Gördüm bu "döyüşdə" məğlub olmuşam, əlimi qaldırdım "ağ bayraq" kimi

 

Ümidim hələ can verməmişdi

 

Qapınız döyüldü bir axşamçağı,

 

Sizə elçi gəldi, bizə ayrılıq.

 

Yenə niyyətini dəyişməmişdi,

 

köhnə libasında təzə ayrılıq.

 

 

 

Daha toy havası başında sənin,

 

yol gəldik şübhədən yalana qədər.

 

Ümidim hələ can verməmişdi,

 

aşıqlar  "Vağzalı" çalana qədər.

 

 

 

Məni havada buraxıb getdin...

 

xar oldum obada, millət içində.

 

Mənim ciyərlərim alışıb - yandı,

 

sənin elçilərin şərbət içəndə.

 

 

 

Gəldi qapınıza gəlin maşını,

 

səni çöl çəkirdi, eşik çəkirdi.

 

Getdiyin yolların ayrıclarında

 

mənim baxışlarım keşik çəkirdi.

 

 

 

Sənin getdiyin yol, uzaq yoldu ha...

 

günüm bahar görməz, işim qışladı.

 

Sən gəlin köçməyə hazırlaşanda

 

mənim ümidimin köçü başladı.

 

 

 

...Daha xatirən mənə uzaqdı,

 

gəlir qulağıma bir soraq kimi.

 

Gördüm bu "döyüşdə" məğlub olmuşam,

 

əlimi qaldırdım " bayraq" kimi.

 

 

 

Qapınız döyüldü bir axşamçağı,

 

sizə elçi gəldi, bizə ayrılıq.

 

Yenə niyyətini dəyişməmişdi

 

köhnə libasında təzə ayrılıq.

 

 

 

Kənddə şəhərdə darıxmağın əks bərabərliyi

 

Gülüzlüm, şəhərdə sənsiz

 

darıxmağa var ki,

 

burda zülümdü -

 

gül-çiçəkli dağ cığırında

 

adam ölür darıxmaqdan.

 

Burda otlar-çiçəklər,

 

arılar-kəpənəklər,

 

bənövşələr-böcəklər,

 

hər şey qoşulub adama

 

darıxır, darıxanda...

 

...Şəhər küçələrində var ki,

 

sənsiz darıxmağa...

 

olsa-olsa bir qəpiklik

 

hörməti olmayan

 

küçə itləri tək adam darıxar

 

şəhərdə.

 

Bir tinlərdə

 

veyillənən boş şirə qutularıtək...

 

bir dörd fəsli eyni donda

 

qarşılayan küknar ağacı kimi...

 

burda darıxmaq canlıdı:

 

çiçəklər, arılar, kəpənəklər

 

bir böcəklər kimi...

 

darıxdım...

 

 

 

Suriyadan son xəbərlər

 

Bu il Suriyada

 

göyərçinlər intihar elədi...

 

...Güllə səsindən qorxan

 

anaların bətni döl vermədi.

 

Adına "bəşər" deyilən

 

nələr deyilən

 

adam süd dişini

 

nişan aldırdı ağzında körpələrin.

 

"A", "B"... hərfləri güllələndi

 

uşaqların barmaqları arasında.

 

Mağaza vitrinlərindən

 

toz basmış uşaq

 

başmaqları yığışdırıldı.

 

...Dünən müasir

 

silahlar gətirildi Suriyaya.

 

göyərçinlərin

 

intiharı davam edir...

 

 

 

Bu kənd

 

Cavanları qazanc arxasınca yad ellərə üz tutan, 5-10 qarı-qocanın ixtiyarına qalan kəndin mənzərəsi

 

Tin-tin, küçə-küçə qocalır bu kənd,

 

üstündən, başından yetimlik yağır,

 

damından-daşından yetimlik yağır.

 

Küçələrin gözü yol çəkir,

 

bu kəndin itləri yad nəfəs gəzir

 

hürməyə...

 

Gedəni-gələni yoxdu bu kəndin.

 

Burda qulaq batır sükut səsindən.

 

Qonşu uşağın ərköyünlüyündən

 

beli əyilən ağac çəpər,

 

indi olsa qulağına səs təpər.

 

Hörümçəklər tor bağlayıb

 

qapıların kilid yerində.

 

Sükutdan rəngi solub,

 

boyası saralıb pəncərələrin.

 

Qulağı bir addım səsinə təşnə.

 

Çox qoca görünür bu kənd yaşından,

 

bu kəndin "cavanı" yetmiş yaşında,

 

bu kəndin qocası yaşını bilmir,

 

itirib ağlını, huşunu, bilmir.

 

Burda arzuları dəfn eləyirlər,

 

başdaşı qoyurlar xatirələrdən.

 

Burda ölüm dəbdə, əcəl sevilən.

 

Bir-birə başsağlığı verməzlər burda.

 

Qəbristanlıq böyüdükcə, kənd kiçilir.

 

Bir gün bu kəndin girəcəyində

 

bir lövhə asılacaq: burda insan yaşamır.

 

Burda sonuncu ölünü

 

Tanrı götürəcək yerdən.

 

 

 

Payız adam

 

Payız adam,

 

bu fəsil sənin çiyinlərindən

 

nimdaş plaş kimi asılı qalıb.

 

Qış kürkünü görmədim.

 

Dörd ildi gözlərimdə

 

bir fəsildə qalmısan:

 

bomboz rəngdə.

 

Payız adam!

 

Bu fəsil əynində

 

köhnəldi sənin.

 

Ürəyinə qabqardığın

 

heydən düşmüş arzularınla

 

can üstə olan xatirələrinə

 

yol gedirsən.

 

Hələlik...

 

Payız adam...

 

 

 

Şəkilli şeir

 

Mənə şəkil göndərdin...

 

o şəklin içində hər şeyin

 

öz şəkli var:

 

Baxışın öz şəkli var,

 

ürəyin öz şəkli var.

 

Ağrının öz şəkli var,

 

göynəyin öz şəkli var...

 

Mənə şəkil göndərdin...

 

...bilirsənmi gəlişi

 

heç hansı ana düşdü?!

 

sənsizliyin ağrısın çəkən

 

məqama düşdü.

 

Mənə şəkil göndərdin,

 

rəngli şəkildi...

 

Bomboz ağrılarıma

 

duz basar, "məlhəm" olar...

 

Göyərər ağrılarım,

 

qaysaqlamaz, nəm olar.

 

Bundan belə hər dəfə

 

o şəklə baxanda

 

xumarlanar gözlərim,

 

baxışlarım dəm olar...

 

Mənə şəkil göndərdin...

 

 

 

Vağzal gəraylısı

 

Uzun ayrılıqlar

 

vağzallardan başlayır...

 

Qatarların, təyyarələrin...

 

çiyinlərində daşınır şəhərlərə...

 

Vağzallarda doğulur,

 

daşınır ayrılıqlar.

 

...Divarların yaxasına

 

mıxlanmış tablolar

 

alın yazımız sanki.

 

Böcək gözlü işıqlar tale

 

yolumuzu aydınlaşdırır.

 

Yellənən əllər "hələlik" sözü

 

ayrılığın təsdiqidi burda.

 

Hər qərib baxışın rəsmi cızılır

 

vağzal divarlarına.

 

Gedənlərin dilində vağzal bayatısı

 

ikicə kəlmə -

 

"mən getdim...".

 

Namiq Dəlidağlı

Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 30.