Ovqat ayələrindən əsintilər
Nüvədi - dağlar qoynunda sərt qayalıqlara hopmuş, yazılmış
böyük Türk tarixinin, dünya durduqca silinməyəcək,
övladlarının isə
hec bir zaman
yaddaşından çıxmayacaq
şərəfli səhifələri.
Amansız-allahsız-şərəfsizlərin, siyasət dəllallarının
insana, insanlığa
xəyanəti üzündən
o torpaqların əzəli
sakinləri də öz el-obasını, yurdunu tərk etdi, cəlayi-vətən
oldu.
Zaman etibarilə çox da uzaqda olmayan
bir keçmişin hələ də yaddaşlarda qövr eləyən xatirələri...
Ulu Zəngəzurun Meqri rayonunun Nüvədi kəndi. Ərənlər yurdunun el ağsaqqalının,
müəllim-ziyalısının - Əli Vəlioğlunun yaradıcılıq nümunəsi
- gündəlik tipli bədii deyimlər, - ədəbi düşüncələrindən
ibarət olan "Mənim dünyam" kitabı (Bakı, "Gənclik" nəşriyyatı,
1993).
Bu yazım ədəbi
tənqid deyil. Sadəcə
olaraq, dedim, duyğuları dilləndirən,
qayğıları selləndirən
fikir-düşüncə bulağından
su içək, ruhumuzu-ovqatımızı yansıyan,
oxşayan, qəlbimizə
doğmalıqdan-yaxınlıqdan əsən dağ yelitək canımıza
can gətirən bir ab-havada nəfəs dərək.
Azərbaycan xalqının milli mentalitetinin hər yönündən Əli Vəlioğlunun düşüncə
dünyasına, oradan
da insanlığı
şərəfləndirən, ucaldan əxlaqi-mənəvi
aləmlərə paralellər
çəkmək olar. Atalar sözlərinin
təmiz ruhdan, saf niyyətdən süzüldüyünə şəhadət
verirəm. Çünki
insan öz nəfsinə və şeytani ovqatına köklənməsinin də
hansısa siyasi-iqtisadi
səbəbləri olmamış
deyil, əksini söyləsək, onda gərək ulu yaradana da asi olaq. Bu yöndən yanaşaraq
bir kənd müəlliminin qələmindən
süzülən bədii
ifadə və deyimlərin də, oxuyanlara bir dərs, bir öyüd, bir ibrət olduğunu görürük. Bəzən ovqata
uyğun fərqli rakurslarda, baxışlarda,
gah çılğıncasına,
gah da şuxluq-zarafatla,
gah pıçıltı
ilə deyilən, söylənən, yaşanan
fikirləri oxuduqca, hərdən söz üstünə söz də demək istəyirsən. Səlis məntiqin
önündə susmağın
gərəkliliyini də
anlayırsan, hərdən
də heyrətamiz reallığın, gözəlliyin
önündə, sadəcə,
gözlərində məmnunluq
işartıları bərq
vurur.
Əli Vəlioğlu
öz fikirlərini Atalar sözlərimizdə
olduğutək çərçivədə,
yek və yekun nəticə kimi, ştamplarla vermir, bədii cəhətdən cilalayır,
poetik nəsr örnəyitək duyğuların-təxəyyülün
zərif süzgəcindən
keçirir, eləcə
də Müəllim qəlbi ilə. İrqi və
dinindən asılı
olmayaraq, dünyada yaşayan bütün insanlara ən humanist baxış bucağını
sərgiləyir. Hər bir
insanın yaşamını,
ömrünü dəyərləndirən
ən gözəl hissləri dilə gətirir, qələmə
alır.
Həm də deyimlər və duyumlar, "ovqat ayələri" gur sulu
dağ çayı deyil, şırıltı
ilə axan bulaqdır ki, ovuclayıb içə bilərsən və bu bulaqdan içdiyin
suyun hər qurtumunun cana məlhəm olduğunu duyarsan.
Hər birimiz böyük bir sosial-ictimai şəbəkənin
ayrı-ayrı üzvü
olsaq da, əslində, bəlkə
də hamımız eyni bir informasiya
daşıyıcılarıyıq və nə qədər qayğı və ehtiraslarımıza
bərbəzək vursaq
da, hamısı hamımızda tam olaraq üst-üstə düşə
bilər və eyni olar. Eyni ilə bu kitabdakı
deyimlərdə də
hamımızdan bir parça, bir qədər nə isə var. Bu fikrimi kitabın özündən
örnəklərlə isbatlayım...
Əli Vəlioğlunun
fikirlərini verəcək,
mötərizədə öz
şərhimdə yanaşmam
olaçaq.
1. Elə bil bu
günümüz üçün
yox, gələcək
günlərimiz üçün
yaşayırıq. (70-80 yaşlı
birisindən soruşsaq
ki, yaşaya bildinmi, başını bulayacaq, heç başım açıldımı,
bir az
da özüm üçün yaşayım
deyəcək. Belə
çıxır ki, heç birimiz yaşamırıq, sanki yaşamağa hazırlaşırıq...
2. Əqidəm məni özünə qul götürmüşdür. ( Hamımız hansısa
əqidənin, əxlaqın,
mentalitetin qolubağlı
qulu deyilikmi?).
3. Vətəndə həqiqət
olmadıqda, o öz şirinliyini itirir. (Bizi özümüzdən
uzaqlaşdırmaq üçün
institutlar işləyir
ee, xəbərimiz yox...).
4. Həqiqətdə "ayıbdır"
sözü yoxdur (yəni təbii olan heç nə günah deyil, hər şeyi yerinə görə qiymətləndirmək
gərəkdir.)
5. Şüurun qavramadığı
hadisə möcüzə
adlanır. (Əli
müəllim burada çox sadə izah verir).
6. Vəzifə elə bir həbdir ki, dovşan ürəklilərə də
pələng cəsurluğu
verir. (Başına
furajka qoyan, çiynində poqon gəzdirən və ya hansısa idarəni təmsil edən birisi səninlə elə danışır ki, sanki sən onun nökərisən, əsirisən).
7. Ölüm həyatın dəyər-qiymətini artırıb.
(Doğrudan da,
ömrün ölümlə
sonuclanması insanları
ayıldır. Bu fəhm olmasa, insanların çoxu hec yerlərindən də tərpənməz,
dünya da ətalət içində
olar.
Əli Vəlioğlunun
daha bir kitabı "Alatoran" yayımları tərəfindən
2018-ci ildə işıq
üzü görüb
- "Mənim mənalı
dünyam" adıyla. "Kommunizm kabusu və sosializm sisteminin ideoloji basqısı götürüləndən
sonra, sanki beyinlərdə özgür
düşüncə vulkanları
püskürməyə başladı.
Elə, Əli müəllimin deyimlərinə
sərtlik, acıqlıq
və cəsarət sarıdan ikinci bir nəfəs gəldi, illər üzrə sıralanmış
fikirlərdə bir oxucu kimi öz
təbiətimə uyğun
düşüncələrə rast gəlinçə, sanki ədəbi aydınlanma, arınma prosesi yaşayırdım,
özümü, dövrümüzün
tarixi taleyimizi yenidən kəşf edirdim. Bu kitabdan də örnəklər gətirirəm:
1. Ağıl güclü tamahın ov tulasıına cevrilir (şərhsiz).
2. Z.Balayanın "Ocaq"
kitabı erməni millətinin iç üfunətidir. (Bu kitabın yalanlarını
çözməyə ehtiyac
da yox. Erməniçilik ("arm ənstvo") xəstəliyinin bu millətin canından çıxa biləcəyinə
onların normal insan kimi kinsiz, nifrətsiz
yaşaya biləcəklərinə
o zaman inanaram ki, öz murdar
məxluqlarını özləri
ifşa edələr,
biz türklərə və
dünya xalqlarına qarşı xəyanətlərini
boyunlarına alalar.
Bəli,
onların bu səviyyəyə düşmələrinə
səbəblərdən biri
də tarixi şərait olub, amma insan qanı
və geni daşıyılarsa günahlarını
etiraf edəcəklər
- F.Ekozyants kimi, Yegişe Çarents,
Robert Arakelov kimi.
Və biz də, yalnız öz tarixi torpaqlarımıza -
İrəvana, Göyçəyə,
Zəngəzura dönəndən
sonra onlarla yenidən qonşuluq münasibətlərimizi
bərpa edə bilərik. Başqa yolu yox...
3. Gərnəşmək - süstləşmiş,
sahmansız, qırışlı
bədənin ütülənməsi
(bir həkim deyərdi ki, 10-15 saniyəlik gərnəşmək
10-15 dəqiqəlik kross
qaçışı qədər
faydalıdır).
4. Ümidin kəndiri yadların əlindədir
(öz kitablarımdan
birinin adı elə buna bənzəyir:
"Ümidlər zindan
imiş" və mən hamınızdan soruşuram, bəs Siz neçə il yatmısınız
öz ümidlərinizin
həbsxanasında? Yoxsa, hələ
də oradasınız?!).
5. İradə - insanın yanacağıdır. (Yadıma
X.L.Borxesin bir fikri düşdü: bu dünya ona
görə dəyərlidir
ki, orada Şopenhauer yaşayır
əsas kitabının
adı bilirsinizmi necədir? - "Dünya iradə və təxəyyül kimi"...
Həyatımız və dünya
iradəmiz və təxəyyülümüzlə müəyyənləşmirmi?!
Bəli,
mən Əli Vəlioğlunun hər fikrini belə öcəşərək oxudum,
ola bilsin
ki, bir çox
anlarda heç bir sözə ehtiyac duymadan da. Çünki həqiqətin, gəldiyimiz
nəticələrin çox
vaxt sözlərlə
ifadə edilməsinə,
doğrudan da ehtiyac olmur.
Əli Vəlioğlu
bu dünyada, sanki 2 ömür yaşadı. Birini hamının gözü
önündə, ikincisini
hamıdan pünhan yaşadı yazılarında.
İçinin enerjisiylə dünyamızı
işıqlandıran hər
kəsə Tanrıdan
rəhmət diləyirəm.
Xan Rəsuloğlu
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.18.