Oxuduqlarım,
gördüklərim, eşitdiklərim
İllər keçir, zaman hər birimizi öz
axarına salıb axıdır. Bu
qarşısıalınmaz axını nə sən
dayandıra bilərsən, nə mən, nə də
başqası. Zaman axır, axdıqca
daxilimdə qarşısıalınmaz bir hiss yaranır.
Oxuduqlarımı, gördüklərimi,
eşitdiklərimi paylaşmaq istəyi yaranır.
Orta məktəbdə oxuyurdum. Dərsin
başlanmasına bir neçə dəqiqə
qalmışdı. Hamımız ədəbiyyat
kitabını açıb, bu gün keçəcəyimiz
Müşfiqin həyat və yaradıcılığı
yazılmış səhifədə diqqətlə həm
şəklinə, həm də doğum və ölüm
tarixinə baxırdıq. Cəmi 29 il.
Hamımızın üzündə kədərli
bir ifadə vardı. Səssiz-səmirsiz bir-birimizə
baxıb:
- Axı,
niyə?
Heç birimiz bu suala cavab verə bilmirdik. Nəhayət,
ədəbiyyat müəllimimiz sinfə daxil oldu. Suallarımızın cavabını müəllimimizdən
alacağımızı düşünüb, nəzərlərimizi
ona yönəltmişdik. Müəllim
jurnalı masanın üzərinə qoyub, pəncərənin
önünə keçdi, nəzərlərini məchul bir
nöqtəyə zilləyib qalmışdı. Sinifdə ağır bir sükut hökm
sürürdü. Heç kəs bu
sükutu pozmağa cəsarət etmirdi, 45 dəqiqə beləcə
keçdi. Müəllim nə köhnə
dərsi soruşdu, nə təzə dərsi
danışdı. Hiss edirdik ki, Müşfiqin
ölümüylə bağlı müəllimimizin bizə
söyləmək istəmədiyi müəmmalı bir sirr
var. Nəhayət, zəng vuruldu. Müəllimimiz
sakitcə jurnalı götürüb, sinifdən
çıxdı. Gözlərində,
üzündə elə hüzünlü ifadə var idi ki, sanki
doğmasının yas mərasimindən
çıxırdı. Sonradan öyrəndik
ki, Müşfiqin həyat və yaradıcılığı
dərsliyə salınsa da, proqramdan çıxarılıb.
Cavabını ala bilmədiyimiz "niyə?"
sualına yeni bir "niyə?" də əlavə olundu.
İllər keçdi, yeni bir mühitə - universitet həyatına
daxil oldum. Məmməd
Cəfər, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Əli Fəhmi,
Ağamusa Axundov kimi fəaliyyəti, hər kəlməsi həyatımıza
örnək olacaq müəllimlərdən dərs aldım.
Çox təəssüflər olsun ki, az
da olsa, bəzi müəllimlərim haqqında bu fikri söyləyə
bilmirəm. Azərbaycan ədəbiyyatı
müəllimimiz hələ auditoriyaya tam daxil olmamış,
başda Məhəmməd Əmin Rəsulzadə olmaqla
Əli bəy Hüseynzadəni, Əhməd bəy
Ağaoğlunu sağa da tənqid edirdi, sola da. İllər keçdi onların üzərindən
qadağalar götürüldü. Həyat və fəaliyyətləri
ilə yaxından tanış olub həqiqətləri
öyrənəndə haqlarında söylənən tənqidlərə,
bəzən tənqid çərçivəsinə
sığmayan xoşagəlməz ifadələrə qulaq
asdığım üçün özümü bir növ
günahkar hesab edirdim. Son illər tez-tez Əli bəy
Hüseynzadənin bir fikrini xatırlayıram:
- Avropaya
gedib avropalıların mədəsində həzm olmayın,
onların beynini mənimsəyib vətənə gətirin.
Allah sizə rəhmət etsin, Əli bəy. Son illər
Avropaya Vətəndən elə güclü axın var ki,
onlar nəinki avropalıların beynini mənimsəyib vətənə
gətirirlər, əksinə öz beyinlərini də
onların beyninə qatıb onları daha da gücləndirirlər.
Bu gün o güclü beyinlərin kimlərə
xidmət etdiyi göz qarşısındadır.
Orta məktəbin ədəbiyyat kitabını vərəqləyirəm. N.Nərimanovun
həyatı və yaradıcılığı tamamilə dərslikdən
çıxarılıb. Amalı, məqsədi Azərbaycanın,
türk dünyasının inkişafı, tərəqqisi,
Şərqin azadlığı üçün, ədəbi-bədii,
maarifçilik fəaliyyəti ilə xalqını cəhalətdən
oyatmaq, nadanlıqdan qurtarmaq, inkişaf etmiş millətlər
sırasında görmək istəyən, bu istəyini həyata
keçirmək üçün var gücü ilə
çalışan N.Nərimanov dərslikdən niyə
çıxarılsın?!
N.Nərimanovun
fəaliyyətini gözlərim önündə vərəqləyirəm,
olduqca geniş və çoxsahəlidir: ictimai-siyasi, ədəbi-bədii
və maarifçilik. Maarifçilik N.Nərimanovun
fəaliyyətində xüsusi yer tutur. Gənc
yaşlarında Qızıl Hacılı kəndində
müəllim işləyən Nərimanov
savadsızlığın millətin ayağında bir buxov
olduğunu dərk edir. Savadsızlıqla
yanaşı, cəhalətin, nadanlığın,
xurafatın dərin kök saldığını
görür. "Pir",
"Nadanlıq", "Şamdan bəy" kimi əsərlərini
yazır. Xalqımızın maariflənməsi
üçün 1894-cü ildə Bakıda ilk qiraətxana
açır. Dünyanın müxtəlif
ölkələrindən öz xərci ilə qəzet,
jurnallar gətirdir. Qiraətxananın
istifadəsini müsəlmanlar üçün pulsuz,
qeyri-müsəlmanlar üçün pullu edir. Çox təəssüflər olsun ki, Azərbaycanın
şeyxülislamı jandarma idarəsinə yazıb iddia edir
ki, qiraətxana müsəlmanlara ziyanlı bilgilər verir və
qiraətxananın bağlanmasına çalışır.
N.Nərimanov bundan çox təsirlənir.
Əsasən, ilklərə atılan imzalar N.Nərimanovun
adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin,
ikinci respublikanın yaranması, onun qorunub saxlanması Nərimanovun
xidmətidir. Pedaqoji İnstitutun
oğlanlar gimnaziyası onun təşəbbüsü ilə
açılıb. Türk, Azərbaycan dilinin
qrammatikasını, Azərbaycan və rus dillərini müəllimsiz
öyrənmək üçün kitablar yazmış, ilk dəfə
latın qrafikasına keçməyi N.Nərimanov
təklif etmişdir. Azərbaycan ədəbiyyatında
ilk romanı - "Bahadır və Sona"nı, ilk tarixi faciəni,
"Nadir şah" əsərini yazmış, N.V.Qoqolun
"Müfəttiş" əsərini Azərbaycan dilinə
tərcümə etmişdir. Azərbaycan
teatrının inkişafı üçün pyeslər
yazmış, bəzən tamaşaya qoyulan əsərlərdə
aktyor kimi çıxış etmişdir. Azərbaycan məktəblərinin sayca artması,
müəllimlərin birinci və ikinci qurultayının
çağırılması onun xidmətidir. N.Nərimanovun vətəninə, xalqına xidməti
olduqca genişdir, onu sadalasaq uzun bir siyahı alınar. Ancaq həkimlik fəaliyyətini xüsusi qeyd etmək
istəyirəm. Yoluxucu - vəba, tif xəstəliklərinin
sürətlə yayıldığı bir vaxtda Nərimanov
həkimlik fəaliyyətinə başlayır. O,
cümə günlərində müalicə etdiyi xəstələrindən
pul almır, hətta imkanı olmayan xəstələrinə
reseptlərin arasına öz cibindən dərman almaq
üçün pul qoyur. Məhz ondakı bu
müsbət keyfiyyət ona doktor Nərimanov kimi şöhrət
və hörmət qazandırmışdır.
İllər bir-birini əvəz etdikcə zaman Nərimanovu
çiyinlərinə qaldırıb haqqı tapdanan müstəmləkəçilərin
kölə halına saldığı Qoca Şərqi,
türk dünyasının ağrısını,
acısını ona açıb göstərir. Artıq N.Nərimanov
təkcə öz milləti üçün deyil, bəşəriyyət
üçün, Şərqin - müsəlman
dünyasının gələcək taleyi uğrunda
mübarizəyə başlayır. O dövrdə Azərbaycanın
ikiqat zülmə məruz qaldığını görən
Nərimanov Çar Rusiyasının "Parçala,hökm sür" siyasətinə
qarşı çıxaraq respublika quruluşunu monarxiya
quruluşundan üstün hesab edib, Azərbaycanı Çar
Rusiyasının caynağından qurtarmaq üçün
Rusiya Sosial-Demokrat Partiyasının üzvü olur. O dövrdə
mütərəqqi düşüncəli
ziyalılarımızın əksəriyyəti Sosial-Demokrat
partiyasının üzvləri idi. N.Nərimanov
ömrünün sonuna qədər partiyanın ideyasına, məqsəd
və məramnaməsinə sadiq qalır.
N.Nərimanovun ictimai-siyasi fəaliyyəti olduqca
ağır, mürəkkəb dövrə təsadüf edir. Onun əhatəsində
olan düşmənlər tez-tez cildini dəyişən, hiyləgər
və qəddar idi. N.Nərimanov bu hiyləgər
düşmən şəbəkəsinə, sapı
özümüzdən olan baltalara qarşı demək olar
ki, təkbaşına mübarizə aparırdı. Təəssüflər olsun ki, genişlənən
düşmən cəbhəsinin daxilində gənc azərbaycanlı
bolşevikləri də var idi. Hiyləgər
düşmənlər onlardan Nərimanova qarşı məharətlə
istifadə edirdilər. 1923-cü ildə iclasda gənc
azərbaycanlı bolşeviklərdən bir nəfər onu
müsavatçı adlandırıb:
- Məhəmməd
Əmin Rəsulzadə xaricdə həyata keçirdiyi siyasəti
Nərimanov mərkəzdə həyata keçirir.
N.Nərimanovun milli maraqlar üçün
apardığı siyasət mərkəzi narahat edir. N.Nərimanov Leninə məktubunda
yazır:
- Mən
Puşkini, Dostoyevskini, Lermontovu sevirəm, ancaq Nizamini,
Füzulini onlardan daha çox sevirəm. N.Nərimanovun
xalqına sevgisinə görə ona otuz il
millətçi damğası vurub adının çəkilməsinə
qadağalar qoydular. Mərkəzin N.Nərimanova
hücumu azmış kimi, özümüzünkülərin
daha sərt ittihamları, hücumları təəssüf
hissi doğurur. Bəzi
çıxış edənlər Mart
Qırğınında israrla N.Nərimanovun Şaumyanın
yanında olduğunu bildirib onun ünvanına ağır
ittihamlar söyləyirlər. "Hümmət" qəzetinin
36-cı sayında yazılır: "Qanlı hadisədən
4 saat qabaq şəhərdə qarşılıqdan xəbərdar
olan N.Nərimanov evində "Hümmət" təşkilatının
üzvlərindən və bir neçə tanınmış
şəxslərdən ibarət məclis
çağırır. O bu məclisə Şaumyanı da dəvət
edir. Təsirli nitq söyləyir və üzünü Azərbaycan
hökumətinin rəhbəri olan Şaumyana tutub deyir:
-
Yoldaş, siz də, mən də bu müsəlmanların
halını bilirik, hərgah bir ixtişaş başlasa, ayaq
altında qalan fəqir-füqəra olacaq, (o vaxt
milyonçuların əksəriyyəti malını, sərvətini
qorumaq üçün xaricə qaçmışdılar) həmim
fəqir-füqəra ki, siz də, mən də onun yolunda
işləyirik. Ona bina mən təvəqqi edirəm, bu
iş sülh yolu ilə həll olunsun.
Şaumyan doktor Nərimanovla tam razı olduğunu
bildirir. İclasdan sonra Şaumyan hərbi-inqilabi komitəsinə
gedib məruzə edir. Görünür
ki, yoldaş doktor Nərimanovun söylədikləri qəbula
keçmişdir. Çünki müsəlmanların vəkilləri
təsvir edirdilər ki, bunlara Çaparidze dedi:
- Siz
arxayın gediniz, sabahları tüfənglər müsəlman
siyasi firqələrinə veriləcək.
Vəkillər icraiyyə komitəsində olanda
atışma başlayır. Atışmanın
müsəlmanlar tərəfindən
başlanıldığı iddia edilirdi. Bu yazı ilə
tanış olduqda N.Nərimanovun millət
sevgisinə heyran qalmamaq mümkün deyil. Heç
zaman öz şəxsi məqsədi, şəxsi mənafeyi
üçün qürurunu, şəxsiyyətini kiminsə
qarşısında sındırmayan Nərimanov millətinin
taleyi üçün narahat olur, düşmənə
xahiş edir, qürurunu sındıraraq ona yalvarır. Budur Nərimanovun millətinə sevgisinin əyani
sübutu. Belə bir deyim var: ya olduğun kimi
görün, ya da göründüyün kimi ol. Bu deyimi siyasət insanına aid etmək
mümkün deyil. Çünki onlar vətənin, millətin
tale yüklü məsələlərində nifrət
etdiyimiz düşmənlə də bir yerdə ola bilər, bizim düşüncəmizin əksinə
olan fikirlər də söyləyə bilər. Bunu nə məqsədlə işlətdiyini bilmədən
onu günahlandırmaqda haqlıyıqmı? İstər mətbuatda, istərsə də
televiziyada Mart Qırğınında Nərimanovun
Şaumyanın yanında olduğunu bildirərək onun
ünvanına ən ağır ittihamları səsləndirirlər,
bu nə dərəcədə düzgündür? N.Nərimanovun harada, kimin yanında olmasından
asılı olmayaraq, onu həmişə Vətənin, millətin
taleyi düşündürürdü. Onun
keçirdiyi əsəb, apardığı gərgin
mübarizə qırğının genişlənməsinin
qarşısını alsa da, onun
sağlamlığını əlindən aldı. Mart Qırğınından üç gün sonra
ayağı tutulan, ürəyində problemlər yaşayan Nərimanov
xərəkdə Həştərxana müalicəyə
göndərilir. Sağlamlığını
itirən Nərimanov hər an, hər dəqiqə həyatını
itirə biləcəyini düşünərək,
kiçik yaşlı yeganə oğluna bir sıra, sanki vəsiyyət
məktubları yazır. Bu məktublar N.Nərimanovun
mənəviyyatının güzgüsüdür desəm, məncə,
səhv etmərik.
N.Nərimanov nəinki öz xalqının, Şərq
xalqlarının da azadlığı uğrunda, haqq-ədalətin
yer üzündə bərqərar olması üçün,
böyüyən rus, erməni, gürcü şəbəkəsinə
qarşı təkbaşına mübarizə aparırdı. Görəcəyi işlərinin
yarımçıq qalacağını hiss edib oğlu Nəcəfə
məktubunda yazır: "Sən məni bəşəriyyət
üçün az iş
gördüyüm üçün məzəmmət etməyəsən.
Bu mənada mən əminəm ki, mənim
yarımçıq qalmış işlərimi davam etdirəcəksən".
Hiyləgər, qəddar düşmənlər
onun bu arzusunu ürəyində qoydular. N.Nərimanovun
ideyalarını davam etdirəcəyinə söz verən
yeganə oğlunu aradan götürdülər. Mənfur düşmənlər Nərimanovun nəslini
beləcə baltalayıb yox etdilər. N.Nərimanov
ailə səadətini dadıb doymayan, haqsızlıqlarla
mübarizə apara-apara, sağlamlığını itirə-itirə
gərgin bir həyat yaşadı. O, istər həkim
kimi, istərsə də yaradıcı bir insan kimi sakit,
xoşbəxt bir həyat tərzi sürə bilərdi. Lakin o, millətinin taleyini düşmənlərin
ümidinə qoymayıb tufanlı, fırtınalı bir həyat
seçdi. Mərkəz otuz il Stalinin
ölümünə qədər Nərimanova xalq düşməni,
millətçi damğası vurdu. Düşmənlərimizin
ən qatı düşməni N.Nərimanov idi. Düşmənlərimiz düşmənini
yaxşı tanıdı. İstər
sağlığında, istərsə də
ölümündən sonra. Çox təəssüflər
olsun ki, bugünədək düşmənlərimizin
düşmənini biz yaxşı tanıya bilməmişik.
Son otuz ildə N.Nərimanova qarşı tənqidlər
həddini aşaraq bəzən təhqir səviyyəsinə
çıxır. Bəziləri onu Azərbaycanın
istiqlalının qatili, cəlladı adlandırır.
Azərbaycanın müstəqilliyi bütün
xalqımızın istəyi, arzusu idi. Ancaq bu istəyi
həyata keçirmək üçün siyasətçilərimizin
seçdiyi yollar müxtəlif - radikalların yolu daha
qısa, sosial-demokratların yolu nisbətən uzun olub. XX əsrin əvvəllərində dövlətçilik
ənənəsi, güclü ordusu olmayan, düşmən əhatəsində
müstəqil dövlətin mövcudluğu və
inkişafı istər-istəməz sual yaratmırmı?
1918-ci ildə bizə dost, qardaş olan Türkiyə ən
çətin günlərini yaşayırdı. Özünün köməyə ehtiyacı olduğu
bir halda Azərbaycana necə kömək edə bilərdi?
Azərbaycanı şaqqalayıb ikiyə
bölən, zəbt edən Azərbaycan dövlətinin
varlığını, Azərbaycan sözünü belə
qəbul etməyən İranın münasibəti bizə
aydın deyildimi?! Uzun illər Azərbaycanın
qanını, canını zəli kimi soran Rusiya yağlı
tikəni ağzından çıxarardımı? Bu günə kimi cilddən-cildə girən hiyləgər,
qəddar, arxalı köpək Azərbaycanın müstəqil
inkişafına imkan verərdimi? Həmişə
ikili siyasət yürüdən yaxın zamanlara kimi
adımızı belə doğru-düzgün dillərinə
gətirməyən, bizi tatar adlandıran digər
qonşumuzun etibarına güvənmək olardımı?
On dörd respublikanı cənginə alan
Rusiya yenicə ayaq üstə duran Azərbaycanla bacara bilməzdimi?
Nərimanovu tənqid edib onu çox zəif
siyasi oyunçu adlandıranın əksinə, Nərimanov
güclü, uzaqgörən bir siyasətçi kimi tarixi
şəraiti nəzərə almış, özünün
güvəndiyi, inandığı yolu seçmişdir.
N.Nərimanov zəif oyunçu olsaydı,
başda Stalin olmaqla rus, erməni şəbəkəsinə
qarşı son nəfəsinə kimi "oyunu" davam etdirə
bilməzdi. Zəif oyunçu olsaydı, 1920-ci il mayın 2-də Orconikidze və Kirov Leninə
teleqram göndərərək: Qafqazda və daha geniş ərazidə
kiməsə veriləcək səlahiyyəti nəbadə N.Nərimanova
verəsiniz. Bu səlahiyyət Orconikidzeyə
verilir. N.Nərimanov Qafqazda səlahiyyət
sahibi olmasından gürcü, rus cütlüyü niyə bu
qədər təşvişə, qorxuya düşür?
Axı, zəif siyasi oyunçuyla oynamaq istədiklərini əldə
etmək çox asandır! Cütlüyün
işlətdiyi nəbadə sözü Nərimanovun necə
"oyunçu" olmasından xəbər vermirmi? Mərkəzdə Azərbaycanın taleyi
bağlı qapılar arxasında həll olunanda təkbaşına
"zəif oyunçunun" hansı hücumlara məruz
qaldığından, Vətənin, millətin xeyrinə nələrin
necə həll olunduğundan biz güclülərin xəbəri
varmı? Kənardan baxana döyüş
çox asan gəlir. Sevimli şairimiz B.Vahabzadənin
sözlərini xatırlayıram:
"- N.Nərimanovu
ittiham edənlər gərək əvvəlcə
vicdanları qarşısında cavab versinlər ki, onlar N.Nərimanovun
xalq üçün etdiyinin mində birini ediblərmi?". Bəxtiyar müəllimin
bu sözlərindən sonra artıq söz deməyə
ehtiyac qalmır. Mətbuatda, televiziyada bəzi
çıxış edənlər tez-tez millətin atası
Hacının N.Nərimanova soyuq münasibətini,
aralarında kəskin ziddiyyət olduğunu bildirirlər.
Təəssüflər olsun ki, bu ziddiyyətin
nədən ibarət olduğu tam açıqlanmır.
N.Nərimanovun təşəbbüsü ilə
çağırılan müəllimlərin 2-ci
qurultayında o, Çar Rusiyasının siyasətini tənqid
edir. Siyasi çıxışı ilə yanaşı,
tədris üsulunun dəyişdirilməsi barədə məsələ
qaldırır (bu üsulda müəllim dərs zamanı hər
hansı bir heyvandan bəhs edərkən onu təqlid etməli
idi). Qurultay iştirakçıları Nərimanovun
bu çıxışını bəyənib
alqışlayırlar və qərar qəbul edirlər.
Qurultayın ikinci günü Tağıyev
iclasa gəlir. Qurultay iştirakçılarından
dünənki qərarlarını dəyişdirməyi
xahiş edir və deyir:
-
Bilirsiniz, Nəriman Nəcəf oğlu kimdir? O, uzağı
görməyən, cibində bir qara qəpiyi olmayan, mənim
pulumla oxuyan bir tələbədir.
N.Nərimanov
Tağıyevdən sonra çıxış edərək
bildirir:
- Mən
də cənab Tağıyevdən təqaüd alanlardan biriyəm,
lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul tələbələrə
kömək etməklə istəyir ki, onların müstəqil
fikri olmasın, onlar cənab Tağıyevin dediklərini
desinlər. Ona görə də, mən keçmişimi,
hal-hazırımı heç zaman ləkələyə, fəryad
etmək lazım gəldikdə susa bilmərəm.
Bütün qurultay qarşısında hörmətli
Hacının yardımından məmnuniyyətlə imtina
edirəm. N.Nərimanov Hacının
yardımından imtina etməsinə baxmayaraq, Tağıyev
yardımını davam etdirir, lakin N.Nərimanov
yardımı qəbul etmir, Hacının verdiyi borcu qəpiyinə
kimi qaytarır. Bu kəskin
çıxışlardan sonra onların münasibəti əsla
soyumayıb. N.Nərimanov Tağıyevə, onun ailəsinə
hər cür köməkliyi göstərir. Tağıyevi
təhqirlərdən, ölümdən qoruyur. Bunu
Tağıyevin qızı Sara xanımın dilindən də
eşidirik:
- Bizim
qara günlərimiz N.Nərimanovun ölümündən
sonra başladı.
N.Nərimanovun
geniş, əhatəli fəaliyyətini diqqətlə izlədikdə,
oğlu Nəcəfə, Leninə yazdığı məktublarla
tanış olduqda onun millətini sevən,
torpağına bağlı, haqqı, ədaləti
ömrünün sonuna qədər müdafiə edən, əqidəsinə
sadiq bir obraz canlanır. N.Nərimanov sağlam
gövdəli möhtəşəm palıd ağacına bənzəyir,
düşünürəm bəzi tənqidçilər, nədənsə,
bu ağacın gövdəsində deyil, qol-budaqlarında
qüsur arayıb-axtarırlar. Bu axtarışların
nümunəsi: N.Nərimanov hakimiyyətə gəlmək
üçün hər şeyi məqbul sayırdı. İsa bəy Aşurbəylinin MTN-in arxivində
saxlanılan izahatını misal çəkirlər.
İzahatda qeyd olunur: "N.Nərimanov yaşca ondan iki dəfə
gənc, vərəmli, cılız, üstəlik eybəcərin
birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi.
Ancaq baldızımın nağd 20 min manata qədər
cehizlik pulu vardı. Nərimanovun maddi cəhətdən
evlənmək istədiyinə qəzəbləndim və evlənməyə
razılıq verməyə qoymadım. Bundan
sonra Nərimanovla aramızda salam-kəlam kəsildi".
Yazı ilə tanış olduqda bu
izahatın MTN-in tədricxanasında kimlər tərəfindən,
hansı təhdid və təzyiqlərlə
yazıldığı açıq-aydın hiss olunur. Bu izahatın hansı məqsədlə mətbuata
verilməsi aydın deyil. Sona
xanımın xəstəliyinin açıqlanması, fiziki
qüsurlarının yeznəsi tərəfindən
sadalanması etik qaydalara uyğundurmu? Bu
yazılanların Nərimanovun hakimiyyətə gəlmək
üçün hər şeyi məqbul sayması ilə nə
əlaqəsi var? O ki qaldı, yazı müəllifinin
təbirincə desək, pul hərisi olmasına, Nərimanov
pul, var-dövlət hərisi olsaydı, mərkəzdəki səlahiyyət
sahibləri kimi onun da xarici banklarda milyonları, milyardları
olardı. Onu təftiş edənlərin istəyini
gözündə qoymazdı. Ölümündən
sonra həyat yoldaşı Gülsüm xanım
acınaqcaqlı vəziyyətdə yaşamazdı. İstər N.Nərimanov (səhv etmirəmsə,
onlar qohum olub), istərsə də İsa bəy Aşurbəyli
hiyləgər, qəddar düşmənlərdən yetərincə
aldıqlarını alıb. Bizim onların
ruhunu incitməyə mənəvi haqqımız varmı?!
N.Nərimanovun ünvanına söylənilən daha
"orijinal" bir fikir, N.Nərimanov çıxış edənin
təbirincə desək, varlılara, dövlətlilərə
qibtə, paxıllıq edirmiş. Bir ovuc varlılara qibtə,
paxıllıq edən N.Nərimanov, görəsən,
milyonlarla kölənin, məzlumun, hüquqları tapdanan, bir
tikə çörəyə möhtac olanların
halını görüb hansı hisslər
keçirirmiş?! Təəssüflənirəm,
insan mənəviyyatını məhv edən, dağıdan
belə bir mənfi xüsusiyyəti Nərimanovun şəxsiyyətinə
necə yaraşdırırlar. Bir-birinin
ardınca uydurulan böhtanlarda, iftiralarda məqsəd, niyyət
nədir?! Daha bir iftira N.Nərimanov Qafqaz
ictimai xadimi İsmail Qaspıralının qızı Şəfiqə
xanıma evlənmək təklifi edir. Nəsib
bəy də Şəfiqə xanıma öz istəyini
bildirir. Şəfiqə xanım Nəsib
bəyin təklifini qəbul edir. Nərimanov
onları təbrik edir, məsələ bununla bitir. Nərimanova qara yaxanlar məsələni bununla
bitirməyib duel səhnəsi düzəldirlər. Nərimanov, guya, Nəsib bəyi duelə
çağırır, onun gülləsi boşa
çıxır, növbə Nəsib bəyə
çatır. O, silahı yerə atır və deyir:
- Mən əlimi
azərbaycanlı qanına bulamaram.
Təəssüf hissi ilə söyləyirəm, bəyəm
N.Nərimanov əlini azərbaycanlı qanına bulayan bir
insan idi?! N.Nərimanovun
dediyi sözləri xatırlayıram:
-
Heç bir millət qılınc və tüfəng
gücü ilə qabağa getməyib, ancaq elmin gücü
ilə tərəqqi etmək mümkündür.
Belə bir əqidənin sahibi heç zaman əlinə
silah alıb kiməsə tuşlamaz, bu, Nərimanovun xarakterinə
yad olan və ona atılan növbəti nifrət dolu bir iftiradır. Əgər Nərimanov Nəsib
bəyi vursaydı, onu sevməyən qıza silah gücü
iləmi sahib olacaqdı?! Bu nə ağla, nə də məntiqə
sığmayan böhtandır! Bir məsələyə
də münasibətimi bildirmək istəyirəm. N.Nərimanovun fəaliyyətində türk
dünyası, türk xalqlarının gələcəyi əsas
yet tutur. Türk xalqlarının müstəqil
respublika kimi Sovet Rusiyasının tərkibinə daxil
olması N.Nərimanovun birbaşa xidmətinin nəticəsidir.
Əks halda, çeçenlərin,
tatarların və digər türk xalqlarının taleyini
onlar da yaşayardılar. XX əsrin əvvəllərində
N.Nərimanov Türkiyənin çətin anında
qardaşlıq köməyini etmiş, Türkiyə dövlətinin
ayaqda durmasına yardım göstərmişdi.
Atatürk bu böyük yardımdan narahat olub borc kimi
qaytaracağını N.Nərimanova bildirəndə, o,
cavabında deyir:
-
Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş qardaşa ehtiyacı olan zaman yardım edər,
əl tutar.
Təəssüflər olsun ki, türk
qardaşlarımız demək olar ki, N.Nərimanovu
tanımırlar, tanıyanların isə əksəriyyəti
yanlış tanıyır. Azərbaycanın ən çətin
anında qardaş Türkiyə bizimlə bir olub, hərtərəfli
dəstəyini göstərib.Təəssüflər olsun ki,
bu iki dövlətin qardaşlıq münasibətinə həddindən
çox qısqananlar var. Acı da olsa deməliyəm ki, bu
qısqanclıq daxilimizdə də var. Bu
qardaşlığı gözü götürməyənlər
dərk edirlər ki, arxa-arxaya söykənən
qardaşları məğlub etmək çox çətindir.
Allah bu iki qardaşı heç zaman
qarşı-qarşıya gətirib arxasını boş
qoymasın. Amin!
Son otuz ildə baş verən müharibələr, erməni
vəhşilikləri, itkilərimiz mənə tez-tez
eşitdiyim bir söhbəti xatırladır. 1988-ci ilin əvvəllərində
ermənilər təzə-təzə baş
qaldırırdı. "Muğan"
mehmanxanasında saç kəsən erməni Stopa
ülgücünü itiləyə-itiləyə kresloda əyləşən
azərbaycanlı müştərisinə
yaxınlaşır. O, tez ayağa qalxır və
qorxa-qorxa deyir:
- Stopa,
ülgücü yaman itiləyirsən, birdən mənim
başımı kəsərsən.
Stopa
cavabında gülə-gülə:
- Narahat
olma. Mən sənin başını kəsib,
özümü xataya salıb işlərimi
yarımçıq qoymaram. Mən sənin
başını elə düzəldəcəm ki, eynən
bizimkilərə bənzəyəcəksən. O zaman mənə
ehtiyac qalmayacaq. Sizinkilər sənin başını kəsəcək,
mən yox!
O vaxtlar
bizimkilər dəlləyin bu sözlərinə
lağ-lağı edib danışıb gülürdülər.
Biz gülürdük, erməni saç kəsənləri
baş kəsənlərə çevrilirdi. Bu günlər erməni saç kəsənlərinin,
baş kəsənlərinin yarımçıq qalan
planlarını onların nəvələri, nəticələri
həyata keçirir.
Tarixin,
gerçəkləri olduğu kimi, yazılan səhifələri
ilə yanaşı, səlahiyyət sahiblərinin,
güclülərin diktəsi ilə gerçəklərə
yalan don geydirilib yazılanlar da var. Düşünürəm
ki, həqiqətlər nə qədər gizlədilsə də,
saxlanılsa da, danılmaz bir gerçək var ki, Nərimanov
Vətəninin, millətinin mənafeyini ucadan uca tutmuş, həmişə
haqqın, ədalətin müdafiəçisi olmuşdur. Cəsarətlə
S.Kirovu, A.Mikoyanı, S.Orconikidzeni, Mirzəyanı müstəmləkəçi
adlandırmışdı. Şaumyanın
Sosial-Demokrat Partiyasının məqsəd-məramnaməsini
daşnaklaşdırdığını Leninə
bildirmişdi. Azərbaycan hökumətində
türklərin cəmi 14 faiz, ermənilərin daha çox vəzifədə
olmasına etiraz etmişdi. Şovinizmə,
ruslaşdırma siyasətinə qəti etirazını
bildirmişdi. Düşünürəm,
N.Nərimanov olmasaydı, Naxçıvanın,
Qarabağın taleyi necə olardı? Azərbaycanın
taleyi tatarların, çeçenlərin taleyinə bənzəməzdimi?
Azərbaycan Bakısız qalmazdımı?
Üzeyir Hacıbəyovun, Səməd bəy Mehmandarovun,
Naxçıvanskinin ölümünə atılmış
imzanı kim cırıb atardı? Məhəmməd
Əmin Rəsulzadənin həyatını kim
təhlükədən qurtarardı? Gəncə
üsyanında iştirak edən 99 nəfəri cəlladların
əlindən kim xilas edərdi? Həbsxanada
təhqir olunan Mehmandarovu, Şıxlinskini, Talışxanovu kim azad etdirərdi? Milli məfkurəli
ziyalılarımızı kim qoruyar, Azərbaycan
dilinə dövlət statusu kim verdirərdi?
N.Nərimanov gərgin bir həyat yaşadı. Bu gərgin həyatı
nə özü üçün, nə də ailəsi
üçün yaşadı. Bu gərginliyi
millətinin, Vətəninin taleyindən narahat olub mübarizə
apara-apara yaşadı. Cəlladlar onun nə
çayına, nə yeməyinə zəhər töküb
asan yolla öldürmədilər. Ona mənəvi
işgəncə verə-verə aybaay, günbəgün,
hissə-hissə öldürdülər. Çox
istərdim ki, Nərimanovun istər sağlığında,
istərsə də ölümündən sonra ona yad,
düşmən münasibət bəsləyənlərin məkanında
narahat ruhu öz doğma torpaqlarında rahatlıq tapıb
hüzura qovuşaydı.
Türk kanallarının birində Türkiyənin
tanınmış tarixi şəxsiyyəti haqqında
veriliş təşkil olunmuşdu. Veriliş başlanmazdan öncə
iştirakçılardan biri aparıcıya dedi:
- Rica edirəm,
suallarınıza diqqət yetirəsiniz. Söhbət
bizim, sizin görə bilmədiyimiz işləri görən,
gördüyü işləri ilə ən yüksəkliyi fəth
edən şəxsiyyətdən gedir. İnsanlıq
halı onun qüsurlarını, xətalarını
gördüyü böyük işləri üzərinə
çıxarıb fəaliyyətinə kölgə salmayaq.
Bəli,
insanlıq halı! Hər millətdə
olduğu kimi, bizim millətin də özünəməxsus
insanlıq halı var. İnam, unutqanlıq, insanpərvərlik.
Məhz bu inam olmasaydı, N.Nərimanov verdiyi sözə xilaf
çıxan, Azərbaycanın mübahisəli, mübahisəsiz
torpaqlarını ermənilərə vermək istəyən,
Azərbaycan dövlətinin taleyini başkəsən, qan
içən Şaumyana tapşıran, Azərbaycanın haqq
səsini eşitməyən, ədalətsizliklərə
göz yuman Leninə inanmazdı. Məhz bizim bu inamımız olmasaydı, Mirzə
Şəfi Vazeh bir sandıq şeirlərini müəllimi
olduğu alman şairi Bodenştetə verməzdi. Mirzə Şəfinin şeirləri Bodenştetin nəğmələri
kimi dünyanı fəth etməzdi. İnsanlıq
halımız olmasaydı, türkləri hiyləgərcəsinə
ruslara satan ermənilərin mənfur əməllərinin
üstü açılanda, alacaqları cəzadan
canlarını qurtarmaq üçün Azərbaycana üz
tutanda onları taxçalarımızda,
boğçalarımızda gizlətməzdik. İrəvanı
ermənilərə verib onların dövlət qurması
üçün təməl daşı atmazdıq. İndi bu təməl daşının üzərində
mənfur düşmən saraylar tikmək eşqinə
düşməzdi. Torpağımızı
göz bəbəyi kimi qoruyan igidlərimiz, polad iradəli
Poladlarımız düşmənin namərd gülləsinə
tuş olmazdı. Unutqanlığımız
olmasaydı, Şaumyanın başçılığı
ilə ermənilərin törətdiyi Mart
Soyqırımından sonra, yüz illərdən bəri, bizi
uşaqlarına "vəhşi türk" kimi
tanıtdıran ermənilərə qucaq açıb onlara
dost, kirvə, - deməz, qız alıb qohum olmazdıq. O
nikahdan dünyaya gələnlər yolayrıcında
qalmazdı. Artıq ürəklərimizin istəyinə
deyil, ağlımızın dediklərinə qulaq
asmalıyıq! Düşmənin yeri də,
adı da, ünvanı da bəlli ola-ola içimizdə
düşmən axtarışına çıxmayaq. Bu axtarışlar tariximizə, tarixi
keçmişimizə çox zərbələr vurub.
Bəzi tədqiqatçılar N.Nərimanovu, M.Ə.Rəzulzadəni,
Ə.Hüseynzadəni bir-birlərinə qarşı
qoymağa çalışıblar. Onlar heç vaxt
bir-birilə nə mübarizə aparıblar, nə də
bir-birinə düşmən mövqeyi tutublar. Çünki onların hər biri vətən, millət
aşiqi idi. Ürəklərində ancaq
vətən, millət sevgisi yaşayırdı. Onlar qarşı-qarşıya deyil, sıra ilə
yan-yana düzülməlidir. Sıranın
genişliyi xalqımızın fəxri, iftixarıdır.
Bu sıraya baxıb hər birimiz
xalqımızın şərəfli, layiqli oğulları ilə
fəxr etməliyik. Onlar istər xarici, istərsə
də daxili düşmənlər tərəfindən yetərincə
aldıqlarını alıblar, ruhlarını incitməyə
heç birimizin mənəvi haqqı yoxdur. Zaman-zaman kitabların vərəqlərindən silsələr
də, tarixin səhifəsində silməyə heç kəsin
gücü yetməz. Onlar millətin qəlbində
nur, yolunda heç zaman sönməyən bir mayakdır.
Həmayil Əhmədqızı
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 22-24.