Turan Cavid
Əlimi qələmə uzadanda qəribə duyğular keçirdim. Xatirə yazmağı sevmirəm.
Hisslər özümdən
güclü olur! Lakin Turan Cavid adı
məni ovsunladı.
Görəsən, nə üçün çətin yollardan keçmiş insanlarda gözə tez çarpan təmkinli, məğrur duruş, yaşından asılı
olmadan dünyaya baxışda qəribə
ümid, əyilməzlik,
səbr hissi güclü olur?! Sözsüz, əsilli köklü əsilzadələrin qan səsi özünü göstərir və kömək edir. Bu xüsusiyyətləri mən
tez görür, duyur, hiss edirəm.
Haqqında söz demək istədiyim İnsan - Turan Cavid xanım
mənim yaddaşımda
belə qaldı.
Moskva təhsilindən
qayıtmışdım. Bir müddət sonra EA Nizami adına
Ədəbiyyat İnstitutuna
laborant götürdülər.
O vaxtlar (1959-cu il) Ədəbiyyat İnstitutu, İncəsənət
İnstitutu, Cəfər
Cabbarlı muzeyi də mehriban mühitli EA Nizami adına muzeyin binasında yerləşirdi.
"Teatr muzeyi"ndə
işləyən Turan
xanımla tanış
oldum, davranışı,
alicənablığı, məğrurluğu,
təmkinliyi məni cəlb etdi. Sonralar görüş dostluğa
çevrildi. İnsanlarla təması
çox da sevməyən Turan xanımın, nədənsə,
mənə münasibəti
başqa oldu. Gözəl,
alicənab anası Mişkinaz xanımı gördüm. Cavid sənəti və ağıllı gözəl
qadın!
1961-ci ildə Zuğulbada
bağ evi tutduq, yay istirahətini
Turan anası Mişkinaz xanımla, mən də anam Nisəxanımla birlikdə keçirtdik. Həmin
il Moskvaya,
Dünya Ədəbiyyatı
İnstitutuna aspiranturaya
hazırlaşırdım.
"37"-ci il Sibir sürgünündən
qayıtmış riyaziyyatçı
alim, geniş diapazonlu alicənab, bir neçə dil bilən ensiklopedik savada malik şəxsiyyət İnsan - əmim Əliabbas Vəlixanovu ilk
dəfə 1956-cı ildə
gördüm - 5 il ömür etdi, kiçik vaxt ayrıcında elmi söhbətləri indi də yadımdadır. Qərb musiqisini, ədəbiyyatını gözəl
bilən əmim ilk dəfə muğamatı
mənə başa saldı, sevdirdi! Əmim Cavid əfəndini yaxşı tanıyırdı,
yaradıcılığının vurğunu idi, şeirlərini əzbər
bilirdi, iki qızının adlarını
da Cavidin əsərlərindən götürmüşdü
- Xumar, Əsmər! Sibirdə Cavidi gördüyünü Turanla
görüşündə ona demişdi. İqtisadiyyat İnstitutunda
(hazırda universitet) prorektorluqdan aparmışdılar!
Çox gözəl qızlarının
böyüməsini görməmişdi. Gözəl
Xumar bacımı
AZİ-də (hazırda
Neft Akademiyası) oxuyanda atasız böyümüş Firuzə
xanımın oğlu
Faiq Bağırzadə
sevmişdi! Təkidlərə baxmayaraq aspirant Faiq
"Vraq naroda" qızını alacağını
bildirmiş və gözəl Xumar xanımla evlənmişdi,
iki gözəl övlad atası, akademik, ADU-nun (hazırda
BDU) rektoru olmuşdu.
Kainatla bağlığımıza
şübhə ilə
yanaşanlar olsa da, orada məskən
salmış ilahi qüvvə hamısını
görür, tərəzi
gözü ilə qeyd edir, əlini
kimsəsiz təmizlərdən
çəkmir, biz bilmədən
yollarımızı açır!
Turan xanımla
bizim son görüşlərimiz
2004-cü ilə təsadüf
etdi. Özümdə qəribə bir
təsəlli hissi daşıyıram. Turan qardaşı
Ərtoğrolun yaradıcılığına
həsr olunmuş elmi əsəri gördü. Bu işi çox mərd xasiyyətli Solmaz Həşimova adlı cavan bir qız yazmışdı.
Sonra Hüseyn Cavid yaradıcılığının dünya miqyası aspektində işlənmiş
dissertasiya işini də gördü. Dünyasını dəyişmiş mənim qardaşım Fuadın qızı Nərmin - mənim qızım Nərmin Vəlixanova-Həsənova "Tipoloqiya anqliyskoqo neoromantizma i azerbaydjanskoqo romantizma
("Djavid")" işində
Cavid dühasının
dünya ədəbi mühitində layiqli yer tutduğunu göstərmişdi.
2004-cü
ilin aprel ayında avtoreferatı
"Cavid muzeyində"
Turan xanıma təqdim edəndə eynəksiz gözlərində
qəribə bir parıltı sezdim!
Gözündə həmişə qara eynək gəzdirərdi. Bir dəfə soruşmuşdum:
"Turan, gözəl
gözlərin var, nə üçün həmişə qara eynək taxırsan?". "Bəzi
şeyləri qara eynəklə görmək
yaxşıdır" - cavabını
vermişdi.
Hüseyn
Cavidin 100 illiyində zəng etdi: "Fəridə, bax, 3 nəfərin adını
lap əvvəldən yazdığım
adamlardansan. Dəvətnamə göndərəcəyəm".
Özüm tez gedib aldım.
İnsanları ehtiyatla seçərdi. Uzun illər
ən yaxın dostu, rəfiqəsi Ənvər Məmmədxanlının
bacısı Həbibə
xanım Məmmədxanlı
idi.
Heydər
Əliyev adına
Respublika Sarayında Cavidin yubiley gecəsində Turanın sağ-sol tərəfində
Rasim Əfəndi Leyla xanımla və mən qızım Nərmin ilə oturmuşduq. Turan xanımın yanında ağ
güllərdən çox
gözəl çələng
qoyulmuşdu. Çox
sevinirdi! Gecəni Anar açdı.
Mənə dedi: Həyatda ailəmiz pərən-pərən
oldu, şükür,
indi bir yerdəyik. Səsində qəribə bir
arxayınlıq, rahatlıq
sezdim. Gedəcəyini bilirdi. Səhhəti xəbər verirdi. Arzusu yatmamaq indi, heç kəsə əziyyət verməmək,
birdən getmək idi, "ixtiyarım yoxdu yatım" deyirdi.
Allah bütün arzuları
kimi, bunu da Turan Caviddən
əsirgəmədi. Allah adildir!
Allah sənə rəhmət
etsin - qeyrətli, namuslu, mərd, Cavid ocağının işığını yandırıb
gedən Azərbaycan qızı!
11.06.2005
Fəridə Vəlixanova
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 14.