Kültəpədə külə
dönən şəhid
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda
fışqıracaq torpağı sıxsan, şühəda!
Canı,
cananı, bütün vannı alsın da Xuda,
Etməsin tək vətənimdən məni dünyada
cüda.
Mehmet Akif
Ərsoy
"Bütün yollar Qarabağa aparır". Bu ifadə
çox işlənsə də, bircə cümlənin
enerjisi insanda yüzlərlə şeirin aşılaya bilməyəcəyi
bir ruh yüksəkliyi yaradır. Sentyabrın
ortaları olsa da, hava çox bürkülüdür. Biz tanınmış vəkil, hüquqşünas,
yazıçı Adəm Məmmədovla birlikdə Zərdab
rayonuna gəlmişik. Gəlişimizin məqsədi
onun atası, Qarabağ döyüşlərində şəhid
olmuş Məhərrəm Məmmədovu tanıyan, onunla
ünsiyyətdə olmuş insanlarla görüşüb
onların xatirələrini dinləməkdir. Məhərrəm Məmmədov nadir şəxsiyyətlərdəndir
ki, 90-cı illərin əvvəllərində Zərdab rayon
Məhkəməsinin sədri işlədiyi dövrdə
Qarabağda şiddətli döyüşlər gedərkən
daim cəbhənin ön xəttində olub, Kəlbəcər
döyüşlərində iştirak edib. Sonda Füzuli rayonuna erməni hücumları
zamanı dinc əhalinin təhlükəsiz yerlərə
köçürülməsini təmin edərkən Əhmədbəyli
kəndinin yolayrıcında, Kültəpə deyilən yerdə
düşmən tərəfin atdığı qrad mərmisinə
tuş gəldi.
Məhərrəm müəllim Cəbrayılın
Böyük Mərcanlı kəndində doğulub. Bakı
Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Erkən yaşlarından Qarabağda və hakim
kimi çalışdığı Zərdab rayonunda
böyük hörmət və nüfuz qazanıb. Şəhidlik
məqamına yetişdiyi vaxtdan iyirmi yeddi il
ötsə də, bu gün də Qarabağ əhalisi, Zərdab
camaatı onu minnətdarlıqla xatırlayır. Zərdab rayonunda işlədiyi illərdə o,
insanların yaddaşında ədalətli hakim kimi qalıb.
Zamanında onunla birlikdə
çalışmış insanlarla görüşdüm, bu
insanlar vaxtilə polis rəisi, hakim, prokuror işləyib və
Məhərrəm Məmmədovla gündəlik təmasda
olublar. Onunla bağlı o qədər xoş xatirələr
danışdılar ki, istər-istəməz
düşündüm: bu insan dünyaya xeyirxahlıq etmək
üçün gəlib. Sadə Zərdab
camaatıyla görüşlərdə Məhərrəm Məmmədovun
adı çəkilən kimi dərhal insanların
çöhrəsində bir təəssüf hissi közərir,
onun erkən ölümünə yanırlar, onun haqqında
doğma, əziz adamları kimi danışırlar, hələ
də bu itkiylə barışa bilmirlər. O qədər
maraqlı, qeyri-adi əhvalatlar danışırlar ki, bu əhvalatların
hər biri ayrılıqda bir roman mövzusudur. Bir
hakimin insan taleyinə qarşı bu qədər həssaslıq
göstərməsi, cinayət törətmiş adamın
içində mənəvi hisləri oyatmaq metodu sözün
əsl mənasında heyrətamizdir. Bloknotum
qeydlərlə dolub-daşır. Onun yaşadığı
evdən Məhkəmə binasına qədər yolu piyada
keçib gəlirəm, danışırlar ki, o, həmişə
evdən işə piyada gəlirmiş və yol boyu
adamların dərd-səriylə maraqlanır, məsləhətlər
verirmiş. Üzəri
qağayılı, suları durğun Kür
çayının sahilindən keçirəm. Onda Kürün dəli-dolu çağları idi və
Məhərrəm müəllim Kürün sahilində gərdiş
edə-edə verəcəyi qərarlar haqda
düşünürdü. O, hansısa səbəbdən
cinayət törətmiş adama islah olunmaq üçün
şans verirdi və verəcəyi qərarın ədalətli
olması onun üçün hər şeydən vacib idi, bu,
onun dəyişməz prinsipi idi. Heç bir qüvvə onun
verəcəyi qərarı dəyişmək iqtidarında
deyildi, o, həmişə güclünün deyil, zəifin
yanında olmuşdu, ona arxa-dayaq olmağa
çalışmışdı, haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini
dərk edərək ondan razılıq edirdi. Onun
tərbiyə metodu, insanda insanı oyatmaq cəhdi heyrətamiz
idi.
Bu günlərdə Zərdab rayonunun mərkəzi
küçələrindən birinə onun adı veriləcək. Həsən bəy
Zərdabi parkında mətbuatımızın bünövrəsini
qoymuş ustadın heykəli ilə üz- üzə
dayanmışam. Zərdabi əlini çənəsinə
dayayıb dərin düşüncələrə qərq
olub. Zərdabi Moskvada təhsilini başa
vurandan sonra ona təklif etmişdilər ki, orda qalıb müəllimlik
etsin, o, bu təklifdən imtina edib vətəninə
döndü. Öz məmləkətində uzun bir yola
çıxdı. O, millətin kasıb
balalarının təhsil almasını təmin etmək
üçün xeyriyyə cəmiyyəti yaratmağı
düşünürdü və Azərbaycanı
qarış-qarış gəzərək bütün
imkanlı, nüfuzlu bəyləri, mülkədarları bu
müqəddəs işə cəlb etmək istəyirdi. Bu yolda çoxlu məşəqqətlər çəkdi.
Həsən bəy tək qalmışdı,
yığılan pul isə uşaqların uzun müddətli
təhsili üçün yetərli deyildi. Hənifə xanım öz ömür-gün
yoldaşını ruhdan düşməyə qoymur,
çiyin-çiyinə verib öz evlərində imkansız
uşaqlara dərslər keçirlər. Hənifə
xanım uşaqlar üçün qış geyimləri
tikir, onları yedizdirib-içizdirir, öz övladlarından
ayırmır. Həsən bəyin
sarsılmaz iradəsi, millət sevgisi olmasaydı,
başladığı işlər də yarımçıq
qalacaqdı. Zərdabinin xeyirxah missiyası
uğursuzluğa düçar olsa da, "Əkinçi"nin toxumları səpildi. Bu
gün Zərdabda "Əkinçi" qəzeti nəşr
olunur, qəzetin baş redaktoru İsaməddin Əhmədovla
söhbətimiz Həsən bəy Zərdabidən
başlayıb Məhərrəm Məmmədova qədər
gəlib çıxır. İsaməddin
müəllim deyir ki, Zərdabinin açdığı yoldan
çox insanlar keçdi ki, onlar məmləkətimizin
işıqlı sabahlara çıxması üçün
fədakarlıqlar etdilər, ömürlərini şam kimi əritdilər.
O insanlardan biri də Məhərrəm müəllim idi. Onun
dəyişməz əxlaq prinsipi vardı: insanlara təmənnasız
xidmət etmək, onların xoşbəxtliyi naminə öz
şəxsi mənafeyini qurban vermək. Belə
insanlar heç vaxt unudulmur, onların
yaxşılıqları nəsildən-nəslə
ötürülür, sağlam cəmiyyətin qurulmasına
xidmət edir. Nəsillər dəyişir,
amma bu qəbil insanların əməlləri xalqın
yaddaşına köçür.
Zərdabdan unudulmaz təəssüratlarla
ayrılırıq. Yolumuz Qarabağadır. Ağcabədini
keçirik, Beyləqandan Füzuliyə yol görünür.
Adəm Məmmədov sükan
arxasındadır və onun daxilindəki təlatümlər
mənə də sirayət edir. Məhərəm
Məmmədovun şəhid olduğu yerə gedirik.
Kültəpə deyilən əraziyə...
Polkovnik-leytenant Asif Məmmədovla
görüşürük. 90-cı illərin əvvəllərində
Füzuli rayon Polis İdarəsinin rəis müavini vəzifəsində
çalışıb. Kürdmahmudluda
yaşayır. Cəbrayılı,
Füzulini ovcunun içi kimi tanıyır. Məhərrəm
Məmmədovla yaxın dost olublar. Özümü təqdim
edəndə gülümsədi, "sizi tanıyıram,
yazılarınızı "Ədəbiyyat qəzeti"ndə
oxuyuram" - dedi. Açığı,
çox sevindim. Asif müəllim hər həftə
"Ədəbiyyat qəzeti"ni
alır, hətta bir neçə il əvvəl qəzetdə
dərc olunmuş yazılarımı mənə xatırladanda
bir az da təəccübləndim. Qəzetlə
bağlı xoş təəssüratlarını
bölüşəndən sonra bizi Əhmədbəyliyə,
Kültəpə deyilən yerə apardı. Məhərrəm
Məmmədovun şəhid olduğu yerə...
Asif Məmmədov bu yerlərdə şiddətli
döyüşlər gedən vaxtları xatırlayır. Əlini
hündür təpələrə tərəf uzadaraq
"baxın, ən qızğın döyüşlər bu
yerlərdə gedirdi" - deyir. Nə qədər əzizsən,
müqəddəssən, ey Vətən torpağı! Canımızla, qanımızla düşmən
tapdağında qalan yurd yerlərini azad edəcəyik.
Məhərrəm Məmmədovu rahat kabinetində
oturmağa qoymayan hiss məhz bu duyğu, bu istək idi.
Görəsən, son dəfə bu yolu gələndə
hansı hisləri keçirib, nələri
düşünüb? Empatik duyğulara qapılıram, onun həmin
vaxtdakı emosinal halını təsəvvür etməyə,
onunla ruhi bağlılıq qurmağa
çalışıram. İnanıram
ki, ruhu bizi müşayiət edir.
Quru çaydan keçib Birinci Mahmudluya dönən yolda
maşını saxlayırıq. Kültəpə... Mərminin
düşdüyü ərazi... İzaholunmaz
hislər keçirirəm. Məhz bu yerdə,
bu torpaqda Məhərrəm Məmmədovun ruhu bədənindən
ayrılıb, son dəfə məhz bu səmanı seyr edib,
dağların dəyişməz əzəmətini öz
ruhuna köçürüb. Yanıb
külə dönən maşının içində
anası da varmış. Bütövlükdə dörd
nəfər...
Adəm onların vurulduğu ərazidə
addımlayır. Hiss edirəm ki, ürəyində atasıyla
danışır. Sonra Cocuq Mərcanlıya getdik, ürəyimiz
bir az toxtaq tapdı. Burda həyat
qaynayır, insanların əhval-ruhiyyəsi yüksəkdir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini,
ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən
birinci dərəcəli "Əmək" ordeninə layiq
görülmüş Oqtay Həziyevin evində oluruq. Yol kənarında iki yeniyetmə oğlan
uşağıyla rastlaşırıq. Adəm
müəllim maşını saxlayıb onları
sorğu-sual edir. "Cocuq Mərcanlıdanıq"
deyirlər. O uşaqların üzündə intiqam hissi
gördüm. Onlar bəbir kimi hər an
döyüşə atılmağa hazırdırlar. Qürur hissi keçirdik.
Axşam
düşəndə Adəm müəllim dedi ki, atamın
vurulduğu yeri bir də görmək istəyirəm. Gecənin qaranlığında maşın sürətlə
Əhmədbəyliyə şütüyür. İstəyirəm
soruşum ki... Ürək eləmirəm. İçimizdə qövr edən qəhər
burulğan kimidir. Gecənin zülmətini
yaran maşın arxsasınca sanki bir qəzəb
şırımı açır.
Məhərrəm Məmmədovun uyuduğu məzardan
bizi cəmi 5 kilometr məsafə ayırır. Amma biz o məsafəni
adlayıb keçə bilmirik...
Dəli bir istək içimizi çovğun kimi
çulğayır. Bütün sədləri yarıb əlimiz
çatmayan o torpaqlara qovuşmaq. Ruh kimi, qalib
döyüşçü kimi!..
Lələtəpədə Azərbaycan bayrağı
dalğalanır. And yerimiz, qürur mənbəyimiz! O tayda
dağlarımız, kəndlərimiz görünür.
- Ən
qısa zamanda o yerlərə qayıdağacıq! - deyirəm.
- Mütləq
qayıdacağıq! - Adəm müəllim ötkəm səslə
dillənir.
Maşınımız Bakıya istiqamət
götürür. İçimdə yenilməz bir inam hissi
var: növbəti gəlişimizdə birbaşa Şəhidimiz,
Qəhrəmanımız Məhərrəm Məmmədovun məzarını
ziyarətə gedəcəyik.
Kənan Hacı
Ədəbiyyat qəzeti.-
2020.- 12 sentyabr. S. 31.