Varislər
Rais
RƏSULZADƏ: "Bu adın arxasında böyük bir xalq
dayanır"
"Varislər"in
bugünkü qonağı Azərbaycan xalqının XX əsrdə
yetirdiyi ən böyük şəxsiyyətlərdən
biri, xatirəsi, fəaliyyəti hər zaman hörmətlə
anılan, bu gün başımız üstə dalğalanan
üçrəngli bayrağı ilk dəfə qaldıran,
üzünü bütün dünyaya tutub Azərbaycan səslənən
böyük Məhəmməd Əmin Rəsulzadənin varisi
Rais Rəsulzadədir.
Hürriyyət
aşiqi Əmin bəy
O,
1884-cü ildə Bakının Novxanı kəndində
dünyaya gəlib. Atası Hacı Molla Ələkbər
dindar idi, amma oğlunu açıqfikirli, müasir
dünyagörüşlü biri kimi görmək istəyirdi.
Atasının məsləhəti ilə ilk təhsilini
məşhur pedaqoq və maarifçi Sultan Məcid Qənizadənin
direktor olduğu ikinci rus-tatar məktəbində aldı,
oranı bitirdikdən sonra Bakıdakı texniki məktəbdə
təhsilini rusca davam etdirdi. Siyasi fəaliyyətə
başlamasının tarixi çox gənc yaşlarına təsadüf
edir. Hələ 1902-ci ildə, 17 yaşı tamam
olmamış "Müsəlman Gənclik Təşkilatı"nı yaradır, ətrafına özü kimi
düşünən, Azərbaycanın rus
işğalından azad olması, istiqlaliyyətə
qovuşması, hürriyyət arzusu ilə yaşayan gəncləri
toplayır. Onun sonrakı siyasi fəaliyyəti, həyatı,
üzləşdiyi çətinli klər, tutduğu yolda
qarşılaşdığı məhrumiyyətlər, bu
yolda qurban verdiyi doğmaları, yaxınları haqqında
çox şey bilsək də, bəzi məqamları bir daha
onun varisi, nəvəsi, Əməkdar rəssam, Azərbaycan
Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin dosenti Rais Rəsulzadənin
öz dilindən eşitmək istədik.
- Rais bəy,
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan
xalqının ən çox sevdiyi siyasi simalardan biri,
xalqımızın tarixində əvəzsiz xidmətləri
olmuş lider, dahi şəxsiyyətdir. Ümumxalq
sevgisi qazanmış belə bir kişinin nəvəsi olmaq,
bu yükün ağırlığını, bu soyadın
eşqini daşımaq olurmu?!
Soyadı
Rəsulzadə olmaq...
- Əlbəttə, bu soyadı daşımaq həm
şərəf, həm də böyük məsuliyyətdir. Onun nəvəsi
olduğum üçün qürur duyuram. Amma hər addımını
ölçüb-biçməli, hər sözünü
düşünüb deməlisən. Yaşdan,
vəzifədən, sosial vəziyyətdən asılı
olmayaraq hər zaman bu məsuliyyəti hss etməlisən.
Çünki bu adın arxasında təkcə
Məhəmməd Əmin baba yox, böyük bir xalq,
böyük bir dövlət, böyük bir respublika,
milyonlarla soydaşımız dayanır.
- Babanız Məhəmməd Əmin Rəsulzadə bu
xalqın sevimli şəxsiyyətlərindən biri olduğu
üçün onunla bağlı çox şeyi bilirik, amma
bildiklərimizi xatırlamaq, bu tarixi faktları birbaşa sizin
dilinizdən eşitmək maraqlı olar.
-
Doğru qeyd edirsiniz, Məhəmməd Əminin ailəsi
haqqında çox yazılıb. Söhbətin
formatını bilsəydim, gələrkən özümlə
müəyyən sənədlər gətirərdim.
- Amma
formatımız elədir ki, bu layihədə sənədlərdən
daha çox, xatirələr danışır. Bu
gün sizə çox sual vermək fikrində deyiləm.
Sadəcə, birlikdə Rais Rəsulzadənin
xatirə dəftərini vərəqləyək.
- Dediyiniz
kimi, bu ailənin demək olar, bütün üzvləri
güllələmələrə, həbslərə,
sürgünlərə, məhrumiyyətlərə, təqiblərə,
böhtanlara məruz qalıb. Bu ailə hər
cür siyasi, mənəvi, fiziki təzyiqlərlə üzləşib.
Bununla yanaşı, bu ailə həm də Azərbaycan
dövlətçiliyinə, onun siyasi düşüncəsinə,
bayraq, dövlət sevgisinə, onun mədəniyyətinə,
mübarizə əzminə böyük töhfələr
verib. Unutmaq olmaz ki, əvvəldə
saydığım qara zolaq bu insanların bir qədər əvvəl
qeyd etdiyim fəaliyyətinə görə baş verib.
Sovet dərslikləri nə yazırdı?!
Cümhuriyyətin süqutundan sonra da təqiblərin,
fiziki əzabların, həbslərin fonunda bu ailənin
üzvləri türkçülük məfkurəsi
ideyalarını təbliğ etməkdən çəkinmədi,
bu fəaliyyəti davam etdirdilər. Ümumiyyətlə,
azad düşüncəli, demokratik fikirli hər kəs
hakimiyyətə yeni gəlmiş sovetlərin hədəfində
idi. Sovet dərslikləri yazırdı ki,
1917-ci ilə, yəni Böyük oktyabt sosialist inqilabına qədər
xalqımızın tarixi olmayıb. Geridə
qalmış, cəhalət içində yaşayan millət
olmuşuq. Bu, sosialist ideologiyasindan irəli
gələn təbliğat forması idi və bu təbliğatın
arxasında rus şovinistləri dayanırdı.
- Məhəmməd
Əmin Rəsulzadənin iki oğlu, iki qızı olub. Əminiz Rəsul bəy, atanız, bibiləriniz, digər
yaxınlarınız, onların taleyi, aqibəti haqqında
danışın, mümkünsə.
- Məhəmməd
Əmin bəyin iki oğlu, iki qızı olub. Babamın
ilk övladı bibim Lətifə xanımdır, 1910-cu ildə
dünyaya gəlib. Bilirsiniz də, nənəm
Ümbülbanu xanımla babam əmiuşağı olublar.
Sonra 1914-cü ildə Rəsul əmim, 1916-da
ikinci bibim Xalidə dünyaya gəlib. Cümhuriyyətin
süqutundan sonra babamla yanaşı, digər ailə üzvlərinin
də acı və ağır günləri başlayıb.
Cümhuriyyətin
süqutundan sonra
Təsəvvür
edirsinizmi, bolşeviklər hakimiyyətə gəlib, sovet
quruluşu 18 ildir hökm sürür, amma bu quruluş və
onu idarə edənlər yenə Məhəmməd Əminin
varlığından ehtiyat edirlər, buna əsasları da
var. Çünki babam ömrünün sonuna qədər əqidəsindən
dönmədi, sınmadı. Bu yolda ən
yaxın adamları, dostları, qohumları qurban getdi, amma o,
bir gün yenidən Azərbaycanın müstəqil dövlət
olacağına inandı və bu inamla da gözlərini yumdu.
Cümhuriyyət qurulanda Rəsul əmimin 4, bolşeviklər
Azərbaycanı işğal edəndə isə 6
yaşı olub. Yəni, əslində, nə atam, nə də
Rəsul əmim babamı doyunca görə, onun söhbətlərini
dinləyə, fikirlərini eşidə bilməyiblər.
Amma bütün bunlara baxmayaraq, onlar məhz Məhəmməd
Əmin Rəsulzadənin övladları, qohumları
olduqları üçün məhv ediliblər.
Rəsul əmim ilk dəfə Seyid Hüseynlə eyni
gündə - biri Şüvəlanda, o biri Novxanıda - həbs
olunublar. Sonra ikisini də buraxıblar. Daha sonra 1937-ci
ilin sonunda Seyid Hüseyn yenidən həbs olunub və az sonra güllələnib. Seyid
Hüseyn babamla bacanaq olub.
Rəsul əmimi
növbəti dəfə həbs edəndə cəmi iki dəfə
istintaqa çağırıblar, "təqsiri sübuta
yetib" və məşhur "troyka"nın
(üçlüyün) qərarı ilə həmin il,
martın 1-də güllələnib. 24 yaşında, gənc
adam.
Məzarsız
cəfakeşlər
Həbsdə olarkən ona olmazın fiziki təzyiqlər
göstəriblər, sındırmağa, atasına
qarşı çıxmağa çalışıblar,
lakin göründüyü kimi, bu təzyiqlərə boyun əymədiyi
üçün güllələnib. Hətta onun harada
güllələndiyi ilə bağlı dəqiq məlumat
yoxdur. Yəni məzarını da ona
çox görüblər.
1938-ci ildə nənəmi NKVD-yə aparıb, Azərbaycana
xəyanətdə ittiham ediblər. Nənəm bu xəyanətin
nə olduğunu xəbər alıb, cavab veriblər ki, sən
Sovet Azərbaycanının bir nömrəli düşməni,
Müsavat başqanı, Cümhuriyyət lideri ilə əlaqə
saxlayırsan. Nənəm deyib ki, sizin haqqında
danışdığınız adam həyat
yoldaşım, övladlarımın atasıdır. 1934-cü ilə qədər babam arada ailəsinə
bağlamalar, pul göndərirmiş. Bu təzyiqlərdən
sonra nənəm babamın yardımlarından imtina edib.
Səbəb: "İstəmədik əlaqəmiz
övladlarımıza ziyan versin". Atamdan eşitmişdim:
Rəsul əmim hər dəfə dərsdən qayıdanda əsəbi,
gərgin olurdu. Çantasını bir tərəfə
atıb, qəzəbdən özünə yer tapa bilmirdi.
Müəllimlər dərsdə də onu rahat
buraxmırdılar - babamla bağlı təhqirlər,
iftiralar, xalq düşməni ittihamları və s. Bezdirirdilər
onu. Psixoloji hücumlar edirdilər.
Xoşbəxt
günlərin xatirəsi - tar
Yağışlı, soyuq noyabr günlərinin birində
NKVD əməkdaşları Rəsulzadənin ailə üzvlərini
sürgün etməyə gəlirlər. Evdə hökm oxunur: əmlakı
müsadirə edilməklə həbs və sürgün. Əmlak dedikləri bir kamoddan, bir masadan, bir
çarpayıdan ibarət olur. Atam yaxşı tar
çalırdı. Bircə tarı özü
ilə götürməyi xahiş edib və nə
yaxşı ki, mane olmayıblar. Atam altmış il o tarı özü ilə gəzdirdi.
İndi həmin tar məndədir. Bir müddət
əvvəl Dövlət Konservatoriyasında həmin tarın
təqdimatı oldu. Xalq artisti Ramiz Quliyevin
köməkliyi ilə tarı bərpa etdik. Tarın çanağının içində
"1917-ci il" yazılmışdı. Yəni o tarın indi 103 yaşı var. Təqdimatda
Ramiz müəllim həmin tarda bir neçə musiqi ifa etdi.
O tar sürgün illərində, ucsuz-bucaqsız Qazaxıstan
çöllərində, Çolak-Kurqanda, Taldı-Kurqanda
atama əsl yoldaş oldu, dünyadan küsdüyü, həyatdan
bezdiyi, ruhunun çarmıxa çəkildiyi anlarda o tarın
səsi atama güc, yaşamağa ümid verdi. Orada yaxınlıqdan Nura çayı axırdı.
Bəzən bazar günləri tarı
götürüb sahilə gedir, saatlarla müxtəlif musiqi
parçaları çalırdı (gözləri dolur).
Bir aya qədər Gəncədə saxladıqdan sonra,
yük vaqonlarına mindirib, sürgünə aparıblar. Eşitdiyimə
görə, sürgünə göndərildiyi gün bir sərəncam
çıxıb və orada qeyd olunub ki, onları
sürgün etmək o qədər də vacib deyil, sadəcə,
Azərbaycan ərazisində tez-tez yerlərini dəyişməklə
kifayətlətmək olar. Amma bu sərəncam
bizimkilərə şamil olunmayıb. Bir
aya qədər şəraitsiz, soyuq, narahat vaqonlarla yol gedib, nəhayət,
o "cəhənnəmə" çatıblar. Qadınlarla kişilərin yerini bircə pərdə
ilə ayırıblar. Yol boyu xəstəlikdən,
aclıqdan, fiziki işgəncələrdən
dünyasını dəyişənləri elə yol kənarındaca
dəfn edirmişlər.
Sürgündə
ilk qurban
Atamın
analığı Maral xanımın 71 yaşı olub,
mömin xanım idi, demək olar, heç nə yemir, yol boyu
qəndi suya batırıb yeyir, su içirdi. Əvvəlcə
onları Çolak-Kurqanda şəraitsiz, soyuq məktəb
binasına yerləşdirirlər. İlk günlər
Maral xanım gizlədib özü ilə apardığı
üzüyə bir az ərzaq alıb
bişirib yeyiblər. Dəhşətli
aclıq olub. İnsanları atıblar
çölün düzünə, gəlib axtaran, vəziyyətləri
ilə maraqlanan yox idi. O yeməkdən sonra Maral
xanımın halı pisləşib, günlərlə ac
qaldığından bağırsaqları dolaşıb. Ara həkimi gəlib baxsa da, kömək edə bilməyib
və beləcə, Rəsulzadə ailəsi sürgündə
ilk qurbanını verib. Qarlı-çovğunlu
bir gündə, torpağı qardan təmizləyib, Maral
xanımı dəfn ediblər. Atam
danışırdı: "Öz əllərimlə o
imanlı qadını torpağa verdim".
Bu hadisələr atamı çox
sarsıtmışdı. 17-18 yaşlı bir adam
tanımadığı uzaq bir yerə düşüb. Bəzən günlərlə baş alıb səhraya
gedir, bir qədər özünə gələndən sonra
qayıdırmış. Bir faktı deyim: repressiya illərində
Azərbaycan əhalisi sayına görə nisbətdə
keçmiş sovet dövlətləri arasında ən
çox repressiyaya məruz qalan respublika olub. Lap dərinə
getsək, bu, elə Moskvanın azərbaycanlılara
qarşı soyqırımıdır.
Atam
babamla görüşməkdən imtina edir
Belə məhrumiyyətlərlə yaşamaq
mümkün deyildi. Nənəm Ümbülbanu xanım
SSRİ rəhbərlərindən olan Kalininə yerimizin dəyişdirilməsi
xahişi ilə məktub yazdı və işə yaradı.
Ailəmizi Çin sərhədlərinə,
Taldı-Kurqana göndərdilər. Atam orada ağır
metal mədənlərində işlədi. Çox çətin
iş idi. Müharibə
başlamışdı, əslində, sürgün
olunanların övladlarını müharibəyə
aparmırdılar, amma 1943-cü ildə vəziyyət dəyişdi.
Atamı Hərbi Komissarlığa
çağırıb İrana, Tehran ətrafına göndərdilər.
İranda olarkən hərbi hissədən arabir
şəhərə çıxır, bəzən
keçmiş qonşularımızla
görüşürdü. Bir dəfə
onu qonaq çağırırlar. Atam tarını
da götürüb gedir. Onun
üçün süfrə açırlar. Siqaret çəkməyə çıxanda biri
yaxınlaşıb deyir ki, səni atanla
görüşdürmək istəyirik. Atam
razı olmur. Deyir, birdən ağlıma gəldi: bu mənimçün,
ya da atam üçün qurulmuş tələ də ola bilərdi. Sonradan bu xəbər
babama da çatır. Deyirlər, oğlun
səninlə görüşməkdən imtina etdi.
Babam atama haqq qazandırıb deyir: - Ağıllı iş
görüb.
1940-cı ildə Ümbülbanu xanım sürgündə
dünyasını dəyişir. Elə "Rəsul"
deyə-deyə gözlərini yumur.
Əzim
Əzimzadə onu məktəbdən qovdu
Seyid Hüseynin oğlu Oqtay Salamzadə ilə atam dostluq
edirdi. Eyvanda özləri üçün üzüm,
bardaq, bəzi şeylər qoyub natürmort qurub, akvarellə
çəkirmişlər. Əzim Əzimzadə Seyid
Hüseynlə dost idi. Onların çəkdiyi
natürmortu görüb bəyənib, ikisini də direktoru
olduğu rəssamlıq məktəbinə qəbul edib.
Oqtay çox istedadlı oğlan idi, dəfələrlə
respublika yarışlarında qalib gəlmişdi, amma xalq
düşməninin oğlu olduğu üçün ona yer
vermirdilər. Əzimzadə onları məktəbə
qəbul etdikdən bir qədər sonra vəziyyət dəyişmişdi.
Oqtayın əlaçı, istedadlı
olmasına baxmayaraq, onu heç bir səbəb olmadan məktəbdən
xaric etmişdilər. Oqtay danışırdı:
"Bikef gəzirdim şəhərdə, birdən atamın
nazirlikdə işləyən keçmiş
tanışlarından birini gördüm, kefsiz olduğumun səbəbini
soruşdu, məktəbdən çıxarıldığımı
dedim. Həmin adam nazirlikdə mənim məsələmi
yoluna qoydu, yenidən məktəbə bərpa olundum. Vəziyyət o qədər çətin idi ki,
insanlar hər şeydən çəkinirdilər. Ola bilsin, Əzim Əzimzadəyə təzyiq olunub,
ya da qabaqlayıcı tədbir görüb. Nə bilim?!".
Məhəmməd
Əminin kürəkənisənsə...
Bibim Lətifə xanım ərdə idi, ayrı
qalırdı.
O da çox acı tale yaşayıb. Lahıclı
mühəndis Damad Müslümzadə adlı adamla ailə
qurub. 1939-cu ildə bu adamı da Müsavat
partiyası ilə əlaqədə olduğu
üçün həbs edib güllələyiblər.
İttiham: Rəsulzadənin kürəkənisən, vəssalam!
Lətifəni iki uşaqla birlikdə
Semipalatinska, sürgünə göndəriblər. Kiçik qızı Sona körpə olub,
özü də xəstə imiş. Körpəni
xəstəxanaya yerləşdiriblər. Həmin
uşağın taleyi sonradan qaranlıq qaldı. Xəstə, zəif uşaq imiş, bəlkə də
ölüb.
Sürgün həyatları çox məşəqqətli
olub. Taxta baraklarda qalırmışlar. Yayı isti keçir, amma qışda bəzən
40 dərəcəyə qədər şaxta
düşür. Bir səhər
qızı Firuzə yuxudan qalxır, anasını oytamaq istəyir,
nə qədər tərpətsə də, Lətifə
oyanmır. Soyuqdan donub. Firuzə o biri tərəfə çevrilib
bacısı İşvəni oyatmaq istəyir, o da donub.
(Gözləri yaşarır.) Dəhşətli mənzərədir. Heç kəs yaxın durmur. Bir
neçə yerli qazax gəlib dəfn ediblər. Firuzənin 7-8 yaşı olub, qalıb ortalıqda,
sonra onu uşaq evinə yerləşdiriblər.
Xalidə bibim sürgündə dözə bilmir, nə
qədər təhlükəli olasa da, 1943-cü ildə min
bir əziyyətlə qaçıb Bakıya gəlir. Bir müddət
Seyid Hüseyngildə qalır, amma bunun təhlükəli
olduğunu başa düşür. Neftçalada
tanışları olur, onu qatara mindirib Neftçalaya yola
salırlar, bundan sonra ondan heç bir xəbər
çıxmır.
- Məhəmməd
Əmin Rəsulzadənin babanız olduğunu nə vaxt
anladınız?
"Bilirdim
ki, bu adam mənim babamdır..."
- Məktəbə
gedirdim, kitab, qəzet oxuyurdum. Tez-tez rastıma
çıxırdı babamın adı. Üstəlik,
atam savadlı idi, idmanla məşğul olurdu, yaxşı
üzə bilirdi. O da yeri düşdükcə
danışırdı bizə babamla bağlı müəyyən
şeyləri. Sürgün həyatı atama
çox şey öyrətmişdi. Yaxşı
mebellər düzəldirdi. Daşdan divar
sobaları yığırdı. Bir
müddət müəllimlik etmişdi. Sürgündə
olduğuna baxmayaraq, atam hər zaman öz şəxsiyyətini
qorudu. Ətrafında olan adamların hamısını
adı ilə çağırırdılar: Petya, Vitya,
Saşa və s. Amma hamı atama Azer Mamedoviç deyərək,
müraciət edirdi. "Sovet Azərbaycanının
tarixi" dərsliyini oxuyanda babamın adına
rast gəlirdim. Leninin, Stalinin, Şaumyanın fikirlərinə
etiraz etdiyini yazırdılar. Doğrudur, o
kitablarda babamın fikirlərini kəskin tənqid edirdilər,
amma yavaş-yavaş həqiqəti başa
düşürdüm. Bilirdim ki, bu adam
mənim babamdır.
- Əmin
bəy təqiblərdən yaxa qurtarmaq üçün
1908-ci ildə Təbrizə qaçır və orada Cənubi
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Səttarxanla
görüşür...
Səttarxanla
görüş
- Hə,
bu da çox maraqlı tarixi dövrdür... Bir
gün dedilər, iki yapon araşdırmaçı mənimlə
görüşmək istəyir. Görüşdük.
Yapon ləhcəsində türkcə
danışırdılar. Məhəmməd
Əminin nəvəsi olduğumu öyrənib, məni
görmək istəyiblər. Tokio
Universitetinin filologiya və tarix üzrə professorları idilər.
"İranda demokratiya" mövzusunda tədqiqat
aparırlar, Tehranda arxivlərdə olublar. Səttarxan haqqında yazmaq istəyiblər, amma sənədlərdə
hər sətirbaşı Məhəmməd Əmin adı ilə
qarşılaşıblar və bu ad onlarda maraq doğurub.
Başlayıblar Məhəmməd Əmini
araşdırmağa. Ankarada, İstanbulda
arxivləri araşdırıblar və babamın fəaliyyətini
öyrəndikcə heyrətə gəliblər. Çox böyük məhəbbətlə
danışırdılar babamdan. Ayrılarkan
göz yaşlarını saxlaya bilmədilər.
İranda Seyid Həsən Təqizadə adlı məşhur
siyasətçi olub. 1946-cı ildə İran parlamentinə sədr
seçilib. Gəncliyində babamla
İranda görüşüb, yaxın olublar. O, xatirələrində
yazırdı ki, mən bir ömürdə dünyanın
çox siyasətçisi, çox dövlət və
hökumət adamı ilə görüşdüm, amma Məhəmməd
Əmin bəy qədər ziyalı, intellektual, savadlı, mədəni
adam görmədim. O, təkcə Şərq
aləminin deyil, dünyanın ən işıqlı siyasətçilərindən
biridir. Belə bir övladı olan xalq xoşbəxtdir".
Səttarxanla görüşüb, bərabər fəaliyyət
göstəriblər, "Məşrutə hərəkatı"nda
iştirak edib və s. Amma çar hökuməti orada ona
rahatlıq verməyib, həbs olunmasını tələb
edib və beləcə, İstanbula getməyə məcbur
olub. Orada Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağayev ilə görüşüb, birgə fəaliyyət
göstəriblər. 1911-ci ildə
Türkiyədə Müsavat partiyasının əsasını
qoyublar.
- Əmin bəyin Stalinlə yaxın münasibəti
olub. Bakıda fəhlə hərəkatında iştirak
etdikləri vaxtlardan tanıyıblar bir-birlərini və hətta
Stalin Əmin bəyin həbsdən azad olunmasında, Moskvaya
getməsində birbaşa özü iştirak edib.
Rəsulzadə
və Stalin
-
Onların tanışlığının tarixi 1906-1907-ci illərə
təsadüf edir. Babam "Stalin və
inqilab" adlı xatirələrində yazır ki, fəhlələri
tətilə dəvət etdiyi üçün yerli sahibkarlar
Stalini tutub neft quyusuna atmaq istəyiblər, babam o vaxt Stalini
ölümdən xilas edir. Daha sonra
müsavatçı yoldaşları ilə Stalinin Bayıl həbsxanasından
qaçırılmasının təşkilatçılardan
biri olur. 1920-ci ildə Bakıda olan Stalin
M.Ə.Rəsulzadənin həbsdə olduğunu öyrənir
və həbsxanaya gələrək onu azad edir. Bununla
babama olan can borcunu qaytarır.
Cümhuriyyət devrildikdən sonra babam Lahıca
sığınır. Orada "Əsrimizin Siyavuşu" əsərini
yazır. Yerli adamlardan biri yerini xəbər
verir, gəlib onu həbs edirlər. Bir tüfəngə
satıb adam babamı. Bəlkə də
kimi satdığını dərk etməyib, kim
bilir.
Növbəti
gecə istintaqlarının birində gur işığın
arxasında qaraltı görünür və həmin
qaraltı babama yaxınlaşır: "Məni
tanımadın?" - soruşur. "Mənim
inqilab dostum, Koba", - babam cavab verir. Görüşürlər.
Stalin: "Səni tanıyıram, bu müddət ərzində
boş oturmazsan. De görüm nə fikirləşirdin?". Babam: "Sürgündə olanda da, həbsdə
olanda da ağlımda bir fikir vardı, sizi necə devirmək
barədə plan cızırdım", - cavab verir.
Stalin gülür. Babamın nə qədər işıqlı adam olduğunu söyləyir, deyir həbsxana sənin
yerin deyil, bir yerdə fəaliyyət göstərməliyik. Sənə icazə verirəm, get ailənlə
görüş, vidalaş, birlikdə Moskvaya gedəcəyik.
Həbsxanadan çıxıb evə gəlir,
ailəsi ilə görüşür. O vaxt atam 3
aylıq olub, adını Əliheydər qoyublar, babam
atamın adını dəyişib Azər qoyur.
Moskvada Stalin babama vəzifə təklif edir,
çünki onun təcrübəsindən, nüfuzundan,
imkanlarından yararlanmaq istəyir, amma babam razı olmur. Hətta onun Nərimanovu
əvəz etməsi barədə danışıqlar gedir,
babam buna da etiraz edir. Üstəlik, təklif
edirlər ki, siyasi əqidəni dəyiş, səni Azərbaycana
rəhbər təyin edək. Babam
işğalçı ölkənin əli altında işləməkdən
imtina edir. Nərimanovla görüşəndə
ona da öz fikrini çatdırır. Deyir Nəriman,
narahat olma, mənə təklif olunan heç bir işə
razılıq verən deyiləm. Stalin babam haqqında
yazırdı: "Bu, Rəsulzadə çox qəribə
adamdır, nə vəzifə, nə iş təklif edirsən
et, razı olmur". Axırda
Millətlər evində rusiyalı alimlərin Şərq ədəbiyyatı
üzrə elmi işlərinə kömək etməyə
razılıq verir. 1921-ci il, Rusiyada dəhşətli
aclıq hökm sürür, atam nəzarət altında olsa
da, nüfuzuna, hörmətinə görə ona da alimlərə
verilən ərzaq payından ayırırlar.
Moskvadan
Sankt-Peterburqa
1922-ci ildə onu Moskvadan Sankt-Peterburqa göndərirlər. Orada bir
müddət yaşayır, müəyyən fəaliyyəti
olur, sonra bir neçə nəfərin köməyi ilə
Fin körfəzini keçib, Finlandiyaya mühacirət edir.
Müəyyən tanışların köməyi
ilə pasport düzəldirlər onun üçün və
yenidən Türkiyəyə sığınır. Amma SSRİ hökuməti Türkiyəyə nota
göndərir və 30-cu ildə babam bir müddət
Polşada yaşamalı olur. Yəni bu
adamın bütün həyatı sınaqlarla, məşəqqətlərlə,
fiziki və mənəvi çətinliklərlə
keçir. Polşa sovet hökumətini qəbul
etmirdi. Yuzef Pilsudskinin də tərcümeyi-halı
Məhəmməd Əminin tərcümeyi-halına bənzəyir.
O da Polşa Respublikası qurmuşdu. Polşadakı
mühacirlər "Prometey" təşkilatı
yaradırlar və Rəsulzadə təşkilatın rəhbərlərindən
biri olur. SSRİ yenə onu rahat
buraxmır. M.Ə.Rəsulzadə məqalələrinin
birində yazırdı: "Ruslar elə həmin
ruslardır, heç dəyişməyiblər. Rus şovinistləri özlərini SSRİ tərkibində
olan bütün millətlərdən üstün tuturdular.
Millətlərə bərabərlik yox,
onların iradəsi və hökmranlığı altında
həyat vəd edirlər. Təəssüflər
olsun ki, hakimiyyətə yeni gəlmiş bolşeviklər də
rus imperializminin yüz illər boyu yürütdüyü
siyasi xətlə addımlayırlar".
-
Çox şərəfli, amma olduqca acı taledir. Həyəcansız, kövrəlmədən, təəssüflənmədən,
qürur duymadan dinləmək olmur.
Rais bəy, mümkünsə, bir qədər Azər bəyin
ailəsindən danışın.
"Atam
sürgündə olan doğmalarını itirmişdi"
-
Anamın ailəsi Naxçıvandan sürgün
olunmuşdu. Naxçıvanda
sayılıb-seçilən kişinin ailəsi idi. Anamın ulu babası Məşədi
Böyükağa o yerlərin çox imkanlı
adamlarından biri olub. El içində
hörmətini saxlayıblar. İlk dəfə
altıncı sinifdə oxuduğum vaxt anamın doğma
yurd-yuvası ilə tanış oldum. Buz kimi soyuq suyu olan Çınqıllı bulağa
getdik. Bir qoca kişi vardı, kim
olduğumu bilən kimi gözləri yaşardı. Mənə qəribə gəldi. Dedilər babamı yaxından tanıyan biridir.
1920-ci ildə sovet hökuməti qurulanda Məşədi
Böyükağa deyib ki, hər şeyimi verməyə
hazıram, amma sizin bayrağınıza baş əyə bilmərəm. Mənə
icazə verin, bu ölkəni tərk edim. Oğluna,
yəni anamın atası Rəhim ağaya deyib ki, gəl bir
yerdə gedək, babam razı olmayıb. Məşədi
Böyükağa İrana gedib. Rəhim ağa çox
müasir dünyagörüşlü adam
olub. İlk dəfə torpaqlarını
traktorla şumladan adamlardan biridir. Şəhər
sovetinə deputat seçilib. Otuzuncu illərdə
onun üzünə durmağa bir nəfər tapılır.
Onsuz da bir gün həbs olunacağını
gözləyirmiş. Ana nənəm
danışırdı: Rəhim ağa işdən təzə
gəlir evə, üç nəfər NKVD əməkdaşı
həyətə girir. Deyirlər, bizimlə getməlisən.
Məsələnin nə yerdə olduğunu
başa düşür. Deyir, işdən
təzə gəlmişəm, yuyunub, bir tikə çörək
yeyim gəlirəm. Adamlar gedib, babam
tövlədən atını çıxarıb
atılıb tərkinə.
...Bəlkə
bir gün gəlib sizi apardım
Nənəm Fizzə xanım atın ayaqlarını
qucaqlayıb, babamın getməyinə mane olmaq istəyib. Babam deyib ki,
çağırdıqları yerə getsəm,
üzümü görməyəcəksiz, aparıb bir dərədə
güllələyəcəklər məni. Amma belə getsəm, bəlkə də bir gün gəlib
sizi də apardım. Atı çapıb
dağlara gedir, başına dəstə yığır,
qaçaqlıq etməyə başlayır. 17 nəfər
əlisilahlı adam qoşulur ona.
Sarışın adam olub. Evdə
rus mürəbbiyə ona Saşa dediyindən elə kənddə
hamının yaddaşında Saşa kimi qalıb.
Bir gecə ailəsini aparmaq üçün evinə
qayıdır, amma gec olur, artıq ailəni sürgün
etmişdilər. Hər yerdə onu axtarırdılar.
İllər sonra ondan donos yazan adamın kimliyi bilinir. 90
yaşlı xalası oğlu bir gün halallıq almaq
üçün gəlir və deyir ki, bu sirri özümlə
qəbrə apara bilmərəm. Bəs, o
vaxt sizdən donos yazan mən idim. Məni
döyə-döyə Saşanın əleyhinə donos
yazmağa məcbur elədilər.
Rəhim babam Naxçıvandan Arazı keçib Vanda məskunlaşmışdı. Rusca
yaxşı bilirdi. Qaçaq
vaxtlarıdır, çayı keçməlidirlər. Arazın sularının harada dayaz olduğunu bilirlər,
ruslar da postlarını elə o yerlərdə qururlar. Yağışlı bir gün rus zabiti forması
geyinib, atılır atın tərkinə, başının
adamları da pusquda dayanıb gözləyirlər.
Postdakı əsgərlərin üstünə
çığırır: "Siz burda ocaq qalayıb
qızınırsız, qaçaqlar o tərəfdə sərhədi
keçirlər". Bir yağlı
söyüş də söyür. Postdakı
əsgərlər tez onun göstərdiyi tərəfə
gedirlər, o da işarə edir, öz adamları ilə bir
yerdə çayı keçirlər. Sonradan
ruslar arxadan nə qədər atəş açsalar da xeyri
olmur.
"Atamla
anam sürgündə tanış olublar"
Atamla anam
sürgündə tanış olublar. Atam Azər bəy anam Şölə xanımın
müəllimi olub. Belə
tanıyıblar bir-birlərini. Maral xanım
dünyasını dəyişmişdi, bacısı
qaçmışdı, atam tam tək qalmışdı... Anamgilin ailəsi ilə yaxın idi. Atam həm müəllimlik edir, həm portretlər
çəkirdi. Müharibədən
qayıtdıqdan sonra ailə qurmuşdular.
Arabir Bakıya gəlib-gedirdi. Növbəti səfərlərinin
birindən sonra xeyli fasilə olur. Artıq
vəziyyətimiz düzəlmişdi, atam rəssam kimi də,
müəllim kimi də babat qazanırdı.
Geyinib-kecinib, plaş, şlyapa... Yeddi gün
qatarla yol gəlir, çatır Krasnovodska. Xəzərin mehi vurur onu, doğma yerlərin
havası dolur ciyərlərinə, özünü elə
paltarlı-şlyapalı atır dənizə (gözləri
dolur). Suyu öpür, dalğaları
qucaqlayır. Bu həsrət bir ömür bitmədi
ki... Vətən həm maqnit kimi bizi çəkirdi,
həm də elə maqnitin eyni qütbləri kimi itələyirdi.
Bir
ömür bitməyən həsrət
1965-ci ildən Bakıdayam. Orta məktəbi
Qazaxıstanda əla qiymətlərlə bitirmişdim. Atam nə qədər təkid etsə də,
Bakıya qayıtmaq istəyimin qarşısını ala bilmədi.
Burada təhsil aldım. Nə
yolla olur-olsun, həsrətini çəkdiyim günlərin əvəzini
çıxmaq istəyirdim. Axırda dedi ki, səni
sınayırdım, Bakıya getmək istəyin çox
doğru fikirdir.
1988-ci ildə növbəti dəfə gəldi
Bakıya. Qarabağ hadisələri başlamışdı.
Bakıda bir yerdə gəzdik. 1991-ci ildə, 20 Yanvar hadisələrindən sonra
yenə gəldi. Şəhidlər
xiyabanı təzə salınırdı, ilk şəhidlər
dəfn olunmuşdu. Dedi, məni Şəhidlər
xiyabanına apar, ziyarət etmək istəyirəm. Xeyli qərənfil alıb getdik xiyabana. Ziyarət etdik.
Ulu
öndərlə görüş
Adam da az idi. Birdən qoluma toxunub,
işarə ilə yaxınlıqdakı adamı göstərdi.
Heydər Əliyev də şəhidlərimizi
ziyarət etməyə gəlmişdi. Yanında
3-4 nəfər vardı.
- Ulu
öndərin o vaxt Bakıya gəlməsini mən də
xatırlayıram. Filarmoniyada
Yazıçılar Birliyinin qurultayında da iştirak etdi,
biz də gənc yazarlar idik, ətrafına toplaşdıq,
söhbət etdik. Unudulmaz xatirə idi
çoxumuz üçün.
- Ziyarət
edə-edə bir qədər də yaxınlaşdıq. Heydər Əliyeviç də atamı gördü
və yaxınlaşdı. Salamlaşdılar.
Heydər Əliyeviç dedi ki, siz Məhəmməd
Əminin oğlu Azərsiz?! Sizi televizorda
görmüşəm. Kefini xəbər
aldı. Atam: "Xalq düşməninin oğlu
damğasını üstümdən atmışam, indi sərbəst
adamam" - dedi. Heydər Əliyeviç də gülümsəyərək:
"Mən də kommunist damğasını üstümdən
atmışam, indi Naxçıvandayam. Leninin
büstünü atıb, Məhəmməd Əminin
büstünü ucaltmışıq, onun
qaldırdığı bayrağı
qaldırmışıq" - söylədi.
Atam dedi
ki, "sizə bir sual vermək istəyirəm, olar? Heydər Əliyeviç
imkan yaratdı. Atam dedi: "Azərbaycana rəhbərlik
etdiyiniz dövrdə Vətənə qayıtsaydım, məni
qəbul edər, ev, iş verərdinizmi?".
Heydər Əliyeviç gülümsəyərək cavab verdi: "Buna qətiyyən şübhəniz
olmasın. Gərək qayıdardınız.
Mən respublikaya təzə birinci katib təyin
olunmuşdum. Qlavlit vəzifəsinə (ədəbiyyat
və nəşriyyat işləri üzrə baş idarə)
adam lazım idi. Bir gün gəlib məlumat
verdilər ki, münasib adam tapa bilmirik,
amma bir nəfər var, yəqin, siz onu qəbul etməzsiniz. Həmin
adamın kim olduğunu soruşdum, dedilər
Məhəmməd Əminin qohumudur. Dedim bunun nə fərqi
var ki, işləyə bilərsə, qoy işləsin. Həmin adamı o vəzifəyə təyin etdim,
yaxşı da işlədi". Aralarında
çox səmimi söhbət oldu.
Sonra Novxanıya gedib, doğmalarımızın qəbrini
ziyarət etdik. Babam Molla Ələkbərin qəbrinin yanındakı
boş yeri göstərib dedi ki, məni burda dəfn edərsən.
Novxanı çimərliyinə baş çəkdik,
uşaqlıq xatirələrindən, bu sahildə keçən
günlərindən danışdı mənə...
Atamın
son günləri
Bir də xəbər verdilər ki, yatağa
düşüb, vəziyyəti ağırdır. Tez
özümü ona çatdırdım. Üç
aya qədər yanından çəkilmədim. Həkimlər gəlib-gedirdi, müalicə edirdilər,
bir gün tatar mollası gəldi, ikilikdə xeyli söhbət
etdilər. Molla gedəndən sonra atamdan bunun səbəbini
soruşdum, dedi ağrılarım dözülməzdir,
molladan xəbər almaq istəyirdim ki, intihar eləsəm,
bunun cəzası ağır olacaq, ya yox. Molla
bunun günah olduğunu başa saldı.
Ulu
öndərin diqqəti
Bir
neçə gün də keçdi, qazax həkim gəlib yenə
müayinə etdi və məni kənara çəkib dedi ki,
bu gün hər şeyə hazır olun. Elə
həmin gün dünyasını dəyişdi. Həmişə deyirdi ki, ən böyük arzum Vətəndə
dəfn olunmaqdır. Atam
dünyasını dəyişəndə Azərbaycanda
1993-cü ilin məlum iyun hadisələri baş vermişdi,
qarışıqlıq idi, təyyarə göndərməliydilər,
gecikirdi. Bir-birlərinin üstünə
atırmışlar. Xəbər ulu öndərə
çatan kimi tez tapşırıq verdi, təyyarə
göndərildi və atamın nəşini Bakıya gətirdik.
Heydər Əliyeviç dövlət komissiyası
yaratmışdı, Lalə Şövkət evə gəlmişdi,
dedi, Heydər Əliyeviç Azər Rəsulzadənin Fəxri
xiyabanda dəfn olunmasını təkilf edir, ailəmiz
adından təşəkkürümü bildirdim və
atamın vəsiyyətini söylədim. Beləcə,
atam həsrətilə yaşadığı doğma Vətən
torpağında əbədi rahatlıq tapdı.
Rais RƏSULZADƏ
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 2-4.