Sənə həsrət, sənə aşiq, sənə alim…
Karantin eşqi
Uzaqdan-uzağa
hal-əhval tutmaq necədi?
Səni
sevə-sevə
unutmaq necədi?
Necədi
yolların gözünü
çəkmək,
Həsrətini toxum kimi
Ürəyimə əkmək?
Xoşuna gəlirmi bu boşluq?
Hər tərəf divar,
hər addım bir quyudur.
Karantindi,
gəlib-getmək olmur,
Səni incitmək olmur.
Məsafələr uzaqlaşır,
münasibətləri soyudur.
Səndən ayrı qalan günlər
Adamı sərxoş şərab kimi uyudur.
Necəsən uzaqdan-uzağa?
Öyrəşdinmi doğma nəfəslərə
bir damın altında?
Yolun da ürəyi çəkilir
bu yalqız adamın altında.
Uzaqdan-uzağa
övladın necədi,
ərin necədi?
Ərafda
qalan bəxtəvər,
Göyün necədi, Yerin necədi?
Xoşuna gəlirmi uzaqlıq?
Uçdu getdi ərköyünlük,
şıltaqlıq.
Allah qorusun,
övladın özün
boydadı,
Qaşı qaşın boyda,
Gözü gözün boydadı.
Çəkdiyin həsrətin ömrü
Sözün boydadı.
Necəsən uzaqdan-uzağa?
Gözün necədi?
Qaşın necədi?
Canın-başın necədi?
Başını nə ilə qatırsan?
Gecələr necə yatırsan?
Şirin
olurmu yuxuların?
Belə rahatdımı?
Məni
soruşmursan daha,
Ölüm olsun -
Bu həyatdımı?
Uğursuzluq
O gün yolda bir ağac
Baltaladı adamı kökündən.
Adam da, sanki qurtuldu
Min illərin yükündən,
Dəydi üzüstə yerə.
Çəməndə bir çiçək
Qoxladı qəşəng bir qızı.
Məst
oldu ətrindən,
Qız gedə
bilmədi ərə.
Adamları yedi
quşlar, balıqlar,
inəklər, qoyunlar.
Son gün kimi yaşadı
hər günü,
Son nəfəs kimiydi
adamlar hər dəfə.
O gün bir şeir
əlinə qələm
alıb,
ölümünəcən yazdı
şairi.
O gün bir zaman
axdı gələcəyə,
Keçmişinə uduzdu şairi.
O gün dəhşət idi,
Adamlar fırlanırdı
Yerin başına.
Dağlar,
meşələr aşanların
bir qurd çıxırdı qarşısına.
Şeir
dərddən danışırdı,
Kül dərdin
başına.
Adam qabağına çıxırdı,
Kül qurdun başına.
Təbəssüm dodaqlara
Hansı üzlə gəldi?
Adamdı
da, bir ürəklə,
iki qaşla, iki gözlə gəldi...
Nə gəldi sözlə gəldi,
Zavallı adımın başına...
Qabağına qurd çıxırdı
hər dəfə,
Kül adamın
başına.
Son mənzildən
o yana
Ayaqlarım sözümə baxmır,
Əllərim üzümə.
Günləri ağlatmaq olmur,
Hissləri aldatmaq olmur,
Gəlib hələ çıxa bilməmişəm özümə.
Səpilib qalmışam yollarda,
Hərdən sərt olmuşam,
hərdən yumşalmışam,
Sonuncu zəngi
çalmışam yollarda.
Cingildəyib arzularım zəng
kimi,
Hər dəfə
son mənzil çəkib
fikrimi.
Son mənzildən o yana
tənhadı çöllər,
çiçəklər, yamaclar,
atlar...
Son mənzildən o yana
qollardan yaranır qanadlar.
Öləziyir yavaş-yavaş
son mənzilin işığı,
bəlkə də sözdü yaraşığı.
Ayaqlarım baxmır sözümə,
Əllərim üzümə.
Günəş gecəmə doğur,
Ay çıxır gündüzümə.
Minmişik dünyanın belinə,
Dünya da qocaman bir
dəvə.
Əvvəlini görmədik,
Axırına gəlirik hər dəfə.
... axırına gəlirik...
Gündüzlər naxırına gedirik,
Axşamlar axuruna gəlirik.
O qədər dağlar aşırıq,
Sonunda çuxuruna
gəlirik.
Ayaqlarım sözümə baxmır,
Əllərim üzümə.
Hər səhər
düşürəm izimə.
Yeriyir ayaqlarımın altında
yollar,
İnsanlığın şifrəsini aça bilmir,
Yüzrəqəmli, minrəqəmli kodlar.
Bədəndi, ruhdu, bir də
quru adlar...
Son mənzildən o yana
qollardan yaranır qanadlar.
***
Ən çox əllərimi sevir oğlum,
ən çox əllərimi -
Onu qucaqlamaq üçün,
bağrıma basmaq üçün.
şəklənir oğlum,
Əllərimə qulaq asmaq üçün.
Ən çox əllərimdən
tanıyır məni
oğlum,
Cadar-cadar, qabar-qabar.
Oğlumun əllərindən öpməsə
əllərim,
qanar... qanar...
Oğlumun kəpənək əlləri
əllərimə qonar.
Ən çox əllərimi sevir oğlum,
Əl-ələ tutmaq üçün,
Yaşının az olduğunu
unutmaq üçün.
Oğlumun əlləri,
Uçur güldən-gülə.
Ən çox əllərimi sevir oğlum,
Birgə böyüyür əllərim
ilə.
Əllərim hədiyyədi ona
Ad günündə.
Əllərimi gətirirəm oğluma
Ən şad günündə.
Ən arxayın, ən inamlı
Güvəncidi əllərim.
Onun xoşbəxtliyidir,
Sevincidir əllərim.
Oğlum
üçün dünyanın
Ən bəxtəvər
küncüdür əllərim.
Ürəyimdən qabaq can atır
birinci... əllərim...
Əllərim üzümü ağ edir,
Tanrım,
üzümü ağ saxla!
Əgər mən ölsəm,
Əllərimi sağ saxla!
***
Qaçdı şeirlərim,
Qaçdı evdən bayıra,
Tutub saldım
qəfəsə.
Qaçdı şeirlərim,
Qaçdı ürəkdən dilə,
Tutub oturtdum sözə, səsə.
Hərdən xoşuma gəlmirəm
nəsə,
Başağrı olmasın sizə.
Harda nə gəlir başıma,
Çəkib gətirirəm sözə.
Andıra
qalmış şair ömrüdü,
Çevirirəm o üzə, bu
üzə...
Qaçdı şeirlərim dildən
dodağa,
tutub həbs etdim varağa.
Ömürlük cəza kəsdim,
Hərdən incidim, küsdüm,
Hərdən üstündə nanə kimi əsdim.
Oynadı
şeirlərim bağrımın
başında,
özü də bu cavan yaşımda.
Öpüb qoydum gözümün
üstünə,
Bir də məndən şeir istəmə,
İstəmə, dostum.
Nimdaş
paltar kimidi söz,
Neçə əyinə geyilib,
əzilib, yırtılıb,
min illik əsarətdən qurtulub,
Artıq nöqtəsi qoyulub.
Ən qəddar işgəncəyə
məruz qalıb,
gözləri oyulub...
Qaçdı içimdən çölə
şeirlərim,
Uçdu güldən-gülə şeirlərim.
Gedib qondu bir sevgiyə,
"can" deyə-deyə.
Bir də məndən şeir istəmə,
Aldanma bu nəsnəyə,
Aldanma, dostum.
Özümə xitablar
İlbəil qocalır güzgülər,
Dərinləşir üzündəki cizgilər.
İlbəil qocalır yollar,
Enişdən yoxuşa ucalır yollar.
İlbəil quruyur ağaclar,
Qolsuz-budaqsız çürüyür ağaclar.
İlbəil əriyir sular,
Göylərə yeriyir sular.
Səmtini dəyişir çaylar,
Eyni fəslə dönür
Payızlar, qışlar,
Yazlar, yaylar.
İlbəil ayrılır o qız
məndən,
Uzaqlaşır Günəş məndən,
Ay məndən, ulduz məndən.
İlbəil böyüyür qayğılar,
Bütün vücudumu bürüyür
qayğılar.
İlbəil tanımır məni
doğmalar, yadlar,
İlbəil süstləşir inadlar.
İlbəil çoxalır rəqəmlər,
İlbəil ömürdən çıxılır
rəqəmlər.
Böyüyür addımlar, izlər,
Sükutun lal diliylə danışır sözlər.
İlbəil kar olur xəbərlər,
İçimdəki müharibəyə
uduzur bütün zəfərlər.
İlbəil uzaqlaşır hər
şey adamdan,
Çıxmaq istəmirəm tənha odamdan.
İlbəil illər də azalır,
İlbəil bənizlər sozalır.
İlbəil yandıqca köz
olur Faiq,
Hərf-hərf birləşib söz olur Faiq.
***
Sanki "Quran" kimidir hüsnü-camalın,
Ayə-ayə düzülüb söz ilə halın.
Daha eşqinlə kül oldu bu qəriban,
Gəl, ey peyğəmbərim, ey mahi-cəlalım.
Səni
vəsf etmək ilən bu ruh
görəvli,
Göstər ol gül üzünü,
arzu-xəyalım.
Ey sözü pak, söhbəti pak, namı bətül, can
sənə həsrət,
sənə aşiq, sənə alim.
Sanki
"Quran" kimisən, surələrin
Eşq,
Səni əzbərləmək olsun
da amalım.
***
Qul olan kim, kimdi paşa? -
Sən bilərsən,
mən bilmərəm.
Dünya nağıldır, tamaşa? -
Sən bilərsən,
mən bilmərəm.
Kimin qəmi başdan aşa,
Kimin dərdi
qoşa-qoşa.
Haşa,
əlahəzrət, haşa
-
Sən bilərsən,
mən bilmərəm.
Can verdin çiçəyə,
quşa,
Dil verdin qayaya, daşa.
Kimdi eşqlə
dolan yaşa? -
Sən bilərsən,
mən bilmərəm.
Bu nizamı, bu düzümü,
Gecəsini, gündüzünü,
Dünyamızın o üzünü
Sən bilərsən,
mən bilmərəm.
Ölən nədir, olan nədir,
Gedən nədir, qalan nədir.
Doğru
nədir, yalan nədir,
Sən bilərsən,
mən bilmərəm.
Mən bilmərəm hüzn nədir,
Suyun nədir,
közün nədir.
Demə, Faiq, sözün nədir -
Sən bilərsən, mən bilmərəm.
Faiq Hüseynbəyli
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 27.