Bir yarpaq: "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"nin qalibləri

 

Gülsüm Cengiz

 

(Türkiyə)

 

Dəyərli dostlar, hamınızı salamlayıram.

 

Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü mərasiminin dəyərli iştirakçıları, azərbaycanlı şair və yazıçı dostlar, əziz şeirsevərlər, hamınızı sevgi və hörmətlə bir daha salamlayıram. Bu gün dilimizin, sözlərimizin, xalqlarımızın qardaşlıq məclisində görüşdük; bizi görüşdürən şeirdir. Azərbaycanın önəmli şairlərindən olan Nurəngiz Günün adını daşıyan bu ödülü ilk alanların sırasında olmaqdan böyük qürur və sevinc duyuram.

 

İncəliklərin, paylaşımların, sevgi və sayğının azaldığı, insanların bu pandemiya səbəbiylə acılar çəkdiyi günümüzdə şeiri duyan və duyuran insanların varlığı bir ümiddir. Bu ümidi duyurduğunuz üçün sağ olun, var olun. Məni bu ödülə layiq bilən Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü təşkilat komitəsinə təşəkkür edirəm, bu mükafata Özbəkistan, Moldova, Monteneqro və İtaliyadan layiq görülən digər həmkarlarımı təbrik edirəm.

 

Bu ödülü barış üçün, uşaqların, qadınların acılarının sona yetməsi, anaların göz yaşlarının axmaması, dünyamızdakı insanların sağlıq, əminlik içində yaşaması diləyi ilə alıram.

 

Ürəyim

 

Siz mənim

 

 sakit görünməyimə baxmayın,

 

fırtınalar qopur içimdə

 

Dolmuşam yağmur buludları kimi,

 

toxunsanız boşalmayacam, xeyr,

 

yağmaq üçün baharı gözləyirəm,

 

gözləyirəm

 

    açmağını ərik çiçəklərinin,

 

sevgiylə

 

    toxunmaq üçün yarpaqlarına.

 

 

 

Ürəyim,

 

sönməmiş yanardağ,

 

qaynar, coşqulu,

 

səssiz.

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

 

Laura Qaravaqlia - (İtaliya)

 

Azərbaycanlı oxucuları salamlayıram, şeir, bütünlükdə ədəbiyyat naminə bu mədəni mübadiləni alqışlayıram. Hesab edirəm ki, poeziya daha yaxşı dünya üçün insanlar arasındakı etibarlı körpülərdən biridir. Çox şadam ki, görkəmli Azərbaycan şairəsi Nurəngiz Günün adı ilə bağlı bu mükafatı ilk alanların sırasındayam və bu mənim üçün böyük şərəfdir.

 

Yusif

 

Yusif anasının yanında,

 

      yerdə yarıuzalı oturmuşdu.

 

Günəşin şüası

 

      uşağın gözünü qamaşdırır.

 

Səhərdən göydə bir şimşək,

 

      bir partlayış vardı:

 

bəlkə bir fırtınaydı,

 

      amma yağışsız bu fırtına

 

torpağı yeraltı sularda batırırdı.

 

Müharibə - mənanın

 

      sərhədini yıxır ilk əvvəl.

 

 

 

Bəlkə bir oyundu,

 

anası əllərini qarnı üstündə

 

      çarpazlayıb uzanmışdı,

 

neçə saatdı ki, durmurdu.

 

Bu yoxsul evin əşyaları da

 

      yox oldu yerin altında.

 

          

 

Yusif qanlı

 

      qum dağlarından o yanda

 

qardaşının və atasının

 

      qətl edildiklərini bilmirdi.

 

Anası mərhəmət dolu

 

      nağıllar danışardı həmişə.

 

Anasının səsini gözləyir Yusif.

 

Tərcümə: Səlim Babullaoğlu, Nicola Verderame

 

 

 

Xasiyyət Rüstəm (Özbəkistan)

 

İki il əvvəl Bakıda Nurəngiz xanımın məzarını ziyarət etdim və böyük bir tədbirə qatıldım. O vaxtları Nurəngiz xanımın şeirlərini özbəkcəyə çevirib bir kitab nəşr etdirmək fikri ağlıma gəldi.

 

Əslində, Nurəngiz Gün Poeziya Ödülü təkcə Azərbaycan üçün deyil, ümumdünya ədəbi prosesi üçün böyük bir hadisədir. Çünkü hər bir ödülün mərkəzində ədəbiyyata sayğı vardır. Mükafatın təsisçilərinə məni bu ödülə layiq gördükləri üçün dərin təşəkkür edirəm.

 

Bunca il hardaydın, hardaydın axı...

 

Bunca il hardaydın, hardaydın axı,

 

Necə arınarıq bu qədər səhvdən?

 

Nə bir dəfə olsun döydün qapımı,

 

Nə də yolun düşdü bizim tərəfdən.

 

 

 

Hazıram getməyə...

 

            bax, geyinmişəm...

 

Daha bu dünyada

 

            qalmaq çətindi.

 

Ömrümün küncündə

 

            durub sən məni,

 

Sanki ötürməyə çıxmısan indi.

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

 

Nikolay Spetaru - (Moldova)

 

Mənim üçün böyük şərəfdir və olduqca sevindiricidir ki, bu beynəlxalq mükafata layiq görülmüşəm. Bu mükafat, əlbəttə, indiyə qədər aldığım digər mükafatlardan mənim üçün həm ona görə qiymətlidir ki, Azərbaycan xalqının görkəmli şairəsi Nurəngiz Günün adını daşıyır.

 

Bu mükafat həm də bizim ədəbi-mədəni əlaqələrimizin möhkəmlənməsi üçün də əhəmiyyətlidir. Axı insanlar poeziya vasitəsilə, nəinki sözün qiymətini yenidən kəşf edirlər, həm qurucu olan bədii Sözün vacibliyini anlayırlar.

 

Heç kimə və heç hara teleqram

 

soyuq/ qəlb üşüdən soyuq/

 

       ucuz əşyalar/ qədim si-

 

fətlər/ darvazaları taybatay

 

       açıq dəlixana/ dəyişkən

 

hərəkətlər/ səhvlər/ satqınlıq/

 

      xarabalıq/ toz basmış bütlər/

 

saitsiz udulmuş sözlər/ cavabsız

 

suallar/ yarıyacan

 

        oxunmuş kitablar/

 

cinayətlər/ texniki, adi/

 

       narıncı inqilablar/

 

 

 

bütün bunların arasında

 

payızdan vəcdə gələn sən,

 

bir də sənə heç etiraz etmək

 

istəməyən mən.

 

Tərcümə: Səlim Babullaoğlu, İvan Pilkin

 

 

 

Bojidar Proroçiç (Monteneqro)

 

Bizdən uzaqda olan əziz və hörmətli azərbaycanlı dostlar!

 

Mənim üçün sizlərin təqdim etdiyi Nurəngiz Gün Beynəlxalq Şeir Ödülünü almaq şərəfdir. Mən monteneqroluyam, qədim Setine adlı şəhərdən. Həyatım və yaradıcılığım üçün böyük mənası olan bu mükafata görə sizə təşəkkür etmək istəyirəm. Əminəm ki, bu hadisə Azərbaycan və Monteneqro arasındakı mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək. Qoy, Azərbaycan və Monteneqro əbədi var olsunlar.

 

Sən yenə məni bihuş edirsən

 

Gözəl qadın,

 

tənhalığın

 

qandalları qolumda,

 

hisslərin dibsiz quyusundan,

 

dolanbacından

 

sənə yazıram,

 

dilimdədir adın,

 

ahlardan anlayıram.

 

Şeirlərim

 

sənin toxuduğun

 

sevgi nağılının ipləridir,

 

hisslərin əbədi qəsrində

 

sıxılanda

 

onlardan tuturam,

 

bir anlıq da olsa,

 

işığa çıxıram.

 

Sən yenə məni bihuş edirsən,

 

bu gecə özünü mənə verirsən.

 

Tərcümə: Səlim Babullaoğlu, Lena Rut

 

 

Ədəbiyyat qəzeti.- 2020.- 19 sentyabr. S. 15.