KUFİ
XƏTTİ
Hekayə
Gözlərini açanda bir sürə harda olduğunu
xatırlaya bilmədi. Son günlər xəstəliklə
bağlı huşu gedib-qayıtdığından zehni,
yaddaşı tamam korşalmışdı. Handan-hana divardakı saatın zəngindən qocalar
evinin ikinci qatındakı otağında dəmir
çarpayıda uzandığını duyunca ürəyi
üstünə gəldi və birtəhər qalxıb
yatağında oturdu.
Xəstəliyin halsızlaşdırdığı bədəni
qızdırmadan alışıb yanırdı; dodaqları
çatlamış, dili ağzında quruyub qaxaca
dönmüşdü.
Əlləri titrəyə-titrəyə şüşə
qrafinin qapağını açıb dibindəki suyu
başına çəkdi, çətinliklə əynini
geyinərək ayağa qalxdı. Qapını
aralayıb dəhlizə çıxınca kəsif meyit
qoxusu onu vurdu - çirkli pəncərədən düşən
tutqun günəş işığında dəhlizin beton
döşəməsi üstündə insan cəsədləri
sərələnmişdi.
İçi burxuldu, ixtiyarsız olaraq bir addım geri
çəkildi, müvazinətini itirməmək
üçün divara söykəndi. Qışqırmaq,
kimisə haraya çağırmaq istədisə də,
dodaqları kilidləndiyindən səsi çıxmadı.
Şişib eybəcərləşmiş
üz-gözündə milçəklər gəzişən
meyitlərin arasından ehtiyatla adlayaraq aşağı enmək
üçün liftə sarı yeridi. Ancaq içəridə
qalacağı qorxusu ilə liftə minməyə cəsarət
etmədiyindən tezcə də fikirini dəyişdi, dəhlizin
sonuna - pilləkənlərə sarı yönəldi.
Divardan tuta-tuta pillələri enərək binanın alt
qatındakı yemək salonuna keçdi. İçəridə
kimsə yox idi, masaların üstündəki bulaşıq
qab-qacaq, yemək qalıqları
yığışdırılmamışdı.
Yemək salonundan çıxıb giriş qapısı
ilə yanaşı mühafizəçilərin stolu
üstündəki telefonla qızına zəng etmək istədi. Ancaq
qızının telefon nömrəsini yadına sala bilmədiyindən
dəstəyi yerinə qoyub qapıya sarı yönəldi.
Taybatay açıq qapıdan çıxaraq
binanın önündəki bağçanın içərisindən
keçib şəhərin mərkəzinə aparan geniş
yola çıxdı.
Dünya büsbütün kirimiş, həyatın səs-küyündən
əsər-əlamət qalmamışdı. Sanki xəyalət
şəhərindəymiş kimi ins-cins gözə dəymirdi.
Hayana gedəcəyini bilmədiyindən yol kənarındakı
köhnə, rəngi solmuş ağac skamyaya
çökdü. Nə baş verdiyini yadına salmağa
çalışdı - ancaq hafizəsi keyləşdiyindən
bir şey xatırlaya bilmədi. Oturmağa
taqəti olmadığından arxası üstə skamyada
uzanaraq gözlərini yumdu.
...Hardansa
peyda olmuş üzü maskalı iki əsgər ona
yaxınlaşaraq əllərindəki xərəyə qoyub təcili
yardım maşınına mindirdi. Əlilə
qocalar evini göstərərək ordakı dəhşətli
mənzərəni anlatmaq istəsə də, üzünə
sərtlik çökmüş əsgərlər əsəbi
tərzdə qapını bağlayıb maşını hərəkətə
gətirdilər.
Sonra nə baş verdiyindən xəbəri olmadı. Gözlərini
açanda özünü xəstəxananın dəhlizində
dəmir çarpayıda uzanmış gördü.
***
Dəhlizin sonunda boz rəngə çalan divara nə isə
yazılmışdı, gözləri sulandığından
hərfləri seçə bilmirdi. Ona elə gəlirdi
ki, yazılan yazı onun bildiyi əlifbaya deyil, ancaq
uzaqdan-uzağa baxışlarının toranlığında
biri-birinə qarışmış hərfləri kufi xəttinə
bənzədirdi.
Palatada yer olmadığından çarpayısı xəstəxananın
uzun, enli dəhlizində, növbətçi həkimin
masası ilə yanaşı qoyulmuşdu. Ayaq tərəfində
isə başqa xəstələrin çarpayıları
divar boyu sıralanmışdı.
Onu rahatsız edən gecə-gündüz kəsilməyən,
yorucu nəqarət kimi əsəblərinin dərinliklərinə
qədər işləyən ayaq səsləri idi. Səngimək
bilməyən bu ayaq səslərinə həkimlərin həyəcanlı
göstərişləri, xəstələrin iniltiləri,
ağlaşma və yalvarışları
qarışdığından, nələrin baş verdiyini
anlaya bilmirdi.
O qədər
halsızlaşmışdı ki, dikəlib çarpayıda
oturmağa, başını qaldırıb ətrafına
göz gəzdirməyə belə taqəti yox idi. Nə illah eləsə də,
böyür-başından sağa-sola ötüb keçən
həkimlər, tibb bacıları, yaxud təmizlik
işçiləri onun çağırışına məhəl
qoymurdu.
- Doktor! -
səsinin köhnəldiyinə diksindi.
- Yenə
nə istəyirsən?
-
Mümkünsə... - boğazı qovuşduğundan
sözünün ardını gətirə bilmədi.
-
Mümkün deyil, məşğulam.
- Doktor,
axı...
-
Heç kimdən artıq deyilsən...
- Bəlkə...
- nə isə demək istədi, ancaq ayaq
səslərindən həkimin uzaqlaşdığını
sezərək sözlərini uddu.
Dəhlizin yuxarı başında, monitoru divarın
yarısını tutmuş televizorda xəstəliklə
bağlı məlumatlardan savayı bir şey göstərilmirdi. Korona virusu
yayılandan sonra bütün ölkədə karantin elan
edildiyi, küçəyə, bazara çıxmağın yasaqlandığı
dönə-dönə təkrar olunurdu. Vaxtaşırı
ayrı-ayrı ölkələr üzrə ölüm
sayları ilə bağlı statistik məlumatlar yenilənirdi.
Dəhlizin pəncərələri uzandığı
çarpayıdan xeyli aralı olduğundan bayırı
görə bilməməsi onu hədsiz dərəcədə
sıxırdı. Hərdən gözlərinə pəncərənin
qabağında dayanıb nələrisə seyr edən insan
kölgəsi toxununca ixtiyarsız olaraq içini həsəd
duyğusu bürüyürdü. Sanki pəncərənin
o tayında bambaşqa bir dünya vardı və günlər
ötdükcə xəyalında yaratdığı o
dünya özgə bir örtüyə
bürünürdü. Ayağa dura bilsəydi, pəncərənin
qarşısına gedərək ona sirr kimi görünən
o dünyanı seyr edəcəkdi...
Dəhlizin işıqları gecələr də
söndürülmürdü, mürgüsü tutanda mələfəni
başına çəkib gözlərinin acısını
almağa çalışırdı. Dan yeri
sökülənə yaxın quşların səsinə oyanır,
bir anlığa özünü, xəstəliyini,
ölüm yatağında olduğunu unudurdu.
Quşların səsində baharın gəlişini, həyatın
davam etdiyini, bütün yaşananlara rəğmən hələ
hər şeyin bitmədiyini xatırladan nələrsə
duyulsa da, açılan səhərlə çevrəsində
gərginliyin bir az da
artdığının şahidi olur, yenidən içini
ümidsizlik bürüyürdü.
Arası kəsilmədən üzləri maskalı hərbi
geyimli şəxslər içəri dolur, ölənləri
xüsusi torbalara salaraq xərəklərlə palatadan
çıxarıb aparır, boşalmış
çarpayılara yeni xəstələr alınırdı.
Xəstəxanada işləyən, gecə növbəsində
çalışan həkimlərin tez-tez əvəzlənməsi
həyəcanını daha da artırırdı. Qulağının
çaldığı pıçıltılı
sualların pıçıltılı cavablarından həkimlərin
xəstəliyə yoluxması səbəbindən biri-birinin
ardınca dünyasını dəyişdiyini anlayırdı.
Sağlıq sisteminin çökdüyü,
pandemiyanın öhdəsindən gəlinmədiyi
üçün yabançı ölkələrdən həkimlər
dəvət olunurdu.
Dərman və tibbi ləvazimat qıtlığı ilə
bağlı çətinliklər gündən-günə
böyüyür, xəstələr arasında seçim
aparıldığı, ümidsiz olanların müalicəsindən
vaz keçilərək taleyin ümidinə
buraxıldığı, illah da yaşlı insanlara
qarşı etinadsızlıq göstərildiyi
açıq-aşkar duyulurdu.
Xəstəxanaya yerləşdiriləndən bəri
heç bir müalicə almamışdı, sadəcə,
günün bəlli saatlarında ağrıkəsici dərman
verilirdi. Hissiz, duyğusuz, üzünün təbəssümü
silinmiş tibb bacılarının verdikləri dərmanı
udmağa heyi olmadığından dilinin altına qoyurdu.
Həyat vaxtın axarından sıyrılıb
çıxmışdı. Qəfil bir xəstəliyin
yayılması ilə qısa bir zamanda insan həyatının
bunca dəyərsizləşə biləcəyini xəyalına
belə gətirməzdi. Ölüm
gözlənilmədən, hazırlıqsız
yaxalamışdı və hər şey bu qaçılmaz
sonluğa sürükləndiyindən təkcə insanlar
deyil, bütün həyat can verirdi.
Üstündən xeyli zaman keçməsinə
baxmayaraq, qocalar evindəki o dəhşətli mənzərə
gözləri önündən çəkilib getmir, hərdən
yadına düşdükcə tükləri qabarırdı. Binanın dəhlizində
düşüb qalmış, sir-sifətində həşəratlar
gəzişən meyitlərdən gələn üfunət
qoxusunu indi də burnunda hiss edir, ürəyi ağzına gəlirdi.
Qocalar evi sakinlərinin son nəfərinə
kimi ölümü, inzibati işçilərin binanı tərk
etməsi dəhşətli yuxu kimi gəlirdi ona. Yaşadığı bu uzun ömürdə
dünyanın hər üzünü görsə də, belə
mənzərə ilə qarşılaşmamışdı.
Gələcək gözlərinə büsbütün
dumanlar içərisində görünürdü və
günlər ötdükcə qatılaşan bu dumanlıqda
aydın seçilən yalnız ölüm idi.
Bəlkə bir müddət xəstə yatsaydı,
özünü ölümə hazırlaya bilər, ya taleyi
ilə barışmağa məcbur olardı. Hər kəs
kimi axır nəfəsində doğmaları ilə
vidalaşmasına belə izn verilmədən gözlərini
dünyaya yumacaq, sonra toplu məzarlığa gömüləcək
və beləcə, hər şeyə son qoyulacaqdı.
Qızdırması yüksələndə huşunu
itirir, yuxuyla oyaqlıq arasında düşüncələri
qarışdığından harda olduğunu unudurdu;
ayılanda içində ümid cücərtilərinin
yaşardığını hiss edir, ancaq ayaq
tappıltıları, həkimlərin və tibb
bacılarının həyəcanlı səsləri ilə
təkrar ölüm yatağına dönüncə ruhu
soluxurdu.
Xəstəxananın dəhlizində dayanmadan
sağa-sola hərəkət edən həkimlər, tibb
bacıları, ölənləri palatadan çıxarmaq
üçün gələn əsgərlər gözlərinə
kölgə şəklində görünürdü. Kölgələr
dalğa-dalğa bir-birinə qarışdığından
baş verənlərin reallıqda deyil, xəyallar aləmində
yaşandığını düşünürdü.
Yalnız xəstəxana dəhlizlərindəki kölgələr
deyil, keçmişi, yaddaşı, yaddaşında yuvalanan
xatirələri bir-birinə qarışıb kufi xəttinə
çevrilir, sonra da əriyərək yox olub gedirdi.
Yuxularına ən çox vəfat etmiş
doğmaları, yaxınları gəlirdi. Və yuxularına gələn
hər kəsi kufi xəttinin
qarmaqarışıqlığında görürdü... İnsanların heç nə olmayıbmış
kimi, qayğısız şəkildə həyatlarına
davam etməsi ona qəribə gəlirdi. Yuxunun içərisində
hərdən ölmüş olduğunu ağlından
keçirsə də, qulaqlarına çəkic zərbəsi
kimi çırpılan ayaq səsləri onu təkrar
özünə qaytarır, hələ
yaşadığını, sağ olduğunu
xatırladırdı.
Yer üzü nəfsinə yenilən insana darlıq
edirdi, kainatın saflığı çoxəsrlik təcrübələrdən
yaranan rəzilliklərlə, haqsızlıq və
zülmün qəddar nişanələri ilə ləkələnmişdi.
Dünyada karlık, korluq, lallıq tələblərinin
ardınca qanma və anlama yasaqlığının israrla
yeridilməsilə hər şey şəklini, nizamını
dəyişmiş, ədalət anlayışı yox
olmuşdu. Əsrlər boyu bir-birinə qənim kəsilmiş
müxtəlif dinlərdən olan insanlar günahlarının
bağışlanması üçün eyni məkanda
Tanrıya dua edir, onların səsləri kufi xətti kimi
bir-birinə qarışaraq göy üzünə yüksəlirdi.
Beynini yoran düşüncələrin
ağırlığı altında yuxu apardı. Gecənin bir vədəsi
havasızlıqdan boğulduğunu hiss edərək gözlərini
açdı. Sinəsi od tutub
yanırdı, sanki şüşə parçalarını
ovub çiyərinə səpmişdilər, nəfəs
aldıqca içi doğranırdı. Ürəyi elə
döyünürdü ki, az qala sinəsindən
qopub yerə töküləcəkdi. Həkimi
köməyə çağırmaq istədi, ancaq nə
illah elədisə səsi çıxmadı. ...Və
ağrının şiddətindən huşunu itirdi.
...Hardansa
uçub gələn mələklər havada dövrə
vuraraq üstünə endi. Mələklərdən biri zərif
qanadları ilə alın yazısını sildi, o biri isə
ucundan süd daman lələklə taleyini
yenidən yazdı. Sonra mələklər onu
qanadlarına alıb göy üzünə qaldıraraq mavi
sonsuzluğa buraxdılar.
Yönü, səmti bilinməyən sonsuzluqda qanad
çaldıqca həyatın yenidən
başlandığını duyurdu; keçmişi,
yaddaşı yuyulmuş, illərlə içini sızladan
ağrıları yox olmuş, ruhu təzələnmişdi. Bir
ömrün çiyinlərinə yüklədiyi dərdlərdən,
qayğılardan xilas olduğundan özünü qov kimi
yüngül hiss edir, keçmişindən uzaqlaşmaq
üçün uçduqca uçmaq istəyirdi.
...İnsan həniri duyunca diksinib oyandı - maskalı,
gözlüklü həkimlər başının
üstündə dayanmış, tibb bacıları
çarpayısını dövrəyə
almışdı.
-
Sağdır, - kimsə alçaq səslə dilləndi.
Özünə gələndən sonra yuxusunu
xatırladı və birdəncə içindən alın
yazısını oxumaq istəyi keçdi; həlim
toxunuşla barmaqlarını alnının
qırışları arasında gəzdirdi. Ancaq alnındakı
qırışlar kufi xəttinə dönüşərək
ömrü, taleyi ilə bağlı yazılanları oxunmaz
hala saldığından bir şey anlaya bilmədi.
22 mart 2020, Bakı
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 9.