Hamlet olsaydım
Hamlet olsaydım,
Ofelya üçün gül alardım,
marmelad, qulaqlıq, şampan şərabı,
dişçöpü alardım
onu Romaya, Florensiyaya gəzməyə
aparardım.
Hamlet olsaydım,
ona içində səs-küylü hind bülbüllü
qəfəs alardım,
İsveç bərəsinə bilet,
ağ fiqurlu
konki...
Hamlet olsaydım,
ailə işlərinə
qarışmadan özümlə
məşğul olardım;
Kronborqu
şəxsi mənzillərə
bölər və paylardım,
özüm də ki, Fioilgedaya daşınar,
və yəqin, su dolu matras
alardım.
Hamlet olsaydım,
bütün qara fikirləri başımdan
atardım,
özümə məğlub
olmaz,
uzun monoloqların başını buraxardım.
Anamın
şəxsi həyatına
qarışmazdım
Hamlet olsaydım.
Qocanın öldüyünü etiraf edər,
yalnız qisasla dolu kabus arxasınca
qaçmazdım.
Hamlet olsaydım,
o qoca əbləhə, Poloniyə toxunmazdım
(durub da
özüyçün xalçanın
dalında)
və əlbəttə,
vaz keçərdim harasa getməkdən
Gildenqnil-Rozenşvalla bərabər -
doğrusu, adları
necəydi, unutdum, nə fərq edər...
Hamlet olsaydım,
Horatsio ilə sülənərdim
şəhərdə,
çəllək pivəsi
içərdim Frank Yegerlə
və aşıq atardım dənizçilərlə
liman traktirlərində;
bir də İsveç xanımlarıyla
rəqs edər,
atəşli ürək
döyməsi vurdurar əlimə
və altında yazdırardım:
Ophelia, I
love You
...Hamlet olsaydım.
Ev üçün darıxmaq
Qasırğa uçuşa hazır ağacları titrədir.
Budaqlarıyla necə əl elədiklərinə baxsana.
Həyəcanlanırlar.
Evə tələsirlər, kainata...
Əsəb dispanserinə müraciətin qaralaması
Bura dəlixana,
hətta quşxana deyən də var.
Hər necəsə,
mən ora yerləşdirilmək istərdim.
Xüsusi qapalı şöbəyə.
Deməliyəm ki, əsla xəstə-filan deyiləm,
ətrafımdakı adamların
ən sağlamıyam,
odur ki, ən azı, ayrıca palata ayrılmalıdır mənə.
Çünki bilirəm: Nyuton
kökündən səhv
edib,
adi şeyi bilməyib ki, alma sadəcə yorulubdur.
Sonra... bu dünyada yeganə daniyalıyam ki,
həmvətənlərim məni
gecə stəkanda, suda saxladıqları qoyma dişləriylə
diri-diri yeyə bilərlər -
bu isə məni təcrid eləmək üçün
çox ciddi səbəbdir.
Poeziyanın qələbəsi
"Bu
gen dünyada qardan susqun heç nə yoxdur".
Bəs, döşəmə
üçün şəffaf
boya necə olsun?
Ya yun? Yaxşı,
bəs dırnaqlar,
pişiyin bığları,
daraqlar?
Bəs navalçada illərlə
ilişib qalan,
qaranquşlara sevgi duyan dinməz top,
köşkün yanındakı
skamya -
bəs onlar
hər şeyi saran sükuta qərq olmayıblarmı?
Siyahını uzada bilərdim,
deyək ki, salfet, markalar,
dodaqlara həsrət dodaq karandaşı
və başqa nələrisə söyləyə
bilərdim.
Amma haqlıdır şair,
bu dünyada qardan sakit heç
nə yoxdur.
Ağı
Payızın oğlan çağında
şeirlərimdən qafiyələr
düşür,
çılpaq qalırlar,
üşüyürlər.
Bilirəm ki, səs onları
elə
bu şəkildə də yuyundurur, dilləndirir.
Amma bizim bu ağır
zamanda
kimdir çılpaq və qafiyəsiz şeirləri
dinləmək istəyən?
Axı ortada daha ciddi
məsələlər var:
yalnız Sibir pələngi deyil,
kərgədan və kotletlər belə
silinə bilər
yer üzündən.
Başqa sözlər
Sözlər geri qayıdırlar, özümə.
Bilmək
istəyirlər mən
nə demək istəyirdim,
onlara nəyi yükləmişdim.
Bacardığım kimi izah edirəm,
razılaşmırlar.
Başqa sözlərlə izah etməyə çalışıram.
Mənasızdır.
Gözlərini döyürlər inamsızlıqla.
Onları doladığımı düşünürlər.
Tərcümə Səlim Babullaoğlunundur
PETER POULSEN
Tərcümə: Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 5.