Getdin, intihar etdi qəmzəmdə kəpənəklər...

şeirlər

 

 

Getdin, ruhuma əsdi yenə soyuq küləklər

 

Heç nəyə yaramayan quruca nəfəs oldum.

 

Getdin, intihar etdi qəmzəmdə kəpənəklər

 

getdin, içimdəki quşlara qəfəs oldum.

 

 

 

Yenə qəlbim soyundu xoşbəxtlik libasını.

 

Saatlar yavaşıdı, zaman, sanki süst oldu.

 

Duyunca ayrılığın sarsıdan təmasını

 

Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu.

 

 

 

Yenə  gözlənilmədən yoxluğuna uğradım

 

alnımda qırışlar günbəgün cərgə saldı.

 

Yenə barmaq ucumdan saçımacan ağrıdım

 

yenə gözlərimdə kədər düşərgə saldı.

 

 

 

İndi ömrümdə yoxsan, bitsə sənli anlar

 

Xatirələr hələ təzədirlər, tərdilər.

 

xoşbəxtdirlər indi səni görən insanlar

 

Çiynindəki mələklər necə bəxtəvərdilər.

 

***

 

Daha barmaqlarım qırov bağlamır

 

Donuq baxışımın buzu əriyib.

 

"Sıx bizi köksünə" deyib ağlamır

 

Daha xatirələr susub kiriyib.

 

 

 

Dolabda yas tutmur heç bir asılqan

 

Qaralar , yaşıl ala dönüb

 

Gözə işıq gəlib, yanağıma qan

 

Yuxu rejimim normala dönüb.

 

 

 

Ayrılıq gözümə dağ kimi dəymir

 

Həsrətin qudurub çıxmır özündən.

 

Yoxluğun o cəllad libasın geymir

 

Daha iraq tutur məni özündən.

 

 

 

Gedişin daha müəmma deyil

 

Artıq bilməcələr çözə bilirəm.

 

Tüstüyə-dumana etmirəm meyil

 

Hər ağrı olsa dözə bilirəm.

 

 

 

Gözümdə zirvəyə qoyduğum adam

 

Kim idi mənimçün kimə çevrildi.

 

Bu gün o son sevgi qırıntısı da

 

Sərçə dimdiyində yemə çevrildi.

 

 

 

Neytral zona

 

Sevinclərimə ortaq,

 

hüznlərimə tən bilmişdim səni...

 

Ürəyim ürəyinə baş qoyandan

 

Vətən bilmişdim səni...

 

Sən demə,

 

güvəndiyim dağın başı büsbütün qarmış,

 

Sən demə,

 

qədərdə Vətəndə qürbətçi olmaq da varmış...

 

Sahib çıxmaq istəmədiyin ürəyə daha

 

Bədəl ödətdirirsən bahadan baha...

 

Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi

 

Bu laqeydlik hər gün bizi yeyir bitirir.

 

Neytral zonada qalmış yaralı əsgər kimi

 

İndi mənim hisslərim durmadan qan itirir.

 

Saniyə-saniyə soyuyuram biləsən,

 

Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı

 

Amma qorxma,

 

son nəfəsində belə, sənə "Vətən" deyəcək

 

Deyəcək ki, baxıb sevinməsin yağı...

 

 

 

Yuxu

 

Dedin ki, "Göldə üzən

 

Ağappaq Qu kimisən.

 

Baxmaqdan heç doymuram

 

Bir içim su kimisən.

 

 

 

Gülüşün şeirdisə

 

Baxışların bəstədir.

 

Ağlım sənə aludə,

 

Könlüm sənlə xəstədir.

 

 

 

Ən səmimi duamsan,

 

Ən müqəddəs diləyim.

 

Hansı cənnətdən endin,

 

Ey qanadsız mələyim?

 

 

 

Qəlbimə möhürlənib

 

Üçcə hecalıq adın.

 

Tanrımın şah əsəri,

 

Ey büsbütün eşq qadın!

 

Sənlə havalanmışam

 

Öz-özümə gülürəm.

 

 

 

Mən səni sevmirəm ki

 

Səndən ötrü ölürəm.

 

Ey əsiri olduğum,

 

Ey könüllü qəfəsim!

 

Yaxın gəl yanağını

 

Sığallasın nəfəsim".

 

 

 

Susdum, bir addım atıb

 

Nəfəsində dayandım.

 

Sən əyildin öpməyə

 

Mən yuxudan oyandım.

 

 

 

Tapmaca adam

 

Yeni kəşf edilmiş planeti öyrənmək qədər

 

                                    müşküldür səni tanımaq.

 

Qürurundan hördüyü Çin səddi arxasında

 

                                    gizlənən tapmaca adam...

 

sevdiyin bəlli, sevmədiyin.

 

Sənin gizlənqaç oyununda yuman tərəf

 

                                    olmaqdan yorulmuşam

 

Həyatımda bir varsan, bir yoxsan,

 

Bir çoxsan, bir azsan

 

Qısacası Kvant nəzəriyyəsi qədər çətin anlaşılmazsan.

 

Get-gəllərindən

 

yollar da əzbərləyib addımlarını,

 

Aristokratlığını itirib artıq əlvidaların.

 

Salamlarınsa hər dəfə xəcalət təri tökür dilinin ucunda...

 

Savaş meydanını xatırladır indi

 

sualların hücumuna məruz qalmış beynim

 

Sevir-sevmirlərimlə bezdirdiyim çobanyastıqları

 

                                    qürur dərsi keçir mənə.

 

Çox dəfə ürəyini bəlkə oxuya bildim ümidiylə

 

                                    gözlərimi gözlərinə dikirəm

 

Axı mən xəstəyəm

 

Həkim demişdi ki

 

Sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm...

 

Sənsə hər dəfə balıq səssizliyi ilə susursan

 

Hər dəfə lal baxır gözlərin

 

Heç olmasa qolların danışsın arada

 

Heç olmasa onlar itirməsin danışmaq vərdişini

 

Bərk-bərk sıxsınlar məni köksünə

 

Bəlkə heç sabah olmadım

 

Düz demirəm?

 

bilmək olar axı, həyatın işini.

 

 

 

Mutasiya

 

Deməliyəm ki,

 

Heç bir anda yaranmır

 

amma hər şey bir anda məhv ola bilir.

 

Dünya özü yeddi gündə yarandı,

 

Qiyamət özü bir anda qopacaq

 

o gün

 

bütün yaxşıları yaxşılar,

 

bütün pisləri pislər tapacaq.

 

Sənin Qiyamətinsə mənim ürəyimdə qopdu

 

Dünyamın mərkəzi deyilsən daha

 

Ətrafında dönmür artıq kainat.

 

İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan

 

Demişdim axı, çox da özünə güvənmə

 

Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,

 

Sultanı olduğun taxtın da devrildi...

 

Sayəndə DNT-si dəyişdi  duyğularımın

 

Sevgim mutasiyaya uğrayaraq nifrətə çevrildi.

 

 

Aypara Ayxan

Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 9.