Adını Sentyabr
qoydum
Ən sevdiyim qələmimi tapıb ən gözəl dəftərçəmdə bir
dairə çəkdim,
adını Sentyabr qoydum.
Və bu qara toppuş qələmlə bu sarı zərli dəftərçəyə çəkdiyim
dairənin içinə
qırmızı hərflərlə
çoxlu qeydlər edəcəyimə dair özümə söz verdim. Çarəsizcə "necə?" soruşan yorğun ruhuma soyuqqanlı beynimin diktəsiyə dünyagörmüş bir
həkim ədasıyla
resept yazdım.
Bu resepti bütün xroniki iltihabları sağaldacağına içdən
inanaraq yazdım: Bol-bol günəş işığı, bol-bol
səhər gəzintisi,
üfüq seyri və bol-bol empati qurmaq. Özü də hamıya, bütün insanlara.
Hər kəs səni anlamaya bilər, dedim öz-özümə,
amma unutma, hamının anlaşılmaq
hüququ var bu dünyada. Hətta anlamayanların anlaşılmaq
ehtiyacı daha çox, çünki onlar təkcə səni yox, heç özlərini də anlamırlar və məntiqlə sən onları özlərinin yerinə də anlamalısan.
İndiyə qədər özümə
yazdığım bütün
reseptləri cırıb
tulladım, beynimdəki
bütün ağrıkəsiciləri,
uyuşdurucuları atdım,
uduzduğum bütün
oyunları unutdum, qələbə ehtirasından
vaz keçib qumar masasından qalxdım, bütün planlarımdan beynimi təmizləyib orda iri pəncərəli geniş bir otaq ayırdım özümə və adını Sentyabr qoydum. Sonra daha gözəl
Oktyabr gələcək,
daha sonra daha gözəl Noyabr. Həyat hələ də
payız sevgimi əlimdən ala bilməyib
axı. Mənim düşüncəmə
görə ən gözəl yağışlar
payızda yağır,
ən gözəl çaylar payızda içilir, ən gözəl ruhlar payızda dillənir.
Amma yaddaşımda istədiyim kimi yaşadığım bir
payız belə yox, hamısını həyatın qaçaqaçındakı
fon musiqisi
kimi xatırlayıram.
Bu dəfə belə
olmayacaq, öz sevgilimlə - aşiq olduğum mövsümlə
qol-boyun yaşayacağam,
qoy qalan hər şey fon musiqisi
olsun.
Sevimli fincanımı
götürüb özümə
bir qəhvə süzdüm. Evimin ən sevdiyim küncündə oturub, bilgisayarımın iş stolunu təmizlədim, yeni bir qovluq
açdım və adını Sentyabr qoydum. Ən gözəl yazılarımı
yazacam ora, bəlkə ən zəif yazılarımı,
bəlkə heç kəsə demək istəmədiyim sözləri,
bəlkə hamıya
hayqırmaq istədiklərimi.
Bəlkə heç nə
yazmayacam, yaşamaqdan
yazmağa vaxt tapmayacam, ehtiyac duymayacam, bəlkə bomboş qalacaq o qovluq, amma əsas
o ki, adı Sentyabr olacaq.
Gedib məhəllə
kitabçısından bir
təqvim aldım, Sentyabr səhifəsini açdım, büt qarşısında dayanıbmış
kimi önündə dayanıb həyatla atəşkəs elan etdim. Sentyabrın xətrinə. Bütün savaşlar haqların tapdanması ucundan başlar, amma bütün savaşlar hər iki tərəfdən
ədalətsiz. Çünki hər iki tərəf
qurban verir, çünki qurban bahasına qazanılan qələbə dadsızdır.
Çünki qurban vermək
də bir ədalətsizlikdi. Mən öz
ordumu geri çağırıram, qəddar
bir sərkərdə
olmaqdan bezdim, öz inadımı, inamımı, həyat eşqimi, əsəblərimi
qırğına verməkdən
vaz keçdim, qoy onlar şəhid
olmasınlar, ehtiyatda olan döyüşçü
kimi sakit və uzun bir
ömür yaşasınlar.
Qoy bu dünyada bir Don Kixot da
azalsın.
Yeni qonşuları,
yeni mənzərəsi,
xoş aurası olan xudmani bir
evə daşınıram,
sanki. Orda keçmişi olmayan, bu günlə dinc yanaşı bir həyat yaşamaq istəyirəm;
özüm, övladlarım,
çiçəklərim, toyuqlarım və şair demiş, bir də bütün
insanlar...
Ən sevdiyim qələmimi tapıb ən gözəl dəftərçəmdə bir
dairə çəkdim,
adını Sentyabr qoydum.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 8.