Animasiya
filmlərində heyvan obrazları
“Filmdən
həyata”
Təmsillərdə, nağıllarda və animasiya filmlərində
bir çox heyvanların obrazları stereotipləşib. Filmlərdə və təmsillərdə
heyvanlarla tanış olan uşaqlarda, hətta
böyüklərdə onlara qarşı dəyişməz
münasibətlər formalaşıb.
Məsələn, tikanlı kirpini uşaqlar çox
sevirlər, ancaq qurbağadan çox da xoşları gəlmir,
hətta xoşları gəlməyən heyvanlara qarşı
qəddarlıq göstərə bilirlər.
Kirpi tikanlı olduğu halda, cizgi filmlərində
mehriban və xeyirxah obraz kimi göstərilir. Azərbaycan animasiya kinosunda kirpi obrazı bir
çox cizgi filmdə yer alıb. Bunlardan ən məşhurları
"Kirpi balası və alma", "Xeyirxah
kirpi", "Mərhəmətin dadı" filmləridir.
Uşaqlıq
illərində sevə-sevə baxdığımız, həmçinin
müasir uşaqların da çox bəyəndiyi "Kirpi balası və
alma" (1977, rejissor Hafiz
Əsgərov) filmində bala kirpi şən, mehriban, fədakar
obrazıyla sevilir. O, təbiəti sevir, ona dəyər verir və
qoruyur. Anası, dostu dovşan da eynilə təbiətə
sonsuz sevgilərini göstərməyi bacarırlar.
Tülkünün
törətdiyi fəsad ucbatından, budağı sınan alma ağacı ağlayır. Budaqdan
da göz yaşı süzülür, bala kirpinin gözlərindən
də. Çox arzuladığı şirin,
qırmızı alma da onun gözünə
görünmür.
"Mərhəmətin dadı" (2007, Firəngiz
Qurbanova) filmindəki kirpi də əliaçıq və səxavətlidir. Topladığı
almaları başqa heyvanlarla paylaşır, özünə
isə cəmi-cümlətanı bircə alma
qalır. O, dişlədiyi
almanın içindən çıxan almaqurdunun
yalvarışları qarşısında yumşalır,
almanı yeməkdən vaz keçir, onu çaya atır.
Çay almanı aparır, bir böyük bostana
çıxarır, burda meyvə bolluğuna düşən
almaqurdu almanın içindən sevincək çıxır. Alma yenə mərhəmətli kirpiyə qalır.
O, almanı könül xoşluğu ilə dişinə
çəkir, ancaq artıq təkcə almanın öz
dadını hiss etmir, xeyirxahlığın da dadını
alır almadan.
"Xeyirxah
kirpi" (2009, Firəngiz Qurbanova) filmindəki kirpi də bir
noxud dənəsi üstündə vuruşan xoruzla
siçanın arasına girir. Onların
mübahisəsini ağıl və təmkinlə həll
edir. Onun məsləhəti ilə noxud dənəsini
torpağa basdırırlar və çoxaldırlar.
Yuri
Norşteynin dünyaca məşhur "Kirpi dumanda" filminin qəhrəmanı
kirpi yəqin ki, çoxumuzun yadındadır. Uşaqlığımızın
ən unudulmaz cizgi filmlərindən biridir çünki.
Kirpi dostu ayının evinə ulduzları saymaq
üçün gedir. O, bu hərəkəti hər axşam təkrarlayırdı.
Qəflətən dumanın içində ağ at
görür və ağlına ilk gələn şey bu olur:
"Görəsən, at dumanın içində boğulmaz
ki?". Kirpi ağlına gələn bu suala cavab tapmaq
üçün dağdan enib dumanın içinə girir,
yolunu azır, qorxur. Sonra dumanda təəccüblənir,
qəribə sevinc hissi keçirir.
Nəhayət, gedib dostunun evinə çatır, birlikdə
ulduzları sayırlar.
Norşteynin
həssas kirpisində
empati hissi necə də güclüdür?!
Rejissor
Vahid Talıbovun 1986-cı ildə çəkdiyi "Yeni il əhvalatı"
filmindəki kirpi lap Norşteynin kirpisini xatırladır.
Norşteynin filmindəki mühiti andıran mühit
yaradılıb filmdə. Kirpi yeni il ərəfəsində
meşədə tənha qalıb. Hər tərəf
ağappaq, soyuq qarla örtülüb. O, soyuq və
qarın ağlığı ilə işıqlanan meşədə
özünü tək-tənha hiss edir, getməyə yeri
yoxdur. İşıq gələn pəncərələr
arxasındakı xoşbəxt ailələri izləyir,
onların necə yeni il axşamını
qeyd elədiklərinə, sevindiklərinə tamaşa edir.
Ancaq tale bizim balaca kirpinin də üzünə
gülür.
O, tək qalmır, pişik balasının timsalında
özünə dost tapır.
Kirpilərlə bərabər dovşanlar, atlar, itlər,
arılar, qarışqalar çox vaxt müsbət obrazlar
kimi göstərilir.
Ən çox sevdiyim animasiya filmi xarakterlərindən
biri Corc Oruelin "Heyvanıstan" adlı əsəri əsasında
çəkilmiş "Heyvan ferması" filmindəki
Bokser obrazıdır. Bokser güclü, cavan, cəsur atdır.
Heyvanlar çevriliş edib fermada hakimiyyəti ələ
keçirdikdən sonra fermanın ən ağır işləri
Bokserin boynuna düşür, tarlalarda, yel dəyirmanında səhərdən
axşamadək dayanmadan var gücü ilə
çalışır. Ancaq axırda xəyanətə
uğrayır, xain donuzlar tərəfindən
öldürülür.
Azərbaycan animasiya filmlərində atlar qəhrəmanların
silahdaşı, ən yaxın dostları kimi göstərilirlər. "Basat və
Təpəgöz", "Kitabi-Dədə Qorqud. Səkrəyin dastanı" kimi filmlərdə
atlar qəhrəmanların sağ əlidirlər.
"Taya"
filmindəki eşşək obrazı ürəyəyatımlı
və mehribandır. Dostlarının hərəsi
bir tərəfə dağılanda o, qüssəyə qərq
olur. Axıra qədər dostlarının
xilas olması, yenidən bir araya gəlməsi
üçün mübarizə aparır. "Qəm nədir?"
sualına onun çox yaxşı cavabı var: "Dostlar ki
uzaq düşdü, darda qaldı, tənha qalırsan. Olur qəm".
Eşşəyin parlaq obrazını biz "Heyvan
ferması" filmində də görürük. Bokserin ən
yaxın köməkçisi Benjamin unudulmazdır.
Donuzların işçilərin haqlarını yediyinə, ədalətsiz
idarəçiliyinə qarşı birinci Benjamin
ayağa qalxır və digər heyvanları da inqilaba səsləyir.
Ümumiyyətlə, eşşəklər həmişə
işçi, çiyinlərində yük daşıyan fədakar
obrazlarda göstərilirlər. Həyatda olduqları
kimi, yəni.
Biz
insanlar da əziləndə, haqlarımız tapdananda, yorulana
qədər işlədilib, lazım olan dəyəri
almadığımızda özümüzü eşşəklərlə
müqayisə edirik: "Eşşək kimi yoruldum",
"eşşək kimi işlədim" və s.
Dünyaca
məşhur və sevilən "Şrek" filmində
eşşəyin qeyri-adi cəsur, fədakar, həmçinin
məzəli obrazı yaradılıb.
Bir də var, əbədi-əzəli düşmənlər,
ömür boyu qaça-qovda olan canavarlar və dovşanlar,
pişiklər və siçanlar. Bu filmlər, adətən
komediya janrında çəkilir, uşaqlarda şən əhval-ruhiyyə
yaradır.
Ancaq bəzən
müdrik siçanlara və qəhrəman pişiklərə
("Çəkməli pişik") də rast gəlirik.
"Ayı və siçan" (1970, N.Məmmədov)
filmində siçan ayıya dərs verir. Ayı bir
gün siçanı tutur, siçan onu buraxması
üçün yalvarır. Bir gün
yaxşılığının əvəzini
çıxacağını vəd edir. Ayı
isə gülüb deyir ki, sən balaca bir siçansan. Mənə nə yaxşılıq edə bilərsən?
Amma bir gün doğrudan da, siçan ayını tələdən
qurtarır. Ayının düşdüyü toru dişi ilə
kəsib onu xilas edir. Film Seyid Əzim Şirvaninin məşhur
təmsili əsasında çəkilib.
Siçanın
filosofluq elədiyi digər film də Ezopun təmsili əsasında
çəkilmiş "Talada ev" (1986, Hafiz Əkbərov)
filmidir. Çöl siçanı evlərdən
birində yaşayan, rahat yeyib yatan siçanla
qarşılaşır. Evdə yaşayan siçan hər
şeyin bolluğundan, rahatlıqdan elə ağızdolusu danışır
ki, çöl siçanı onun yaşadığı evdə yaşamağa
razılaşır. Ancaq evdə hər şey
göründüyü kimi deyil. Hər
şey boldur, ancaq sən heç nəyə toxuna bilməzsən.
Çünki anbardakı taxılı ev
sahibi siçanların ucbatından zəhərləyib. Siçanlar üçün tələ qurub. Həmin tələdən dostlar çox
böyük çətinliklə keçirlər. Üstəlik, burda siçanların qorxulu
düşməni pişik də yaşayır və hər
yerdə onları izləyir.
Çöl
siçanı bu şərtlər altında yaşamaqdan təngə
gəlir, evdə oğurluqla ömür sürən
siçana deyir: "Tələdəki pendirdənsə, yoldakı
taxıl daha yaxşıdır".
Sonra zənginlik və bolluqla dolu evi tərk edib azad,
qorxusuz çöllərə qayıdır.
Qorxa-qorxa oğurlamaqdansa, öz zəhməti ilə
rahat yaşamağı seçir.
Bəs mənfi qəhrəmanlar kimlərdir? Təbii ki,
tülkülər, çaqqallar, qarğalar,
yırtıcılar.
Tülkü obrazlarından ən məşhuru
"Tülkü həccə gedir" filmində göstərilib. O, özünü dindar kimi
göstərib, toyuqları, xoruzu aldadır, onları müqəddəs
ziyarətgaha gedən yolda tutub yeyir.
Qoyunlarsa axmaqdır. Elçin Hami Axundovun
"Dəniz səyahəti" filmində onlar sallaqxanaya gedən
yoldaşlarının dalınca köks ötürür, qibtə
edir, nə vaxt özlərinə növbənin
çatacağını səbirsizliklə gözləyirlər.
Onlar elə bilirlər ki, qoyunları daha yaxşı yerə
aparır və onlar ağ günə
çıxırlar.
Heyvanlara xas xarakterlər fərqli göstərilsə, bəlkə
də maraqlı olar. "Balaca şahzadə" əsərindəki
tülkü obrazını sevgiylə xatırlayırıq, məsələn.
Bu yaxınlarda heyvanlar haqqında maraqlı bir məlumata
rast gəldim.
Heyvanlar hiylə eləməyi bacarırlar və
bu onlara çox vaxt ac qalmamaları və sağ qalmaları
üçün lazım olur. Bəzi
quşlar özlərini axsaqlığa vurub,
yırtıcını öz yuvalarından uzaqlaşdıra
bilirlər. Yırtıcı elə bilir
ki, ana quş yaralı və ya xəstədir, onun dalınca
gedir. Yuvadan uzaqlaşan kimi isə var
gücləri ilə qaçıb canlarını
qurtarırlar.
Adətən meymunlar meşədə banan və ya
başqa şirin meyvə tapanda çığırıb
yoldaşlarını çağırırlar. Bəzi meymunlar isə banan
tapanda səslərini çıxarmırlar ki,
başqaları duyuq düşməsin, boğazlarına şərik
olmasın. Bəzi quşlar isə oğurluq
edirlər. Başqalarını
güdürlər, onların qidanı harda gizlətdiyini
görür, sonra oğurlayıb yeyirlər.
Heyvanların
həyatından ən maraqlı hadisələri hər dəqiqliklə
qələmə alan Ernest Seton Tompsonun əsərlərindəki
eyni növdən olan heyvanlar belə bir-birindən fərqlənir.
Necə ki, insanların hamısı bir-birindən
fərqlənir.
Yazıçı
deyir: "Uşaqlar üçün heyvanlar haqqında əsərlər
yazanda onlara ovçunun gözü ilə yox, qurbanın
gözü ilə baxmaq lazımdır".
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 5.