Nillə üzüyuxarı

hekayə

 

9 may

Qahirədən, günəşdən, yerli camaatdan, avropalılardan, dekorativ zürafələrdən və hirsli meymunlardan yorulmuşam. Hər gecə yuxuda başqa bir ölkəni görürəm, tanış və gözəl ölkəni, hər gecə nə etməli olduğumu aydın bilirəm, amma yuxudan duran kimi hər şey yadımdan çıxır. Günlər, həftələr keçir, mənsə hələ də Qahirədəyəm.

 

11 may

Sabah hər şey həll olunacaq. Bu axşam fransız konsulunun yanında bir ingilislə tanış oldum. Onun nazik dodaqları daim gülümsəyir, göy gözləri isə uşaq kimi sevinclidir. Mənə dedilər ki, o, rəssamdır və Nilin mənsəbinə gedir. Elə ilk baxışdan onun çox şey bildiyini başa düşdüm. Ümumiyyətlə, əgər ari irqinə mənsub xalqlarda nəsə sirr mövcuddursa, onda ingilislər ona daha çox hakim olur. Mən həyəcanlanıb onu kofe içməyə dəvət etdim. Söz verdi ki, gələcək.

 

12 may

- Siqar istəyirsiniz, mister Tyeri?

 

- Çox sağ olun, mister Qrant.

 

- Deyirlər, Nilin mənsəbində qızdırma mığmığalar hökm sürür.

 

- , amma orda zümrüdü rəngli, nadir cinsli timsahlar da var.

 

- Ərəblər zəncilərdən maraqlıdır.

 

- Bir kasıb dərviş mənə demişdi ki, cəngəlliklərdə kral-cadugər Baltazarın hökmranlığı altında müdrik efioplar qəbiləsi yaşayır.

 

- Rayder Haqqardın romanlarındakı kimi.

 

- Qətiyyən! Qul alverçilərini, karlikləri ağdərili gözəl qızları görmək Rayder Haqqarda kifayət etmişdi. Amma biz 1906-cı ilin adamlarıyıq, biz gizli olanı axtarırıq. biz sirləri elə yerdə tapırıq ki, Haqqard orda ancaq quru palma ağaclarını xəstə zənci qızları görə bilərdi.

 

- Bəs qaradərili şahların qızılı, cah-cəlalı, zərxarası hardadı?

 

- Bu qızıl qəpiyi görürsünüz? Axı bu sizi sevindirmir. Bu qırmızı pərdələrə baxın, hələ yerdəki İran xalçasını demirəm, bəlkə bu xalçanın üstündə haçansa günəş ruhlarını lənətləyiblər. Bunlar adamı sevindirmir axı. Səyahətimdə belə şeylərə rast gəlsəm, kədərlənərəm.

 

- Bəs başqa nəyə rast gəlmək olar?

 

- Yeni baxış tərzinə. Onu tapsanız, əşyaların o biri tərəfini görə biləcəksiniz. Onda Cotto şahlığının ulduzqanadlı kəpənəyini bulud zənn etməyiniz özünüzü təəccübləndirəcək adi hindqozu sizə dünyanın bütün kitablarının deyə biləcəyindən daha çoxunu deyəcək.

 

- Mister Tyeri, icazə versəniz, sizinlə getmək istəyirəm.

 

- Onda tələsin, mister Qrant, çünki mən sabah sübh tezdən yola düşəcəyəm.

 

24 may

Təxminən iki həftə yol gələndən sonra, bu gün, hələ turistlərə məlum olmayan balaca ehramın yanında sahilə çıxdıq. Yaxınlıqda heç kim yox idi, ehrama bələdçisiz girdik. Pilləkan qıvrılır, qalxıb-düşürdü birdən-birə dibi görünməyən quyuya dirəndi. Mister Tyeri tənbəl-tənbəl çiyinlərini çəkib yuxarı getdi, mən ipin bir ucunu qayaya bağlayıb quyuya düşməyə başladım. Əlimdəki qətran məşəl əridikcə quyunun qaranlıq dibinə yanar damcılar düşürdü. Tezliklə dibə çatıb daşın üstündə oturdum, yer quruydu. Məşəlim qədim, olduqca qədim olduqca doğma olan mağaranın bir hissəsini aydınladırdı.

Hardansa su səsi gəlirdi. Yerdə mumiya qalıqları vardı. Böyük, qara bir ilan qabağımdan sürünüb keçdi. "O, heç vaxt günəşi görməyib", - dəhşət içində fikirləşdim. Daşın dalından fikirli qurbağa çıxdı. Deyəsən, mənə yaxınlaşmaq istəyirdi, amma məşəlin işığı onu qorxutdu.

Birdən-birə kədərləndim, haçansa belə kədərləndiyim yadıma gəlmirdi. Fikrimi dağıtmaq üçün divara yaxınlaşıb yarısilinmiş yazılara baxmağa başladım. Yazılar qədim Misir heroqrifləriylə yazılmışdı, bu heroqriflər Luvr muzeyindəki papiruslarda olan heroqriflərdən qədim idi. Təkcə Britaniya muzeyində buna oxşayan heroqriflər görmüşdüm. Çox güman, fikirli qurbağanın xeyir-duası mənim ağlıma qüvvət vermişdi, çünki oxuyub başa düşürdüm. Bu, qədim döyüşlər haqda hekayə ya mumiya hazırlamağın qaydası deyildi. Bunlar sözlər idi, sərxoş, şirin alovla dolu olan sözlər adamın ruhuna hopub, adama yeni baxış bucağı bəxş edirdi, sən hər şeyi başa düşürdün.

Gözlərimdən minnətdarlıq yaşları axırdı hiss edirdim ki, dünya artıq dəyişəcək, təptəzə günəş doğacaq bütün səhvlər çiçəklərə dönəcək.

Məşəlim titrəyə-titrəyə sönməyə başladı. Kifayət qədər oxuya bilmişdim. Yuxarı dırmaşmağa başladım məşəlin axırıncı şöləsində yenə həmin qara ilanı mehriban, mehriban heroqrifləri gördüm.

Tezliklə mister Tyerini gördüm, o, yaxınlıqda oturub ölü timsahın şəklini çəkirdi. Yaxınlaşanda başını qaldırıb uşaq kimi məsum gözlərini üzümə dikdi. Gülümsəyib quyunun dərinliyindən gətirdiyim sehrli sözü dedim. Günəş qara şar kimi fırlanmağa, tullanıb-düşməyə, sonsuzluğa diyirlənməyə başladı, onun yerində sözlər parıldadı: "Bədbəxt, sən axıracan oxumadın, dediyin söz isə zəhərdir!". Dəhşət içində yerə yıxıldım çox uzaqlardan həyəcanlı səs eşitdim: "Sizə oldu, mister Qrant?".

 

17 iyun

Üç həftə möhkəm qızdırma içində yatdım, bu gün bir az özümə gəlmişəm. Mister Tyeri məni Qahirəyə qaytarıb uşaq kimi qulluq elədi. Amma, deyəsən, o, nədənsə şübhələnir, çünki mən yenə o ehrama qayıtmalı olduğumuzu deyəndə, mister Tyeri neoplatoniklərdən onların günəş lənətlərindən nəsə danışmağa başladı, axırda isə dedi: "Fikirli qurbağalardan qaçın".

Görəsən o bunu hardan bilir?

 

Nikolay Qumilyov

Tərcümə etdi: Həmid PİRİYEV

Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 32.