Ədəbi düşüncələr

 

Yaddaş

 

Haçansa hansısa nağılımızda oxuduğum bir fikir axır vaxtlar tez-tez yadıma düşür:

 

"Yaxşılara yaxşılıq edin, pislərə isə öz pislikləri kifayətdir".

 

İstedad güzəştə gedir

 

Sovet ideologiyası çox istedadları sosrealizmə yönəltdi və o istedadları susuz ağac kimi qurutdu (məs.: A.Fadeyev).

 

Elə istedadlar oldu ki, sosrealizm bataqlığı içində də özünü qoruya bildi (məs.: M.Şoloxov).

 

Elələri də oldu ki, özlərini tam ifadə edə bilməsələr də, ordan-burdan su tapıb o ağacı tamam qurumağa qoymadı və məncə, bunlardan biri də Konstantin Fedindir.

 

Onun "Narovçat xronikası" oxudum. Bu kiçik povesti 1924-25-ci illərdə yazıb (hələ sosrealizmin hakimi-mütləq olmadığı bir dövrdə) və bu povest mənim aləmimdə Lev Tolstoyun çox istedadlı bir varisinin (şagirdinin) qələmindən çıxıb.

 

Oxuduqca, bu povestdə "Sergiy ata"nın* əməlli-başlı təsirini hiss edirdim.

 

Fedin suda boğulmuş Afanasi Sergeyeviçin cansız sifətini elə təsirli təsvir edir ki, Hacı Muradın ölüm səhnəsinin təsviri mənim yadıma düşdü. Povestdəki hadisələri danışan İqnatiy - o, Simonov monastırında rahibliyə hazırlaşır - həmin cəsədi görəndən sonra deyir ki, Afanasi Sergeyeviçin sifəti heç vaxt yadımdan çıxmayacaq.

 

Doğrusunu deyim ki, o kiçik povesti az qala bir ay bundan qabaq oxumuşam, ancaq o sifət mənim də yadımdan çıxmayıb.

 

Sonralar Fedin "İlk sevinclər"i, "Qeyri-adi yay"ı yazdı və bu romanlar, əlbəttə, "Qızıl ulduzlu qəhrəman"ın** tayı deyil, ancaq onun istedadının xeyli dərəcədə sosrealizmə güzəştə getməsi də açıq-aşkardır.

 

Fedin partiyanın üzvü deyildi, buna baxmayaraq, Sosialist Əməyi Qəhrəmanı oldu, Stalin mükafatları aldı, ancaq təəssüf ki, güzəştsiz istedad elə həmin 1924 - 1925-ci illərdə qaldı.***

 

* L.Tolstoyun povesti

 

** Semyon Babayevskinin romanı.

 

*** 1975-ci ildə mən Yazıçılar İttifaqında işə başlayanda Fedin SSRİ Yazıçılar

 

İttifaqının sədri idi - hündür boylu,

 

canlı gözləri ilə adama zənlə baxan,

 

həmişə şux və dəblə geyinən,

 

həmişə də qırmızı qalstuk taxan və pencəyinin döş cibindən də qırmızı dəsmalının ucları görünən şümal bir adam idi.

 

Füzuli lirikasının miqyası

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

 

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Bu məşhur misraları dahiyanə "Leyli və Məcnun" poemasının müəllifi yazıb.

 

Bu qəzəlin lirik qəhrəmanı nə demək istəyir?

 

Yəni poemadakı Məcnunun da "aşiqi sadiqliyinin" miqyası şübhə altındadır?

 

Və onun - Məcnunun "aşiqlik istedadının" dərəcəsi, kondisiyası lazım olan səviyyədə deyil?

 

Bu tipli sualların yaranarsa, əlbəttə, Füzuli yaradıcılığına yanlış yanaşma olar, çünki söhbət poemadakı konkret surətdən, konkret olaraq poema qəhrəmanı Məcnunun aşiqlik səciyyəsindən getmir.

 

Söhbət, ümumiyyətlə, Füzuli yaradıcılığındakı "aşiq sadiqliyi", "aşiq istedadı" bədii anlayışlarının miqyasından gedir və bu miqyasın sərhədi, yəni başlanğıcı və sonu, bitdiyi bir nöqtə yoxdur.

 

Əlbəttə, ola bilər ki, bu qəzəl "Leyli və Məcnun"dan sonra yox, əvvəl yazılıb, ancaq belə olsa da, Füzuli yaradıcılığındakı dediyim həmin mahiyyət dəyişmir.

 

Füzuli divanı yəqin ki, birinci qəzəldən sonuncu qəzələdək poemadan əvvəl yazılmayıb, yəni Füzuli lirikasında poetik aşiqlik xətti qəzəldən-qəzələ inkişaf edərək, gəlib poemadakı Məcnunda obsalyutlaşmayıb. Çünki Füzuli divanı eyni dahiyanə səviyyədədir və burada aşağı bədii-esteik səviyyədən yüksək səviyyəyə gedən bir inkişaf diaqramından (eləcə də tənəzzül diaqramından) söhbət gedə bilməz.

 

Söhbət inkişafdan yox, yüksək səviyyənin daxilindəki küllün, poetik mündəricatın sərhədsizliyindən gedir.

 

Elə Füzulinin özü bunu yaxşı deyir, bu dinamikanı dəqiq göstərir:

 

Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,

 

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Lenin, Stalin və poeziyamız

 

Leninin, Stalinin obrazları sovet dövrü Azərbaycan poeziyasının tarixinə həkk olunub.

 

O dövrün elə bir məşhur (və qeyri-məşhur!) şairi yoxdur ki, Lenin və Stalin haqqında poetik mədhiyyələr yazmasın.

 

Buna təəssüf etməyin də mənası yoxdur.

 

Bu - konkret dövrün, zamanın timsalında tarixin poeziyaya müdaxiləsidir.

 

Poeziya tarixində (poeziya ömründə!) belə hadisələr daimidir.

 

Fransız intibah novellaları

 

İntibah dövrü ədəbiyyatı deyəndə, ilk olaraq İtaliya və ilk növbədə də, yəqin ki, "Dekameron", sonra da Sakkettinin "Üç yüz novella"sı, Ciraldi Çintonun "Ekatommiti"si (keçən həftə "Çinto və Cavid" haqqında esseni "Ədəbiyyat"a göndərdim*) və b. yada düşür.

 

Elə buna görə də Navarralı Marqaritanın (Navarra kraliçasının) "Heptameron" novellaları mənim üçün bir kəşf oldu.

 

Xalis qadın təbəssümü ilə yazılmış bu maraqlı novellalara usta qələmli və bəzi məqamlarda da nazlı-qəmzəli müəllifin bu sözlərini epiqraf kimi işlətmək olar: "Mən dəfələrlə eşq-məhəbbətdən ölən insanlar haqqında eşitmişəm, ancaq bütün həyatım boyu bircə dəfə də görməmişəm ki, onlardan kimsə həqiqətən ölsün".

 

* "Sübh şəfəqinin işığı. Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı haqqında" adlı həmin esse 1982-ci ildə yazılıb ("Ədəbiyyat və incəsənət", 17 sentyabr 1982).

 

İudanın incili

 

Henri Panasın "İudanın incili" romanı nəşriyyat anotasiyasında yazıldığı kimi, "dünya ateist ədəbiyyatının ən görkəmli bədii əsərləri sırasındadır".

 

Müəllif özü isə romanı apokrif kimi təqdim edir.

 

Əsər müxtəlif dillərə tərcümə edilir, nəşr olunur.

 

Ancaq mənim üçün bu roman nə ateist bir əsər kimi, nə də apokrif kimi maraqlıdır.

 

Bu əsərin mənim üçün qiyməti ondadır ki, yazıçı İudanın həm ittihamçısı, həm də vəkilidir.

 

İuda Məsihi (İsa peyğəmbəri) satan və əsrlər boyu Avropa rəngkarlığında, ədəbiyyatında lənətlənərək kanonlaşdırılmış xəyanətkarın ismidir.

 

Mən bizim "Rusca-Azərbaycanca lüğət"lərimizə baxdım və bu lüğətlərin hamısında "İuda - xain, satqın" kimi tərcümə (?) və təqdim edilib, yəni İuda artıq isim yox, sifətdir, terminləşərək, xainliyi, satqınlığı ifadə edən bir məhfuma çevrilib.

 

Panas isə insan haqqında roman yazıb və bu insanın - İudanın canlı bir məxluq kimi səhvləri də var, məziyyətləri də var, o, bütün varlığı ilə sevməyi bacarır, bu, həm ilahi sevgidir (Məsihə sevgisi), həm də insani, yəni cismani sevgidir (Mariyaya sevgisi).

 

Deyə bilmərəm ki, bu roman - şedevrdir.

 

Sadəcə, bu roman əsl ədəbiyyata aparan yolun, əgər belə demək mümkünsə, yolçusudur.

 

Cəmiyyət - insan - yazıçı

 

Laksness hələ ki mənim XX əsr ədəbiyyatındakı "5-liyimə" daxildir: Tomas Mann, Folkner, Hamsun, Şoloxov, Laksness (Tolstoy XIX əsrdir).

 

N.Krımova və A.Poqodin onun haqqında müştərək yazdıqları monoqrafiyada bu yazıçını "zəmanənin çox kəskin (son dərəcə kəskin, orijinalda "ostrosoüialğnıy") sosial yazıçı kimi təhlil və təqdim edir.

 

"Za rubejom"da da oxuyuram ki, Laksness "burjua cəmiyyətinı tənqid edən yazıçı" (1972, ¹ 40) kimi qiymətləndirilir.

 

Ədəbiyyatın predmeti - hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, insandır.

 

Yazıçı insandan yazır.

 

Laksness isə böyük yazıçıdır.

 

Tarix və ədəbiyyat

 

Deyirlər ki, ədəbiyyat - tarixi tarixçilərdən yaxşı ifadə edir.

 

Yəqin, ona görə ki, tarixçi əldə etdiyi faktlara söykənir, ədəbiyyatın isə fəhmi var və o, hiss edir.

 

Əlbəttə, tarixçinin zəhməti olmasa, həmin hiss köməksizdir və bu zaman ancaq fantastik əsərlər meydana çıxır.

 

Tarixçi Karfagenlə bağlı faktları ortaya qoyur, Floberin fəhmi isə bu faktların sayəsində Karfageni göstərir.*

 

Eyni zamanda, ədəbiyyat öz dövrünün də tarixi diaqnozunu verir.

 

Uğursuz Rusiya hərbi səfərindən sonra (1812) divara dirənmiş Avropa dövlətləri birləşib, Rusiya ilə birlikdə üç il müddətində Napoleonu iki dəfə və həmişəlik taxtdan saldı.

 

Bir müddətdən sonra Bayron yazmışdı:

 

Biz buna görəmi şiri taxtdan saldıq ki,

 

Canavarların qarşısında baş əyək?*

 

* "Salombo" povestində.

 

** Rus dilindən sətri tərcümədir.

 

Milli dil

 

Dil - mənim təsəvvürümdə nəinki ədəbiyyatın, hətta nəinki sənətin, ümumiyyətlə, milli mədəniyyətin əsasıdır.

 

Dil - kökdür.

 

O, kökdən qalxmış gövdə - mədəniyyətdir.

 

Həmin gövdənin budaqları isə - sənətin növləri və ilk növbədə, ədəbiyyatdır.

 

Ədəbiyyatımızın itkisi

 

İşə gələndə* çox gözlənilməz və ağır bir xəbər eşitdim.

 

Sabir Süleymanov vəfat edib.**

 

Bu nədir? Bizim nəslin də yarpaq tökümü başlayır?

 

Sabir bizim nəslin insafsızcasına az tanınan istedadlı bir nümayəndəsi idi.

 

Sadə, təmkinli, təvazökar və istedadlı.

 

Onun 60-cı illərdə yazdığı povestlər - "Qarayel", "Çinar kəhrizinin suyu", "Cərəyan", "Şaqul" yalnız bizim nəsil yaradıcılığının yox, ümumiyyətlə, nəsrimizin yaxşı nümunələridir.***

 

Ən yaxşı nümunələri isə o, özü ilə apardı.

 

Sabirdən yaxşı yazanlar olacaq, daha artıq dərəcədə Sabirdən pis yazanlar olacaq, ancaq Sabirin yazacaqlarını daha heç kim yazmayacaq və bu, ədəbiyyatımızın itkisidir.

 

* O zaman Yazıçılar İttifaqında katib

 

işləyirdim, rəhmətlik Sabir isə "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri idi.

 

** O, 1979-cu ilin sonlarında vəfat etmişdi.

 

*** Bu povestlər mənim ön sözümlə nəşr olundu (Çinar kəhrizinin suyu.

 

Bakı, "Yazıçı", 1985).

 

Yevtuşenkonun familiyası

 

Yevgeni Yevtuşenko yazır:

 

Mənim familiyam - Rusiyadır,

 

Yevtuşenko isə - təxəllüsümdür.

 

Bu misralara görə, rus ədəbi prosesi də, baxıram ki, onu epatajlıqda günahlandırır.

 

Ancaq, məncə, məsələ başqadır - Yevtuşenko yaradıcılığı bu misraları doğruldurmu?

 

Şəxsən mən bu suala dəqiq cavab verə bilmirəm.

 

Sual

 

Pyotr Çaadayev deyirdi: "Həqiqət vətəndən daha qiymətlidir... (artıqdır, üstündür; orijinalda: "İstina doroje rodinı").

 

Həqiqət ilə vətəni qarşı-qarşıya qoymaq nə dərəcədə düzdür?

 

Detektiv ədəbiyyatdır?

 

Detektiv əsər də bədii ədəbiyyat adı ilə çap olunan istənilən nümunə kimi, yaxşıdırsa - ədəbiyyatdır, pisdirsə - qeyri-ədəbiyyatdır.

 

Şerlok Holms, Braun ata, Meqre, Puaro, Miss Marpl - bunlar kimdir?

 

Ədəbiyyat qəhrəmanlarıdır, yoxsa qeyri-ədəbiyyat?

 

Bəs, E.Ponun detektiv hekayələri necə, ədəbiyyatdır, ya yox?

 

Bu sadə, bəlkə də bəsit sualları K.Saraqosanın "Və Yaradan da son sahildədir" romanından sonra verirəm və elə bu romanın özü sübut edir ki, hər şey janrdan yox, istedaddan asılıdır.

 

Bu gərgin süjetli (qətl hadisəsi baş verib) romanın qəhrəmanı Xoseçu qatildir və Xoseçunun daxili aləmindəki təbəddülatın psixoloji təsviri maraqlı və inandırıcıdır.

 

Kitaba ön söz yazmış X.Kobo "qələmləri ilə əbədi həqiqətlərin sarsılmazlığını sübut edən" yazıçıları "XIX əsr dünya ədəbiyyatının nəhəngləri və bizim günlərin onlarla müqayisədə sadə və iddiasız görünən yazıçıları" deyə iki qismə bölür və hər iki qismin ədəbiyyatda öz şərəfli yeri olduğunu deyir.

 

Düz deyir.

 

Saraqosa da mənə görə həmin sadə və iddiasız istedadlı yazıçılardan biridir.

 

"Yeni dövr" rejissorları

 

Sovet İttifaqının Qorbaçov "perestroyka"sından istifadə edən "yeni dövr" rejissorları Şekspirin, Molyerin, Çexovun başına nə oyunlar açırlar?!

 

Söhbət teatrlarda yavaş-yavaş küll halını alan təmayüldən gedir.

 

Ola bilsin ki, gözəl estetik nəticələr əldə edilir, gözəl müasir tamaşalar yaranır, ancaq bu - artıq Şekspir deyil, Molyer, Çexov deyil.

 

Rus dramaturqu Valentin Krasnoqorov mənim xoşuma gələn obrazlı şəkildə yazır ki, "bu gün rejissorlar pyesləri öz səhnə fantaziyaları üçün yarımfabrikat kimi qəbul edirlər".

 

Yarımfabrikat - yəni xammal.

 

Təkrar edirəm: ola bilsin ki, yüksək bədii-estetik səviyyəli tamaşalar yaranır (və belə hadisələr az olmur!), ancaq söhbət məhz hansısa dramaturqun qələmindən çıxmış pyesdən yox, bu pyesin rejissor tərəfindən "özəlləşdirilmiş" motivlərindən gedir.

 

Elə bil, böyük bir binadır, onun mənzillərini adda-budda özəlləşdirib kənara çəkərək, binadan ayırırsan - o bina sökülüb-dağılacaq, yoxsa yox?

 

Müşfiq misralarının ovqatı

 

Müşfiqin dörd misrası fikrimdə dolaşır:

 

Tərlansan, göydən (fəzadan - E.) enməzsən,

 

Bu torpaqda (həyatda, dünyada! - E.) sevinməzsən,

 

Mən dönərəm

 

(fikrimdən, arzumdan, istəyimdən - E.),

 

                                    sən dönməzsən,

 

Yaşa könül, yaşa könül!

 

Yəni könül, sən fəzalarda yaşa, fəzalardan enmə, çünki Yer üzündə yaşamaq mümkün deyil.

 

Və Müşfiqin bu misralarından bir addım o tərəfdə neçə illərdən sonra Tofiq Abdinin dediyidir:

 

Mənsiz bu dünyanın işi keçərmiş,

 

Əcəba, dünyaya mən niyə gəldim?

 

Əliağa Vahidin bu misraları isə mənim üçün, elə bil, bu əhval-ruhiyyənin, bu ovqatın davamıdır:

 

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,

 

Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

 

Natali Sarrot və Elza Triole

 

Qəribə bir hadisədir ki, iki məşhur fransız qadın yazıçıları, Fransada "yeni roman"ın dünya ədəbi prosesinə daxil olmuş müəllifləri - Natali Sarrot və Elza Triole - ikisi də Oktyabr inqilabından sonra gənc yaşlarında Rusiyadan Fransaya köçmüş rus yəhudiləridir.

 

Elza Triole Lui Araqonun həyat yoldaşı və Mayakovskinin, eləcə də bir sıra başqa məşhurların sevgilisi olmuş Liliya Brikin kiçik bacısıdır, ancaq ən əsası odur ki, fransız "yeni roman"ını, dediyim kimi, dünya ədəbi prosesinə gətirmiş yazıçılardan biridir.

 

"Yeni roman" böyük mənada Yeni Sözdürsə (dünyaya - kanonlaşmış ideallara, əxlaqi kriteriyalara baxış yeniliyi, xislətin daha dərin qatlarına enmək və göstərmək yeniliyi, təhkiyədə və psixoloji təhlildə "şüur axını" və s.), o zaman Triolenin "Sələm qızılgüllər" romanı həqiqətən yeni romandır.

 

Yüzilliklər boyu neçə-neçə nəsillər Perronun "Zoluşka"sı ilə böyüyüb, Zoluşka xoşbəxtliyi bədii ədəbiyyatın xəyallar aləmində ana xətlərdən birinə çevrilib və imkansız, kasıb, sevincsiz-fərəhsiz bir həyat keçirən qızın birdən-birə şahzadəyə rast gəlməsi, şahzadə xanımına çevrilməsi, daxmadan çıxıb saraylarda yaşaması - bir sözlə, Zoluşka taleyi bədii ədəbiyyatdakı həmin xəyallar aləminin ifadəsi olub.

 

Bu, ədəbiyyatda Kozetta* taleyidir.

 

"Sələm qızılgüllər"in qəhrəmanı Martina da siçanlar gəzişən daxmadan gözəl mənzillərəcən gedib çıxır, ancaq Zoluşkadan fərqli olaraq, sonda o, elə həmin daxmada siçovullara yem olur.

 

Martina ədəbiyyatda klassik Kozetta taleyinin əks qütbündədir.

 

Triole öz qəhrəmanının taleyindəki təbəddülatı elə psixoloji təfərrüatla işləyə bilib ki, mən bu "yeni roman"da Dostoyevski təsirini açıq-aşkar hiss etdim və ümumiyyətlə, mənə elə gəlir ki, Triole üçün XIX əsr rus ədəbiyyatı həmin əsrin fransız ədəbiyyatından daha doğmadır.

 

Dostoyevski təsirini Natali Sarrotda daha artıq hiss edirsən.

 

Həcmcə kiçik olan "Siz onu eşidirsiniz?" romanı, belə demək olarsa, bədii-psixoloji romandır (psixologiya romanıdır) və buradakı atalar və oğullar problemi ənənəvi nəsillər problemindən fərqli olaraq, ayrı-ayrı məktəblər, zövqlər, dəblər problemi yox, dərin psixoloji ziddiyyətlər problemidir.

 

Övladların zarafatı, gülüşü atanın daxili aləmini sarsıdır, hətta həmin daxili aləmi məhv edir və mənə elə gəldi ki, buradakı psixologizm "Qaratoxmaq qadın"dan** "Karamazov qardaşları"na gedən möhtəşəm rus bədii-psixologizminin davamıdır.

 

Bəlkə hissə qapılıram? Ola bilər.

 

Onsuz da oxucunun fikri - subyektiv fikirdir və burada mütləqlik axtarmaq lazım deyil.

 

* "Səfillər"in qəhrəmanı.

 

** A.Puşkinin povesti.

 

Bir bənzətmə haqqında

 

Aşıq poeziyasında tez-tez (hərdən də klassik poeziyada) rast gəlirəm ki, gözəlin cismani portretini çəkəndə, bədəninin, sifətinin, çox zaman da sinəsinin ağlığını qar ağlığına bənzədirlər.

 

İndi Sarı Aşığın da bayatılarında belə bir təşbehə rast gəldim:

 

Mən Aşıq qara baxdım,

 

Ağ baxtım, qara baxtım.

 

Sinən yadıma düşdü,

 

Dağlarda qara baxdım.

 

Səmimidir, axıcıdır, cinas uğurludur, ancaq bir məsələ var: sinəsi yada düşən o gözəl canlı məxluqdur və onun sinəsi, əlbəttə, istidir, hərarətlidir. Qar isə soyuqdur və bu təşbeh o sinənin istisini, hərarətini hiss etməyə qoymur, oxucunu "soyudur", onun, əgər belə demək mümkünsə, "poetik qızınmasına" mane olur.

 

Sinə (döş, məmə) - qar bənzətməsi qəribədir ki, aşıq poeziyasında və ümumiyyətlə, folklorumuzda obrazlaşıb, qoşmadan qoşmaya, gəraylıdan gəraylıya, bayatıdan bayatıya keçir.

 

Belə bir bayatı da yadıma düşür:

 

Bağban bağdan bar istər,

 

Xəstə könül qar istər,

 

İgiddə arzuya bax,

 

Əl dəyməmiş nar istər.

 

Gözəl bayatıdır, ancaq bir misra - "xəstə könül qar istər", məncə, "igid arzusuna" soyuqluq gətirir. "Xəstə könül" - burada cismani mənada deyil, bu xəstəlik şifirlənmiş "nar" xəstəliyidir, söhbət həmin şifrlə bağlı isti yanğıdan gedir.

 

Bu gözəl bayatıda da dolayısı yolla həmin bənzətməylə rastlaşırıq:

 

Aşıq, dağdan qar göndər,

 

Cənnət bağdan bar göndər.

 

Açılmamış sinədən,

 

Dərilməmiş nar göndər.

 

Bu bənzətmə, hətta müasir şairlərimizin də yaradıcılığına yol tapıb, məs.:

 

Nə ad verim hüsnünə, dağlardakı qarmısan?

 

M.Rahim

 

Sarı Aşığın qar soyuğundan uzaq belə bir alliterasiyası isə çox xoşuma gəldi:

 

Mən Aşıq yara bağlar,

 

Yar meylin yara bağlar.

 

Yaramı yar bağlasın,

 

Yar yaxşı yara bağlar.

 

Vulkan püskürməsi

 

Vera Tulyakova - Nazim Hikmətin sonuncu xanımı - xatirələrində yazır ki, 1953-cü ilin martında Nazim infarkt keçirir və bir müddət SSRİ Nazirlər Sovetinin Moskva yaxınlığındakı "Barvixa" sanatoriyasında müalicə olunur.

 

Dostlar - rus yazıçıları Stalinin ölümünü ondan gizli saxlayırlar ki, sarsılar, ürəyi dözməz. Axırda fikirləşirlər ki, Nazim bunu bilməlidir və bu ağır xəbəri "Barvixa"da ona Konstantin Simonov çatdırır.

 

Nazim dəhşət içində donub qalır. Bir neçə dəqiqə heç nə deyə bilmir. Hər ikisi yaşarmış gözləriylə bir-birinə baxır.

 

Simonov: "- Bundan sonra biz necə yaşaya biləcəyik? Axı o, bizim əvəzimizə də düşünürdü!.." - deyir.

 

Nazim: "- Nə?" - soruşur.

 

Simonov təkrar edir: "- O, bizim əvəzimizə də düşünürdü!..".

 

Birdən Nazim yavaş-yavaş, sonra isə bərkdən, az qala qəhqəhə ilə gülməyə başlayır və belə bir isterikadan sonra, nisbətən sakitləşərək: "- İndi biz özümüz düşünəcəyik! Özümüz! Özümüz!" - deyir.

 

Bu epizodu oxuyanda mənə elə gəldi ki, Nazimin isterikası onun daxili aləmindən - qəfəsdən qopan təhtəlşüur bir püskürmə idi.

 

Qəfil vulkan püskürməsi kimi.

 

Şekspir Mitçell deyil

 

Hər dəfə belə şeylər oxuyanda, özümü tənələyirəm ki, niyə vaxtımı itirib, bunu oxuyuram?

 

Yarımçıq da qoya bilmirəm.

 

Aleksandra Ripleyin "Skarlett" romanı guya ki, "Küləyin apardıqları"nın ("Küləyin sovurduqları" daha dəqiq olar) ardıdır, yəni Ripley bu romanın ardını yazıb.

 

Kütlə üçün yazılmış romandır, yəqin, elə ona görə də tərcümə olunur, satılır.

 

Əslində, Mitçellin romanı da "mənim romanım" deyil, bestsellerdir, sadəcə, müharibədən əvvəl çəkilmiş film və o filmdəki Vivyen Li və Klark Heybl bu romanı məşhurlaşdırdı.

 

Ripleyin yazdığı isə daha da artıq dərəcədə sentimentaldır və onun Skarlett Hamiltonu Mitçellin Skarletindən daha artıq "şirəlidir".

 

Ümumiyyətlə, başqasının əsərinin davamı olaraq başqa bir əsər yazmağa ədəbiyyatın nə dərəcədə ehtiyacı var?

 

İndi kimsə oturub "Romeo və Cülyetta"nın ardını yazsın ki, sevimli övladlarını itirdikdən sonra Kapulettilərlə Montekkilərin başlarına nələr gəldi?

 

Düzdür, Şekspir Mitçell deyil, amma hər halda...

 

Yazılmamış roman haqqında

 

Rəşid bəy Axundov 1874-cü ildə Brüsseldən atasına (Mirzə Fətəliyə) yazdığı məktubda böyük bir sevinc və ruh yüksəkliyi ilə xəbər verir ki, imtahandan əla qiymət alaraq "Politexnik məktəbin tələbələri sırasına, birinci kursa qəbul olunmuşam" və gizlətmək istəmədiyi bir fəxarətlə yazır ki, professor Şmit onun əlindən tutub: "- Sizi təbrik edirəm, cənab, siz əla imtahan verdiniz" - deyir.

 

İllər keçdi və bu sevincin sonu intiharla qurtardı.

 

Həmin illərin təfərrüatına varıb roman yazmaq olar.

 

Ancaq baxır, necə yazırsan?

 

Yüz dəfə yazılmış şablon bir süjetdir (məhv olmuş arzular, göz yaşları və s.), ancaq belə yanaşsaq, mahiyyətcə şablon olmayan bir süjet yoxdur.

 

Bəzən eyni süjet ayrılıqda hər biri orijinal olan bədii şedevrlər yarada bilir - "Anna Karenina" və "Xanım Bovari" kimi.

 

Anna kübardır və ən yüksək kübar cəmiyyətinin xanımıdır, nüfuzlu dövlət adamı Aleksey Kareninin arvadıdır, Emma isə fermer qızıdır, əyalətdə yaşayır, monastır yetirməsidir, ancaq sosial baxımdan, mühit baxımından tamamilə fərqli bu qadınları birləşdirən - süjetdir.

 

İstedad isə eyni süjetə malik tamamilə orijinal iki böyük əsər yaradıb.

 

Burasını da deyim ki, mənim üçün Flober - ilk növbədə "Salombo"dur.

 

Fariseylik

 

Uzun müddət sosialist Albaniyasının rəhbəri olmuş Ənvər Xoca xatirələrindən və siyasi mülahizələrindən ibarət "Xruşşov Stalini iki dəfə öldürüb" kitabında Sovet İttifaqının Stalindən sonrakı rəhbərliyi barədə təəssüratlarını yazır və Mixail Suslovu ("qaloşlu adam"ı!) beçə, xoruzcuq (rusca "petuşok") adlandırır, "erməni alverçisi Mikoyan" ("armyanskiy torqovets Mikoyan")* adlandırdığı Anastas Mikoyanın isə Xruşşovun yanında "padşahın təlxəyi" ("şut korolya") rolunu oynadığını, Xruşşovun onu daima ələ saldığını deyir və s.

 

Ancaq indiki halda məsələ bunlarda deyil.

 

Kitabdakı bir epizod mənim üçün maraqlı (və əlamətdar!) göründü.

 

Din etibarilə müsəlman olan Ənvər Xoca yazır:

 

"Söhbətimiz əsnasında yoldaş Stalin məndən soruşdu:

 

- Yoldaş Ənvər, siz donuz əti yeyirsiz?

 

Mən:

 

- Bəli - dedim.

 

Yoldaş Stalin:

 

- İslam dini donuz ətini qadağan edib...".

 

Və bundan sonra Stalin Ənvər Xocaya xalqın əqidəsinə hörmət etməyi, bu məsələdə ehtiyatlı olmağı tövsiyə edir.

 

Və bu sözləri, bu məsləhəti müsəlman məscidlərini (Azərbaycanda olduğu kimi) ayaqqabı sexlərinə, anbarlara çevirən, onları xarabaya qoyan bir diktator deyir.

 

Şekspir qələminə layiq bir fariseylik!

 

* Enver Xodja. Xruşşov ubil Stalina dvajdı. Moskva, "Alqoritm",

 

2010, str. 44.

 

Başqa bir sivilizasiya?

 

Klassik yapon hokkularını tərcümə edirəm* və tərcümə etdikcə də mənə elə gəlir ki, bu hokkular, xüsusən Basyonun hokkuları nə vaxtsa, başqa bir sivilizasiyanın özünüifadəsidir.

 

Başqa bir xalqın yox, məhz başqa bir sivilizasiyanın.

 

Şərq və Qərb poeziyası bir-birindən fərqlidir, ancaq indiki halda söhbət fərqdən yox, tamam başqa poetik özünüifadədən gedir.

 

Burada təbiətlə hisslər arasında elə bir aktiv harmoniya var ki, o, nə klassik Qərb, nə də klassik Şərq poeziyasında var.

 

Bu poeziyada yağlı boyalar yoxdur, yalnız zərif qrafik cizgilərdir. Bədii təfəkkür tərzi başqadır və klassik yapon nəsri də elə həmin başqa təfəkkür tərzinin ifadəsidir.

 

S.Entyonun "Pion fənəri" povestinə yaponşünas V.Markova ön söz yazıb və deyir ki, bu povest "Şəhrizad"ın kiçik qardaşıdır.

 

Doğrusu, mən XVIII əsrdə yazılmış bu povestdə "1001 gecə" ilə nə birbaşa, nə də dolayısı ilə bir yaxınlıq gördüm - məsələ onda deyil ki, "1001 gecə" koloriti istiqanlı, "Pion fənəri"n koloriti isə soyuqqanlıdır. Yəqin, ona görə ki, yapon xalqının psixolojisi, arzu və istəyi, sevinc və kədəri bizi (hər halda, məni) belə bir "başqa planetli" bədii özünüifadəyə sövq edir.

 

Eyni cəhəti qədim yapon dramaturgiyasında da görürük.

 

Antik dramaturgiyanı ("Şah Edip", "Antiqona", "Medeya", "Elektra"), qədim yapon dramaturgiyası ("No" teatrı dramaturgiyası, yaxud "Kabuki" teatrı dramaturgiyası) ilə müqayisə etmək mümkün deyil, ona görə yox ki, biri yaxşıdır, o biri pisdir, ya da ki, aralarında yüzilliklər var.

 

Ona görə ki, tamamilə müxtəlif bədii təfəkkür ifadələridir.

 

Hətta Yaponiya nisbətən "avropalaşdıqdan" sonra Akutaqava kimi nəhəng bir yazıçının, ondan sonrakı dövrün Kavataba, K.Oe, Kobo Abe** kimi böyük yazıçılarının yaradıcılığında da həmin xüsusilik açıq-aydın hiss olunur.

 

Mən "istiqanlı-soyuqqanlı" deyəndə, bu, "pis-yaxşı" söhbəti deyil, dediyim həmin bədii təfəkkür tərzinin xarakteridir.

 

K.Abenin "Qumluqda qadın" və "Başqa sifət" ("Özgə sifəti", "Yad sifət") kimi XX əsr nəsrinin, yaxud "İstehkam"*** kimi XX əsr dramaturgiyasının sanballı nümunələrində, bircə istiqanlı təsvirə belə rast gəlmək mümkün deyil.

 

* Bu tərcümələr 1979-cu ildə mənim ön sözüm, məlumat və şərhlərimlə nəşr olundu (Nərgizin bircə ləçəyi... Bakı, "Gənclik" nəşriyyatı); təkmilləşdirilmiş ikinci nəşr: Bizim həyatımız - bir şeh damlası, Bakı, Tərcümə Mərkəzi, 2016.

 

** Mən bu qeydləri yazanda hələ Murakamini oxumamışdım, indi onu da bu sıraya daxil edirəm, xüsusən "Sineqavalı meymun" povestini.

 

*** Sonralar bu pyesi rus dilindən tərcümə etdim (Skapenin kələkləri, Bakı, Tərcümə Mərkəzi, 2017, səh. 441-523).

 

Həsəd kompleksinin ifadəsi

 

Deputatları sərhəddə yoxlamırlar.* Mən də Amerikada rus dilində nəşr olunmuş bir sıra kitab, o cümlədən də bukinist mağazasında tamam gözlənilmədən tapdığım və Bibliya Tərcümə İnstitutunun 1982-ci ildə təmiz Azərbaycan dilində nəşr etdiyi "Rəb İsa Məsihin Xoş Xəbəri, yaxud Əhdi-Cədid (İncil)"i alıb gətirdim.

 

Bu kitab haqqında ayrıca yazacağam.**

 

Lev Trotskinin üç il bundan əvvəl, 1985-ci ildə Nyu-Yorkda nəşr olunmuş "Stalin" ikicildliyini də o kitablarla birlikdə gətirmişəm.

 

Həmişəki kimi, Moskvadan qatarla gəlirdim və yolda bu ikicildliyi başlayıb, Bakıda bitirdim.

 

Həsəd! Həsəd! Həsəd!

 

Bu kitabı Trotskiyə açıq-aşkar "nə üçün mən yox, Stalin?" - həsədi yazdırıb.

 

Mənə görə Stalin son dərəcə ağıllı, bacarıqlı və son dərəcə də zalım, qəddar bir dahi idi.

 

Belə olmasaydı, səhər-axşam sərxoş bir pinəçinin oğlu, ucqar bir əyalətdə doğulub böyümüş Soso Cuqaşvili (İvanov yox, Sidorov, Petrov yox, hətta Bronşteyn-Trotski, yaxud da Rozenfeld-Kamenyev də yox, Cuqaşvili!) nəhəng Sovet İttifaqının hakimi-mütləqi və dünya tarixinin ən məşhur diktatorlarından, hökmdarlarından biri, bəlkə də birincisi ola bilməzdi.

 

(II Yekaterinanı bəxt ulduzu birdən-birə Almaniyadan Rusiyanın imperator sarayına gətirmişdi və saray əsabələrinin köməyi ilə elə həmin "bəxt ulduzu" onu imperator - Rusiya tarixinin II Yekaterinası etmişdi. Cuqaşvili isə əvvəldən axıradək öz bacarığı, dərrakəsi, hiyləgərliyi, qətiyyəti ilə rəqiblərini bir-bir məhv edərək, pillə-pillə Kremlə qalxmışdı və II Yekaterina dövründən də xeyli dərəcə nəhəng rus-Sovet tarixinin (imperiyasının) "yoldaş Stalin"i olmuşdu).

 

Trotskinin isə həsədi Stalini "heç kim" - başına şahlıq quşu qonmuş təsadüfi bir adam (Yusif Sərrac) kimi göstərməyə çalışır.

 

Səhifələri petitlə yığılmış bu böyük ikicildliyin məğzi ondan ibarətdir ki, baxın, bu - mən (yeri düşdü-düşmədi tarixdən "intellektual" paralellər gətirir, Sovet İttifaqının yaranmasında və vətəndaş müharibəsində Stalindən fərqli olaraq, bolşeviklərin qələbəsində müstəsna xidmətlərini xatırladır və s.), bu da - Stalin (savadsız, dərrakəsiz, kəmfürsət, ortabab və s.).

 

Hətta Stalin haqqında başqa müəlliflərin yazdıqlarından gətirdiyi sitatlarda da özü, yəni Trotski ilə (!) Stalin müqayisə olunur. Bax, bu tipli sitatlar: "17-ci ildə Stalin Peterburqa gələndə onu qarşılayan olmamışdı, çünki o tanınmırdı. Ancaq Amerikadan Rusiyaya can ataraq, Peterburqa gələn Trotskini qarşılayan kütlə onu çiyinlərinə almışdı". Bu - Stalinin X.Vindeks imzalı hansısa "alman bioqrafından" gətirilən sitatdır.

 

Bir sözlə, bu ikicildliyin müəllifi Lev Trotski yox, həsəd və həmin həsədin yaratdığı dəruni, ancaq köməksiz bir kin, qərəz və nifrətdir.

 

Orasını da deyək ki, həmin "savadsız, dərrakəsiz, kəmfürsət, ortabab" Stalin Trotskini uzaq Meksikada da tapıb qətlə yetirdi.

 

* O zaman mən Ali Sovetin deputatı idim.

 

** Bir müddət sonra bu barədə yazmışam: "Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri",

 

"Ədəbiyyat və incəsənət", 7 iyul 1989.

 

Mənəvi tənhalığın rəsmi

 

Poeziyanın (və ümumiyyətlə, sənətin) gücü danışmaqda, nəql etməkdə yox, göstərmək bacarığındadır və bu məqamda hər şey istedaddan (bəlkə, daha dəqiqi bu olar ki, istedad dərəcəsindən) asılıdır.

 

Zahid Sarıtorpaq şeirlərindən birini bu cür başlayır:

 

gecəqondunun tavanındakı

 

                        hörümçək torunda

 

bir böcək cəsədi yellənirdi

 

                        ölümündən razı kimi

 

amma düşənə oxşamırdı

 

                        ağzı açılı qalmış gecəyə

 

gecədəki yuxusuzluğun içinə

 

qonşudakı ağlağan körpənin səsindən.

 

"Ağzı açıq gecə" obrazı çox effektlidir.

 

Bu misraları oxuyanda əvvəlcə, Dali obrazları yada düşür, elə bil ki, gecə yırtıcı kimi ağzını açıb böcəyin düşməsini gözləyir.

 

Ancaq bu sərt sürrealist mənzərədəki o "ağzı açıq gecə" - yuxusuzdur, qonşuda ağlayan körpənin səsi onu yatmağa qoymayıb.

 

Və o körpənin səsi bu yuxusuz gecə qaranlığına, bu qorxunc məkana, elə bil, çağa qədərində zərif bir həzinlik saçır və bu zaman həmin təzad o dəhşəti, insani bir kədərə çevirir, buna görə də emosional təsiri daha da artırır, fantastik dəhşət - həyati (real!) iztirabla, mənəvi əzabla əvəz olunur.

 

Bu kədər "gecəqondu tavanındakı hörümçək toru" ilə və o tora düşüb yellənən böcək cəsədi ilə birlikdə, elə bil, sözlə danışmır, rənglərlə əhvalın, ovqatın - indiki halda mənəvi tənhalığın rəsmini çəkir.

 

Mənim şeir əzbərləməklə aram yoxdur, ancaq haçansa Axmatovadan oxuduğum və o vaxtdan da hafizəmə hopmuş iki misra yadıma düşdü:

 

Mən sağ əlimə

 

Sol əlimin əlcəyini geymişəm.

 

(Bu, sətri tərcümədir, orijinalda isə belədir: Ya na pravuyu ruku nadela Perçatku s levoy ruki)

 

Axmatova "yalanlar içindəyəm, hər şey mənasızlaşıb, hər tərəf tərsi-məzhəblikdir, dəyərlər qiymətdən düşüb və s. və i.a və bütün bunlara görə də mən biganəyəm, heç nəyin mənim üçün fərqi yoxdur" demir, həmin biganəliyin, mənəvi fərqsizliyin şəklini çəkir.

 

Lope de Veqa və "başqaları"

 

Nikolay Tomaşevski - ispan və italyan ədəbiyyatı üzrə mütəxəssis və tərcüməçi (onunla tanışlığımız da var - vaxtıyla bizi MƏE-də* Jenya Sidorov** tanış etmişdi) tərtib etdiyi və şərhlərini hazırladığı "XVI əsr ispan teatrı" kitabının ön sözündə obrazlı şəkildə belə bir müqayisə apararaq yazır ki, "X.R. de Alarkonun vətəni Meksikada "Min zirvə" deyilən gözəl bir yer var. Uzaqdan baxanda oradakı zirvələr bütöv bir silsiləyə oxşayır. Ancaq ora gedəndə görürsən ki, bu zirvələr necə də bir-birlərinə oxşamırlar. Hərəsinin öz forması, rəngi, yaşıllığı var".

 

Daha sonra yazır ki, "belə bir hadisə Qızıl əsr ispan komediyasında da baş verir. Üç yüzillik bir uzaqlıqda məxsusi çalarlar itir, konturlar əriyib gedir. Buna görə deyilmi ki, Lope de Veqa, Tirso de Molina, Xuan Ruis de Alarkon, Pedro Kalderon və Aqustin Moreto öz portretlərində bir-birlərinə oxşayırlar və elə bil, onlar ümumi şərti bir portretdə birləşiblər".

 

N.Tomaşevskinin bu maraqlı müqayisəsindən belə çıxır ki, adını çəkdiyi müəlliflərə "yaxından baxanda", onların da fərdiliyi görünəcək və kitaba da bu dramaturqların pyeslərini toplayıb.

 

Doğrusu, mən bu pyeslərdə həmin fərdiliyi görmədim və bu müəlliflərin əvəzinə mündəricatda ancaq Lope de Veqanın adı yazılsaydı, məndə şübhə yaranmazdı ki, əslində, söhbət ayrı-ayrı dramaturqlardan gedir, yəni stil etibarilə, eləcə də mövzu etibarilə onlar bir-birindən ayrılmır.

 

İki səbəbdən biridir.

 

Rafaelin, yaxud da Vinçinin tələbələri onların təsiri ilə çəkdikləri kimi, o dramaturqlar da de Veqanın təsiri ilə yazıblar, onun dəst-xəttindən kənara çıxa bilməyib, onu təqlid ediblər, yamsılayıblar.

 

Ya da bu eynilik - həmin dövr ispan dramaturgiyasında ümumi bədii-estetik bir hadisədir, elə bil ki, eyni böyük və gözəl bir xalçanı bir yox, bir neçə nəfər toxuyub və daha artıq zəhmətkeşliyi (yüzlərlə pyesi), eləcə də "ədəbi bəxti" (!) de Veqanı önə çəkib.

 

* SSRİ Yazıçılar İttifaqının Mərkəzi Ədəbiyyatçılar Evi. Yazıçılar İttifaqının arxasında, Gertsen küçəsində yerləşirdi və yazıçılar üçün gözəl bir restoranı var idi.

 

** Yevgeni Sidorov o vaxt cavan, ancaq seçilən bir tənqidçi idi, bu gün görkəmli ədəbiyyat xadimi, professordur. B.Yeltsinin vaxtında Rusiya Mədəniyyət naziri idi.

 

Roman yaşayacaq, yoxsa yox?

 

Bu gün mən bildiyim dərəcədə dünya ədəbi prosesinin əsas mövzularından biri budur ki, roman janrı XXI əsrə gedib çatacaqmı və ümumiyyətlə, bu janr yaşayacaq, ya yox?

 

"İnostrannaya literatura"nın təzə nömrəsinə baxıram: bu mövzuda konfranslar keçirilir, müxtəlif fikirlər söylənir, bu suala "hə" deyənlər də var, "yox" deyənlər də.

 

Apuleyin romanı yadıma düşür.

 

Antik roman "Qızıl eşşək"in timsalında zirvəyə qalxdı və ondan sonra uzun müddət boyunca bu janrdan səs gəlmədi (hər halda, mən "eşitməmişəm"), nəhayət, cəhdlər başladı, nümunələr yarandı və "Don Kixot" meydana çıxdı.

 

"Don Kixot"dan sonra isə bu günə qədər möhtəşəm romanlar yaranır.

 

Mövzular dəyişdi, yeni-yeni mərhələlər, cərəyanlar yarandı və s.

 

Ancaq "Qızıl eşşək"in bədii mətn kimi strukturu, arxitektonikası necə varıydısa, aşağı-yuxarı eləcə də qalıb, yəni bünövrədir.

 

Bunları yazıram, indi də Mirzə Əbdürrəhim Talıbovun "Kitab yüklü eşşək"* əsəri yadıma düşür.

 

Bu romanların arasında iki min ildən artıq uzun bir tarixi məsafə var, ancaq müqayisədə demək olar ki, "Qızıl eşşək" köhnəlib, primitiv görünür?

 

Yox, əksinədir və yəqin, belə bir müqayisə, ümumiyyətlə, düzgün də deyil.

 

Yəni dediyim odur ki, ədəbiyyatın (indiki halda romanın) yolu gələcəyə pauzalarla gedir və bu pauzaların müddətindən asılı olmayaraq o yol davam edir.

 

Yəqin, beləcə də davam edəcək.

 

* Bizim ədəbiyyatşünaslığımız indi belə hesab edir ki, bu romanın əsl müəllifi Pol de Kokdur. Ola bilsin ki, belədir. P. de Kokun əsərləri XIX əsrdə Rusiyada çox populyar idi, hətta rus ədəbiyyatşünaslığı belə hesab edir ki, F.Dostoyevski "Əbədi ər" povestinin süjetini onun "Ər, arvad və məşuq" romanından götürüb.

 

Motl və məhəllə uşaqları

 

"Motl adlı oğlan"ı oxuduqca mənim də Motl kimi 9-10 yaşım olan zaman Mirzə Fətəli küçəsindəki məhəllə dostlarım yadıma düşürdü.

 

Yəhudi Motl ilə o azərbaycanlı məhəllə uşaqları arasında çox sıx bir doğmalıq var.

 

Bu doğmalıq haradan yaranır?

 

Şolom Aleyxemin təsvir etdiyi tipik yəhudi mühiti ilə Bakıdakı "yuxarı məhəllə" uşaqlarının yaşadığı mühit tamam fərqlidir.

 

Ancaq niyə Oliverdə, yaxud Qavroşda* nə qədər təsirli olsalar da, belə bir doğmalıq hiss olunmur?

 

Bəlkə, Motl mühitinin də kökləri isti Şərqlə, Cənubla bağlıdır, buna görə belədir?

 

* Dikkensin və Hüqonun qəhrəmanları

 

ELÇİN

Ədəbiyyat qəzeti.- 2020.- 19 sentyabr. S. 16-19.