"Nurəngiz
Gün Beynəlxalq Şeir Ödülü-2020"nin qalibləri müəyyənləşdi
"Nurəngiz
xanımın əsərində yazıçı
üçün çox vacib olan keyfiyyətlərdən
birinə - səmimiyyətə söz ola bilməz" - bu, Xalq
yazıçısı Mirzə İbrahimovun sözləridir.
"Biz
durduqca, bizdən sonra gələn nəsillər durduqca
ölməz şairəmizin sözü, şeiri həmişə
yaşayacaq" -
bunu Xalq yazıçısı Anar deyir. "Poeziya ilə,
şeirlə əkiz doğulmuşdu" - deyir Xalq şairi
Fikrət Qoca.
Akademik
Rafael Hüseynovun "adi adamlar kimi yol getməyən,
ayağı yerə dəyməyən, buludlar üstündə
gəzən, bir tənha yarpaq kimi uçan, süzən..."
- kimi gözəl
sözlərlə anılır o.
Akademik İsa Həbibbəyli onun
yaradıcılığını "günəşə
boylanan bənövşə çiçəyinə" bənzədir. Akademik Teymur Kərimli
isə hesab edir ki, onun yaradıcılığını
mütaliə eləmək təhlükəlidir,
çünki bundan sonra onun kimi düşünmək, onun
kimi şeir demək, onun kimi pıçıldamaq və onun
kimi hayqırmaq istəyirsən.
ABŞ,
Türkiyə, İtaliya, Özbəkistan, Fransa, Monteneqro,
Rumıniya, Moldova,.. daha
haralar və daha kimlər
danışmayıb onun barəsində. Bir-birindən
maraqlı və gözəl bu təsbitlərin sayı və
çoğrafiyası genişlənsə də ünvanı
birdir: bir neçə gündən sonra doğum gününü qeyd
edəcəyimiz, xatirəsini əziz tutduğumuz, XX əsrin
ikinci yarısı Azərbaycan ədəbiyyatının ən
güclü və özünəməxsus poetik səslərindən
olan görkəmli şair, nasir və publisist Nurəngiz
Gün.
1938-ci il sentyabr ayının 21-də Bakı şəhərində
anadan olub. Mədəniyyət və İncəsənət
Universitetini bitirib. 1960-1974-cü illərdə Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsində diktor
işləyib, 1979-1984-cü illərdə Azərbaycan
Dövlət İncəsənət Universitetində səhnə
danışığı və nitq mədəniyyəti
kafedrasında müəllim olaraq çalışıb. Ədəbiyyata "Tanrı" (1980) povesti ilə
gəlib. O vaxtdan indiyədək məhsuldar
yaradıcı yol keçən Nurəngiz Gün
"Əsrin son yuxusu", "Ağ qanadlar", "Salamat
ol, Ağca yol", "Quzey Kıbrıs
rüzgarları", "Qar romanı", "Xocalı
simfoniyası", "Sevgi ağacının
elegiyası" poemalarının və yüzlərlə
şeirin, "Əbədi və əsrarəngiz" silsilə
sonetlərin, "Ən hündür çiçək təpəsi
və qar quyu", "Qırmızı gecə" kimi
povest və hekayələrin, publisist yazıların, pamfletlərin,
teatr resenziyalarının müəllifidir.
Nurəngiz
Gün 6-10 may 1990-cı il tarixində
Əskişəhərdə keçirilən Yunus Əmrə
Konqresinin, 1992-ci ilin iyununda isə Türksoyun Ankarada
keçirilən I qurultayının Azərbaycan tərəfindən
ilk iştirakçısı olub. O, 1998-ci ildə Azərbaycan
dövlət nümayəndə heyətinin tərkibində
Türkdilli Xalqların Bursada keçirilən VI
qurultayının, 2005-ci ildə isə Dünya Azərbaycanlıları
Konqresinin İsveçdə keçirilən
qurultayının nümayəndəsi olub. Həmin
qurultayda şairin "Xocalı simfoniyası"
poemasının əsasında çəkilən eyniadlı
sənədli-bədii film nümayiş etdirilib.
Əsrin ən böyük faciələrindən biri kimi tarixə
düşən, Azərbaycan xalqının əbədi dərdi
olan Xocalı qətliamı barədə Nurəngiz
Günün böyük yanğıyla qələmə
aldığı, bu faciəmizə həsr edilmiş ilk bədii
əsər olan "Xocalı simfoniyası" poeması
2004-cü ildə Lider Televiziyası, 2008-ci ildə Azərbaycan
İctimai Televiziyası, 2011-ci ildə isə Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən ekranlaşdırılıb. Nurəngiz xanımın İkinci Dünya müharibəsinin
dəhşətlərindən və bu müharibədə Azərbaycan
xalqının verdiyi itkilərdən, göstərdiyi qəhrəmanlıqlardan
bəhs edən "Salamat ol, Ağca yol" poemasının
və humanizm ideallarını tərənnüm edən
"Tanrı bəşər övladıdır" povestinin
əsasında filmlər çəkilib. Onun
Yuqoslaviyada Novo-Makedoniya nəşriyyatı tərəfindən
buraxılan "Səslər" adlı dünya
almanaxında çap olunan doqquz şeiri "Yaşıl
budaq" (1987, Üsküp) mükafatı ilə təltif
edilib. Publisistik
yaradıcılığı "Türk millətinə xidmətlərinə
görə" formulu ilə təqdir edilərək Azəri-Türk
Qadınları Birliyinin "Sara Xatun" Fəxri Diplomuna
(2001) layiq görülüb. Nürəngiz
Gün "Humay" Beynəlxalq Mükafatı (2005),
Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin Fəxri
Fərmanı (2006), Qafqaz-Media İctimai Birliyinin
"Vicdanlı qələm" (2006), "Müqəddəs
qələm" (2007) və "Cəsarətli qələm"
(2009) diplomları ilə təltif edilib. 2009-cu
ildə "Xocalı simfoniyası" poemasına görə
Mahmud Kaşqari Fondunun mükafatını, 2014-cü ildə
isə Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının "Türk Ədəbiyyatına
Xidmət" Beynəlxalq mükafatını alıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü olub. 2006-cı
ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı sərəncamla
Prezident təqaüdünə layiq görülüb.
Nürəngiz Gün 2014-cü il
dekabrın 20-də 76 yaşında vəfat edib.
***
Nurəngiz Günün poeziyası hər keçən
gün öz üfüqlərini genişləndirir, müxtəlif
dillərə tərcümə edilir, nüfuzlu jurnal və dərgilərdə,
ədəbiyyat saytlarında dərc edilir.
Görkəmli şairənin adı beynəlxalq miqyas
qazanır. Bir neçə ay əvvəl xəbər verdiyimiz
kimi, artıq şairənin adını daşıyan beynəlxaq
ədəbi mükafat da təsis edilmişdi - "Nurəngiz
Gün Beynəlxalq Şeir Ödülü". Müxtəlif xalqların təmsiçisi
olan tanınmış şairlərin
yaradıcılığını Azərbaycanda tanıdacaq və
yalnız əcnəbi şairlərə veriləcək, eyni
zamanda həm Nurəngiz Günün
yaradıcılığını, həm də onun
simasında bütövlükdə
XX əsr Azərbaycan şeirini təbliğ etmək
kimi nəcib məqsədlər güdən ödülün
təşkilat komitəsi bu ötən dövr ərzində
öz ilk sahiblərinin müəyyənləşməsi
istiqamətində işə başlamışdı.
"Nurəngiz
Gün Beynəlxalq Şeir Ödülü"nün əsas
təsisçisi və təşkilat komitəsinin sədri, Həsən
bəy Zərdabi İrs Mərkəzinin rəhbəri Seymur
Bayramov bu dövr ərzində görülən işi məmnunluqla qeyd edir: "Əvvəla,
onu deyim ki, bu ödülün təsis edilməsi
çağdaş Azərbaycan ədəbiyyatını təbliğ
etmək, həmçinin müasir dünya ədəbi prosesi
ilə milli ədəbi reallıqlarımızı inteqrasiya
etmək baxımından çox vacibdir. Əslində bu, Həsən
bəy Zərdabi İrs Mərkəzi olaraq bizim ilk
böyük, beynəlxalq səciyyəli layihəmiz olmaqla
yanaşı, həm də gələcək fəaliyyət
istiqamətlərimizi də nişan verən
vacib bir işdir. Həm tarixi, həm
çağdaş mədəni-intellektual irsimizi təbliğ
etmək, bununla da ölkəmizin bu anlamda zəngin mənzərəsini
dünyaya tanıtmaq Həsən bəy Zərdabi İrs Mərkəzinin
arzusu və ana prinsiplərindəndir. "Nurəngiz
Gün Beynəlxalq Şeir Ödülü-2020"-nin ünvanlarını, şairləri müəyyənləşdirmək
istiqamətində biz xeyli vacib işlər gördük.
Əlbəttə, prinsipləri müəyyənləşdirmək,
ədəbi nüansları nəzərə almaq
baxımından etibarlı məsləhətçilərimiz
vardı, ödülün təsisçiləri
sırasına məmnuniyyətlə dəvət etdiyimiz Azərbaycan
Yazıçılar Birliyi Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzi və mərkəzin
sədri, mükafatın içraçı direktoru Səlim Babullaoğlu. İndi
yolun sonuna gəlmişik. Qaliblər öz
ölkələrinin nüfuzlu, ciddi, eyni zamanda
xalqımıza və ədəbiyyatımıza, eləcə
də Nurəngiz xanınım yaradıcılığına
hörmətlə yanaşan ədiblərdir".
Mükafatın
içraçı direktoru, şair Səlim Babullaoğlu keçən
müddət ərzində görülən işlərdən
bəhs etdi: "Hər bir mükafatın verilməsinin ana
prinsipləri, bəzən əsasnaməsi olur. Və
bu prinsiplər hər nə qədər fərqli olsalar belə,
onların həmişə bir ortaq, dəyişməz məqamı
da olur. Mükafatı alan insanlar,
indiki halda şairlər ciddi, yüksək estetik və etik
keyfiyyətlərə xas mətnlərin müəllifi
olmalıdırlar. Təbii, arzuolunandır ki,
onlar eyni zamanda ədəbi təşkilatçılıq
baxımından da öz ölkələrinin
çağdaş ədəbi proseslərinin impulsverici
nümayəndələri olsunlar. Fikrimcə,
biz hər iki prinsipi gözlədik. Ordan
başlayım ki, ilk əvvəl ölkə sayını və
ölkələri müəyyənləşdirdik. Say məsələsində
5 rəqəmi ilə razılaşdıq. Qalan
məsələdə ən sınanmış üsul
püşkatmadır. Amma onu da deyim ki, təşkilat
komitəsi üzvləri hər il
mükafat veriləcəyi təqdirdə püşkatmasız
və mütləq qaydada siyahıda 2 türk dövlətinin
olacağı qərarını vermişdi. Qalırdı
qalan 3 ölkəni müəyyənləşdirmək.
Biz püşkatma ilə daha çox Cənubi və Şərqi
Avropa ölkələri olmaqla Avropa qitəsinin 20 ölkəsi
arasından 3 ölkəni müəyyənləşdirdik. İtaliya, Moldova, Monteneqro. Təbii ki, həm
bu ölkələrin, həm də türkdilli ölkələr
olaraq Türkiyə və Özbəkistanın ədəbi
proseslərindən az-çox xəbərimiz vardı deyə,
hər ölkədən ilkin olaraq 3 ədibi seçdik,
onların həyat yolunu, yaradıcılıqlarını
gözdən keçirdik. Müzakirə etdik,
yuxarıda söylədiyim prinsiplər baxımından qiymətləndirdik.
Demək olar ki, yekdilliklə Türkiyədən Gülsüm
Cengizi, Özbəkistandan Xasiyyət Rüstəmi,
İtaliyadan Laura Qaravaqlianı,
Moldovadan Nikolay Spetarunu və Monteneqrodan Bojidar
Proroçiçi seçdik. Yalnız Monteneqro məsələsində
bir az fikirlər haçalanırdı.
Çünki orda həm yaş etibarilə böyük, həm
nüfuz etibarilə bəlkə də daha ciddi bir ədib
vardı ki, nisbətən gənc Bojidarın namizədliyi məsələsində
mən təkid etdim...".
***
Müsahiblərimizlə
söhbətdən məlum oldu ki, "Nurəngiz Gün Beynəlxalq
Şeir Ödülü" hər il görkəmli şairənin
doğum günü, sentyabr ayının 21-də təqdim
ediləcək. Və builki qaliblər artıq
bir aydır müəyyənləşib. Tərcümə,
redaktə, dizayn, təşkilatçılıq kimi işlər
arxada qalıb. "Nurəngiz Gün Beynəlxalq
Şeir Ödülü-2020"- nin qalibləri
olan 5 tanınmış şairin mətnlərinin yer
aldığı nəfis antologiya işıq üzü
görüb. Antologiyaya hər şairdən 7
şeir daxil edilib. Eyni zamanda qalib şairlər
öz şeirlərini ifa ediblər və bu ifaları, habelə
mükafatla bağlı təəssüratlarını ifadə
edən videoyazıları təşkilat komitəsinə
göndəriblər. Ödül hər
bir şairə "Poetik uğurlarına və ədəbi
prosesə töhfələrinə görə" düsturu
ilə verilib.
Eyni
zamanda, lap bu günlərdə isə "Nurəngiz Gün Beynəlxalq
Şeir Ödülü-2020"-nin diplomları, xüsusi
mükafatlar və nəşrlər ünvanına göndərilibdir.
Pandemiya və xüsusi rejimlə əlaqədar olaraq ödülün
təqdimetmə mərasimi ertələnsə də, həmin
videoyazıların göstəriləcəyi, antologiyanın
təqdim ediləcəyi gözəl poeziya gecəsi yaxın
aylarda mütləq keçiriləcək və bu haqda mətbuat,
media nümayəndələri məlumatlandırılacaqlar.
"Nurəngiz
Gün Beynəlxalq Şeir Ödülü" təşkilat
komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva
görülən işləri yüksək qiymətləndirdi
və zəhmət çəkən hər bir kəsə
minnətdarlıq etdi: "Nurəngiz Günün mənəvi
varisi mən təşkilat komtəsində olmağımdan
olduqca məmnunam. İnanıram ki, bu nəcib iş,
ilk növbədə, bütövlükdə ölkəmizin
mədəniyyətinin təbliğində və
adının uca tutulmasında, sonra isə çox dəyərli
Azərbaycan şairəsi Nurəngiz Gün ədəbi irsinin
təbliğində önəmli rol oynayacaq. Bu prosesə dəstək
verən hər bir struktura və insana - Azərbaycan
Yazıçılar Birliyinə, birliyin Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinə, Həsən
bəy Zərdabi İrs Mərkəzinə, Bakı Kitab Mərkəzinə,
Mədəniyyət kanalına, "Ədəbiyyat qəzeti"nə,
"525-ci qəzet"ə, "Ulduz" jurnalına,
artkaspi.az saytına, bütün dostlara minnətdaram...".
Ədəbiyyat qəzeti.- 2020.- 19 sentyabr. S. 14.