Çiçək
qədər güclü
Yağışlı bir payız günü. Hər tərəf
yağışın qəzəbinə tuş gəlib.
Binaların su borularından şəlalə
axır. Piyadalar əllərində çətir
harasa tələsirlər. Qara, qəhvəyi,
boz çətirlər onsuz da qəmgin olan bu payız
gününü daha da solğunlaşdırır. Küçə boyu irəliləyən qara paltolu
adamın çətiri olmadığına görə
üst-başı su içindədir. Əlləri ciblərində,
yağışa fikir vermədən səki boyu irəliləyən
bu adam bir-bir mağazaların, kafelərin
yanından ötüb keçir, içəridə isti qəhvədən
zövq alan insanlara diqqət yetirir. Necə də
xoşbəxt və rahat görünürlər. Bəlkə də heç problemləri yoxdur.
Burda rahat-rahat yağışı seyr edərək qəhvələrini
qurtumlayacaq, küçədə islanmaqdan yaxa qurtarmaq istəyərək
qaçışan adamlara baxacaq, istədiyi vaxt da qalxıb
avtomobilinə minəcək və ən az
bura qədər rahat və isti evlərinə yollanacaqlar.
Qara
paltolu adam isə soyuqdan titrəyə-titrəyə
heç getmək istəmədiyi evinə gedir. Kafelərin, restoranların yanından keçdikcə
təzə bişmiş ət qoxusu, kofe ətri burnunu
qıcıqlandırırdı. Amma neyləmək
olar?! Onun bunlardan zövq almaq imkanı yox
idi. Buna görə də ac mədəsinin
yalvarışlarına fikir vermədən sürətlə
irəliləyirdi. İrəlilədikcə
də ona əzab verməsinə baxmayaraq restoranların
içərisində əyləşən adamlara baxmaqdan
özünü saxlaya bilmirdi. İçəridə
gözəl geyimli bir qadın ağ və
yumşaq tüklü pişiyini qucağına alıb
sığallaya-sığallaya ona nə isə yedirirdi. Qara
paltolu adam özündən asılı
olmadan kinayə ilə gülümsədi. Saqqal
basmış üzündəki bu gülümsəmə qorxu
filmlərini xatırladırdı. İri,
qara və yorğun gözləri var idi. Uzun
və yöndəmsiz burnu arıq sifətinə çox
uyğun idi. Nimdaş papağının
altından çıxan saçlarının həftələrdir
kəsilmədiyinə şübhə yox idi. Boyu uzun olsa da, çox çəlimsiz idi. Qara, uzunburun çəkmələrinin uzun müddətdir
cilalanmadığı və kənarlarının qopduğu
açıq-aşkar idi. Ancaq o bunlara qətiyyən
fikir vermədən irəliləyirdi. Yolun
kənarındakı marketi keçdikdən sonra yadına nəsə
düşübmüş kimi qayıtdı və marketə
daxil oldu. İki dəqiqə sonra paltosunun
altında tutduğu çörəklə yoluna davam edirdi.
Arabir ətrafa baxır, heç kimin ona fikir
vermədiyinə əmin olduqdan sonra çörəkdən
qoparıb çeynəyirdi. İçəri
batmış ovurdlarında çörəyi sağa-sola
keçirərkən hədəqəsindən çıxan
gözlərini qorxu qarışıq maraq hissi ilə ətrafdakı
adamlara dolandırırdı.
Qarşısına çıxan ilk döngədən
sola, sonrakından sağa döndü. Bura kiçik
və kasıb məhəlləyə oxşasa da, evlər
çox gözəl görünürdü. Sanki bu evlərin hər daşından tarix
axırdı. Hava tutqun olduğundan daş
divarlar daha heybətli və kimsəsiz idi. Evlərin pəncərələrindən bayıra
düşən işıq küçədəki
yalnızlığı azaltmırdı. Qara paltolu adam işıq düşən pəncərələrin
yanından keçib, yolun kənarındakı kiçik
darvazadan içəri girdi. Ensiz dalanla
addımladı və kiçik evin qapısına
yaxınlaşdı. Paltosunun cibindən
çıxardığı açarla qapını
açdı, buz kimi soyuq otağa daxil oldu. Kiçik, soyuq və demək olar ki, içərisində
əşya olmayan otağa. Bu otaqda
kiçik bir masa, stul və qırıq divandan savayı bir
şey yox idi. Qara paltolu adam paltosunun
altında yağışdan qoruduğu və
yarısını yediyi çörəyi masanın üstünə
qoydu. Otaq soyuq olduğuna görə paltosu əynində
divanda əyləşdi və bomboş divara tamaşa etməyə
başladı. Köhnə və tozlu pərdə
asılmış pəncərədən düşən zəif
işıq otağı görməyə kifayət edirdi.
Qara paltolu adam hərəkətsiz divara
baxmağa davam edirdi. Cismən bu otaqda olsa da, fikri 10 il əvvəldə idi.
...Üzərinə
tərtəmiz süfrə sərilmiş dəyirmi masanın
arxasında əyləşmişdi. Qarşıda
isə anası. Özü indikindən bir az fərqli idi. Çox cavan və
gümrah görünürdü. Anası
olduqca gözəl idi. Gəncliyini
heç vaxt itirməyən çöhrəsindən ana
şəfqəti duyulurdu.
Qara
paltolu adam başını qaldırıb
evlərinə baxdı. Anasının
qabları düzülmüş şkaf, divardan
asılmış, içində ağ-qırmızı
çiçəklər olan dairəvi saat, mərhum
atasının şəkli, otağın küncünə
qoyulmuş kiçik televizor, tərtəmiz yaşıl pərdə
asılmış böyük pəncərə,
naxışları ilə gözoxşayan xalça. Bütün bunlar o qədər yaxında idi ki, sanki
həqiqət idi. Anası ilə qabaq-qənşər
əyləşib yemək yeyirdilər. Ana oğluna bir
iş tapmağı, heç olmasa, müəllimliyi davam
etdirməyi məsləhət görürdü. Gənc və gümrah oğlan isə elə hey
dayanmadan yazıçı olacağını, başqa bir
işin ona görə olmadığını təkrarlayırdı.
Qara paltolu adam onlara baxırdı, amma ana
ilə oğul onu görmürdü. Sanki görünməz
idi, bütün ömrü boyu olduğu kimi...
Gözlərini yumdu, açanda nəşriyyat müdiri
ilə üzbəüz oturan gəncliyini gördü. İşıq
saçan gözlərində qəzəb parıltısı
var idi. Nəşriyyat müdiri onun
kitabının nəşr etmək üçün kifayət
qədər yaxşı olmadığını deyir, o da
qarşıdakı masaya baxaraq yumruğunu sıxırdı.
Bu, bəlkə də rədd edilən onuncu
kitabı idi. Artıq onların
sayını itirmişdi. İyirminci də ola bilərdi, nə əhəmiyyəti var ki?!
Qara
paltolu adam bir də gözlərini yumdu. Yenə evlərindədir. Ancaq tək
deyil. Ətrafında çoxlu qadınlar,
ortada anasının cənazəsi var. Cənazənin
yanında oturan gənc oğlanın gözləri doludur.
Sanki bir günün içində illərlə
qocalıb. Ən yaxın insanın
ölüsünə baxır, əlindən heç nə gəlmir.
Ölümü, onu bir də görməyəcəyini
qavramağa çalışır, amma beyninə yerləşdirə
bilmir.
Qara
paltolu adam gözlərini yumdu. Küçənin tinində sevgisini etiraf edəcəyi
qızın evinin qapısına tamaşa edir. Əlində gözəl bir qızılgül var.
Ancaq onu elə bərk sıxır ki, tikanlarının
batdığı yerlərdən qan damcılayır.
Qara paltolu adam evə tərəf baxanda
evin qapısına qırmızı lent
bağlandığını görür. O, artıq
gecikmişdi.
Gözlərini yumdu. Yenə həmin
daxmadadır. Burnunun ucu soyuqdan
üşüyür. Otaq qaranlığa qərq
olub. Qırıq divandan qalxıb kağızlarla dolu
masanın üstündən şam və kibrit tapır və
otağı az da olsa,
işıqlandırır. Masanın
üstünə qoyduğu çörəkdən bir tikə
qopardaraq çeynəməyə başlayır və uzun
zamandır işlətmədiyi lampanın yanındakı əyri
dəmirə baxır. Gedib onun bərkliyini
yoxlayır. Ağırlığını
saxlayacaq qədər möhkəmdir. Ancaq
ipi yoxdur. Öləcək qədər də
imkanı olmadığını ağlından keçirir,
otağın ortasında bərkdən gülməyə
başlayır. Elə gülür ki,
eşidən onun dəli olduğunu düşünər.
Gözü pəncərənin yuxarı
künclərindəki mismarlara yöndəmsiz bağlanan pərdənin
ipinə sataşır. Masaya
yaxınlaşır, boyu uzun olduğuna görə kəndiri
asanlıqla aça bilir. Şamın
işığı hava dalğasından titrəyir. Pərdəni kəndirdən ayırıb,
otağın küncünə atır. Kəndir
kifayət qədər möhkəmdir. Onu
lampanın yanındakı dəmirə bərkidir və
masanın arxasındakı stulu düz ipin altına qoyur.
Stulun üstünə çıxır. Əvvəllər heç vaxt belə bir şeyə
cəhd etmədiyinə görə ipi boynuna salmaq
üçün ilgək bağlamağa bir xeyli əlləşir.
Nəhayət ki, bacarır. Otuz
iki illik ömrünü başa vurduğu soyuq və
çirkli evə ötəri nəzər salır. Kəndirə bir də baxır. Deyəsən,
heç də xoş olmayan film başa çatır.
Həyat
onu çox az xoşbəxt etmişdi. Buna görə heç kimə, hətta özünə
belə qəzəbli deyildi. Hər şey
necə olmalı idisə, elə də olmuşdu. Əgər bu həyata yenidən gələ bilsəydi,
yenə də eyni şeyləri edəcəkdi. Kiminin bəxti gətirir, kiminin yox. Bu yolu özü seçmişdi. Çətin olacağını da bilirdi, amma nə
etmək olar?! Dovşan kimi davranmaq
canavarın təbiətinə xas deyil. O bu oyunda uduzdu,
amma mənliyinə qəsd etmədi. Düz
yaşadı, düz də ölür.
İpin ilgəyini başına
yaxınlaşdırır. Artıq ölümə
bir santimetr qalıb. Bir ayağının qırıq
olduğunu unutduğu stulun arxa ayağı iki hissəyə
parçalanır və qara paltolu adam otaq
boyu yerə sərilir. Bu, həyatın ona ilk zərbəsi
deyildi. Bayaqkı kimi qəhqəhə
çəkməyə başlayır. Həyat
ona istədiyi bir ölümü belə çox
görmüşdü. Artıq onu incitməyə
başlayan gülüşü dayandırmağa qərar
verir. Bu dəfə gözləri
sözünə baxmır. Yanaqlarından
süzülən göz yaşları aşağı
süzüldükcə buza dönür.
Birdən uzandığı yerdən divar ilə
döşəmə arasındakı kiçik deşikdən
boylanan sarı çiçəyi görür. Qaranlıq
olduğuna görə onu tam seçə bilmir. Ayağa
qalxıb masanın üstündəki şamı
gətirir və yerə uzanaraq çiçəyə
tamaşa etməyə başlayır. Beş ədəd
sapsarı ləçəyi, biri yuxarıda, digəri
aşağıda uzunsov yaşıl yarpaqları var. Çox
gözəl və zərif görünür. Bitdiyi deşiyin isə vur-tut yarım santimetr eni
olar. Qara paltolu adam istəsə, onu
bir barmağı ilə əzib məhv edə bilərdi. Amma çiçəyin iradəsi
qarşısında südəmər körpə qədər
gücsüz idi. Ona anası, dostları həmişə
dəstək olmuş, çətinliyə düşəndə
əl tutmuşdular. Amma o bu zərif və
bir o qədər güclü çiçəyə heç
vaxt bir damcı da olsa, su verməmişdi. Çiçək
bu kiçik və baxımsız yerdə bitməyə də
bilərdi, amma bütün çətinliklərə
baxmayaraq o buranı seçmişdi. İndi
isə qarşısında yerə çökmüş bu
adama meydan oxuyurmuş kimi dimdik dayanmışdı.
Qara paltolu
adam uzunluğu iki santimetrdən çox
olmayan bu çiçək qarşısında
alçaldığını hiss edirdi. Heyranlıqla
ona tamaşa edir və bütün həyatını
gözü önünə gətirirdi. Ona
verilən imkanları necə əldən verdiyi, hər
kiçik uğursuzluğa görə necə bədbinləşdiyini
yada salırdı. Həyatı boyunca özünü bədbəxt
hesab etdiyini ilk dəfə bu gün etiraf edirdi: istədiyinin
olmamasını böyük kədərlə
qarşılayar, olanları ağlına belə gətirməzdi.
Amma bu gün bapbalaca bir çiçəkdən
dərs alaraq özünü hansı kökə
saldığını başa düşdü. İki metrə yaxın bədənində iki
santimetrlik çiçəkdəki qədər güc
olmamışdı.
Narın-narın yağış yağır, su
borularından damcılayan yağış səssizliyi pozurdu. Kiçik evin
pəncərəsindən zəif şam işığı
gəlirdi. Masanın arxasında əyləşən
qara paltolu adam əlində qələm böyük
bir sevinclə nəsə yazırdı. Çöldən
baxanda yalnız səhifənin yuxarısında böyük hərflərlə
yazılmış başlıq seçilirdi:
"Çiçək qədər güclü"...
Gülşən
ADIŞOVA. BDU-nun
filologiya fakültəsinin II kurs tələbəsi
ƏdəbiyyaMt qəzeti.-
2020.- 19 sentyabr. S. 21.