Gör, necə çəkirlər sevgi
şəklini...
...Onun
ömürünün otuz ildən çoxu elə bu şəkli
çəkməyə həsr olunub. Gözlə
görünməyən, rənglərlə çəkilməyən
bu mücərrəd duyğunun - sevginin şəklini çəkməyə...
O, yaxşı bilir ki, bütün mücərrədlərin
sözlə ifadə olunan bir izahı var. İllah da ki, sevgi
kimi mücərrədin... Dünyanı ayaqda, aşiqi bəlada,
Vətəni ürəkdə saxlayan sevginin... Sevginin
bütün konturlarını zərgər dəqiqliyi ilə
çəkən sevimli şair, sevdiyimiz şair Xəqani Həbiboğlunun
"Sevgi şəkli" kitabını oxuyub başa
çatanda istər-istəməz içimdən bir səs gəldi:
Gözəl çəkib sevgi şəklini, bütün
ürəyi, ruhu ilə çəkib...
Xəqani
Həbiboğlunun "Orxan" Nəşriyyat və
Poliqrafiya Müəssisəsi tərəfindən işıq
üzü görən "Sevgi şəkli" kitabı
pandemiya dönəmində oxuduğum ən dəyərli
kitablardan biri kimi bu yazını yazmağa sövq etdi. Kitabda şairin müxtəlif illərdə
yazdığı şeirləri toplanıb.
Sevgi şəklini çəkməyə Xəqani Həbiboğlu
Yaradanla başlayır. Şair,
Son yoxdu,
davam olacaq,
Əməl
nərdivan olacaq,
Hər
sorğu, divan olacaq,
Allah,
özün dindir məni,
- dedikcə, Tanrı da onu dindirdi, ruhuna hopdu və
illərin o başında qədəm qoyduğu poeziya yolunda
ona sevginin şəklini çəkməyə imkan
yaratdı:
Səni
çox sevirdilər,
Sevənə
nə verdilər...
Umacağın
daş idi,
Onu da
çevirdilər -
Azma, durna
qatarı.
...Elə
indi də çox sevirlər. Bu o vaxtlar idi ki, Xəqani
Həbiboğlu otuz ilin o başından səslənirdi.
Onda daş çevrilən kimi səmada azan durna qatarı Bakıda təhsil alan bir ürək
adamının kəlbəcərli duyğularını rahatca
o cənnət məkana apara bilirdi...
Aradan
keçən illər Xəqani Həbiboğlunun ruhunu bir az əzdi, bir az incəltdi, bir az Vətən həsrəti
ilə paramparça etdi, amma sevgi şəklini ürəyindən
qopara bilmədi. Onu bu Vətənə, biz
oxucularına, sevənlərinə doğmalaşdıran məhz
bu sevgi oldu. O sevgi ki, Xəqani Həbiboğlu indi onun
şəklini sözlə çəkir. Özü də necə...
Durna
çığırtısı göydən
böyükdü,
Mələklər duymasa, qınamaram mən.
Bəlkə
də illərin o başında Xəqaninin "Azma" dediyi
həmin durna qatarıydı, çevrilməmiş daş, səmada
boş yer qalmadığından, indi geri qayıdırdı:
Gecikirdi,
qınadım,
Vəfasını sınadım.
İynə-sap
düzümüylə
Ümidimi
yamadım;
Durnalar
qayıdırdı...
O durna
qatarının indi düşmənin soyuq baxışları
altında inləyən Kəlbəcər səmasında
dövr edib qayıtmadığı nə məlum... Axı,
Xəqani Həbiboğlunun illərdir ki, çəkdyi sevgi
şəklinin nüvəsində Kəlbəcər
ağrısı, böyük anlamda Vətən sevgisi
dayanır:
Ürəyimdən
yeyər, gözümdən içər,
Qaranquşla dönər, durnayla köçər.
Dünən
Təbriz idi, bu gün Kəlbəcər,
Dəyişir
ünvanı, adı həsrətin
Zamanın
işdəklərinə bax... Bir vaxt
ağlımıza gəlməzdi ki, Vətənin bir
parçasını uzaqdan-uzağa sevməyə məcbur
olacağıq. Əgər buna məcburuqsa,
bayramını da təbrik edəndə əvvəlcə
qıraqda qalan yerlərinə görə "başın
sağ olsun" deməliyik. Eynən Xəqani kimi:
Ana Vətən,
iş görmədik,
Barı
bayramın mübarək!
Əvvəla,
başın sağ olsun,
Sonra
bayramın mübarək!
Niyəsini də şair özü göstərir. Çətin
anda havasını uda, suyunu içə bilmədiyin doğma
eldən-obadan ayrı harasa sığınmaq olar, amma
alışmaq olmaz. Alışmaq, məcburi
də olsa, qədərlə barışmaq kimi bir şeydir.
Amma hu ağrını çəkən şair əsla
barışmaq olmaz deyir:
Qismətlə barışmaq olur?
Olmursa vuruşmaq olur.
Çadırda
alışmaq olur,
Çadıra
alışmaq olmur...
Hardasa
zamanı durdurub dinclik tapmaq olarmı... Torpaqdan başqa, nədənsə
torpağın ətrini almaq olarmı... Son istiqamət bəllidir:
Gəl,
ey həsrəti laləm, ay vüsalı bənövşəm,
"Bənövşə"
oyununda yadlara bəndə düşən!
Sevmək
mənim sənətim, sevilmək sənin peşən,
Ürəyimdə açan gül, səni kimlər becərdi?!
Səninlə
yola çıxsam, mənzilim Kəlbəcərdi!
Bu gün
düşmən tapdağında inləyən hər
qarış torpağımız Xəqani üçün
qoynunda dünyaya göz açdığı Kəlbəcərdir,
Vətəndir:
Anam Vətən,
Yolunda
ölmək kimi
Söz
deməyə haqqım var,
Xocalıda
parçalanmış
Hər bədəndə şaqqam var.
Bu
üzüntünün, ağrının içində də
ömrün şam kimi əriməyi də var. Özü də
ağrını çəkə-çəkə əriməyi,
illəri itirə-itirə əriməyi...
Mənim
bəxt qatarım kömürnən gedir,
Geyibdi çarığı dəmirdən, gedir.
Bu
ağrı-acılar ömürnən gedir,
Arada üstündən yaşımı
çırpır.
Kitabdakı şeirlər hər hansı bölmələrə,
hissələrə bölünmür. Hansı vərəqdən
oxumağa başlasan, duyğuların bir-birini
tamamladığını görürsən. Çünki yanan eyni ürəkdir. Hər
şeirdə, hər misrada Xəqani var - ürəyi ilə,
ruhu ilə, ilhamı ilə o ilahi şəkli çəkməkdədir:
Ömür
ağacının yarpağı - günlər,
Beşinə, üçünə şeir yazıram.
Duyğulara
qalmış dəli olardım,
Mən ağıl gücünə şeir yazıram.
Duyğuları nizamda saxlayan da ağıldır. Onsuz da
nizamı pozulmaqda olan dünyada duyğuların da nizamı
pozulsa, sonra dünyanı öz məhvərinə qaytarmaq
müşkülə dönər. Ağılla
duyğunun sintezi ilə sevgi şəkli çəkməyə
ürək edən şair gül ləçəyinin əzilməsinə
belə biganə deyil:
Axı,
dadmı qalar gül əziyində...
Odur
alışan da, öləziyən də!
Yaşamaq
həvəsin öləziyəndə
Saxlaya biləsən
sonraya ömrü...
Həyat
eşqi insana nələr yaşatmır ki?..
Bəzən həyat eşqini xəyalların əlindən
almaq mümkün olmur. Həyat eşqinin hardan başladığını,
harda bitdiyini müəyyən etmək insanın əlində
olmur ki... Hər kəs əvvəlində, ya
sonunda qədərə təslim olur. Sona qədər
xəyalların konturlarını izləməyə bir
ömür belə yetmir. Bəzən elə xəyalların
özü ömrü dalana dirənənə qədər
qovur:
İnsanın
həyat eşqini
Xoş xəyal - cənnət öldürdü.
Aşkara
gücü yetməzdi,
Təklədi, xəlvət öldürdü.
Yerlə göy, ağla qara, istiylə soyuq və digər
əksliklər dünyanı var edənlərdir. Bunların
biri olmayanda, olsa da görünməyəndə - poeziya var -
bu olmayanı əks edən poeziya. Bunu Xəqaninin
kitabında daha aydın sezmək olur:
Əzablar
içində çırpınan ürək,
Qədəhi
çırpılan meyəm bu gecə!
Göyü
uçub getmiş torpaq kimiyəm,
Torpağı
axtaran göyəm bu gecə!
Bu
dediyimiz nizam, mizan-tərəzi niyə pozulur axı... Dünya niyə məhvərindən
çıxmağa meyillənir. Kimdir günahkar... Bu
kimi suallar yaradıcıların düşüncələrində
çözələnir:
Al rəngin
- axası qanımın behi,
Qübarlanma,
sözdü dedim təşbehi...
Kim
dağıtdı bu nizamı, təsbehi,
Sənin bu qırğında əlin var, lalə?!
Bəlkə
elə bu düşüncə sahiblərində axtarmaq
lazımdır belə sualların cavablarını:
Sözün
təravətin, sözün şuxluğun,
Danışan öldürür, yazar öldürür.
Adamı
öldürüb əl çəksə nə var,
Bu
dünya, sonra da məzar öldürür...
Sevgi şəklinin böyük bir hissəsi elə
sevginin özü ilə bağlıdır. Həsrəti vüsal kimi
şirin, əzabı çəkdikcə çəkilən
sevgi onsuz da kitabı ağuşuna alıb:
Nifrət
tikdiyi saraydan
Sevgi
yıxan ev gözəldi,
- deyən Xəqani Həbiboğlu
üçün əzab verəni belə günahkar bilmir. O,
yaxşı bilir ki, nə sevilən günahkardır, nə də
atılan:
Mən nə
sonuncuyam, nə də birinci,
Dəryaya cummuşuq, sənsə bir inci.
Sən
Allah, qınama, qınama məni,
Get, səni
yaradan dünyadan inci -
Səni
sevilməyə yaradıb dünya!
Və
yaxud:
Gözlərinə
yaxın düşmək çətindi,
Asacam
özümü kirpiklərindən!
Bu sevgi deyilən nəsnənin başqa duyğulardan fərqi
və özəlliyi ondadır ki, vüsalı da şirindir,
həsrəti də, küsməyi dadlıdır,
barışmağı da. Bəlkə elə ona görə də
Xəqani deyir ki:
Dərdi
böyük qala verib,
Əlimizə
mala verib,
İnsana
yüz bəla verib,
Sevgiylə
başın aldadır!
Bəlkə
elə ona görədir ki, bir şeirində
Bu tale gətirdi
nəhs ki,
Xoş
olar sanırdım bəs ki...
Küsəndə
arıdan küs ki,
Barışanda
bal dadasan,
- deyir. Amma istənilən halda sevən
sevilənin bu misralardakı kimi var olmasını istəyir.
Şairə görə, həyat ölümə xərclənən
zaman kəsiyidir. Ölüm deyilənin zaman-zaman bizdən alıb xərclədiyi
zaman kəsiyi... Bir az da artıq yaşasan
ölümün eşqinə xərcə düşürsən.
Xəqani bu dəfə həyatın eşqinə mərc kəsmək
istəyir:
Həyatdı
ölümün xərci,
Çox yaşadım, düşdüm xərcə.
Gələsən,
bu dəfə mərci,
Ölməkdən
gələk...
Amma belə mərcə gəlməyə qoymayan bir fidan
var - dünyanın işdəklərindən hələ xədərsiz
boy atan balaca Ülkər. O, babasını - bir ömür ədəbiyyatda
və həyatda saflığa bələnmiş Xəqani Həbiboğlunu
yaşama səsləyir:
Təzə
söz, təmiz dilim,
Çağır saflığa gəlim.
Ürək
mənim tifilim,
Sən
ürəyin körpəsi!
...Bir az irəlidə dediklərimizin hamısı,
sevgi şəklinin hissə-hissə çəkilən
detalları idi. Sonda sevgili oxucularından soruşmaq istəyir
şair:
Fələk
- bəxti zər atanda
Mən
heç-heçə düşmüşəm!
Şəklim
- sevgi şeirlərim,
Bax
gör, necə düşmüşəm...
Əslində, özü bilir necə
düşdüyünü. Bilir və
oxucularına da bildirir. Çünki bu
şəkli özü çəkib. O sevgi şəklində
Xəqani Həbiboğlunun bir vətəndaş olaraq
yaşantıları, bir şair olaraq yaratdıqları, tam
olaraq, doğru-dürüst əks olunub.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.19.