Müqəvva
Minimal-ekspressionist hekayə
Keçmiş həyatlarında faciəvi
hadisələri görən
hər bir qaçqına və Vətən uğrunda həlak olmuş hər bir qardaşıma
və bacıma həsr edirəm
Ağrı. Kəskin ağrı.
Təngnəfəsəm. Ağrı.
Kəskin ağrı...
Bihuş vəziyyətdə ağrı
haradan gəldiyini anlaya bilmirəm. Başımı
qaldırmaq istəyəndə
hiss etdim ki, boynum, sanki donub,
tərpənmir. Onda var gücümlə dartındım.
Başım dövrə vurdu.
İndi isə gözlərimi açıb Səmaya baxmaq istəyirəm.
Amma bunun mümkün olmadığını, nədənsə,
tez başa düşdüm. Müqavimət də göstərə bilmədim - gözlərimin
əvəzinə dünyanın
zülmətini ehtiva edən iki qara
deşik vardır.
Deməli, mən nə
günəşi, nə
də pambıq buludları seyr edə bilməyəcəm.
Bədənim xaça mismarlanıb. Ona görə
də qeyri-ixtiyari hərəkət edəndə,
mismarların cismimdə
oynadıqlarını hiss edirəm.
Və bu, dözülməzdi.
Ağlamaq istədim - bilmədim. Axı gözlər əvəzinə
olan sonsuz diblərdən necə kədər yaşları
tökülə bilərdi?..
Qışqırmaq istədim - bilmədim. Axı ağzım
ancaq əyilib və donmuş vəziyyətdə eybəcər
səslər çıxara
bilir.
Sonra yada düşdü - axı mən müqəvvayam - mən samandan düzəldilmişəm. Mən nə
qışqırmağı, nə də ağlamağı bacarmıram.
Onda özümü
dartdım. Mismarların içimnən çıxmağını
hiss edirdim. Yıxıldım.
İsti külək əsdi - özü ilə qarın altında qalmış yaşıl otların qoxusunu və ətrafda yerləşən meyitlərin
iyini gətirdi.
Ayaqlarım yoxdu ki, gəzə
bilim - hoppana-hoppana hərəkət etməyə
məcburam. Amma özümü əlil
hiss etmirəm - mən
həmişə quşları
qorxutmaq üçün
bir vasitə idim. Mənim mahiyyətim - çirkin
olmaqdı. Mənim qismətim
- cansız olmaqdı.
Mən -
müqəvvayam.
Hətta sükutda belə, uşaq və qadın harayı eşidirəm. Bəlkə də, oyanmamışdan qabaq o səslər həmişəlik qulağıma
hopub... Bəlkə burada şənlik
var idi. Bəlkə hamı əl-ələ tutub tonqalın ətrafında yallı oynayırdılar. Sonra
gülümsəyərək özlərini vəhşi
oda verdilər?.. Başımda səslənən haray onların sevincli qurtuluş səsləridi?
Nə vaxtsa buralarda insan yaratdığı gözəllik hökm sürürdü - indi isə bura o qədər acınacaqlı
vəziyyətdədir ki,
təbiət məni
- cansız məxluqu diriltdi?..
İndi onlar da müqəvvadılar. Hətta meyitlərin
sağ qalan bədən üzvləri
onların adamlıqdan
çıxdığına dəlalət edirdi.
Ətrafda cənazələrin yerləşməsini
duyurdum. Nədənsə, başımda yerləşdiyim
məkanda olan hadisələri anbaan görürdüm. İnsanlar doğrudan
da, tonqalın başında oynayırdılar.
Tempsiz.
Rəqsə heç bənzəmirdi.
Bu, güman etdiyim kimi,
vəhşi rəqsidir.
Özlərini alovlandırırdılar.
Mən kimə
qorxu hissləri aşılamalıyam? İnsanlara? Yoxsa...
Məni sevdilər? Özlərini məni atmaq əvəzinə atdılar...
Ağrı. Kəskin ağrı.
Təngnəfəsəm. Ağrı.
Kəskin ağrı.
Ağlımda eybəcər meyiti gördüm - amma, nədənsə, başı
yox idi. Ağ köynəklə
qəhvəyi pencək
geyinmişdi. Başının əvəzinə olan çiyin səviyyəsində
deşikdən qan su kimi axırdı.
Bütün bədəni əsdi.
Sanki ayağa qalxmaq istədi. Mən qorxdum - mən uzaqlaşdım.
Qarın üstündə minlərlə
ayaq izləri var. Yeganə xatirə qaldı.
Yaxınlıqdan səngiməyən uşaq
bağırtısı gəldi.
Ürəyim yoxdu - amma, nədənsə,
əzaba kəfənə
bürünmüş kimi
mən - müqəvva
- xoş hisslərə
yaxın qəribə
hisslər keçirdim. Mən tənha deyiləmmi?..
O səsə doğru hoppanmağa başladım.
Bəlkə sonsuz anların
axırı gələcək? Yol üstə yiyələrini
həmişəlik itirmiş
balaca uşaq ayaqqabılarını görürdüm.
Onların üstündən keçərək yolumu davam edirdim.
Mənə elə gəlir ki, qorxu - bir
alətdi - və indi kimsə o alətin simlərini bərk dartır. İnsan zülmünü
əks etdirən bayatı çalınır
başımda.
Ağrı. Kəskin ağrı.
Təngnəfəsəm. Ağrı.
Kəskin ağrı...
Qızıl bayraqların əvəzinə
üçrəngli bayrağı
elə qürurla gəzdirirdilər ki, mən də - hələ cansız müqəvva olanda sevinməyə başlayırdım. Heç kəs
anlamırdı. Lakin mən
ağzımı büzüşdürürdüm
- mən gülürdüm.
Bilmirəm niyə...
İndi bayraqda qırmızı rəngdən başqa, bütün rənglər
tükənib. Mavi səma da zülmətə qovuşub,
yaşıl ağaclar
da birdə heç vaxt çiçəkləməyəcək.
Səsə yaxınlaşıram. Çatdım. O uşağı başımda bir xəyal kimi gördüm. Ayaqları və əlləri
yox idi. Kəsilmiş vəziyyətdə arada dururdu. Körpənin üzü ağlamaqdan
göyərirdi - bir azdan bağrı partlayacaq. Kömək edə bilmirəm.
Nə əlim
var - çağanı
sinəmə basım.
Nə gözüm
var - yaş töküm.
Allahdan, əgər
məni eşidirsə,
uşağın ölməyini
arzulayıram.
Onun nə anası var, nə bacısı var ki, onu
götürüb sinələrinə
basıb sakitləşdirsin.
Mən isə - müqəvva - cansız məxluq - boş məkanlarda əbədi sürünməyə
məhkumam...
Tezliklə qar həm qanı,
həm də üçaylıq çağanın
ağzından gələn
köpüyü özünə
hopduracaq. Tezliklə uşağın hərarətli nəfəsi
ilə istilənmiş
qar kəfən əvəzi olacaq. Səni niyə boruya soxub aşağı atmadılar? Axı niyə səni yaşamağa məhkum etdilər?.. Sən niyə ananla və bacınla rəqsə qoşulmadın.
Bəlkə oynaya bilmirsən?
Bəlkə Səma ilə
Yaşıl düzənlikləri
özləyirsən? Bəlkə onları
qaytarmaq istəyirsən?
Onda mən hoppanaraq gedim, bayrağın Səma rəngini və Yaşıl ağaclar rəngini qaytarım. Yolda mənim
üstümə qala uçsa, bayrağı yuxarı, saman əllərim ilə ataram. Mən yox olsam, qoy öldürülmüş
azad insanların rəmzi qalsın. Daşın altında qalmasın.
Ağrı. Kəskin ağrı. Təngnəfəsəm. Ağrı. Kəskin ağrı.
Ecazkarlıq...
Kamran Yusifzadə
Ədəbiyyat qəzeti.- 2020.-
12 sentyabr. S. 15.