Havanı
dəyişməyin vaxtıdır...
Gülşən
Adışova orta məktəbi İmişli rayonunun Göbəktala
kəndində
bitirib. Bakı Dövlət
Universitetinin Filologiya fakültəsində II kursda təhsil
alır. Onunla fakültədə fəaliyyət
göstərən "Söz" yaradıcılıq
birliyinin məşğələsində görüşməli
idik. Araya pandemiya tətili düşdü...
"Ədəbiyyat
qəzeti"nin oxucularına təqdim
etdiyim bu hekayə mənim üçün iki cəhətinə
görə maraq doğurur. Birincisi və ən
mühümü, hələ təcrübəsiz olan
Gülşənin nəsr yaza bilmək istedadı,
sözün ahəngini tutmaq, nəsrlə poeziya yaratmaq
qabiliyyəti. İkincisi də tanış
mövzuya yeni bir dönüm gətirə bilməsi, oxucu ilə
"oyun qurmağı" və oyunun içindən
çıxmağı bacarması.
Hekayə gənclərin daha çox müraciət
etdikləri bir mövzuda yazılıb. Gənc müəllif
uğursuz qəhrəmanını ölümlə
üz-üzə qoyur...
Tariximizin ayrı-ayrı dövrlərində
yaranmış bədii əsərlərə nəzər
salanda hər zaman üçün müəyyən motivlərin
aparıcı olduğunu görürük. İndiki
şəraitdə isə ən çox rastımıza
çıxan çarəsizlik, ölüm, intihar motividir.
Bu motiv ayrı-ayrı şairlərin, sözə
könül verən insanların fərdi istedadından və
üslubundan asılı olaraq müxtəlif səviyyələrdə
təzahür edir.
Mənə elə gəlir ki, bunun arxasında
sözün hiss etdiyi, bölüşmək istədiyi zəmanə
həqiqəti, ictimai gerçəklik dayanır. Bu, sadəcə,
estetik hadisə deyil, burada ciddi sosial və psixoloji amillər
axtarıla bilər. Sözün, xüsusilə
şeirin hiss etdiyi sərt həqiqət budur ki,
yaşadığımız son dərəcə mürəkkəb
zəmanə, xüsusən də indiki gənc nəsil
üçün dərk və qəbul edilməsi çətin
olan yeni münasibətlər sistemi - qloballaşan dünya,
tanıdığımız ölçüləri və dəyərləri
qarışıq salan, bizi dünyanın, dünyanı bizim
ayağımıza gətirən "informasiya cəmiyyəti"
və özümüzün bir toplum olaraq dünyanı və
dünyada baş verən prosesləri qavramaq, mənimsəmək
"tutumumuz" bədii sözü də həyat-ölüm
dilemması qarşısında qoyur.
İctimai düşüncədəki bulanıqlıq,
vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını
ictimai proseslərin ən həssas güzgüsü olan bədii
sözdə tapır.
Gülşən Adışovanın sizə təqdim
etdiyimiz hekayəsi də bu havanın içində
yaranıb.
Ancaq Gülşənin yazısının fərqini
bunda görürəm ki, gənc müəllif həm
insanların düşüncəsindəki, həm də ədəbiyyatdakı
havanı dəyişməyin zəruriliyini hiss edir. Bunun
üçünsə təbiətin ən zərif
yaratdığı və yaşamaq təyinatı verdiyi
çiçək qədər güclü olmaq tələb
olunur.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 21.