Hər
daşın altında bir tarix ... batır
Uzaq bir şəhərdən arvadı ilə qonaq gəlmiş
dostum xahiş etdi ki, onu dünyada ən qədim insan məskəni
sayılan Azıx mağarasına aparım. Eşidiblər ki, orada 300
min il tarixi olan bir insan çənəsi
tapılıb. Bilmək istəyirlər, görək o çənə
qadın çənəsidir, yoxsa kişi?
Düzü, Azıx haqda mən də
eşitmişdim, amma görməmişdim. Əlqərəz, gəlib çıxdıq
Qarabağa. Taksi şoferi bizi mağaranın 4-5
kilometrliyinədək aparıb dedi ki, asfalt burada qurtardı. İndi zəhmət çəkin, mağarayadək
görün nə ilə gedərsiniz. Birtəhər
özümüzü çatdırdıq mənzil
başına. Gözətçiyə-filana
rast gəlmədik. Sərbəstcə
keçdik içəri, başladıq bu əfsanəvi aləmi
gəzməyə.
Əcdadlarımızın duzsuz kabab bişirdikləri qədim
ocaq yerini görən dostum çox sevindi, bu tarixi yerdən
kiçik bir xatirə aparmaq ümidi ilə onu eşələdi. Yarımqaranlıqda
əlinə dəyən uzunsov bir şeyi torbasına atdı.
Birdən
dostumun arvadı həyəcanla pıçıldadı:
-
Divardakı qədim yazılara, şəkillərə
baxın!..
Fanarla
divarı işıqlandırdım, burada qayanın üstə
naşı xətlə yazılmışdı: "Səlim+Siranuş=sevgi!"
Dostum torbasında gizlətdiyi tapıntını
çıxarıb işıqda baxdı. Bu, məşhur
"Ağdam" çaxırının boş
şüşəsi idi...
Bəli, pərt halda geri qayıtdıq və birbaşa
yollandıq, respublika EA-nın Tarix İnstitutuna. Başımıza
gələn əhvalatı nəql eləyib, dedik ki, bu boyda
yalan olmaz. Həmin mağaranın, oradan tapılan əşyaların
yaşı üç yüz min il yox,
heç üç il də deyil... İnstitutun
alimləri mağaradan tapılmış əşyayi-dəlilləri,
başqa sənəd-sübutları tökdülər
ortalığa. Dedilər ki, Azıx abidəsinin 1,5 milyon yaşı var. İnsan
yaşayışını sübut eləyən təbəqələrin
uzunmüddətliyinə və ardıcıllığına
görə dünyada yeganədir. Buna görə də, o, hələ
1968-ci ildə Elmlər Akademiyasının qoruğu elan
edilmişdir, orada abadlıq işlərinin görülməsi,
yol çəkilməsi və s. nəzərdə
tutulmuşdur. Amma nədənsə, bu daş
dövrü abidəsinin işi daşa ilişib, deyilənlər
kağız üzərində qalıb.
Tarixçilər
qadına məxsus olan ən qədim insan çənəsini
qonaqlara göstərdikdə kişi
arvadına sarı çevrildi:
- Hə,
sənə demirdim ki, qadınlar çənədən
möhkəm olurlar? Üç yüz min ilə ancaq sizin
çənəniz tab gətirə bilər...
Dostumun zarafatı pərtliyi aradan götürdü. Tarixçilər
respublikamızın ərazisində olan qədim qalalardan, məscidlərdən,
məbədlərdən və s. tikililərdən elə
şirin-şirin danışdılar ki, qonaqlar həmin abidələrdən
bəzilərinə baxmaq həvəsinə düşdülər.
Səfərə İsmayıllıdan başladıq. Eşitmişdim
ki, orada bir hamam var, düz dörd yüz ildir işləyir.
Açığı, buna inanmırdım.
Çünki son illər kəndistanda tikilmiş hamamlardan o qədər
giley-güzar eşidirdim ki!.. Divarına "XVII əsrin tarixi abidəsi"
lövhəsi vurulmuş, gurhagurla işləyən hamamı
gördükdə şübhəm bilmərrə yox oldu,
hamamın içinə, çölünə baxan dostum
"Əhsən sənin ustadına!" deyib cib dəftərinə
qeydlər eləyirdi. Abidə ilə
tanışlıqdan sonra siqaret almaq üçün girdik
hamamın qonşuluğundakı mağazaya. Rəfdə peçenye paçkalarının
yanında qoyulmuş üstü yazılı sal daşı
görüb təəccübləndik. Satıcı
ürəyimizdəkiləri gözümüzdən oxuyub
dedi:
-
Satlıq deyil, əmioğlu. Bizim hamamın
yaşıdı olan qədim bir məscidimiz də vardı.
Altı il əvvəl yandı. İndi dörd divarı qalıb. Onun tarixindən xəbər verən bu daşı
götürüb saxlayıram ki, itib-batmasın.
Ərəb
əlifbasını mükəmməl bilən qonağım,
eynəyini taxıb daşdakı sözləri oxudu:
"Əl-fəqir Şeyx Safayi bin Şeyx Mühəmməd...
975-ci il ".
Daha sonra
basqallılar bizi apardılar Xankənddəki
"Xanqalası"na. Burada
uçulub-tökülmüş qala divarlarına,
üstü qazılıb açılmış yeraltı
tikiliyə ürək ağrısı ilə tamaşa elədik.
Abidənin tarixini soruşduq, hamı
çiynini çəkdi. Bir kənd
müəllimi irəli çıxıb ərz elədi ki, bu
ilin sentyabrında Respublika EA Arxitektura və İncəsənət
İnstitutunun əməkdaşları (?) burada bir balaca
qazıntı işləri apardılar. Sonra
nədənsə alayarımçıq qoyub getdilər,
heç onlar da abidənin tarixindən bizə bir şey demədilər.
Qalanın dörd tərəfini dolandıq, bəlkə
Mədəniyyət Nazirliyinin, buranın qoruq olması barədə
lövhəsinə rast gəldik. Amma çəpərə
alınmış şəxsi evlərdən, bağ-bostandan
başqa bir şey görmədik.
Geri qayıdarkən yolüstü İsmayıllı
Rayon Mədəniyyət Şöbəsinə baş çəkdik,
gördüklərimizi danışdıq. Yarızarafat, yarıciddi
dedilər:
-
Canım, heç yerin üstündəki abidələr
siyahıya alınıb ki, yerin altındakına keçək?
Lahıc qəsəbəsində, Qələyə, Kirk,
Köşqurd, Tağlabiyan, Diyallı, Topçu, Yeniyol,
İsmayıllı kəndlərində siyahıya
alınmayan o qədər qədim məscid, hamam,
yaşayış binaları var ki... Rayonumuzun
bizdən də mötəbər təşkilatları Mədəniyyət
Nazirliyinə müraciət eləməkdən yorulublar.
Daha dərinə getmədik. Yollandıq Şamxor (indiki Şəmkir) tərəfə.
- Həmin
gün Şamxorda hamı bir məsələdən
danışırdı: Bitdili kəndi
yaxınlığında - çınqıl zavodu qazılan
bünövrədən dəfinə tapılıb! Eşidən-bilən tökülüb gedirdi həmin
yerə. Biz də qoşulduq onlara. Xəbər doğru idi. Traktorun
ağzından saxsı küplər çıxırdı.
Bir nəfər ürəyiyanan tapıldı,
keçdi traktorun qabağına ki, işi dayandırın,
tariximizi məhv eləyirsiniz. "Azərbaşmeliosutikinti"
idarəsinin 28 nömrəli tikinti-quraşdırma kontorunun fəhlələri
həmin kişini kənara dartıb dedilər:
- Ə, o
yana çəkil! Bizə plan veriblər,
bu gün filan qədər torpaq işi görməliyik. Abidə qədri bilənsənsə, get Şəmkir
qalasının dərdini çək. Odur
ey, göz qabağında dağılıb gedir. Ətraf kəndlərin əhalisi onun divar
daşlarını söküb özləri üçün
hasar tikirlər. Minillik tarixi olan abidə
qoyun-keçi yatağına çevrilib.
"Kommunist" kolxozunun sədri qalanın 20 hektarlıq ərazisini
traktorun ağzına verib şumlatdırır... Guya torpaq qəhətliyidir.
Təsadüfən rayonda ezamiyyətdə olan Tarix
İnstitutunun alimlərindən biri bu xəbəri eşidən
kimi özünü hövlnak yetirdi hadisə yerinə,
baxıb gördü ki, təkərlərini XX əsrə
dayamış ekskavatorun çalovu gəlib çıxıb
düz tunc dövrünə. Alim dağılan qəbirləri
gördükdə elə haray qopardı ki, səsi Bakıda əlaqədar
təşkilatlarda əks-səda verdi. Mötəbər şəxslərin iştirakı
ilə yaradılan komissiya tökülüb gəldi hadisə
yerinə. İşi dayandırdılar.
Ancaq abidənin yarıdan çoxu
dağıdılmışdı.
Nə isə, "ziyanın yarısından da
qayıtmaq xeyirdir" deyib adladıq Şəmkir qalasına. Fəhlələrin
dedikləri doğru idi. Abidə
baxımsızlıq üzündən
dağılırdı. Burada mühafizə lövhəsi
əvəzinə qədim daşların üstündə
yeni yazılara "Həzi", "Zakir", "Minsk"
və s. sözlərə rast gəldik. Əhvalımız
iyirmi illik Şamxor konyakı kimi tündləşdi.
Ovqatı təlx halda üz tutduq Qazax mahalına. Əvvəlcə
şəhərin mərkəzindəki məscidə baş
çəkdik. Onun həyətinə təzəcə qədəm
qoymuşduq, ahıl bir kişi hövlnak
özünü bizə yetirdi: "Amandır,
balalarınıza yazığınız gəlsin!
İçəri keçməyin! Keçən il məscidin
qübbəsi uçub-tökülüb, indi növbə
çatıb divarlara..." Kirimişcə
oradan uzaqlaşdıq. Kişi bizə belə bir məsləhət
verdi: "Abidə görmək istəyirsinizsə, gedin
Əskipara tərəfə...".
Xoşbəxtlikdən Qazax rayon mədəniyyət
şöbəsinin müdiri ilə Əskiparada
rastlaşdıq. Məqsədimizi biləndə, müdir bir az fikrə getdi. Kənd sakinlərindən
biri onun dadına çatdı. Dedi ki, gedək XV əsrdən
qalma Kazım körpüsünü, Yuxarı
Əskiparadakı alban məbədini, Qula bürcünü
qonaqlara göstərək. Müdir utana-utana
pıçıldadı ki, ora yaxın düşməli
deyil, körpü iki yerdən çatlayıb, Qula
bürcünün üztü
sökülüb-tökülüb, yerlə-yeksan olub.
Sovet sədrinin ürəyiyumşaqlığından istifadə
eləyən kənd sakinləri qalanı dədə malı kimi öz aralarında
"bölüblər"; biri içərisinə ot
yığıb, Məhəmməd kişi tövləsini,
Paşa kişi hinini qalanın divarına bitişdirib. Yuxarı Əskiparadakı məbəd də sökülüb-dağılıb.
Hansı üzlə o yerləri qonaqlara göstərək?
Yaxşı
ki, Ermənistanın Əskipara kəndinə (Oxu:
ortasında... "Bitişik ərazidə"
ifadəsinin müəllifi senzordur) bitişik ərazisindəki
alban məbədi varmış. Kirvələrimiz,
biz ayılanacan onu əməlli-başlı bərpa ediblər.
Üstəlik, ayda 60 manat maaşla abidəyə
ayrıca gözətçi də qoyublar. İstədim
qazaxlılara deyəm ki, heç olmasa, qonşularınıza
baxıb gözünüzə su verin...
Xülasə, elə bu məbədə baxıb
birbaşa qayıtdıq Bakıya. Ertəsi gün istədim
qonaqları aparım Jdanov, Qutqaşen, Bərdə tərəfə:
qədim Beyləqan, Qəbələ şəhərlərini,
Nüşabə qalasını onlara göstərim. Tanış-biliş məsləhət görmədi,
dedilər ki, aparma, biabır olarsan, həmin abidələrin
qonaq-qaraya göstərməli halı yoxdur.
Düzü, o qədər dilxordum ki, Mədəniyyət
Nazirliyində tarixi və mədəni abidələrin
mühafizəsi müfəttişliyinə necə gəlib
çıxdığımı bilmədim. Onun rəisini
tapdım, görüb-eşitdiklərimi nağıl elədim,
abidələrin bu kökə düşməsinin səbəbini
soruşdum. O, şairin "... hər daşın
altında bir tarix yatır!" misrasını söyləyib
uzun bir siyahını, şəkilli albomları tökdü
qabağıma, başladı Şəki Xan sarayı, Qız
qalası, Şirvanşahlar kompleksi haqda mənə məlumat
verməyə. Məcbur olub sualımı kəlmə-kəlmə
təkrarladım. Bu dəfə o, abidə
mühafizəçiləri üçün təkmilləşdirmə
kurslarının keçirilməsindən danışdı.
Xülasə, nə qədər
çalışdım rəisdən konkret bir cavab qopara bilmədim.
Mən dedim həmdən həmə, o dedi dəmdən dəmə...
ha istədim ona başa salım ki, belə getsə,
"daşın altında yatan tarix yavaş-yavaş
batacaq", ancaq bir fayda hasil olmadı. Burada
deyiblər, necəsən qanmayım, yanasan?! Rəisdən
ayrılarkən radioda bir mahnı səsləndi: "Qalada
yatmış idim, top atdılar, oyanmadım..." Və mənə
elə gəldi ki, mahnınıı abidələrin
qorunmasına cavabdeh olan yoldaşlar üçün
oxuyurdular, bəlkə oyanıb qonum-qonşuya baxalar,
canlarını oda yaxalar...
Amma
çətin mahnı ilə oyansınlar!
Bəs nə vaxt oyanacaqlar?
1981
("Ədəbiyyat və İncəsənət",
10.7.1981 N 25 (1955)
Fazil GÜNEY
Ədəbiyyat
qəzeti.- 2020.- 12
sentyabr. S. 24.