Bədii düşüncə ilə real həyatın ayrıcında - on səkkiz əhvalat

 

Aləm Kəngərlinin mətnlərində müdrik, təmkinli bir baxış var. Mövzu, janr spektrində bu çalar onun hekayələri üçün daha xarakterik səciyyə alır. "Qatarda 18 əhvalat" kitabı bunu anlamağa yetəri qədər material verir.

Öncə qeyd edək ki, "Qatarda 18 əhvalat" hekayələr kitabı bədii siqləti və poetikası etibarilə klassik hekayəçilik ənənələrimizə dayaqlanır. Amma "həm ənənəvi, həm də orijinal" (Cavanşir Yusifli) olan bu hekayələrdə realizmlə yanaşı, alt məqamlara toxunan pritçavarilik, hekayət etmək keyfiyyəti aparıcıdır,  yazıçı cəmiyyət içrə fərdin həqiqətlərini bədii təcəssüm predmeti edir. Sosial varlıq olan insanın yaşantıları, cəmiyyət-fərd münasibətləri  sərt, boyasız həyat mənzərələri fonunda təqdimlənir. Bu hekayələr əsrin fakturasına həssasdır, yeni dövr gerçəklərinin kontekstini cızır. Hansısa əxlaqi qayənin illüstrasiyası olmayıb, oxucunu canlı olaylar mühitinə daxil edir.

18 hekayətin hər birinin əvvəlində müəllifin qeydləri ilə qarşılaşırıq. Bu, sanki kadrarxası səs səciyyəsi daşıyır. Statik təsir bağışlamır, çünki oxucuya sonradan nəql olunacaq əhvalatın strukturuna da, intonasiyasına da uyumlu olduğunu görürük. Müəllif bununla, sadəcə, bədii məkana müdaxilə edərək personajları, onların aqibətini, düşdüyü vəziyyəti şərh eləyir. Eyni zamanda, bu,  ümumən kitabda qabarıq şəkildə mərkəzə çəkilmiş əsas obrazdır ki, əslində, yazıçının məni, dünyagörüşü əsər boyu həmin obrazın dili ilə danışır.

Aləm Kəngərlinin bütün hekayələrində "həyat" motivi var. Bu günün insanı və onu yazan çağdaş ədəbiyyatımız üçün səciyyəvi olan qaranlığa köklənmək meyli onlarda yoxdur, əksinə, elə bir psixoloji-ruhsal enerji var ki, insanı yaşamağa sövq etdirən amillərin hüdudlarını müəyyənləşdirməyə qadir görünürlər. İstər həyatın hansısa anını modelləşdirib real düşüncənin predmetinə çevirəndə, istərsə də oxucunun qaranlıqları yarıb işığa doğru səmtlənməsinə bələdçilik edəndə həyat onun yazıçı təhkiyəsində insanın özü, ətrafı ilə mübarizəsini izah edən ədəbi priyoma, üsula çevrilir. Təbii ki, burada yazıçının həyata yumorik-nikbin baxışının da rolu var. Aləm Kəngərli definisiyası nə qədər mürəkkəb olsa belə, həyatın, gerçəkliyin üzərinə getməkdən və onun insan ömründə yerini, izini soraqlayıb mahiyyətinə varmaqdan çəkinmir.

Kitabdakı əksər hekayələrdə ailə-məişət mövzusu qabarıqdır. Lakin bu da var ki, qəhrəmanların xarakteri, mahiyyəti, kimlikləri ailə-məişətlə ictimai-siyasi həyatın qovuşağında açılır və bu, cəmiyyət və insan, insanın cəmiyyətdə yeri məsələlərini şərh etmək, aydınlaşdırmaq üçün imkan yaradır. Bəlkə də danışılan əhvalatların psixoloji-sosial mühitini  simvolizə etmək baxımından müəllif hekayəsini bilərəkdən məişət təsvirləri ilə başlayır. Amma sonradan yazıçı sərhədləri genişləndirir, məsələni fərd-cəmiyyət konfliktinə salır. Qəhrəmanların simasında köhnəliyin tənqidini verir, əyalətçi düşüncənin prioritet olduğu mühitdə yeniliklərə köklənmənin çətin olduğunu aşılayır. Problemi komik situasiyalardan keçirərək dramatikləşdirir. İnsan kimi yaşamağın ironiyası və faciəsini verir.

Bu mətnlər bəlkə də iç strukturuna görə oxuduğumuz, hətta qəhrəmanlarının adları belə (Həsən, Cəfərxan, Fərman, Səfər, Cəbrayıl, Əbülfəz, Abdulla) hekayəçiliyik tariximizdən bizə tanış əsərlərdir. Fəqət, müəllif baxışı, yükü, ideya çəkisi etibarilə onların hər birində yeni dünya gerçəkləri, modern insanın həqiqətləri hakimdir. Hekayələri ümumi ideya, mətləb, problematika birləşdirir. Yeni düzəndə insanın çəkdiyi iztirablar nədir, peyda olan qanunlar özü ilə hansısa dəyişiklik gətirə bilibmi? Hekayələr, sanki bu suallara prozaik cavab axtarışlarıdır. Aləm Kəngərli hekayələrinin ifşaçı pafosu qüvvətlidir, qələmi gerçəklərin üzərinə tuşlayıb örtükləri qaldırmağa çalışır: zaman dəyişibsə də bir çox bəlaların kökü kəsilməyib, rüşvət, biganəlik islah olunmayıb. Müəllif bizi hara çəkirsə orda qlobal dünyanın ziddiyyətləri, milli varlıq olaraq qalan insanın çeşidli sevdaları ilə qarşılaşırıq. "Sonyalara bənd olan" kişilər ("O olmasın, bu olsun"), Rusiyaya qazanc dalınca gedib vətəninə, ailələrinə biganələşən insanlar ("Qürbətdə", "Qonaq"), hörmət adı ilə sanatoriyalarda, idarə qapılarında soyulan təqaüdçülər ("Dilənçi", "Sanatoriyada), "dinmə uşaqdır, uşağım" təriqi ilə nəvələrini ərköyünləşdirib onları tüfeyli həyata alışdıran nənələr ("Velosiped sevdası") və s.  Aləmin təhkiyə etdiyi mənalar sırasında bu mənzərələrin təsviri hər nə qədər sarkazmla ifadəsini tapırsa da, milli varlıq adına, düzü, bir qədər ümidsizlik də gətirir. Sabir demiş, "Köhnə müsəlmanam, a şirvanlılar". Aləmin realist boyalarla təsvir etdiyi bu məqamlar hekayələrin poetik strukturunda necə ehtiva olunur?  Qeyd edək ki, hekayələrdəki surətlər təsviri səciyyədədir, müəllif milli gerçəklərimizi nişanlayır, öz reallığında və nominal səviyyəsində, hətta xarakterləri dəfələrlə gerçəklərin sınağından çıxararaq təqdim edir.

Amma bu mətnlər üçün realizmlə yanaşı, həm də altqat mətləblərdən söz açan pritçavarilik səciyyəvidir. Mətnlərdəki qüssə və ibrətamizlik qatı da burdan hasilə gəlir. Cəmiyyətə, sosial həyata ayna tutub gedişat, reallıqla bağlı nəticələrə varmaq, dərs çıxarmaq əsas qayəyə çevrilir. Əksər qəhrəmanları eyni motiv, ruh birləşdirir: axına qarşı gedib məlum düzəni dağıtmaq, müqavimət göstərmək əzmi. Cəmiyyət qanunları, klişeləşmiş dəyərlər, müəyyən standartlar üstündə qurulan münasibətlər, fərdin maraqları ilə sosial mentalitet arasında ziddiyyətlər və s.  - heç nə insanı öz istəklərindən məhrum edə bilməz. Qeyri-humanistlik "əxlaq" kimi sırına bilməz. Aləmin hekayələrində qəhrəmanların qadağaları yenmək, öz imkanlarını aşmaq gücünə də olsa axına qarşı üzmək meyli öndədir: Sevil müəllimə ərinin qadağasına baxmayaraq işdən sonra evinə gəlmək əvəzinə narahat olduğu şagirdinin taleyi ilə maraqlanmaq üçün onun evinə tələsir, Murad anasının könülsüz olmasına rəğmən şikəst olsa belə sevdiyi qızla - Zümrüdlə evlənməyə qərar verir. Bəzən bu hekayələrin adları qəhrəmanların iç dünyasının çarpışmalarını ifadə etmək baxımından metaforikləşir - "O olmasın, bu olsun", "Missiya", "Səninləyəm" və s.

Əhvalatların qatarda danışılması da xüsusi anlam kəsb edir: əvvəla, burda hər şey çoxsəsli, haylı-küylü həyatı anladır, hərə öz dərd-səri, ambisiyası, maraqları, arzuları və tələbatları ilə meydandadır. Amma qatar simvolikası başqa mənada - çox şeyin qatarının keçib getməsi anlamında da səciyyələnə bilir. Bir çox şeylər ya arxada qalıb, ya da geridə buraxıb önə doğru addımlamalıyıq. Bu mənada, kitabdakı "Ənənə" hekayəsinin ümumi problematikasından doğan qənaəti bütünlükdə kitabın çıxarış qayəsi kimi almaq olar. Oğlu Babaya Əbülfəz kişinin qızını - Xədicəni almaq üçün ona dil-ağız tökən və razı olmadığı təqdirdə oğlunun qızı qaçıracağı ilə təhdid edən Abdulla kişi sözünü tamamlamağa imkan tapmamış xəbər verirlər ki, "deyilənlər artıq başa gəlib",  oğlan qızı qaçırıb artıq:

"- Dayı, bibi deyir, durmasın, tez evə gəlsin!

Əbülfəz müəllim çox narahat oldu.

- Əvəz, bala,  bilmədin nə məsələdi? Bibin məni neynir? - deyə təəccüblə soruşdu.

Uşaq dedi:

- Xədicə Baba ilə qoşulub qaçıb!

Əbülfəz müəllim özünü itirdi. Bilmədi nə etsin. Dönüb Abdulla kişinin üzünə baxdı, anlamaq istədi: bu oyun Abdulla kişinin qurmasıdır, yoxsa bir təsadüfdür".

Kitabdakı əksər hekayələrin poetikası kiçik təfərrüatlardan tutmuş süjet həllinə qədər bu cür iki dünyagörüşün fəlsəfəsi, gerçəkliyi üzərindədir və daxili məzmun etibarilə bir çox hallarda oxşardılar.

Müəllif fonu, mühiti təşkil edən tərəfləri mətləb kimi qabartmağa çalışır. Və realizəsinə qədər bütöv bir yaradıcılıq mexanizmi daha çox həyati əsaslara dönüşün üzərində qərarlaşır. Hər mənfi həyat məsələlərinin arxasında sosial gerçəklərin cəmini görürük. Bu, həm də yazıçının predmeti ümumiləşdirmə bacarığının göstəricisidir: həyatı ancaq təsvir etmir, həm də həyati problem qaldırır. Mənəvi dilemma daim funksionaldır: həyatın bütün çətinliyinə qatlaşıb ləyaqətli insan kimi yaşamaq, yoxsa baş girləməklə ömrü bada vermək. Yazıçı məhz idraki məqama varmağı qarşısına məqsəd qoyduğundan bunların qarşılaşmasını verərək problemi psixoloji yaşantıları görk edəsi daxili dramatizm səciyyəsində verərək gerçəkləşdirir: məsələn, "Oğru" hekayəsində mağazadan konfet oğurlayan uşağa canı yanmış kimi çıxış edən ətrafdakı insanlar özlərinin real kömək etmək məsələsi önə çəkiləndə irəli gəlməməsi, "Ehsan" hekayəsində pis insan olmağın öləndən sonra belə insanı tək qoyması, xeyrə-şərə yaramayan Dilavərin ölüsünə kənd əhlinin onun özünə görə deyil, yaxşı insan kimi hörmət qazanmış Göyüş kişinin xətrinə yiyə durması, "Velosiped sevdası"nda nəvələrin hər şıltaqlığına dözərək onları tüfeyli yaşamağa alışqan edən nənələrin aqibəti, "İkili yanaşma" hekayəsində məmur fırıldaqçılığı, yazıçıya olan hörmətin itməsi, "Dilənçi" hekayəsində təqaüdünü hazırlamaq üçün sənədlərini hazırlamağa gedən Cəfərxan kişidən hər addımda pul alınıb onun dilənçi vəziyyətinə salınması və s.

Bu hekayələrdə qəhrəmanların bizə daha çox zahiri tərəfləri ilə görünən həyatlarının arxasında qəribə bir həsrətin, nisgilin də yer aldığını görürük. Onlar darıxırlar. Təbiidir, XX əsrdən bu yana bu motiv dünya mədəniyyətinin kontekstində qərar tutubsa, üstəgəl 80-ci illərdən bu yana bütün ədəbi nəslin dünyagörüşlərinin zəminində dayanırsa, həyatın özü kimi qavranılan hekayələrdən yan keçməsi mümkünmü?! Əslində, qəhrəmanların iç dünyalarının dərinlərinə enməyən, bunu heç qarşısında məqsədə də çevirməyən müəllif bəzən xırda bir ştrixlə ömür təfərrüatlarına elə vurğular edir ki, hekayədəki qabardılan əsas motivi unudub yaddaşın qəlpəsində ilişib qalan həmin xırda ştrixlə uğraşmalı olursan. O xırdalıq ki, orda qəhrəmanların darıxmalarının səbəbi var: Səfər kişi vətəni ("Qürbətdə"), Könül həkim nakam sevgisi ("Görüş") üçün, Cəbrayıl müəllim həyatın yeknəsəqliyindən ("Qaş düzəldən yerdə"), ömrünün on yeddi ilini övlad həsrəti ilə keçirən Sevil müəllimə taleyinin gərdişindən ("Missiya") darıxır. Etiraf edək ki, təbii insan ağrısı kimi təcəssümlənən bu məqamlar hekayələrdə daha incə boyalarla işlənib. Əksinə, sevgi notlarının yer aldığı - "Səninləyəm", "Kupedə", "Qəfil görüş" hekayələrində belə bir  emosiya kəsərinin gücünü sezmirik. Daha çox əxlaq, mənəviyyat məsələlərinin həlli, mahiyyət və davranışları ilə bu ölçülərə oturuşan insanı vermək önə çəkildiyindən bu hekayələrin bəzi epizodlarında quramaçılıq, bayağılıq özünü göstərir,  müəllif iç təfsilatlarına varmağı o qədər də lazım bilmir.

Mario Varqas Lyosanın "Katoblepas" ("Gənc yazıçıya məktublar") essesində belə bir fikir yer alır: "Hekayətlər qurmaq üçün yazıçıya lazım olan personajlar, maraqlı əhvalatlar, konfliktlər bədii düşüncə ilə real həyatın,  gerçək dünyanın ayrıcında olanlardır". Aləm Kəngərlinin əhvalatlarında şəxsi təəssürat və xülyalarla real həyatın faktları ümumi bir çulğalaşma içindədir və bütün hallarda məqsəd bizim diqqətimizi mənəvi varlığın sabahına yönəltməkdir.

 

Elnarə AKİMOVA

Ədəbiyyat qəzeti.- 2020.- 19 sentyabr. S. 8.