QONAQ
Hekayə
Bayır
qapısını açıb içəri girəndə
çaşıb qaldım, bir an
gözümə inanmadım. Kimsə
bağın ayağında donqudub tez-tez o üzə-bu üzə
baxır, gərgin təlaş, həyəcan içində
vurnuxurdu. Daha doğrusu, vurnuxmurdu, uşaq
kimi iməkləyirdi, yox, sürünürdü. Bu zaman onsuz da kobud, sərt, eybəcər, gecəyə
bulaşmış kimi qapqara sifəti elə qorxunc, çarəsiz,
əli hər yerdən üzülmüş adamsayağı əzabkeş
ifadə alırdı, deyirdin dünyanın bütün dərdini-bəlasını
onun belinə yükləmişdilər. Cansız
əşyalar ona canlılardan daha diri, mütəhərrik,
cazibədar, mənalı görünür, onu əyləndirir
elə bil. Özü də hamısı
gözlərindən aldığı eyni rəngdə, dan
yeri çalarında.
Yaxınlaşanda lap heyrətləndim. Səhərə
yaxın dan yeri sökülər-sökülməz, sanki dan
üzüylə yuxuma enmiş, dan üzüylə də birgə
əriyib yox olmuş həmin şitənc, quldur qiyafəli,
amansız adamdı (yuxumdan çıxıb indi də əsl
həyatıma, gerçək həyətimə soxulub).
Yuxuda mənə acıq verirmiş kimi yüz hoqqadan
çıxır, quş kimi qanad açıb, atılıb
hul-qalxmış hündür bir ağacın təpəsinə
qonur, oradan bədənini qısıb, ayaqlarını
cütləyib 16 mərtəbəli binanın damına səkir,
yarıyolda kərkincək tək əlini-ayağını,
bədənini əsdirə-əsdirə çəkisizlik
şəraitində bir müddət ürəyimi qopara-qopara
havadan asılı qalır, pufə yüngüllüyü ilə
heç bir cazibəyə tabe olmadan oradan mənə əl eləyir,
uşaq kimi dil çıxarır, sonra
ağır-ağır, sevincindən hüdudsuz göylərə
sığmaya-sığmaya timsah ağzı kimi
diş-diş çıxmış azman, sıldırım
qayalara, yaxınlıqdakı talaya - meşəli dağın
ətəyinə enirdi. Oradan da o birinə, o birindən də
o birinə, lap axırıncı dağın arxasında birdən-birə
əriyib üfüqlərdə yox olurdu, quruca silueti çəkilib
gedirdi yuxu dünyamın sərhədlərini aşaraq. Ancaq hər dəfə gedişi gəlişiylə
nəticələnirdi, Günəş kimi dünyanın o
başında batmağı, bu başında
doğulmağına səbəb olurdu, yoxluğu
varlığından, varlığı yoxluğundan
yaranırdı. Biri o birinə zəmanət
verirdi.
Bunu bu gün bu dünyada ona rast gəlməyim, həyətimdə
sərili qalmağı da sübut edir, qənaətimdə
yanılmadığımı göstərirdi. Yerin ağır cazibəsi,
görünür, indi onu ayağa qalxmağa, yuxumdakı
püfə yüngüllüyü ilə qayadan-qayaya, təpədən-təpəyə
səkməyə, mənə acıq verməyə qoymur,
ağır dartı az qala onu çəkib
yerə batırır, sanki yuxumdakı işləklərinin
bu dünyada layiqli cəzasını çəkdirirdi.
Yaxınlaşıb
buralarda neylədiyini soruşanda gözüm
qara-qançır olmuş hərəkətsiz, yekəpər,
lət bədəninə, şişmanlığından
tikiş yerlərindən sökülüb dizinəcən
aralanmış, soyulmuş dərisinə oxşayan, hansı
parçadan olduğu bildinməyən qeyri-adi rəngli,
enlibalaq, şalvardan çox arvad tumanını xatırladan
köhnə dəbli mil-mil şalvarına, gödəkqol pencəyinə,
şalvar rəngli, formalı şalvar kimi süzülüb
getmiş, lehmə-bataqlıq iyi verən fil dərisi tək
qırış-qırış, çat-çat qart,
qalın dərisinə sataşdı. Əl-üzü,
sanki topuğunacan yer udmuş baldırları
sıyrıq-sıyrıq, teyxa qan içindəydi. Elə bil onu hansı suçuna görə atın
quyruğuna bağlayıb kimsəsiz çöl-biyaban,
daşlı-çınqıllı dərə-təpəylə
o üzə-bu üzə qəddarcasına o ki var
sürümüşdülər. Ya qan
gölünə batırıb çıxarmırdılar,
qanlı gözü böyüdükcə özü
dönüb nəhəng, qan sağalmış gözə
çevrilmişdi, göz şəkli, forması
almışdı elə bil. Ancaq əzabkeş
üzü kimi qanı da donmuşdu artıq,
kristallaşmışdı elə bil, axmırdı,
özü də rəngi qan rəngində yox, qətran kimi,
gecənin özü kimi qapqara idi. Elə
bil bədənindən qan yox, mayeləşmiş, damla-damla
sakini olduğu qaranlıq çıxmışdı. Çıxcaq da sahibini öz bətnində-rəngində
boğmuş, batırmışdı, bu dünyanın
soyuğu, şaxtası yox, istiliyi onu dondurmuşdu. Hənirtimi
duyub donuq daş kirpikləri erkən yaz havasından buzu
sınmış kimi azacıq aralansa da, məni görüb
gülümsəməyə çalışan əzabkeş,
üzündəki cizgiləri zəifcə
ilğımlanıb tərpənsə, hərəkətə
gəlsə də gözləri hələ də
yarıyumulu olduğundan, daha doğrusu, özü bu
dünyada, gözləri gəldiyi yuxu aləmində
olduğundan, ora kökləndiyindən, buranı yox, elə
bil oranı görürdü. Daş kirpiklər daş
ağırlığıyla özü-özünü
qapadığı anda haradansa gələn, ya kirpiklərin
ağır dəmir qapı layları kimi, sanki qəfil metal
cingiltisiylə örtülməsindən yaranan qorxunc, sirli,
qeyri-adi şaqqıltı səsindən diksinib cəld
gözümü ondan çəkdim, qoşa açarla
bağladığım evimin qapısına sarı
dartıldım. Maraqlıdı, qapım taybatay
açığıydı. Eyvandan aşağı,
artırmayla yan otağın barısının arasında,
sıyrıq-sıyrıq yatıxmış yeni torpaq izləri,
əzilmiş, suyu çıxmış-ölüşgəmiş
ot sıyrıntısı
yapışıb qalmışdı. Əlimi
cibimə aparanda lap heyrətləndim. Açarlar
cibimdəydi. Deməli, unudub qapının
üstündə qoymamışdım. Onda
bəs, qapını, o, nəylə açmışdı, bağlı
pəncərədənmi girmişdi, tavandanmı
düşmüşdü, ümumiyyətlə, bu
sehrkarın-cadugərin işləkləridimi bütün
bunlar, görməzə-bilməzə açarları cibimdənmi
çırpışdırmış, ya sehrmi oxumuş,
açarlar özümü cibimdən çıxmış,
qapıya düşüb onu açmış, yenidən gəlib
cibiməmi girmişdi. Yoxsa qapım niyə
açığıydı, axı, ya məni qara
basırdı? Nə qapım
açıqdı, nə qarşımda o dünyadanmı,
yuxudanmı peyda olmuş əcaib bir məxluq vardı. Bütün bunlar yuxusuzluğun, yorğunluğun
şəkilləndirdiyi - özünə xas səhnələşdirdiyi
məni vahiməyə salan qorxunc, əcaib vaqelərdi, indicə
çəkilib yox olacaqdı. Yox, lənət
şeytana. "Gör necə də
mısıb durub", gerçəklikdən qopub gələn
səs təsəvvürümü alt-üst edib məni dərhal
gözümlə gördüyüm, əlimlə
toxunduğum əzəlki həyatıma qaytardı. Üzünə elə misgin, əzabkeş ifadə
verib, deyirsən, bütün bunlardan əşhədibillah, xəbər-ətəri
yoxdur, uşaq kimi pak, günahsızdı, imam
övladıdı, dünyada ondan saf, bakirə məxluq yoxdu.
İki əlli qabacasına çiynindən tutub bərk-bərk
silkələdim, ağzım köpüklənə-köpüklənə,
qızğın-əsəbi sözlərimi yanan alov
şöləsi kimi düz sifətinə
çırpdım: - De görüm, o qapını necə
açmısan, o açarları cibimdən necə
çırpışdırmısan, ümumiyyətlə,
haradan gəlib bura düşmüsən, hansı cəhənnəmdən
vasil olmusan, nə itin azıb burada, haradan tanıyırsan mənim
evimi, həyət-bacamı, hansı anasının əmcəyini
kəsən sənə isnad verib, bələdçilik edib
buranı, mənə nə verib, alammırsan, qəsdin, məqsədin
nədir? Yuxumda bəs deyil, bu dünyadadamı
yaxamdan əl çəkmirsən? Elə
bilirsən, yuxumdakı hoqqalarını bu dünyada da
çıxara biləcəksən? Xeyr, xətircəm
ol ondan, sənin şəltən işləməz burada,
hökmranlığın keçməz, bu dünyanın
ixtiyar-sahibi, hökm verəni mənəm. - Qəsdən
ona xox gəldim, acıq verdim. - Bax, bu dəqiqə mənim
qabağımda misgin böcəkdən başqa bir şey
deyilsən, istəsəm, səni ayağımın
altında basıb əzmək məndən elə də
hünər tələb etmir.
Hirslənib,
özümdən çıxıb, barmağımı yellədib,
içimdə tərəddüd etdiyimdən kəkələyə-kəkələyə
polislə-məhkəməyləmi hədələdim,
yadımda qalmayıb, üzünə
olmazın daha nələr-nələr dedim... Ancaq
özüm də bildim bu içimdəki qorxunu gizlətmək
üçün özümü o yerə qoymamaqdan başqa
bir şey deyil. Neynirsən, heç tükü də tərpənmədi,
üzündəki daşlaşmış əzabkeş ifadə
azacıq da olsa dəyişmədi, əksinə, soyuq,
heç nə ifadə etməyən gözləri
açıq qalıb daha da dondu, şüşələşdi,
qondarma, mafa gözə döndü, elə bil muzeylərdəki
kimi qalın, qoruyucu şüşə arxasından
göründü, iblis kimi qılaflandı. Öz
çanağına girdi. Özünü
hər cür təhlükədən sığortalamaq
üçün daimi, etibarlı, zirehli qala yaratdı. Budamı özlüyündə bir sehrdir, surətini
dəyişmək üçün iksirdi? Ya məni
qorxunun elə danışdırdığını,
özümdən çıxarıb şeşələndirdiyini,
bülbül kimi ötdürdüyünü, əslində,
misgin böcəkdən də mağmın olduğumu bildiyindən,
özünü o şəklə salıb, nifrətini o şəkildə
əyan elədi mənə?! Sözlərimi elə
eyninə almadı, daha doğrusu, sözlərim bu qaladan,
sanki - skafandrdan içəri girəmmirdi, danqıltıyla bu
zirehə dəyib ayağının altına
düşürdü. Çabalayıb-çabalayıb
canını tapşırırdı. Yoxsa
daş-qaya da olsa, sözüm onu sındırmalıydı.
Ancaq dediyim kimi, bu sözlər nəinki ona təsir
eləmirdi, elə bil bu sözlər ona deyilmirdi.
Ağzımdan çıxçıxda zərblə o zirehli
qalaya dəymiş kimi şəklini-mənasını, xəbərini-mübtədasını
dəyişib, qolu-qabırğası qırılıb
şil-küt olmuş, tanınmaz hala düşmüş
şəkildə öz ünvanıma yönəlirdi,
özümə aid olurdu, çaşmış, tilsimlənmiş,
özümün vasitəsilə özümə deyilirdi,
ötürülürdü elə bil o sözlər. Özüm özümü bu dəqiqə
yumruqlasam, daşa-qayaya çırpıb
qolumu-qabırğamı sındırsam, özüm
özümə qanlı düşmən kimi qəsd etsəm
zərrəcə heyrətlənməzdim. Əksinə, bu qalibiyyət məni haradasa sevindirərdi.
Çünki yad adama qalib gəlmək
üçün birinci özümə qalib gəlməliydim.
***
Dilmi bilmirdi, bədbəxt oğlu, işarəmi
qanmırdı, doğrudanmı bura yuxumdan
düşmüşdü, yuxu sakiniydi, bu dünyaya,
dünyadakılara bələd olmadığından bayaq
dediyim kimi, şəltəsi işləmirdi burada. Çünki
nəinki gücü, bədəni, qulağı Yer
üzü, Yer üzündəki səs dalğaları
üçün köklənməmişdi. Onları eşitmək, mənasını duyub dərk
etmək, anlamaq qabiliyyətindən mərhumdu. Belə bir qanunun mövcudluğunu ağlına belə
gətirmirdi.
Bir də mənə elə gəlirdi, mən çox
darqursaqlıq edirəm, son vaxtlar çox qəddarlaşmışam,
əzazil olmuşam, bunu dönə-dönə öz
içimdə sınamışam, ən ağır insan faciəsi
də artıq tükümü tərpətmir,
üz-gözümü qırışdırmır son vaxtlar. Elə bil mən də onun
kimi özümə özümdən müdafiə qalası
qurmuşam, həmin yuxu aləminin sakininə çevrilməkdəyəm,
hansı görünməz qüvvənin əliyləsə
ora üçün hazırlanıram, ora dartınıram,
bunu ayıq ola-ola çox vaxt yuxu aləmində
yaşamağım da sübut edir, məni qorxudur, gec-tez
gerçək aləmi tərk edəcəyimdən
xoflanıram. Sinəmdə döyünən
ürək yox, daşdı, daş parçasıdı elə
bil. Bu cəhətdən onunla elə fərqlənmirəm,
əksinə, bu bizi ayıran, əks qüvvələrə
çevirən güc yox, ümumi oxşar, qohum cəhətlərimiz,
bizi yaxınlaşdıran, haradasa doğmalaşdıran amillər
olmalıdı. Di gəl, bir-birimizə
düşmən kəsilməyimizin də səbəbi budu;
eyni, ya oxşar keyfiyyətələrimiz, bizi bir-birimizdən
itələyən, aralayan qüvvə. Daşın
belə döyünməsi, yerindən oynaması yeraltı təkan
kimi heç də xoş olacaqdan xəbər vermir, mənim gələcəkdə
nəyinsə başımda çatlayacağına
ünvanlanıb. Bax, bu dəqiqə o
kimdisə, nəçidisə, hardan gəlmişdisə, yerdənmi
çıxmışdı, göydənmi enmişdi, ya həqiqətən
yuxumdanmı peyda olmuşdu, məni dinləmək, eşitmək,
anlamaq halında deyildi. Püfə kimi
havada qalan, qayadan-qayaya səkib mənə acıq verən,
necə deyərlər, dindən-imandan çıxaran şitənc
dostum, görünür, güclü cazibə məkanına
enəndə püfə bədəni ağır çəki
alıb daş kimi yerə elə dəymişdi sümükləri
xıncım-xıncım olmuşdu. Dediyim
kimi, əzabkeş üzütək canında qanı da
donmuşdu, bəlkə üzü donmuş qanının
göstəricisiydi tərpənməz, hərəkətsiz
ilğımlanmırdı, qurumuş çay yatağı
kimi nə vaxtkı axınınsa ab-havasını izini, əlamətini
özündə yaşadırdı, ancaq çoxdan
qurumuşdu. Dibinəcən quruluğun
odu-alovuyla qovrulurdu. Bizim
yaşamağımız üçün hesablanmış
hava sıxlığı onun üçün həddindən
artıq yüksək, ya hədsiz aşağıydı.
Mən də kallığımdan hər şeyə
xof, şübhə, vəsvəsəylə baxır, bir
sözlə, nə qoyub, nə axtarırdım.
Bütün bunlara baxmayaraq, azacıq da olsa, rəhmim gəlirdi
ona haradasa. Hər halda insanıydı, məni kimi onu da bir ana
doğmuşdu yəqin.
Daş ürəyim əzəlki mənşəyinə
qayıdıb insani döyüntüsüylə hissimi,
duyğumu cilalayıb məni insanlaşdırdı. Fikrim, düşüncəm,
sanki bu mühərrikin yeni iş tezliyinə uyğun tamam
ayrı şəkil, forma almağa başladı. Birtəhər qan-tər içində onu
sürüyüb otağa saldım. Yox,
sümüyü qırılmamışdı, ancaq bədəni
ət kimiydi. Elə bil sümüyü
yoxuyudu, teyxa ət parçasıydı, əl dəyən
kimi quyruq tək titrəyir, əsir, dəniz kimi
ilğımlanır, öz şəklinə düşüncə
nə qədər vaxt keçirdi. Daha
doğrusu, heç bir şəklə-formaya düşməyib,
anbaan dəyişir, hələ də endiyi aləmin
qanunlarıyla yaşadığından yer
ölçüsünü heç cür qəbul edə
bilmir, ona uyuşmur, daim haldan-hala keçirdi. Özü də dərisi iyrənc şəkildə,
İblis kimi yapışqanlı olduğundan
süründüyü yerdə eynilə İblis kimi
yapışqanlı iz qoyurdu, hara tərpənsə ora
möhrünü vururdu elə bil, möhür kimi
özünün əksi qalırdı. Gərək
olanda kimsə-nəsə, hansı naməlum qüvvələrsə,
Yer üzünə xas olmayan bu izə düşüb, onu
axtarıb tapsın.
Soyuducuda boyat piti vardı. Qızdırıb qabağına
qoyanda bu dəfə üzündəki donuq damarlar güclə
hiss ediləcək dərəcədə elə bil titrəyib
hərəkətə gəldi. Sifətini, əlini,
bədənini elə bil canlandırdı. Alnındakı qırışlar bir-birini qovub,
birbirinə pilləkən olub, üzünə-gözünə
yayılaraq ulqumundan da aşağı endi. Üz-gözünü turşudub qoyduğum qabı
çiyniylə əsəbi-əsəbi geri itələdi.
Görünür, bu dünyanın bütün qanunları
kimi adi təamları, yemək iyi də onu
qıcıqlandırır, ağ öfkəsini
ağzına gətirir, hər şey onun əksinə işləyirdi.
Üç gün qabağına nə qoydumsa
beləcə inada düşdüyündənmi, təhri
çəkmədiyindənmi üz-gözünü saysız
qırışlarla hörümçək toruna
bürüyüb, tor qəfəsdə həbs edib, əsəbi-əsəbi
geri itələdi. Bir para
siçan-siçovulun işi düzəlib, onun yerinə kef elədi.
Bu səxavətinə cavab olaraq daha ona toxunub
narahat etmədilər. Elə bil bu hərəkətiylə
mənə ibrət dərsi də vermək istədi. Yəni biz, bu dünyanın insanları hər yerdə
azadlıqdan, demokratiyadan dəm vururuq. O canlılar da
bizim kimi azad yaşamaq, ömür sürmək, nəslini
artırmaq istəyir. Ancaq hər yerdə, hər
addımda bizim xəyanətimizin, səpdiyimiz zəhərin,
qurduğumuz tələnin qurbanına çevrilir. Mən qatil təamını, siz bir-biriniz
üçün də qatilsiniz, dilimə vurmaram. Adam nə
qədər küt ola bu adi məntiqi duyub
anlamaya.
Ancaq zərrəcə sınıxmamışdı. Elə bil
havayla dolanırdı zalım oğlu, ya mən
çıxandan sonra ona qeybdən Yer üzündə olmayan,
öz dünyasına xas, tamam ayrı min cür xüsusi nəfis,
dadlı nemətlər enirdi, havayla
ötürülürdü. Arıqlamaqdansa
gündən-günə rəngi açılıb ətə-qana
dolurdu, ya bədəni özü özü üçün
öz tələbatına uyğun xüsusi, nadir təamlar
ifraz edirdi. Ancaq yaxşı olmurdu.
Yaxşı olmurdu deyəndə, görünür, bədəni
maddiliyi, çəkisiylə yer cazibəsinə tabe
olduğundan, yerdə də öz qanunlarıyla yaşayan
şüuruna, iradəsinə naxələf çıxıb
onsuz sərbəst yaşadığından özünə də
ağır yük olan bədəni, əl-ayağı
sözünə baxmır, onlara hökmü keçmir,
ayağa qalxa, hərəkət edə bilmir, qan-tər
içində zülmlə necə sürütdəyib gətirmişdimsə
eləcə yayxanıb yerində qalırdı. Balatı kimi
acıyıb, şişib, qıcqırıb hər yana yayılmış, az qala otağın
yarısını tutmuşdu. Əlim dəyəndə
çığırtısı aləmi başına
götürürdü deyə, qorxumdan altına döşəkdən-zaddan
da sala bilmirdim. Elə quru palazın
üstündə döşəli qalmışdı. Məni qorxudan oyuydu, bir-iki gün də belə
keçsə şişib bayıra çıxacaq. Bu dar macalda onu da düşünürdüm, burda
bütün alimlər aksioma kimi qəbul etdiyi cazibə qanunu
özünü doğrultmur. Çünki
o yuxuda quş yüngüllüyü ilə qayadan-qayaya elə
səkirdisə, belə çıxırdı yuxunun cazibə
təsiri yerinkindən qat-qat azdır. Belə
olduqda o yuxuda şişməkdən, yayılmaqdansa niyə bu
dünyada elə şişib yayılır. Sanki bədəniylə bütün dünyaya yiyələnmək,
dünyanı tutmaq, dünyaya dönüb, onu özündə
həzm etmək, itirmək, bu yolla da olsa bu dünyadan xilas
olmaq istəyir. Belə çıxır,
ya bu qanun düz deyil, ya bu qanunu tənzimləyən, ona təsir
edən, iradəsinə qarşı çıxan bizə məlum
olmayan yanaşı - paralel ayrı gizli bir qüvvə qeyri-səlis
məntiqə bənzər bir qanun da mövcuddu. Günlər ötüb keçdikcə bu fikir
beynimdən çıxmır, hər ötən gün məni
daha çox narahat edir, məni ona daha çox
bağlayırdı. Çaşqınlıq,
anlaşılmazlıq içində çırpınır,
qırışıb-açılırdım. Bir gün beynimdə bu qara-qura, heç bir məntiqə
sığmayan, ağılsız fikirlərlə yenicə
otağıma keçib yerimə uzanmışdım,
gördüm kimsə məni bərk-bərk dümsükləyir.
Sanki goreşən dırnağıyla dərimi
didib-cırmaqlayır. Düşündüm,
onu azad buraxan siçanlar yəqin onu buraxıb indi əsl
düşmənləri mən olduğumu dərk etdikləri
üçün mənə girişiblər. Gözümü açanda gördüm odu. Bunu onsuz da fəhmlə duymuşdum, ancaq yenə heyrətlənməyə
bilmədim. Bu boyda gövdə yiyəsi
necə ayağa durmuşdu? Əl-ayağı
ona necə tabe olmuşdu? Aləmləri gəzib
dolaşaraq yolunda rast gəldiyi hansısa sönməkdə
olan ulduzları enerjiylə təmin edib yenidən yaşadan
ötəri, qeyri-adi müsavir bir qüvvə ondandamı yan
keçməmiş, aləmlərin aldığı həyat
enerjisindən onadamı pay düşmüşdü. Bəs otağım arxadan bağlı ola-ola haradan
içəri girmişdi? O boyda gövdə yiyəsi necə
içəri girmişdi? Balaca otağım onu
necə tuturdu. Yoxsa burada da hansısa mənə
məlum olmayan məchul, qeyri-real qüvvə, sehr onun işinə
yaramış, divarlar lap nağıllardakı kimi aralanıb,
o içəri keçəndən sonra yenə qapanıb, bir
çat-suvaq sıyrıntısı da qalmayıb. Ya özünü kiçildib, yox edib, içəri
girəndən sonra yenidən var olub toplanıb, bərpa olub
öz şəklinə düşüb, ya məni arxayın
salmaq üçün özünü şişirdib,
palçıq vulkanlara oxşar kökə
salıbmış. Guya, doğrudan da, o
boydaymış. Ən azı gözüm
onu olmadığı şəkildə o boyda görsün, təxəyyülüm
onu olmadığı şəkildə o boyda təsəvvür
etsin, gerçəklikdən çox dəyişdirə
bildiyi təxəyyülümün məhsuluna çevrilsin,
onun bu lət bədəniylə heç yerə tərpənməməyəcəyinə
inanım, ondan tam arxayınlışam. Əslindəsə,
o heç də gözüm gördüyü şəkildə,
əlim toxunduğu formada deyilmiş, nə boydaymış,
bilmirəm, mənim buna ağlım, məntiqim, görmə
qabiliyyətim çatmır. Toxunma, təmas
duyğularım hər şeyi həll edir beynimdə. Çünki o lırt, ağır bədəniylə
elə yüngül, qabaqkı kimi heç bir cazibənin
müdaxilə edəmmədiyi elə enerjiliydi, deyirdin bu dəqiqə
uçub yuxumdakı kimi göylərin ənginliklərində
gözdən itəcək. Çünki
yerin cazibəsi artıq onun üçün işləmirdi.
Görünür, hansı aləminsə
tabeliyindəydi artıq. Doğrudan da, belə
oldu. Bir an keçməmiş
uçub göylərin ənginliklərində bəlkə
hansısa uzaq bürcün arxasında gözdən itdi, desəm
yanılmazdım, elə bil ondan qopmuşdu, əriyib
işığa çevrilib yenidən ona qarışdı. Ancaq söz kimi havada yayılmış səsi həmişəlik
gözümün önündə qaldı. Deməli, o əriyib sözün canlı insan şəklindən
sözün özünə son aqibətinə
çevrilmişdi.
Gözüm
açıq olsa da, hiss edirdim hələ də gerçəklikdə
yox, yuxudayam, gördüklərim gerçəklikdə yox,
yuxudadı, gözüm gördüklərini yox, batildəkini,
görmədiklərini görür, daha doğrusu, görmədiklərim
gördüklərimin, yuxum gerçəkliyin
özülündədi, dinc, yanaşı yaşayırlar. Ya düşdüyüm hal yuxuya bənzər tamam
başqa ovqatda, başqa qatdaydı? Yad
adamın qəfil həyəcan, təşviş içində
dodaqları əsə-əsə əyilib qulağıma
pıçıldadığı da elə bil ulduzların
arxasında əriyib itdiyi o uzaq həmin sehrli aləmdən gəldiyindən
qulağım bunu səsdən yox, dodaqlarının tərpənişindən,
sanki dediklərini havada dalğavari Morze əlifbası kimi
dodaqlarıyla yazmağından hiss etdim. Sanki
özü əriyib, yox olub bircə anda
danışdığı səsə, daha doğrusu,
dodağının yazdığı sözə
çevrilmişdi, dediyim kimi söz kimi qalmışdı
havada. Özünün siluetinə bənzər
söz kimi. Bunu ancaq o aləmin sakinləri
edə bilərdi. Özünü söz
şəklində, ya sözü öz şəklində əyan
edə bilərdi, başlı, əlli, ayaqlı söz.
Çünki bu sözlər doğrudan da, mənə
səs şəklində yox, havada dalğavari insan siluetli
söz şəklində görünmüş, beynimə
yazılmış, həkk olunmuş, bu şəkildə
qavramışdım onları, havaya yayılmış səsli
sözlər, eşitməmişdən gözümlə
görmüşdüm bu səsli sözləri.
Çünki o yabançı aləmdən gələn
yabançı səsləri eşitməyə qadir deyildim: Səs
burada üstünə söz yazılmış kitabəyə,
ağ vərəqə
oxşayırdı, səsin içindəydi bu sözlər:
"Yatma, yuxuda yatmazlar. (Deməli, gözüm
açıq olsa da, bu dünyada ola-ola, bu dünyanı,
dünyadakıları görüb hiss edə-edə
doğrudan da yatıbmışam - yuxu aləmindəymişəm,
indiyədək olmadığım, bütün yuxulardan fərqli,
qeyri-adi bir aləmdə. Daha doğrusu, hər iki aləmdəymişəm,
hər iki aləmin sakiniymişəm, ya hər iki aləmdən
də kənar, iki aləm arasında neytral bir məkandaymışam,
nə birinci aləm qəbul edirdi məni, suçum, şəklim,
formam üzündən, nə ikinci, aralıqda girinc qalmamışam)
- onda həmişəlik yuxunda qalarsan, mən olarsan. Necə yəni mən? Bax, bunu
heç cür dərk etmirdim. Sən
olaramsa, onda "mən" hanı, mən necə olaram, ya sən
olaramsa bu tənasübü tamamlamaq üçün, deməli,
sən də mən olmalısan ki, mən də sən olum.
Deməli, biz eyni adamlarıq, bir adamdan iki dənəyik,
eyni bərabərliyin iki tərəfiyik? Necə
olur bu. Belə şey o dünyada da, bu dünyada da
mümkün olan şeydimi?
İnsan da özündən qopub eynilə özünə
oxşayan, daha doğrusu, özü olan müstəqil
varlıqlar kimi ayrı-ayrı aləmlərdə yaşaya
bilərlərmi. İndi daim bir-birini çəkdiklərindən,
bir-birlərinin həsrətiylə yaşadıqlarından bu
paralar uzun illərdən sonra bir-birinə qovuşmaq, canı
candan, qanı qandan olan əkiz qardaşlartək vəhdət
şəklində yaşamaq, ya birləşib vahid olmaq
üçünmü üz-üzə gəliblər, bir-birlərinin
dünyasına bu məqsədləmi bələdçilik səyahətinə
çıxmışdılar, ya o biri o birini öz aləminəmi
aparmaqdı fikri, bəlkə artıq aparıb boş bir qab
kimi, kimsənin bəyənib geyinmədiyi əsgi, sahibsiz
paltartək qalmışam indi. Yuxuyla
ayıqlıq sərsəmləmələri içində
hövüllü ayağa qalxıb təşviş,
anlaşılmazlıq arasında birbaş o biri otağa
keçdim. Heç kim yoxuydu. Bu tağbənd pəncərəmin yeganə
xırdaca gözündən də aydınca
görünürdü. Qoşa açar həmişəki
kimi qapının açar yerindən asılı qalıb xəfifcə
mehdənmi, ya nədənsə saat kəfkiritək aramla yellənirdi.
Görünür, otaqdan yenicə
çıxıbmış. Çünki
sözlər hələ də havadan asılı
qalmışdı, bulud kimi qaralmışdı, elə bil
indicə hərf-hərf yağacaqdı. Özü
də elə bil görünməz bağlarla mənə bənd
olmuşdu bu sözlər, hara gedirdim, quyruq kimi arxamca
sürünürdü. Quyruq gətirmişdim
bu sözlərdən. Deməli, təkcə
onunla yox, bu sözlərlə də bağlıymışam.
Bu sözlər tək onun yox, həm də mənimdi.
Bəlkə artıq özüm də bu
dünyada deyil, bu sözlərin paraşüt kimi
qaldırdığı həmin ruhi aləmdəymişəm,
onun kimi əriyib həmin sözlərə çevrilmişəm).
Mavi vərəqtək göylərə
yazılmış həmin sözlərik ikimiz də. Ancaq açarın ipi dəyişdirilmiş,
boğuq qan rəngində nazik sapla, elə bil sap kimi quruyub
qıvrılmış ipləşmiş öz qanıyla, bəlkə
lap havadan asılmış o sözlərlə
bağlanmışdı. Çünki
onun sözləri də qançırlanmış qanı rəngindəydi.
Elə bil qançırlaşmış bədəninin
bir üzvüydü, bədəni kimi diri canlı, nəfəs
alıb yaşayan, qanıyla yazılan. O boyda gövdə
yiyəsi bu balaca dar qapıdan necə çıxa bilərdi.
Özü içəridə ola-ola
qapını özünə çöldən necə
aça bilərdi. İkinci
özünün, yəni mənim əlimləmi? Bu
halımda mən o olduğumdan bunu hiss etməmişəm.
Gözüm döşəmədə qalıb
qaralmış, bayatımış (eynilə bu bədəninin
konturlarına oxşayan) qan izlərinə sataşanda ətim
ürpəşdi. Tavandan asılmış çırağın zəif,
çəpəki işığında bu qan izlərindən
çox hansısa qədim, qeyri-adi, indi yer üzündə
unudulmuş solğun tunc İlahi hərflərlə
yazılmış İlahi bir yazını, hüzr kəlamlarını,
(qələm kimi öz qanıyla yazılıb
qurtarmışdımı o) hansısa qeyri-adi bir sirrin, müəmmanın
açımını, üzündəki pərdəni
qaldırıb sirdən çıxardığı, bakirəliyini
itirdiyi yerdə, yenidən qapanıb daha qalın sirr-müəmma
qatına, bakirəlik pərdəsinə
örtdüyünü-bürüdüyünü, ikiləşdiyini
xatırladır, bunun mənim suçum üzündən
qopub ayrıldığım əbədiyyət qədər
davam edəcəyi qənaətinə gətirirdi. Yenidən qapının açar yerinə baxdım.
Yuxunun sehrli ipiylə bağlanmış, sehrlənmiş
dipdiri, aşıq kimi, sanki adama meydan oxuyan o açarlar həm
də bu müəmma pərdəsinin önündən
asılmışdı elə bil. O pərdənin
açarlarıydı. O pərdə ki dağdan-dağa səkən
ruhumla birgə, ruhum kimi bayırdan açarla dodaq-dodağa
qıfıllanmışdı. Açarların
arxasında əbədi həbs olunmuşdu. Maraqlısı oyuydu bizim kimi o açarlar da ikiləşmişdi.
Biri, öz əlimlə bağladığım
əlimdə, onun ipləşmiş qanıyla
bağlanmışı qapıda. Bu sirrin
açarı vardı, (onu gözlə görmək, əllə
toxunmaq olardı) qıfılı yox. Ona
görə bu sirri açmaq mümkünsüzdü,
ağıldan-məntiqdən uzaqdı.
Əli Həsənli
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 26-27.