Torqovı. Nigar Rəfibəyli
və Rəsul Rza küçələrinin qovuşuğu
Bizim bir ədəbiyyat alimini mənim nədən
Torqovıdan şeir yazmağım çox narahat edir. Deyirəm ki, əfəndim,
gəlir, yazıram. Mənim Tovuz hücrəmdə
şeir barədə düşüncə belədir:
Peyğəmbərlərə vəhy gəlir, şairlərə
ün. Mən ünlə yazıram.
Ün
çox yerdən gələ bilər - Tanrıdağdan da,
Ana Kaha - Erkeneqondan da, Xəzərin sahilində doğan
günəşi salamlayan mələk xorundan da, Tovuzdakı
Haça qayadan da, Nigar Rəfibəyli və Rəsul Rza
küçələrinin qovuşuğu yerdən də. Bizim şair ilhamımız isə lütv edilən
səsləri eşitmək bacarığıdır.
Ün gələndə qəfil gəlir,
çatar-çatmaz könül qopuzunun simlərini titrədir
və sən hərflərə çevirməyə
çalışırsan bu səsi. Bu səslər daş
bitiklərə həkk olunmuş əbədi kitabın sətirləridir.
Onlar həmişə olub, həmişə də
olacaq. Zamanı gələndə
aldığın nə varsa, yazdığın nə varsa,
yenə də qayıdıb əbədi kitabda qalacaq.
Tanrıya xoş olan bir gözəl anda könül
anteninə qonaq gəlir ün. Mələk xorunun
oxuduğu əbədi nəğmələr hər səhər
mesajtək paylanır könüllər saytında. Eştuqlar eşidir, köngüllər həzm edir,
sağırlar yan gedir.
Ay Atam və
Ay Ava xəlq olunandan bəri onlara ün eşitmək bacarığı
da verildi Qızıl Almağı bağda. Əbədi
kitabda ən sirli qatlardan qanadlı atlarda muzalar busəsi gətirdi
bu səsi.
Sevginin,
savaşın əbədi kitabı, dad verdi
ruhuna xəlq olan insanın. İnsanlıq bu
dadla yaşadı, sevgi də, savaş da həmişə
qoşadı. Hərəkətin nizamı
var olmaq üçün verilib bu savaş. Bu savaş bitəndə qiyamət gələcək.
Biz sevdik,
savaşdıq, savaşdıq və sevdik, duamız rəng verdi göylərə. Göylərdən
gələn ün göylərə qayıtdı, torpaqdan gələn
ün torpağa çevrildi səninlə.
Ün gəldi, biz sevdik, biz sevdik ün gəldi. Sevdikcə
savaşdıq, savaşıb yol açdıq yaranış
eşqinin sirrinə. Var olmaq alın
yazımızdır, Sevgi savaşımızdır, şairlik
muradımız, şeir könül yazımız.
Bu səhər,
bu şəhər bu kəhər! Xəzərin
sehrində rəqs edir nəğmələr,
üfüqün köşkündə atəşdə qovrulan
qan çalası, Taissanın balası səni salamlayır,
Qız qalası. Vəcdinin sehrində uçuşan şairlər
kitaba həkk etmək istəyir bu anı. Xan
Günəş Dan üzü və Qürub yaşamın
eşqinə axıdır bu qanı, mərhəmətini bizdən
əsirgəmə, Mehri Banu.
Ün gəlir, yazırıq, yazırıq ün gəlir,
Bakıda hər səhər uyqudan oyanan bu şəhər,
göy kəhər eşqində ümidlər qurarkən,
dalğalar ritmində rəqs edir nəğmələr.
Nəğmələr
sonsuzdur, Tanrıtək, insan var olduqca bu ün də gələcək...
Nigar Rəfibəyli
və Rəsul Rza küçələrinin qovuşduğu
nöqtədə, düz Xaqani Ticarət Mərkəzinin qənşərində
var olan bir məkanda, buradan didərgin salınmış rəssamların
özləriylə apardığı xoş bir ovqatın rənglərini
düşünərkən, mavi donlu, saçları kare, ləbləri
püre bir muza ün gətirdi.
İndi beynimdə məmur qabiliyyətsizliyinin bu yerin
aurasından sildiyi rənglərin
pıçıltılarının dolaşdığı
bir andı. Və gözəlim muza qənşərimdə
dayandı. Duyğular qasidi, bir əşar busəsi - bu
sözü, bu səsi O verdi, mən
aldım...
Sentyabr sıcağında addım-addım gəzinmələr
həvəsinə doğru irəliləyən insan selinin
baxış təbəssümü çox sönük
görünür. Dünyanı çulğalayan virus
salğını öz hüzn möhürünü Bakı
küçələrinə də vurub. Adamların
yerişində əvvəlki əda yoxdur.
Bakılılar az qala yankilərin sındırdığı
Belqrad əhalisinə bənzəməyə başlayıb. Amma yenə də... həyat qaynayır, həyat
davam edir. Adamlar ən hüznlü anda belə,
özlərinə bir bəxtiyarlıq hücrəsi
yapmağa çalışırlar.
İndi mənim dayandığım nöqtə bəxtiyarlıq
hücrəsinə və sevgi fontanına açılan bir
yolun girişidir. Bura iki şairin, muzaların busəsindən
tamsınmış iki sevdalı insanın maddi dünyada yenidən
qovuşa bildiyi bir nöqtədir.
Sevgilər fontanına gedən yoldur.
Sevgilər fontanı sevgilərdən doğar.
Onlar əsl şairlər kimi sevərək
yaşadılar, sevilərək getdilər, gedəndə də
demək olar ki, bir-birindən xəbərsiz də olsa, bir yerdə
getdilər. Təzədən qovuşmaq üçün getdilər.
İki sevdalı insan, iki şair - Rəsul Rza və
Nigar Rəfibəyli.
Bu küçə dənizə tələsir, orda dəniz
gözləyir. Adamların bənizləri azcana
hüznlüdür. Nigar Rəfibəyli
24-də, bir zaman Bakının rənglərindən
doğulan saqqallı və saqqalsız rəssamların rəngarəng
rəsmlərinin yaratdığı xoş əhval
aurasından əsər əlamət qalmayıb. Dollar yaşılından başqa rəng
tanımayan rəngsiz məmurlar buranı da rəngsizləşdirdilər.
Yüz ilin şahidi bu dilsiz binalar gələnə-gedənə
bulanıq baxırlar.
Hər tərəf dükandır, LEDİ ŞARM, MADAME
COCO, Bakını basdırmış əcnəbi adlar, təzə
səslər sorağında radar qoşmuş qulaqlara həkk
olunan soyadlar.
Önümdəki
parkın girişində tənha palma
dayanıb, bəlkə də dimdik durub desəm, daha düz
olar. Bir vaxtlar mən ona qılaflı palma
deyirdim, çünki qışda qılafa salırdılar,
üşüməsin deyə. Ayını əhliləşdirən
insan palmanı da əhliləşdirər. Bu palma da qılafa girə-girə əhliləşdi.
Amma görkəmini itirdi. Başında
bir-iki yarpaq qalıb, lap çılpaq zənci repçilərinə
bənzəyir. Yəqin, belə düşünürlər
ki, LEDİ ŞARM, MADAME COCO Torqovıya Paris ovqatı gətirirsə,
palma da Məkkənin ovqatını gətirəcək.
Orda qabaqda kilsə var, o tərəfdə
sinaqoq. Palma da bir növ məscid
proyeksiyasıdır. Bu düşüncəylə
palmanı keçib parka girirəm.
Sol tərəfimdə işsiz dayanmış fontan qəfil
işə düşür. Bakı meriyası da mənim
kimi, yəqin, ilhamla işləyir, nə vaxt gələndə
o vaxt tutuzdurur. Fontanın yanında iki
uşağıyla dayanmış cins şalvarlı qadın
fontanın qəfil oyanışından diksinir. Mən
bu fontana hələ ad qoymamışam, hələlik
adsız fontan deyək. Adqoyma məsələsi
Bakı meriyasının zəif yeridir. Mən bilən,
onlar pullu idarədir, bir az baş işlətsələr,
bir mini Dədə Qorqud tapa bilərlər. Bəlkə də,
bunlar düz eləyirlər, yer adlarıdı, dükan
adlarıdı, kafe, bar... nə bilim daha nələri
birbaşa xaricdən ixrac eləyirlər, daha öz müdrik
başlarını nəyə görə işlətməlidirlər
ki?
Nə isə... düşüncələrimə
qoşulub gedirəm. Bura Nigar Rəfibəyli küçəsində
bir adsız parkdı. İçində
yolqalar da var, palmalar da. Bu şam
ağaclarını bir yolluq kəssələr adını
"Palma parkı" qoyardıq. Gözəlim
muza belə bir şeir xatırladır.
Yoluna
yavuz baxar dəniz,
Palma parkı geyər kəfən.
Gülüşün
otelə dönməz,
İzini öpüncə qumsal.
Amma burada qumsal yoxdur. Yerə əlvan
daşlar döşəyiblər, mozaika yaradıblar. Yəqin, belədə oturacaqda əyləşib
iştahla dönər yeyən qadının əhvalı daha
mozaikalı və musiqili olar.
Sentyabr
bürküsündə sevginin dadını çıxaran gənc
oğlan və qız palma kölgəsinə
sığınıblar. Bəlkə də bu
anda beyinlərindən keçir ki, "bu palmanın yerinə
bir çinar ağacı olsaydı, kefimizin madyanları
dördnala çapardı". Amma indiki
halda, palmanın altında oturub, çinarı abstrakt təsəvvür
eləməyə məhkumdular. Hər halda, Nigar Rəfibəyli
küçəsindədir bu park. Azərbaycanda çinar deyəndə isə öncə
Rəsul və Nigar yada düşür. Yəqin
ki, bir də mənim jurnalım. Bəzən
düşüncə sərinliyi palma sərinliyindən
daha praktik ola bilir. Sevgi məsələlərində
ən əsası bir yerdə olmaqdır. Necə
deyərlər, "biz biriksə, dünya bizə
kiçikdir".
***
Qabaqda Nizami Gəncəvinin heykəli var, muzeyin
divarlarından baxan bir dəstə şair isə ustadın
hüzurunda poz verirlər. Bu məkan Nizaminin səltənətidir,
amma hökmündə bircə muzey qalıb.
Həzrəti biznesin saksaulları qalan yerləri kölgələyiblər.
Qayğılar qumunda ağnayan şəhər, dollar
yaşılının ritminə takt tutmağa məhkumdur.
Misterlər və müsyolar üstümüzə dollar
yaşılı ilə gəlirlər.
Hücum var üstümüzə, hər tərəfdən
hücum var.
Çox
şeyə şahiddir bu divarlar, bu qala divarları...
Bir
vaxtlar, burda, palma parkında Nizaminin
"Yeddi gözəl"inə bir abidə
quraşdırmışdılar. Sasani
sarayının yeddi məlakəsinin daş
baxışları öz qədim ehtiraslarını
qarşılarında çağlayan fontanın sərin
sularında soyudardılar.
Ehtiras və suyun doğurduğu enerji öz ətrafına
çoxlu gənc toplayardı.
Bu sevginin hələ öz əsrarını qoruduğu
zamanlarıydı.
Biz sevmək üçün yaşayır, yaşamaq
üçün sevirik. Sevda yanğılarından mənalı
bir şey varmı insanın yaşamında?
Duyğularımıza
yanğılardan yana yasa vermişmi
Tanrı?
Sənin könlündəki sevda dəni yanğı dəyirmanında
üyüdülür, seviş sobasında bişir və sən
sevgidən bişirilən bu çörəkdən
tamsına-tamsına Sevgi Fontanına doğru gedirsən.
Sonra da
arzularının toranını aydınlatmaq üçün
cibindən çıxarıb qəpik atırsan hovuzdakı
sulara, sevda ilahəsinə nəzir atırsan ki, sevginin
fontanı daha da çağlasın...
İndi, Nigar Rəfibəyli və Rəsul Rza
küçələrinin qovuşduğu məkanın
yanında, Şeyx Nizami səltənəti hövzəsində
mən böyük sevgilər barədə
düşünürəm. Beynimdə misralar yaranır,
yanımda muzam da var. Qaraxanlı Talıbın və Noğay
Taissanın oğlu tovuzlu Elxan Zal Bakının nəğmələrini
belə yaradır:
Anam
Taissanı zikr edirəm mən,
kainat
ovcumda nöqtə kimidir.
Sevgi
fontanları həzz verir mənə,
mənim
sevdiklərim ilahələşir.
***
Burası Nigar Rəfibəyli küçəsi. Zəngin
supermarket vitrinlərindən boylanan manekenlərin
baxışları gecənin əsrarında qızğın
dəvələr kimi boylanır.
Bura Bakının ən ecazkar küçəsidir, bura
sevgi ilahəsinin hökmündədir. Burada hər
yanda seviş iyi var, burada bütün görüntülər
könül rəngindədir. Xüsusən
də gündüz saatlarında. Amma indi
gecədir, binaların sinəsində almaz kolye kimi
parıldayan reklam işıqları, beton cəngəlliyə
bənzər şəhərin üstünə
çökmüş qaranlığın zəhmli vahiməsində
ürkək ahu kimi görünür.
Mən reklam işıqlarının və ulduz
yağışının səssiz musiqisi altında dənizə
doğru addımlayıram. Qağayılara baxmaq
istəyirəm, yovşan qağayılara.
Burnumda yovşan qoxusu var, düşüncəm
qağayı kimi uçunur. Mən yovşan iyini
çox sevirəm, mənə elə gəlir ki, bu qoxu həmişə
mənimlə olub. Bəlkə də
hansı babamsa (bəlkə də nənəm) yovşan
kolunun üstündə bətnə düşüb. Biz bozqır millətiyik və bir Allah bilir, neçə
nəslimiz yovşan kolunun ovsunlu qoxusuyla mayalanıb. Neçə dünya fatehi, toxumu göydən
göndərilən bu sirli kolların üstündə
dünyaya gəlib. Belə bir misra düşünürəm:
"Göy səma altında yovşan üstündə, bir
vaxt bətnə düşüb şanlı Atilla". Fəqət indi Atillalar doğulmur, çünki
adamlar yovşan iyini unudublar, indi düşüncələr də
qağayı uçuşlu deyil. Üç
tərəfi bozqır olsa da, indi Bakıda bozqır havası
duyulmur. Bakı oturaqlığın ətalətindən
lırtlaşıb, o çox həvəssiz və
yorğundur. Neft pullarının törətdiyi
hərəkət və qalxınma görüntüsü
tamam parıltısızdır, çünki bu hərəkətin
mayasında yovşan qoxusu yoxdur. Yovşan
iyi çatmır bu şəhərdə, qağayılı
düşüncə çatmır. Mən
sahilə doğru gedirəm - yovşan qağayıların
uçuşuna baxmağa. Onlar da yovşan
iyi kimi dopdoğmadı, dopdoğma.
Şəhərin
gözləri
Açılar - yumular.
Ehsaslı
küləyin,
Saçları
qum olar.
Vitrinə sıxılıb,
Məxfilik
gümanı
Havadan rəng
çəkir,
Ağ neon dumanı.
Duyğusuz daşların
Kəlləsi keramit.
Üfüqün
narını,
Dərməyə yox ümid.
Dalğalar qaradı,
Buludlar ağ ayı.
Sükutun
gözünə,
Tük tökür qağayı.
Hayana
baxırsan,
Kauçuk ləngəri.
Məhəbbət
cənginin
Sonsuzdur səngəri.
Elxan Zal
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 16-17.