Kosmik sirlər əhatəsində
- bir adam
1
Elmin,
humanitar təfəkkürün, hətta ən böhranlı
vəziyyətlərində onun ağır yükünü
"uf" demədən çiyinlərində
daşıyan kimlərsə olur, bəlkə də bir adam... və biz bu bir adamı əlacsızlıqdan
cəm halında görürük. Filoloji fikir
həmişə, hər mərhələdə deyilməli
olan sözü, yaxud ideyaları yaddaşlara yazmaq istər,
ancaq elə olar ki, ifadə tərzi, forması bulunmaz, həmin
ideyalar ya it-bata düşər, ya da gələcəyə
transfer edilər. Müşahidələrimizə görə,
bizdə müəyyən (başlıca) ədəbi dəyərlərə
münasibətdə ikili səviyyə mövcud olub; bir qisim
insan, yazı-pozu adamı nələrisə qamçılar,
bəyənməz, ancaq bunların yerini dolduracaq dəyərləri,
qiymətləndirmə və ideyanı irəli sürmək
gücündə də olmaz; ikinci qisim daha çox
"underground" səviyyədə yer almaqla
konkret dövrdə filoloji fikrin möhtac olduğu dərinliklərdə
iş görməyə çalışar. Belə
bir təzad şübhəsiz ki, milli humanitar irsin özü
ilə olsa-olsa assosiativ şəkildə bağlıdır,
onun mahiyyətini və inkişaf tendensiyalarını əks
etdirmir. Təsəvvür edin, əsrlər boyu ana dilində
yazılan mətnlər, hətta ən kəskin keçid məqamlarında
belə enerjini alıb ötürmək missiyasını kəsirsiz
və qüsursuz icra edir (bu dalğa həmişə öz mənbəyinə
qayıdır və ordan bir daha yeni enerji ilə qopub gələcəyə
cumur... ), bəzən bu paylanan,
ötürülən enerji xarakteri etibarilə o qədər
qəliz və mürəkkəb strukturlu olur ki, onlardakı
işarələrin mətnə çevrilməsi
böyük zaman alır və həm də anlama
baxımından müşgüllər yaradır. Başqa
dillərdə yaranan ədəbiyyatımızın ana dilində
yazılan mətnlərin bətnində qərar tutması
ideyasını əsas götürüb belə deyə bilərik:
o məkanda deyək ki, Nizami, Xaqani və Saib Təbrizinin (daha
sonra M.H.Şəhriyarın) mətnlərinin, onların
spesifik enerjisinin "ana dilimizdə olan mətnlər kimi
anlaşılması" prosesi biz istəsək də, istəməsək
də gedir. Bu çevrilmə prosesi modern ədəbiyyatımızda
(ta XX əsrin əvvəllərindən üzü bəri) sətirlər
və misralar arasında cazibə qüvvəsinə
çevrilir. Mən bunu dəfələrlə
müşahidə etmişəm, müasir şairin mətnindəki
bu hadisə təkcə Nizami və Xaqanini, Füzuli və Nəbatini
ardıcıl mütaliə etməklə bağlı deyil, həm
də və daha çox klassikanın modern təfəkkürlə
qovuşub çevrilmə anının əksidir. Bunu sən
hiss edə bilərsən, analiz etmək çox çətin
və ağırdır. İllər, əsrlər
keçdikcə bədii mətnlərin insanların təfəkküründə
yaratdığı qovğa da öz növbəsində yeni
qovğalar və mətnlər yaradır.
Anlaşılmazlıq insanları metaforik dillə
danışmağa məcbur edir, Orta əsrlər və yeni
dövrün ədəbi mətnləri haqqında bu dildə
danışmaq artıq həmin təzad və qovğanın
birbaşa nəticəsidir.
2
Qorxmaz
müəllimin bir alim-filoloq kimi fərqləndirici cəhətlərindən
ən başlıcası, fikrimizcə, özünə qədərki
bütün təcrübələrə vaqif olaraq dünya və
gerçəkliyə, lap elə tədqiq elədiyi məsələlərə
həmin təcrübələrin pəncərəsindən
özü kimi baxa bilməsindədir. Onun tədqiqatları fərqli
görünməyə meyil etmir, əksinə, adi, lap elə normativ
fonda gözə dəyir, fərqi oxucu
tutmalıdır, yazı üçün mühüm şərt
olan fərq (ideya-!) oxucunun ixtiyarına buraxılır. Filoloji fikirdə metafik dillə danışmaq
ideyalara yön vermədiyindən daha sonralar havasızlıq
yaradır, ifadə planında improvizasiyalardan vaz keçmək
- məxsusi deyim-leksikanı meydana gətirir. Bədii əsər, bədii mətn zaman və məkan
dəyişdikcə tükənmədiyi kimi, elmi
araşdırma da bütün bu dəyişmələrin
amplitudasını ən aşağı kəmiyyətdə
olsa belə hesablaya bilməlidir. Nə mənada?
Filoloq mətni təhlil etdikdə onu fokus nöqtəsinə
gətirir, burada tutub saxlayır, dərinlərə, lap elə
göz işləməyən dərinlərə gedə bilmək
üçün bu "tutub saxlama anı" maksimum
uzanmalıdır. Bu nə qədər
mühüm olsa da, ikinci cəhət - əsərin konkret
zaman və məkanın boyuna biçilməsi onun gələcəyə
yolunu bağlaya bilir. Bütün
bunları aradan qaldırmaq və mətni əbədiyyətə
qovuşdura bilmək üçün filoloq daxili təcrübəsini
işə salmalıdır. Yəni dəqiq
formulların tətbiqindən vaz keçib daxili təcrübəsində
həm bəşəriyyətə, həm də yalnız ona
xas olan cəhətləri konsentrasiya edə bilməlidir.
Oxumaq üçün bizə çoxlu kitablar
verilir. Dünya ədəbiyyatının (klassik və
müasir) şah əsərləri təhlil olunur, məzmun
danışılır, əsərin ehtiva etdiyi ideyaların
görüş və ayrılıq yerlərinin konturları
cızılır, ancaq bu kitablar sənə heç nə
vermir; çünki bütün bu təhlillərdə
(özü də ən müasir-!) yazan adamın daxili təcrübəsi
iştirak etmir, müəllif özüylə söhbətdən
qaçır və beləliklə mətn dilsiz qalır
(yaxud "dilini udur"...).
Burda bir ayrıntı da nəzərə alınmalıdır. Haqqında
danışdığımız daxili təcrübə məlum-məşhur
nəzəri formula uyğun gələ, üst-üstə
düşə və ya ondan köklü şəkildə fərqlənə
bilər. Götürək elə onun
"bədii əsər deyimdir" ifadəsini. "Dəlidən doğru xəbər" məqaləsində
ayrı-ayrı deyimlərin zaman və məkan boyunca hərəkəti,
dinamikası, ictimai-sosial problemlərlə
çarpazlaşması və sair göstərilir və bu
zaman məlum formul filoloqun zəngin daxili təcrübəsi
hesabına dəyişir, haqqında söz açılan mətnlərin
müxtəlif aspektləri boy göstərir. Hər
şey fərdi yaşantıdır, mütaliə də! Fərdi yaşantı zaman-zaman arxa plana keçsə
də, unudulmur, vaxtı yetişəndə hayına
yetişir, elə bir "güzgü effekti" yaradır ki,
bir mətndən digərinə keçidlər istədiyin
zaman gözlərin önündə açıla bilir.
Bu alimin
leksikonunda və mətnində veriləcək informasiyanın
yolunu kəsən metaforalara və poetik ibarələrə
(fantastika-!), həm də təfsir adına
yozulan digər anomaliyalara rast gəlməzsən. Hər bir məqalənin ilk cümləsi hansısa
düşüncə axınının davamı təsiri
bağışlayır (daxili əqli-emosional yaşantı
sinxron və diaxron kəsiklərdə yaşayır) və
bunu yalnız diqqətlə nəzər saldıqdan sonra fəhm
edə bilərsən. Rolan Bart deyirdi ki, ədəbiyyat,
bədii mətn bütün potensiyası ilə yalnız nəyəsə
işarə etmək gücünə malikdir. O, bəhs
etdiyi gerçəkliyə toxuna, onu tutub saxlaya bilməz. Yəni bədii mətndə konkretlikdən yox,
konkretləşmədən qaçış özünü
büruzə verir. Qorxmaz müəllim yazır: "...hətta konkret zaman kontekstində
özünü büruzə verən məzmunu qabartmaq olmaz. Bu, əslində, zorla bədii nümunəni
potensial imkanlardan məhrum etmək demək olardı. Mənə elə gəlir ki, sənət əsəri
insanın yaratdığı digər artefaktlardan fərqli
olaraq sözün müsbət mənasında metafiziki xarakterə
malik olmalıdır, yəni zamanın və məkanın
fövqündə dayanmalıdır. Bir
şərtlə ki, zaman-zaman və məkan-məkan konkretləşə
və aktuallaşa bilsin. Bu mənada hər bir bədii
nümunə deyimdir...".
Diqqət
yetirin: "...Bu baxımdan şəxsən mənim
üçün, azərbaycanlı oxucu üçün,
ingilis dramaturqu Şekspirin "Kral Lir" faciə-deyimi Məmmədquluzadənin
dramaturgiyası, yəni XX əsrin əvvəlləri
kontekstində azərbaycanlılaşaraq konkretləşmişdir.
Qəribədir, əsl sənət əsərləri
yalnız yarandığı dövrdə, yaxud gələcəkdə
aktuallaşmır; onlar digər bədii nümunələrlə
əl-ələ verib keçmişə də işıq
salmaq iqtidarındadırlar; Məmmədquluzadənin
deyim-komediyaları Şekspirin əsərləri ilə əməkdaşlığa
girib XX əsrin əvvəllərindəki Azərbaycanın
hüdudlarını aşmaq, universallaşaraq ümumbəşəri
keyfiyyətlər kəsb etmək, dahi ingilis dramaturqunun
yaradıcılığının bu günə qədər
açılmamış tərəflərini açıqlamaq
imkanına malikdirlər". Yəni müəllifin
dediyi kimi, bəzən tarix etibarilə əvvəl gələn
yox, sonra gələn əsər müəyyən
köklü məsələlərin həllində əlahiddə
rol oynayır.
Burada bir cəhəti də qeyd edək. Qorxmaz müəllim
dünya ədəbiyyatını, dünya ədəbiyyatının
bədii mətnlərini, onların
giriş-çıxış məqamlarını gözəl
bilir. Ancaq Qorxmaz müəllimin əsas
ixtisası Azərbaycan ədəbiyyatıdır. Ədəbiyyatşünaslıq
mənasında milli ədəbiyyatın dünya ədəbiyyatına
inteqrasiyası məhz bundan başlayır: Məmmədquluzadə
haqqında, Axundov, Haqverdiyev, Vəzirov... haqqında metafora və
epitetlərdən vaz keçilir, onların mətnləri sadəcə
dünya ədəbiyyatı və onun ideyaları, estetik
konsepsiyaları kontekstində nəzərdən keçirilir,
bu məqamda həm də bütün xronoloji sərhəd və
ardıcıllıq sırası pozulur, Qorxmaz müəllimin
təbirincə desək, bəzən tarix etibarilə əvvəl
yazılan əsər yox, məhz sonra meydana gələn əsər
əvvəlki dolaylara işıq salır, orada bir çimdik
duz kimi çatışmayan şeyləri qabardır. Qorxmaz müəllim dünya ədəbiyyatının
şah əsərləri - bədii mətnləri arasında
virtual əlaqələri öyrənmək,
araşdırıb üzə çıxarmaq cəhdləri
eyni zamanda bizim ədəbiyyatşünaslıq
üçün bir nümunədir.
Bu mənada Qorxmaz müəllimin hər bir məqaləsi
konseptual xarakter daşıyır. Haqqında bəhs edəcəyi
əsərin korpusundakı bütün elementlər
saf-çürük edilir, əsərin ideyası, poetik
strukturu, əsaslandığı və yaratdığı gərginlik
sahələri həm mətnin öz sərhədləri
daxilində, həm də onun digər mətnlərlə əlaqə
şəbəkəsində araşdırılır. Təhlillərin uzun bir zaman çərəyini əhatə
etməsi bir tərəfdən mürəkkəb və
çətin filoloji suallara cavab verməyi təmin etsə də,
digər tərəfdən, yeni-yeni suallar meydana
çıxarır. Hər bir yazıçı, yaxud
şairin (Orta əsrlər, Yeni dövr, milli, yaxud xarici ədəbiyyat
və sair) ard-arda, yaxud ixtiyari kombinasiyada düzülən bədii
mətnlərinin yaratdığı gərginliyin milli ədəbiyyat
kontekstinə təsiri, bəzən onu öz əsirinə
çevirməsi, ədəbi ənənələri mükəmməlləşdirməklə
bərabər, həm də onu gücdən salması, əsrlər
keçdikcə bu asılılığın ram edilməsi, ədəbi
prosesin başqa kontekstlərdə yaşaması...
bütün bunlar ədəbiyyatşünaslıq və ədəbiyyat
nəzəriyyəsi kimi elm sahələrinin kompleks tətbiqini
tələb edir. Daha çox isə yeni ideyaların işlənməsini...
Məqalənin (məsələn, "Dəlidən
doğru xəbər") mərkəzinə bir məsələnin
(anomaliya-!) qoyulması onlarca başqa tipli problemlərin meydana
çıxmasına səbəb olur və bu da müəllifi
dünya ədəbiyyatına ekskurs etməyə məcbur
edir. Və bu
"məcburi" səyahətdə öyrənirik ki,
"... Don Kixotun "anormallığı"
müəllifə dünya ədəbiyyatı tarixində ilk
dəfə iki bütöv, bölünməz kosmosu - şəxsiyyət
və cəmiyyəti qarşı-qarşıya qoymaq
imkanı vermişdir.
"...Servantesdən
sonra yaranmış ədəbi nümunələrdə
insan-dünya əlaqələrinin bədii inikası müxtəlifləşir
və mürəkkəbləşir. Lakin
"normal" dünya ilə "anormal" şəxsiyyət
arasındakı fərq get-gedə azaldığına
baxmayaraq tamamilə aradan qalxmır. Bu günə qədər
dünya ədəbiyyatının aparıcı istiqaməti
məhz bu bədii anomaliyaya söykənir...".
Məqalədə Məhəmməd Füzulidən
tutmuş müasir dövrə qədər "situasiya-qəhrəman"
qəlibi əsasında dəlilik və divanəlik diskursu
öyrənilir. Bəzən
deyirlər ki, Füzuli qəzəllərində hiss, duyğu
klassik qəlibin içinə oturan kimi donur, dinamika
"donuşluğa" çevrilir ki, aşiq-divanənin
iztirabları maksimum güclə ifadə edilsin.
Dəlilik, divanəlik... "Dəli
Yığıncağının" Molla Abbası
bütün klassik divanələrin "içindən"
keçirilir, oxşar və fərqli cəhətlər
göstərilir. "... Sadə insandan həqiqi
insana yol divanəlikdən keçir" (M.Fuko. "Klassik epoxada dəlilik"). Daha sonra:
adıçəkilən faciəvi komediyada biliksizlikdən
biliyə, məlumatlılığa keçid... Molla Abbas
kimdir? Üzündəki maska nədir? Hansı funksiyanı
daşıyır. İnsanın həqiqəti
özünü yalnız o, yox olduqda büruzə verir;
yalnız o zaman peyda olur ki, başqa bir şeyə
çevrilsin, özündən fərqli bir şeyə... Digər
klassik divanələrdən fərqli olaraq Molla Abbas maskanı
üzündən demək olar ki, aralamır. İstəyir ki,
hamı onu tərk etsin. Təkbaşına uçurumun son
addımlığına qədər gəlsin. Bunu M.Fuko belə
izah edirdi: cüzama tutulmuş adamı hamı tərk edir,
onun xilası da elə bundadır: onun üçün qovulma
varolmanın xüsusi formasıdır. Bədii mətnin
yaranması, dünyaya gəlməsi sevgiylə rişxəndin
sərhədindən keçir: o, hansısa mətnləri
öz havasında təkrarlayaraq, hansısa mətnlərə
"gülərək", onları daxilən dəf edərək
yaranır. Məhəmməd Füzuli poetikasında bu hadisə
mükəmməl şəkildə ifadə olunub, M.P.Vaqifdə
də, M.F.Axundzadə isə özünü də dəf
edir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 21.