İnanma mənə...
Sənə danışdıqlarımın hamısı yalandı...
İnanma
mənə...
Heç
vaxt tutmadı əllərimi, demədi sevirəm səni...
Hər gün daha çox
sevmədi məni
Çiynimin çuxurlarında
dünya boyda kədərlərim var...
Qalanlarıma baxma sən,
mənim neçə-neçə
gedənlərim var.
Göz bəbəklərinin divarlarında
mənə demədiklərin,
səbəblərin...
Səbəblərim var!
Bilirəm, görürəm, anlayıram
və gedirəm.
Ovuclarının istisini söndürərkən
meta reallıqlar
Dodaqlarında Zərdüştün əbədi alovlarını
daşıyır
Yaşayır öldürərək, yaşayır
o.
Sevə
bilmir əzizim, sevə bilmir...
Ənənəvi qəbullanmanlar
hakimiyyət quraraq zehnində...
İtələyir məni qəlbindən
məntiqinə...
Mən ovuclarımda gizlədirəm
qürur izlərini
Göy üzünü...
Bircə
göy üzünü
saxlasın mənə,
qalanı boş,
dahası təfərrüat
Sənə danışdıqlarımı unut, beynindən sil və at...
Yum gözlərini, əbədi
olmayan bir yuxuya yat
Qoy sarsın ruhunu çəhrayı bir düş
Yalanı sevmirəm, başa düş.
Dözə bilmirəm, belə
çox sevmə məni
Axı ən çox sevdiyim,
hər gün daha çox sevmədi məni.
Beynimdə tikdiyim xoşbəxtlik
sarayının
bütün kərpicləri
uydurmadır,
bütün sütunları
qürur.
Taxtadandır ruhumdakı bütün
istehkamlar
Beynimin içi ən dəbdəbəli mədrəsədir
Döşəməsi göz yaşı, tavanı sürur...
Bircə
göy üzü ümid yağdıra bilir melanxoliyama...
Hər gecə gözlərimi beləcə zilləyirəm
ulduzlara...
Sentimental
deyiləm, gülmə
mənə...
Get-gəlli bir həyatın qalıcı
melanxoliyasıdır,
mənim payıma
düşən...
Bilmirsən necə çətin
olur
yıxılan xəyalların
yalın əllə yenidən qurulması,
İnanma
mənə...
Heç
vaxt demədi həyatımın qadınısan,
Heç
vaxt almadı sənə danışdığım
o yabanı çiçəkləri,
Bağışla məni... hamısını
uydurmuşam
O da heç mənim
həyatımın adamı
deyildi
Adamsızlığım idi
Sadəcə bu.
Nargis
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 6.