİƏSİ
Planetləri
bir-birindən milyardlarla işıq ili uzaq
olan kainatda bu uzaqlıqların fərqinə vardıqca, Don
Kixotun faciəsi çox cılızlaşır,
görünməz olur.
Don Kixotun faciəsi ancaq Yer kürəsini ifadə edir və
yalnız insanların faciəsidir.
QORKİ
VƏ BABEL
Sovet
İttifaqı dağılıb və indi rus ədəbi
prosesi bir-birinə zidd iki qütbə ayrılıb:
yalançı «demokratlar» və heç nə başa
düşməyən və heç nə də qəbul etməyən
«konservatorlar».
«Demokratlar» hər vəchlə Maksim Qorkini kiçildir,
İsaak Babeli isə şişirdirlər.
Babel istedadlı hekayəçidir, pis dramaturq deyil, ancaq
böyük rus ədəbiyyatında onlarca, bəlkə də,
yüzlərlə Babel kimi yazıçılar var.
«Konservatorlar»
üçün İsaak Babel bir heçdir və onlar hər
vəchlə Maksim Qorkini şişirdirlər, halbuki Qorkinin
belə bir şişirtməyə heç bir ehtiyacı
yoxdur və o, rus ədəbiyyatının böyük
nümayəndələrindən biridir.
Maraqlısı
isə odur ki, Babel xatirələrindən birində
(«Başlanğıc», orijinalda «Naçalo») yazır ki, Qorki
ilə ilk görüşə gedərkən həyəcandan
«mənim ürəyim çırpınırdı və
dayanırdı» (orijinalda: «serdüe moe kolotilosğ i
ostanavlivalosğ») və xüsusi qeyd edir ki, həmin
görüş onun yazıçı taleyini həll edib.
Ancaq nə
yalançı «demokratlar», nə də inadkar «konservatorlar»
Babelin Qorkiyə belə bir münasibətinin fərqində
deyillər və olsun ki, ya bunu heç bilmirlər, ya da bilərəkdən
üstündən keçirlər.
«MEDEYA»
Dünən Azdramada «Medeya»ya baxdım. Anuyu
hazırlayıblar.
Amalya* əvvəldən axıra qədər çox
ürəklə oynadı, sonradan bildim ki, özü də 39
dərəcə qızdırma ilə xəstə imiş.
Yaxşı
tamaşadır, bəlkə, bir şey yazdım.**
Medeyanın
taleyi dünya dramaturgiyasının əbədi
mövzularından birinə çevrilib və dramaturgiya
tarixində Evripiddən Kornelə, ondan da Anuya qədər (hələ
bu aralarda yazmış başqa müəllifləri demirəm)
uzun bir yol keçib, ancaq bu yolda «yorulmayıb», təngnəfəs
olmayıb, çünki Medeya taleyinin özü də, onun ətrafındakıların
xisləti də bəşəri hiss-həyəcanlardan, bəşəri
dəyər və naqisliklərdən ibarətdir – sevgi və
nifrət, vəfa və vəfasızlıq, mərdlik və
xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət
və xəyanət və s. və i.a.
Anuyun «Medeya»sı xislətin daxilindəki təzadlar və
ehtiraslar faciəsidir. Məncə, onu antik faciələrlə
doğmalaşdıran da elə budur.
Çılğın ehtirasları göstərmək
bacarığı buradakı pafosu doğruldur və nəinki
doğruldur, o pafos səni ələ alır, çünki
süni yox, təbiidir, bu dərəcədə ehtiras,
çılğınlıq elə bu cür də
danışmalıdır.
Anuy Medeyasının içindəki nifrət intəhasız,
sonsuzdur və bu nifrətin bədii-emosional qüdrətinin təsiri
ondan doğur ki, o, ilk növbədə, özünə nifrət
edir. Onun intihar eşqini közərdən də bu
böyük nifrətdir.
Bu nifrətinin məğzində, yalnız özünə
– cinayətkar, qatil Medeyaya yox, yalnız Yazon xəyanətinə
də yox, ümumiyyətlə, həyata nifrət durur.
_________________
*Amalya Pənahova
**O məqalə
yazıldı: Təzadların faciəsi, «Ulduz», 1982, ¹ 9.
HACI MURAD
QALA DÜZÜNDƏ
Səhər tezdən Şəkidən
çıxdıq və axşamçağı gəlib evə
çatmışıq.
Aydın* elə hey bizi qonaq aparmaq istəyirdi və nəhayət
ki, yığışıb, uşaqlarla birlikdə gözəl
Kiş kəndində Aydıngilə qonaq getmişdik, iki gecə
qalıb qayıtdıq.
İndi Müstafanın** tərcüməsində
«Hacı Murad»ı təzədən vərəqləyirəm.
Kiş kəndi
ilə dağların yamacında qayalara pərçim
olunmuş Kiş qalasının arasında «Qala düzü»
deyilən bir çöllük var və deyilənə
görə, Hacı Muradı orada öldürüb,
başını orada kəsiblər.
Tolstoy son
nəfəsində Hacı Muradın gözlərinin
qabağından keçənləri elə təsvir edib, elə
bil, bütün bunlar onun özünün gözlərinin
qabağından keçib: «pəhləvan cüssəli»
Əbununsal xan da, qoca və zəif Vorontsov da, Hacı
Muradın düşməni Şeyx Şamil də,
Hacının oğlu Yusif, arvadı Səfiyyət də
ölüm ayağında Hacı Muradla birlikdə onun, yəni
Tolstoyun da gözlərinin qabağından ötüb və
elə bil, Hacıyla bərabər Tolstoyun da başını
kəsiblər.
Bu təsvirə
fikir verin:
«O tərpənmirdi,
lakin hələ hiss edirdi. Birinci olaraq yüyürüb gələn
Hacı Ağa ağır xəncərini Hacı Muradın
başına endirdikdən sonra, ona elə gəldi ki,
başını çəkiclə döyürlər, lakin
bunu kimin etdiyini, nə üçün etdiyini anlaya bilmədi.
Bu onun idrakının son işartısı,
şüurunun bədəndə olan axırıncı əlaqəsi
idi. Bundan sonra o artıq heç bir şey
hiss etmirdi. Düşmənləri isə
Hacı Muradla heç bir əlaqəsi olmayan cəsədi
ayaqları altında tapdalayır, xəncərlə
doğram-doğram edirdilər. Hacı
Ağa ayağını cəsədin üstünə qoyub,
iki zərbə ilə başı bədəndən
ayırdı və məstini batırmamağa
çalışaraq, başı ehtiyatla kənara
yuvartlatdı. Boynundan al qan, başdan isə
qara qan fışqıraraq, yaşıl otların
üstünə axdı».
Bu, həmin
Hacı Ağa Mehdilinskidir ki, Tolstoyun yazdığı kimi,
«bir zamanlar Hacı Muradla dost idi».
Hacı Muradın başı otları beləcə
bulaşdıra-bulaşdıra diyirlənir.
Doğrusunu deyim ki, Tolstoyun təsvir etdiyi bu ölüm
səhnəsi Qala düzündə gəzişdiyim o anlarda mənim
də gözlərimin qabağından getmirdi və mən kəndə,
Aydıngilə qayıdandan sonra bütün gecəni səksəkə
içində görürdüm ki, Balağa*** maşınla
məni Yasnaya Polyanaya aparır ki, Hacı Muradın ölüm
xəbərini Tolstoya çatdırım (!).
Səhər
Balağaya dedim ki, gecə yuxuda məni
Yasnaya Polyanaya aparırdın.
Balağa
gülümsəyərək:
- Həri?
- dedi və soruşdu: - Ora haradı elə?
Bunu da deyim ki, Mustafa «Hacı Murad»ı gözəl tərcümə
edib.
________________________
*Söhbət
universitetdə mənim həmkursum və ümumiyyətlə,
unudulmaz dostum, tənqidçi, dilşünas, rəhmətlik
Aydın Məmmədovdan gedir.
**M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirmiş ilk azərbaycanlı, görkəmli tərcüməçi
və naşir Mustafa Əfəndiyev İlyas Əfəndiyevin
özündən kiçik qardaşı, yəni mənim əmimdir.
«Hacı Murad»dan başqa, «1001 gecə»
nağıllarını, R.Kiplinqin «Mauqli», L.Kerrolun «Alisa
möcüzələr diyarında» kimi məşhur əsərlərini,
A.Çexovun hekayələrini, M.Qorkinin «Günəşin
övladları» pyesini və s. tərcümə edib. «Hacı Murad»dan sitat da onun tərcüməsindəndir.
*** Mən
1975-ci ildən etibarən Yazıçılar
İttifaqının katibi işləyəndə rəhmətlik
Balağa da unudulmaz sürücü dostum idi.
İLYA
ERENBURQ VƏ NAZİM HİKMƏT
Ömrünün yarıdan çoxunu xarici ölkələrdə
(Fransa, İspaniya və b.) yaşamış, böyük beynəlxalq
ədəbi, mədəni, siyasi əlaqələri olan,
yüksək intellektə sahib İlya Erenburq İkinci
Dünya müharibəsi zamanı cəbhədən
reportajlar, məqalələr yazan və Stalinin də qiymətləndirdiyi
ən məşhur sovet yazıçısıdır.
Mən onun «Fırtına» romanını (Birinci dərəcəli
Stalin mükafatı almışdı) oxumuşdum və bu
roman heç xoşuma gəlməmişdi. Hekayələrini də
oxumuşam, bir sözlə, o, «mənim yazıçım»
deyil, ancaq bu günlərdə xatirələrini –
«İnsanlar, illər, həyat» – get-gedə artan bir maraqla
oxudum və mən çox təəssüf edirəm ki, bizdə
bu tipli tək-tük xatirə yazılıb, sovet dövrü
haqqında isə heç nə yoxdur.
Bir dəfə
Mirzə müəllim* Mir Cəfər Bağırovdan
danışanda dedim ki, mütləq xatirələrinizi
yazın, gülümsəyib: «- Sağlıq olsun» - dedi. Yazsa
(həqiqəti yazsa!), onun xatirələri maraqlı olar, Sovet
qatmaqarışıqlığının içindən keçən
bir adamdır, hətta deyilənə görə, Stalin onu qəbul
edib və guya Mirzə müəllimi Cənubi Azərbaycan
Demokratik Respublikasına prezident hazırlayırmışlar –
ola da bilər.
Bəlkə də kimsə gizlincə nəsə
yazıb, ya da yazır və gələcəkdə çap
olunacaq? Bilmirəm.
Süleyman Rüstəm mənə deyir ki, xatirələrini
yazır. O da
indi çap olunmağını düşünməyib, həqiqəti
yazsa, yaxşı olar və yəqin ki, haçansa çap
olunar.
Erenburqun xatirələri monumental bir yazıdır. Həm təhkiyəsinə,
arxitektonikasına, həm də faktların zənginlyinə
görə bu xatirələr usta qələmlə
yazılıb və mənim şübhəm yoxdu ki, Erenburq hələ
çox şeyi də ürək eləyib yazmayıb.
Erenburq kommunist yazıçı hesab olunur, ancaq xatirələrdən
belə hiss etdim ki, o, ilk növbədə, yəhudi (sionist
yox, yaxşı mənada milli təəssübkeş) və
yalnız bundan sonra kommunistdir.
Belə
başa düşürəm ki, Erenburqla Nazim Hikmət dost
olublar, hər halda məhrəm münasibətləri olub və
xatirələrin 6-cı kitabında Nazimi çox səmimi
bir hörmət və rəğbətlə, simpatiya ilə
xatırlayır.
Xatirələrdəki cəmi doqquz səhifədə mən
canlı Nazimi gördüm və onun düşüncələri
və düşüncələrindəki təbəddülat,
onun mülahizələri elə detallarla, yazıçı
müşahidələri ilə qələmə
alınıb ki, Erenburqun özünün romanında və
hekayələrində məhz bu cür detallar, müşahidələr
çatışmır.
Onun publisistikası bədii
yaradıcılığından xeyli dərəcədə
yüksəkdədir.
O
yazır ki, Nazim ürəyində nə vardısa, birbaşa
deyirdi və bəzən sadəlövh adam
təsiri bağışlayırdı, ancaq bu elə bir sadəlövhlük,
sadədillik idi ki, əslində, onu müdrik edirdi.
Xatirələrdəki
bu kiçik «xasiyyətnaməni» isə olduğu kimi tərcümə
edirəm: «Nazimin həyatı boranlı-tufanlı və
çətin bir həyat idi, ancaq o, hicranın bütün
növlərini yaşasa da, ayrılığın
bütün adlarını bilsə də, heç vaxt mənən
sınmağın acısını dadmamışdı:
ömrünün sonuna kimi ideyalarına, zövqünə, gənclik
hiss-həyəcanlarına sadiq qalmışdı».
Əsas isə budur ki, bu doqquz səhifəlik yazı bu
sözləri doğruldur və təsdiq edir.
Mənim
Erenburqun xatirələrində gördüyüm, hiss etdiyim
Nazim Hikmət Sovet İttifaqında və ümumiyyətlə,
kommunizm dünyasında gördüklərinin
yaxşısına ürəkdən sevinən, pisini isə qəbul
etməyən, hətta buna nifrət bəsləyən və
sevincini də, nifrətini də gizlətməyən kommunist
idi.
Ancaq o, Erenburqun özü kimi yalnız üzdə
kommunist yox, ya rus yazıçı müasirləri Aleksandr
Fadeyev kimi fanatik kommunist, Vsevolod Koçetov kimi aqressiv
kommunist, ya da Konstantin Fedin kimi «bitərəf kommunist» yox, cəsur
və – yəqin ki, yazacağım bu söz birləşməsi
qəribə səslənəcək – romantik (!) kommunist idi.
(Fadeyevin
adını çəkdim və yeri düşmüşkən,
deyim ki, Erenburq xatirələrinin 5-ci kitabında yazır:
«Deyirlər ki, Fadyeyev ona görə az yazır ki, çox
içir. Folkner ondan da çox içir, ancaq onlarla roman
yazıb.» Xoşuma gələn
bir yeri də qeyd etmək istəyirəm. Litvinov**
Erenburqa deyirmiş: «Stalin Qərbi tanımır… Əgər
bizim rəqiblərimiz padşahlar, ya da şeyxlər
olsaydı, Stalin onalı çoxdan aldatmışdı!..» )
Erenburq
xatirələrinin sonunda Falk, Rivera, Konçalovski, Pasternak,
Leje, Nezval, Jolio kimi artıq vəfat etmiş dostlarının
arasında Nazimin də adını çəkir və
yazır ki, «mənim həyatımın meşəsində
necə bir seyrəlmə getdiyini hiss edirəm».
Nazimin Rəfilinin ölümünə
yazdığı şeirdəki «nəslimin yarpaq
tökümü başladı» misrası yadıma
düşdü.
Nazim səhər oyanıb, qapıdakı poçt
qutusundan qəzetləri götürməyə gedib və arakəsmədə
oturaraq vəfat edib.
________________________
*Mirzə
İbrahimov. Yəqin ki, bu qeydlər 80-ci illərin
birinci yarısından yazılıb. O zaman Mirzə
müəllim Yazıçılar İttifaqının sədri
idi.
**M.M.Litvinov
SSRİ Xarici işlər naziri idi.
İSTEDAD
VƏ KONYUNKTURA
Bu
başabəla «perestroyka»nın bir cəhəti
yaxşıdır ki, SSRİ tarixində, yəqin ki, heç
vaxt çap oluna bilməyəcək əsərlər indi
çap olunur.
Düzdür,
indi də başqa bir konyunktura yaranıb: Leonid Brejnevin
«durğunluq dövrü»nü tənqid etmək, lağa
qoymaq, istedadsızlığı 1937-38-ci illər
repressiyası mövzusunun arxasında gizlətmək və bu
yollarla mətbuat səhifələrini «fəth etmək».
Necə
ki, bir neçə il bundan əvvəlki konyunktura «kommunizm
quruculuğu» mövzusunun arxasında gizlənib, mükafatlar
alırdı və belə müəlliflər «görkəmli
yazıçı» vəzifəsinə təyin olunurdu.
Varlam Şalamov «Kolıma hekayələri»ndə 1937-38
repressiyaları zamanı insanların başına gətirilmiş
müsibətlər haqqında mətbuatı doldurmuş
konyunktur yazılardan tamam fərqli olaraq, həmin faciələri,
həmin amansızlığı əsl yazıçı qələmi
ilə göstərir.
Mən bu yazıçıdan indiyədək heç nə
oxumamışdım və o mənim üçün əməlli-başlı
bir kəşf oldu.
Şalamov
repressiyalar zamanı dəfələrlə həbs edilərək,
ömrünün çox hissəsini sovet konslagerlərində
keçirmiş, faciəli bir tale yaşamış
insandır, ancaq bu hekayələr onun xatirələri deyil və
elə bil ki, onlar bütün bu məşəqqəti kənardan
izləmiş, kənardan dərk edərək ümumiləşdirməyi
bacarmış, yəni şəxsi təcrübəni bəşəri
fəlakətə çevirə bilmiş bir qələm
sahibinin yazdıqlarıdır.
Onun
«Qancıq Tamara», «Tatar mollası və təmiz hava», «Donuz
oğrusu Vaska Denisov» kimi hekayələri, mənə görə,
böyük rus ədəbiyyatında Tolstoyun «Sevastopol hekayələri»,
Turgenevin «Ovçunun qeydləri», Şoloxovun «Don hekayələri»
sırasındadır.
Ancaq Şalamovun Lev Tolstoy yaradıcılığına
neqativ münasibətini də oxudum və onun belə bir
münasibətinin səbəblərini izah etməsi,
mülahizələri mənə xeyli dərəcədə bəsit,
buna görə də mənasız göründü.
LÜSYEN BERJERE KİMDİR?
Fransın tetralogiyasını axır ki, oxuyub
qurtardım.
Bunlar, yəqin, ilk fransız romanlarıdır ki, çətinliklə,
yəni həvəssiz oxudum, hətta «Jan-Kristof»* da bunlardan
xeyli asan oxunurdu.
O adət
ki, məndə var – oxumağa başladığımı
yarımçıq qoya bilmirəm – mənə baha başa gəlir.
Lüsyen
Berjere** əlbəttə, intellektualdır, buna söz yox,
oxuyursan və görürsən ki, bu personaj, bəli, dərin
zəka sahibidir, onun fikirləri, düşüncələri,
mülahizələri, konsepsiyaları sanballıdır, ancaq mən
axı, hansısa bir professorun intellekti haqqında məruzəsini
oxumuram, roman oxuyuram.
Lüsyen isə canlı bədii obraz deyil, hər halda mən
onu belə görmədim.
Məndə
elə bir təəssürat var ki, gözəl Kislovodskda***
neçə günümü sərf elədiyim bu romanlar az bir vaxtdan sonra yadımdan çıxacaq.
Bəlkə yanılıram?
Sağlıq olsun.
___________________________
*Romen Rollanın romanı.
**Söhbət
Anatol Fransın «Müasir hadisələr» silsilə
romanlarından gedir.
***1960-cı
illərin yay aylarında biz Şuşaya və Kislovodska
gedirdik və görünür, bu qeydlər də o vaxt
yazılıb. Fransın o romanları isə
doğrudan da, demək olar ki, tamam yadımdan
çıxıb, ancaq aradan «az bir vaxt» yox, onilliklər
keçib.
İLYAS
ƏFƏNDİYEVLƏ MÜKALİMƏ
Günorta işdən
çıxanda atamgilə dəydim. Turgenevin
kitabı stolunun üstündə idi.
- Turgenevi təzədən oxuyursan?
- soruşdum.
- Yox, vərəqləyirəm -
dedi.
- Sən
niyə Turgenevi bəyənmirsən?
- Niyə bəyənmirəm? -
dedim.
- Ancaq Turgenev Tolstoy
deyil də.
- Əlbəttə,
- dedi.
- Turgenev Tolstoy deyil. Ancaq Tolstoy da Turgenev
deyil.
BELƏ
PATRİOTLUĞA EHTİYAC VAR?
Fridlenderin «Rus realizminin poetikası» («Poetika ruskoqo realizma»)
monoqrafiyası belə bir fikri isbat etmək naminə
yazılıb ki, XIX əsr rus realizminin bünövrəsini əvvəlki
dövrün sentimetalizmi və romantizmi, eləcə də
«çoxəsrli rus realizm ənənələri» qoyub.
Monoqrafiyanı
oxuduqca fikirləşirsən ki, Rusiyada XVIII əsrdə Qərbin,
ilk növbədə də Fransanın təsiri ilə
yaranmış sentimentalizm və romantizm (Fridlender klassizmin
adını çəkmir) ortaya hansı böyük əsər
çıxarıb ki, XIX əsr rus realizminin (Qoqolun, Dostoyevskinin,
Lev Tolstoyun!) bünövrəsində dayansın? Ən məşhur əsər Karamzinin «Bədbəxt
Liza»sı deyilmi? Yaxud Derjavin və Fonvizin,
ya Sumarokov və Trediakov nə yazıblar ki, adlarını
çəkdiyim yazıçıların
yaradıcılığı üçün bünövrə
olsun?
O ki
qaldı, «çoxəsrli rus realizmi ənənələrinə»,
bu hansı ənənələrdir? Rus ədəbiyyatşünaslarının
yazdığı kimi, əgər Lomonosov XVIII əsrdə hələ
yalnız rus ədəbi dilini yaratmaqla məşğul idisə,
hansı realizm ənənələrindən danışmaq
olar?
Mən monoqrafiyanı diqqətlə oxudum, ancaq bu və
bu tipli başqa sualların heç birinə cavab tapmadım.
Bir də
ki, axı, sənin Tolstoy kimi nəhəngin varsa, Puşkinin,
Qoqolun, Lermontovun, Dostoyevskin, Turgenevin varsa, «Oblomov» kimi hələ
də layiqli qiymətini almamış bir romanın
yazılıbsa, ədəbiyyat psixologiyası
baxımından belə bir «ədəbi qəfilliyi» (!) – dünya ədəbiyyatı tarixində şəxsən
mənə möcüzə kimi görünən son dərəcə
maraqlı ədəbi hadisəni – obyektivcəsinə
araşdırmaq əvəzinə, nə üçün mənasız
(faktsız!) ədəbi-milli patriotluqla məşğul olmaq
lazımdır?
Özü də Q.F.Fridlender bu gün rus ədəbiyyatşünaslığının
görkəmli nümayəndələrindən biri
sayılır və rus klassik ədəbiyyatı barədə
elə kitaba rast gəlmirsən ki, orda onun adı olmasın.
BERQMAN,
YOXSA FELLİNİ?
Gecə
«Çiyələk talası»* yadıma
düşmüşdü və fikrimdən bir sual keçdi
ki, mənim üçün kim birincidi:
rasional və soyuqqanlı Berqman, yoxsa qeyri-rasional və
istiqanlı Fellini?
Hansı?
Berqman, yoxsa Fellini?
Nəhayət, bu müqayisədən yoruldum və
birinci yerə Çaplini qoydum.
______________________
*İnqmar Berqmanın filmi.
MOLYER
VƏ MİRZƏ FƏTƏLİ
Molyerin «Jorj Danden»ini tərcümə edirəm. Bunu bitirəndən sonra
«Skapenin kələkləri»ni də tərcümə
etmək istəyirəm.
Ədəbiyyatşünaslar Mirzə Fətəlini
«Şərqin Molyeri» adlandırır.
Məncə, mübahisəli analogiyadır.
Molyer –
güldürür.
Düzdür, «Hacı Qara» da – güldürür.
Ancaq «Müsyö Jordan»?
«Müsyö Jordan» – düşündürür.
BROUDİ
FACİƏSİ
Maraq
üçün rayon kitabxanasına getmişdim və orada
gözlənilmədən «Broudi qəsri»ni*
gördüm və götürdüm ki, təzədən vərəqləyim.
Üç gündü yolüstü Tovuzda, Arifgildə**
qonaq qalmışıq.
Əmir
müəllimgil*** də bizimlə gəliblər və səhər-səhər
gözəl bir armud ağacının altında oturub, hələ
qatı açılmamış (deyəsən, bu kitabı
birinci elə mən açırdım) «Broudi»ni
vərəqləyəndə, Əmir müəllim də həyətə
çıxdı.
Əmir müəllimdən ətrafa, həmişəki
kimi, müsbət dalğalar yayılırdı. Kitabı görəndə:
-
Yaxşı kitabdı? - soruşdu.
- Hə,
yaxşı kitabdı - dedim.
Kitaba son
söz yazmış N.Dyakonova deyir ki, «Broudi qalası»
güclü və vicdanlı» romandır
Broudi ailəsinin faciəsi, əlbəttə, çox təsirli
qələmə alınıb, ancaq Nensinin ölümü,
bir sıra başqa səhnələr həddən artıq
naturalistcəsinə yazılıb, hətta o qədər ki,
dediyim həmin təsirin dərəcəsini azaldır.
N.Dyakonova da Dikkensin romanında balaca Pol Dombinin
ölümünün təsviri ilə Nensinin
ölümünün təsviri arasında müqayisə
aparır və Kroninin naturalizmini qeyd edir.
Mənə elə gəlir ki, Kroninə Zolyanın təsiri
var. Bilmirəm, belədir, ya yox? Bəlkə o, Zolyanı heç
oxumayıb da…
Bir də, məncə, bədii obraz kimi Meyson**** mister
Broudiyə nisbətən daha dolğun, daha canlıdır.
________________________________
*Arçibald Kroninin romanı.
**1960-cı
illərin ortalarında İlyas Əfəndiyevin kiçik
qardaşı hüquqşünas Arif Əfəndiyev Tovuzda
raykomun 1-ci katibi vəzifəsində işləyirdi. Yayda maşınla Kislovodska yola düşəndə
Bakıdan birbaşa getmirdik, Tiflisdən keçib, Hərbi
Gürcü Yolu ilə Nalçikə, oradan da Kislovodska
gedirdik. Bu dəfə bir neçə
gün də Tovuzda qalmışdıq.
***Görkəmli
riyaziyyatçı, professor Əmir Həbibzadə İlyas
Əfəndiyevin yaxın dostu idi və həmin il də onlarla bərabər yola
çıxmışdıq.
****Kroninin «İstehkam» romanının qəhrəmanı.
ELÇİN
Ədəbiyyat.- 2020.- 12 sentyabr. S. 2-3.