BEHCƏTABAD XATİRƏSİ”
bir gecəlik intizarın
yaratdığı eşq dastanı
Könüllər
sultanı Şəhriyarın bir gecədə
yazdığı sevgi romanı – “Behcətabad xatirəsi” onun
zəngin yaradıcılığının şah əsərləri
olan “Heydərbabaya salam” və ”Səhəndim” poemalarından
sonra ən məşhur əsəridir, - desək,
yanılmarıq. Şairin Azərbaycan türkcəsində
qələmə aldığı “Behcətabad xatirəsi” qəzəlinin
yazılma nədənləri də çox ilgincdir.
Tehran Tibb universitetinin cərrahiyyə fakültəsində
təhsil aldığı illərdə Şəhriyar Sürəyya
adlı bir qıza vurulur. Hətta eşqi uğruna, onun
yaşadığı Behcətabad məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü
ilə şeirlər də yazır. Müsahibələrindən
birində “Behcətabad xatirəsi” qəzəlinin yaranma
dönəmini və sevgilisinin ailəsinin ona xüsusi rəğbət
və ehtiram göstərdiklərini xatırlayaraq deyir: “O, mənim
gənclik dövrümün şeiridir... Şeri
yazdığım qız sinif yoldaşlarımdan birinin
bacısı idi. Bəzən onların evlərinə
gedərdim. Nəcib, ədəb-ərkanlı bir gənc
olduğuma görə, yadımdadır ki, valideynləri həmişə
mənə deyərdilər: - Bu qız sənindir! Aramızda
sıx ünsiyyət və ülfət yarandıqdan sonra, o
zamankı dövlətin məmur ailələrindən biri
sevgilimi zor gücünə əlimdən aldı,
özümü də Nişapura sürgün elətdirdi...”
Gerçəkdən də Sürəyyanın ata və
anası aydın fikirli, həssas ürəkli Şəhriyarı
çox sevirmişlər. Xatirələrindən
məlum olur ki, hətta onlar gənclərin həqiqi sevgisinə
tərəfdar imişlər və qızlarının gənc
şairlə görüşüb həmsöhbət
olmasından heç bir narahatlıq hissi keçirmirmişlər.
Sürəyyanın atası dövrünün
imkanlı adamlarından idi və Şah ordusunun polkovniki
rütbəsini daşıyırdı. Hər
ilin isti yay günlərində ailəsini yaylağa, səfalı
dağların qoynuna köçürər, doğmaları
ilə birlikdə istirahət edərmiş. Şəhriyar Tehran Universitetinin III kursunda oxuyarkən
yay çox isti keçirmiş. Sürəyya
şairdən xahiş edir ki, sən də icazə al,
yaylağa, ata-anamın yanına gedək. Şair
Sürəyyanı yaylağa yola salır. Özü dərslərindən geri qalmamaq
üçün getmir. Lakin dostları onun
günü-gündən saralıb-solduğunu, səbrü-qərarını
itirərək sevgilisinin ayrılığına dözə
bilmədiyini görür və universitetin rektorundan izn
alırlar ki, aşiq öz sevgilisinə qovuşsun.
Uzun yol gələn Şəhriyar yaylağa çox
yorğun və üzgün halda yetişir. Evin pəncərəsindən
sevgilisini əlində setar “Şur” muğamını
çaldığını gördükdə
duyğuları cuşa gəlir. Onu da qeyd edim ki, setar
çalmağı Sürəyya//Pəriyə şair
özü öyrətmişdi. Ayrılıq, intizar çəkən
aşiqin aylı gecə, sərin hava və “Şur”un həzin
nalələrinə qarışan ürək
çırpıntıları onu “Suzi saz” qəzəlini
yazmağa sövq edir. Qəzəlin ərsəyə gəlməsi
ilə bağlı şairin özünün romantik
açıqlaması çox təsirlidir: “Pəri gecənin
qaranlığında, işıqlı otaqda, pəncərənin
qabağında, setar əlində Şur muğamını
çalırdı. Göylər qızı
ayın gözəl mehtabı, ürəklər ovlayan o yerlər
pərisinin baxışları, mənim narahat qəlbimin, təbimin
çeşməsini göz yaşlarımın
irmaqlarının mirvariləri ilə həmqafiyə elədi.
Cəmi bir neçə dəqiqə ərzində bu qəzəli
yazdım və uca səslə “Şur dəstgahı”
üstündə oxudum:
O sazda bir can yandıran nəğmə
səsləndir, bu gecə,
Ta ki, mənim qəlbimin
göz yaşından olan
Düyününü açsın, bu gecə.
Sürəyya otağında sevgilisinin səsini
duyar-duymaz pəncərəni açaraq həyətə
atılıb özünü ona yetirmək istəyir. Şəhriyar
yalvararaq qızı çılğınca hərəkət
etməkdən çəkindirir. Az
keçmədən Sürəyya ata-anası ilə birlikdə
gənc aşiqi qarşılamağa çıxır və
təkidlə onu içəri aparırlar. Şair
xatırlayır ki, “evdə polkovnikin bir neçə dostu
oturub səmimi söhbət edirdilər. Atası
zövq və hal əhli idi. Çox vaxt
dostları ilə birlikdə məclis qurar, müxtəlif
mövzulardan söhbət açaraq vaxtlarını xoş
keçirərdilər. Mən də
onlarla bir çox mövzuda söhbət etdim. Lakin sevgilimlə yalnız qalmaq üçün səbrim,
hövsələm daralır, tələsirdim. İstəyirdim ki, qonaqlar tez getsinlər. Sürəyyanın anası vəziyyəti çox
tez anladı və bəhanə ilə qonaqları eşiyə
çıxardı. Mən bu anların təsiri
altında “Odda yanan pərvanə” şeirimi yazdım.
Biz bəxtəvər aşiqlər heç
ağlımıza da gətirmirdik ki, düşmən əleyhimizə
plan cızır və qarşıda müsibətli günlər
bizi gözləyir…”
Şəhriyarın
ağlına gətirmədiyi bəlalar başına gəlir...
Hər iki gənc hakim rejimin qurduğu tələyə
düşür. Bəzi tədqiqatçılar Şəhriyarın
təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin
səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə
bağlayırlar (Ancaq bu, bir həqiqətdir ki, şairi
Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi
ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə
baş verə biləcək xalq hərəkatının təkanverici
qüvvələrindən birini aradan götürmək məqsədi
güdən hakim dairələr Sürəyya-Pəri
kartından istifadə etmişlər. Çünki
söylənilənlərə görə, gənc Şəhriyar
Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə
kütləvi iğtişaşlarda iştirak etmiş, hətta
ölümdən qurtulmuşdur).
Belə ki, Əhməd Kavianpurun yazdığına
görə, Şəhriyar 1929-cu ildə Tehran Universitetinin V
kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki
“Sipəh” xəstəxanasında təcrübə
keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın
müdiri-baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında
bir sərqud-minbaşının məni gözlədiyini
gördüm. Rəis narahat idi.
Minbaşı-mayor dedi ki, sənnən işimiz var və məni
Dəjban həbsxanasına apardılar. Rza
şahın vəziri Əbdülhüseyn Teymurtaş həbsxanadakı
məmurlara deyibmiş ki, məni orada öldürsünlər.
Pərinin anası onların məni həbs
etdiyini bildikdə, üz-gözünü cırıb,
çox ağlayıb-sıtqayıb. Teymurtaşa
yalvarıb ki, bu yazıq seyidin günahı nədir ki,
ölümünə çalışırsınız?
Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş
isə “onu bir şərtlə öldürmərəm ki,
Tehrandan çıxıb getsin, - cavabını verib. Ustad söyləyir ki, Əbdülhüseyn
Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik
İdarəsi ilə əlaqəsi var idi, hər şeydən
xəbərdardı. Şahın vəziri
olan bu cəllad qumarbaz və şəhvət
düşgünü idi. Sərxoş
olduğu zamanlar heç bir qadın onun əlindən qurtula
bilməzdi. Məqsədinə çatmaq
üçün hər vasitəyə əl atardı. 1933-cü ildə rüşvət
aldığına görə günahlandırılır və
açıq məhkəmə, divan qurulur. Əfv olunması üçün elə də canfəşanlıq
etmir, bir-iki dəfə ağlayır, ancaq bu cəhdlərin
bir köməyi olmur, zindana salınır. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənərək
öldürülür. Onun faciəli
ölümünü səktə-infarktdan olub kimi qələmə
verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş
çox qüdrətli, güclü adam
idi, necə oldu ki, öldü?
Cavabında:
“Onu mənim cəddim öldürdü. Bəxti
gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət
məclislərinə çıxası halda deyildi. Məqam
sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz
yetirdi, sonu da belə oldu...” – dedi.
Şəhriyar üçün canı qədər
sevdiyi Pərisindən ayrılmaq ölümdən betər
idi.
Universitetlə üzbəüz kirayələdiyi iki otaqlı
mənzildə ona ev işlərində təmənnasız
olaraq kömək edən yeniyetmə Lalə deyirmiş ki, bir
gün Pəri gəldi, tələsdiyi üçün tez də
qayıtdı, köynəyini (Köynəyin
qumaşını, yəni, ipəyini Şəhriyar
alıbmış) də apardı və dedi ki, mən olmayanda
bu köynəyin qoxusu Şəhriyara əzab-əziyyət
verər, saat 9-00-da yenə gələcəm. Şəhriyar
axşam saat 9-00-dək gözlədi. Lakin
Pəri gəlmədi. O, mənə dedi ki,
qapını, pəncərələri aç, boğuluram,
havam çatmır. Çöldə bərk
külək əsirdi. Güclü külək
otaqdakı şamı söndürdü.
Şəhriyar dedi ki, bu, pis hadisənin əlamətidir, hər
şey bitdi. Mən şamı yandırmaq
istədim, lakin Şəhriyar qoymadı. Pəri gəlsə
yandırarsan, - dedi. O, gəlmədi və şam səhərədək
yandırılmadı.
Lakin sönən şamın (çırağın) əvəzində
Şəhriyar adlı əbədi yanar poeziya günəşi,
sönməz çıraq parladı. Qara sevdalı şair
bütün gecəni döşəmədə sərilərək
sel kimi göz yaşları axıdır. Bəlalı
aşiq eşqinin sorağında çox gəzib-dolaşır,
lakin Pərisinə qovuşa bilmir. Hər yerdən əli
üzülən dərdli şair Allaha pənah aparır,
olacaqları onun gərdişinə, kərəminə
buraxır, dərgahına üz tutub yalvarır: - “Yusifi Həzrət
Yəquba yetirib dünya işığına həsrət
qalmış gözlərini açan Allah, mənim də
sevgilimi özümə qaytar!”
Əlacsız qalan Şəhriyar Pərinin anası ilə
görüşür və göz yaşları içərisində
ona yalvarır ki, axırıncı dəfə sevgilisini
görmək üçün bir tədbir görsün. Aşiq
şairin göz yaşları ananı yumşaldır. Onların son dəfə görüşüb
vidalaşmaları üçün Behcətabad parkına gəlməsindən
ötrü Sürəyyaya şərait yaradacağına
söz verir. Lakin ana sözünə əməl
edə bilmir, düşmən daha ehtiyatlı, ayıq tərpənir.
Sevgilisi
ilə görüşüb onu
qaçıracağını düşünən Şəhriyar
isə sübhə qədər Behcətabad parkındakı
gölün kənarında, çinar ağacının
altında gözləyir, ancaq Sürəyya gəlmir…
Həmin gecənin üzücü iztirablarını,
nalə çəkən qəlbinin ağrısını
“Behcətabad xatirəsi” adlı həsrət yüklü qəzəlində
əks etdirir və bu nakam, uğursuz məhəbbətinə
ana dilində əbədi abidə ucaldır.
Şair
eşq və özləm dolu ürəyini sanki səhərin
aydınlaşmaqda olan işığına
çırpır:
Gəlmisən, canım sənə qurban, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa,
indi niyə?
Nişdarusan,
fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Pərinin bu məktubunun cavabını da ustad Şəhriyar
şeirlə yazır. “Ruhun yaqutu” adlı həmin qəzəli indiyədək
çox gec çap olunub:
Əgər
qoca olsam da qəmi yoxdur, eşqim cavandır, ey Pəri!
Mənim
bu eşqim və cavanlığım hələ yenicə
çiçəkləyir, ey Pəri!
Əcəbdir,
aşiq nə qədər qoca olsa, eşqi o qədər cavan
olur,
Əgər bədən zəif olsa, ürək ona
qüvvət verəcək, ey Pəri.
“Mən onu həmişə
“Pəri” adı ilə çağırmışam.
Buna görə bu qəzəldə də ona “Pəri” deyə
müraciət etmişəm”, - deyən Şəhriyar istər
“Behcətabad xatirəsi”, istərsə də qara
sevdasını xatırladığı digər qəzəl
və məsnəvilərində həm eşqinə, həm
də Pəriyə əbədi bir heykəl ucaldıb və çağdaş dövrün
sevgi dastanlarından birini - “Şəhriyar və Pəri”ni
yaradıb...
Esmira Fuad
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 26.