Dərin
tekstoloji və tipoloji araşdırmaların müəllifi
olan fədakar alim
Qəzənfər
ƏLİYEV – 90
Dünyada
böyüklük tapmaq istəsən,
Al ələ qələmi yaz böyüklərdən.
Nizami Gəncəvi
Bu gün
dünya şərqşünaslıq elminin aparıcı
qollarından olan Azərbaycan nizamişünaslığı
bəşər sivilizasiyasının yaşı ilə
müqayisədə böyük olmasa da, şərəfli bir
yol keçmiş, mötəbər dairələrdə
etibarlı mənbələrə söykənən, əsaslı
elmi fikirlərə dəyər verilən sağlam mühitdə
sözükeçən, fəaliyyəti yüksək qiymətləndirilən
nizamişünaslarımız yetişmişdir. Mirzə Məhəmməd
Axundovla başlayan, akademik Həmid Araslı, professor Rüstəm
Əliyev, professor Qəzənfər Əliyev, AMEA-nın
müxbir üzvü Azadə Rüstəmova ilə inkişaf
etdirilən zəngin ənənələri hal-hazırda
professor Xəlil Yusifli, AMEA-nın müxbitr üzvü
Nüşabə Araslı, akademik Teymur Kərimli, professor
Mehdi Kazımov, dosent Zəhra Allahverdiyeva və
başqaları Nizami sənətinə böyük sevgi hissi
ilə davam etdirirlər.
Ömrünü
hikmət xəzinəsinin açarı olan Şərq ədəbiyyatının
tədqiqinə həsr etmiş fədakar alim, Nizami
torpağının söz-sənət nemətindən ilham
alıb çox qısa, 54 illik ömründə elmin zirvələrinə
doğru şərəflə irəliləyərək
filologiya elmləri doktoru, professor, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Türkmənistanın
Dövlət Mükafatı laureatı kimi yüksək adlara
layiq görülən şərqşünas Qəzənfər
Yusif oğlu Əliyev yaşasaydı, bu il 90 yaşı
olacaqdı.
Qəzənfər
Əliyev 1930-cu il may ayının 15-də
Azərbaycanın qədim elm və sənət mərkəzlərindən
olan Gəncədə dünyaya göz
açmışdır. İndiki BDU-nun şərqşünaslıq
fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc
elm həvəskarını tale SSRİ EA-nın Şərqşünaslıq
İnstitutuna aparır. Akademik, dövrünün nəhəng
alimlərindən olan Yevgeni Bertelsin "məktəbində"
püxtələşən alim "Nizami Gəncəvinin
"Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin
"Şirin və Xosrov" poemalarının müqayisəli
təhlili" mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edir (1958). Sonrakı elmi faliyyətinin
əsas istiqamətini bəlirləyən dissertasiyası və
1960-cı ildə Moskvada rus dilində nəşr olunan
"Şərq xalqları ədəbiyyatlarında Xosrov və
Şirin əfsanəsi" monoqrafiyası elmi cameədə
çox böyük maraqla qarşılanır. Adı
çəkilən fundamental tədqiqatdan bəhs edən dosent Məsiağa
Məhəmmədi yazır: "...həcmcə çox da
böyük olmayan bu kitab o zaman cəmi 30 yaşı olan Qəzənfər
Əliyevin ilk geniş elmi tədqiqatı idi. Lakin
dünya şərqşünaslığının ən son
nailiyyətlərinə söykənən bu
araşdırmanın elmi səviyyəsi o qədər
yüksək, ehtiva etdiyi material o qədər zəngin idi ki,
sonralar Nizami yaradıcılığını öyrənən
heç bir tədqiqatçı bu kitaba müraciət etmədən
ötüşə bilmədi".
Müəllif bu əsərində Xosrov və Şirin əfsanəsinin
süjetinin VII əsrdən XV əsrədək inkişaf
tarixini izləməyi qarşısına məqsəd
qoymuşdur. Əsərdə Xosrov və Şirin əfsanəsinin
süjet və ideya-məzmun təkamülü müxtəlif
epoxalarda bu mövzuya həsr edilmiş poemalar əsasında
öyrənilmiş, həmçinin baş vermiş
mövzu, süjet və kompozisiya dəyişikliklərinin səbəbləri
aydınlaşdırılmışdır. Qəzənfər
Əliyev adı çəkilən əsərdə, filologiya
elmləri doktoru Abuzər Bağırovun sözləri ilə
desək, "...mövzu ilə bağlı müxtəlif
qaynaqlardan toplanmış zəngin ədəbi materialların
tipoloji və tekstoloji araşdırması əsasında
Qafqaz, İran, Orta Asiya və Hindistan ərazisində
yaşayan xalqların ədəbi-mədəni əlaqələrinin
Nizami mehvəri ətrafında oluşan müştərək
köklərini açıb göstərməklə
bütövlüklə sovet şərqşünaslığında
bu yöndə aparılan axtarışlara güclü təkan
vermiş oldu".
Lakin alimin elmi fəaliyyəti "təfəkkürünün
və sənətinin sirləri qarşısında hələlik
yalnız heyranlığımızı bildirməklə kifayətləndiyimiz"
(Teymur Kərimli) Nizami Gəncəvinin ədəbi irsi ilə
məhdudlaşmadı. Ümumilikdə farsdilli ədəbiyyatın
təşəkkülü problemi Qəzənfər
Əliyevin elmi araşdırmalarının əsas tədqiqat
obyektidir və təsadüfi deyil ki, alimin doktorluq
dissertasiyası da məhz bu mövzuya həsr olunmuşdur.
Ancaq bu da bir həqiqətdir ki, farsdilli ədəbiyyatın
tədqiqinə də alimi məhz Nizami Gəncəvi irsinin
öyrənilməsi sövq etmişdir.
Məlumdur ki, tarixi şərait və ictimai-siyasi tələblərdən
irəli gələn səbəblərdən dolayı, daha dəqiq
desək, "Türk hökmdarlarının (Samanilər, Qəznəvilər,
Səlcuqilər və s.) farsdilli ədəbiyyatı
himayə etməsi" (Xəlil Yusifli) nəticəsində
çox uzun bir müddət, orta yüzilliklərdə, hətta
demək olar ki, XVIII əsrə qədər Şərq ədəbiyyatının
böyük, nadir nümunələri fars dilində
yazılmışdır. Təsadüfi deyildir
ki, ədəbi cameədə "fars dili poeziya dilidir"
kimi bir fikir də formalaşmışdı. Kiçik
Asiyada, Hindistanda, Zaqafqaziyada yaranmış bədii əsərləri,
həmçinin Şəqri Avropada yazılmış bəzi
tarixi traktatları öyrənmək, araşdırmaq
üçün ədəbi-nəzəri bilgilərlə
yanaşı, bu dilin incəliklərinə də dərindən
bələd olmaq lazımdır.
Azərbaycan
ədəbiyyatının müqtədir sənətkarları
- Qətran Təbrizi, Xaqani Şirvani, Əbül-ula Gəncəvi,
Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Fələki
Şirvani, Nizami Gəncəvi, Müsahib Gəncəvi, Saib Təbrizi
və başqa mütəfəkkirlər öz zərif
duyğulu, bəşəri ideya və dərin məzmun
çalarları ilə zəngin olan əsərlərini fars
dilində qələmə almışlar. Bu sənətkarların
ədəbi-bədii irsi Şərq ədəbiyyatı xəzinəsini
qiymətli incilərlə zənginləşdirmişdir.
Ayrı-ayrı
regionlarda fars dilində yaranan ədəbi
yaradıcılıqlar bu dildəki mövcud ədəbiyyatdan
qidalanıb onunla sıx əlaqədə olsalar da, yerli-milli
xüsusiyyətlərini də itirməmiş, əksinə
doğma folklor və yazılı ədəbiyyat ənənələrindən
gələn özəlliklərlə farsdilli ədəbiyyatı
daha da zənginləşdirmişlər. Yəni bu proses, təbii
olaraq, qarşılıqlı ədəbi əlaqələr
mühitində baş tutmuşdur. Odur ki, farsdilli ədəbiyyatın
ayrı-ayrı regionlarda, bəzən hətta çox fərqli
adət-ənənələr, sosial-tarixi şəraitə
malik bölgələrdə meydana çıxması və təşəkkülü
problemi, kəsb etdiyi özəl xüsusiyyətlər və
s. daima şərqşünasların, o cümlədən də
azərbaycanlı alimlərin diqqət mərkəzində
olmuşdur.
Qəzənfər
Əliyevin "Hindistanın farsdilli ədəbiyyatı"
(rus dilində) monoqrafiyası - ən az
öyrənilmiş bir ədəbiyyatın - farsdilli hind ədəbiyyatının
tarixinin tədqiqinə dair ilk cəhddir. Müəllif bu ədəbiyyatın
ən görkəmli nümayəndələri ilə
oxucularını tanış edir. Nə üçün farsdilli ədəbiyyat birdən-birə
Hindistanda peyda oldu? Və yaxud, nə üçün bu
çoxmillətli ölkənin ədəbiyyatlarından biri
fars dilində yaranmışdır? Və
ümumiyyətlə, gah Zaqafqaziyada, gah Kiçik Asiyada, gah
Orta Asiyada, gah da Hindistan yarımadasında meydana
çıxan, bu "hər yerdə peyda olan" farsdilli ədəbiyyat
nə olan şeydir? Nə üçün və necə oldu
ki, Hindistanda fars dilində ədəbiyyat
yarandı, o, hansı yollarla inkişaf etdi, Hindistanın
farsdilli ədəbiyyatı ilə fars-tacik ədəbiyyatı
və hind ədəbiyyatı arasında hansı əlaqələr
mövcud idi? Alim göstərir ki, Hindistanda yaranan farsdilli ədəbiyyat
o qədər geniş və böyükdür ki,
Hindistanın hüdudlarından kənarda fars
dilində yazılan ədəbi nümunələrin
hamısını geridə qoyur və hətta bu ədəbiyyat
xüsusi elmi ədəbiyyatda hind-fars adını
almışdır.
"Nizami
mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında"
(rus dilində) Qəzənfər Əliyevin ən məşhur,
elmi dəyəri baxımından fundamental əsəridir və
alimin özünün də arzusunda olduğu "Nizami
ensiklopediyası"nın çox
mühüm bir tərkib hissəsidir. Oçerklərinin
hər biri gələcək tədqiqatlar üçün
mövzu verən əsərin ayrıca mükəmməl tədqiqat
adlandırılmağa layiq Giriş məqaləsində
müəllif qoyulan problemlə bağlı nəzəri
fikirlərini aydın tezislər şəklində
çatdırmışdır. Kitabda 700 illik bir
dövrü və az qala Yer kürəsinin yarısı boyda ərazini
əhatə edən, "Bosfordan Himalayadək" (Qəzənfər
Əliyev) geniş coğrafi arealda yayılan Nizami poetik məktəbinin
287 nümayəndəsi və 600-dən çox əsər
haqqında qiymətli elmi informasiya öz əksini
tapmışdır. Mövzu ilə bağlı özündən
əvvəlki tədqiqatları dərindən öyrənən
və onlara həm bir örnək kimi, həm də tənqidi
şəkildə yanaşmağa çalışan alimin
apardığı çoxsaylı axtarışlardan məlum
olur ki, böyük Nizaminin "Xəmsə"sinə daxil
olan poemalardan "Sirlər xəzinəsi"nə 99,
"Xosrov və Şirin"ə 98, "Leyli və Məcnun"a
123, "Yeddi gözəl"ə 55, "İskəndərnamə"yə
isə 34 cavab yazılmışdır. Şərq
ədəbiyyatları sahəsində dərin nəzəri
biliklərə malik olan Qəzənfər Əliyev əsərdə
nəzirəçilik ənənəsinin müxtəlif
formaları arasındakı müqayisələri ilə bu
problemə də aydınlıq gətirərək nəzirə,
cavab, tətəbbö və başqa janrların
tipologiyasını da açmağa müvəffəq
olmuşdur. Xüsusilə, alimin "xəmsə"
janrının yaranması, təşəkkülü və
inkişafının sonrakı mərhələlərində
kəsb etdiyi xüsusiyyətlərlə bağlı fikirləri,
Şərq ədəbiyyatı tarixçiləri ilə
polemik mühakimələri bu gün də öz elmi dəyərini
qoruyub saxlamaqdadır.
O da əlamətdardır
ki, görkəmli alim "Nizami ədəbi məktəbi"
anlayışı altında bütöv bir ədəbi-mədəni
prosesin dayandığı, Nizaminin öz dühası ilə
bir çox ədəbiyyatların istiqamətini müəyyənləşdirdiyi
tezisini irəli sürür və fikirlərini tutarlı dəlillərlə
sübuta yetirir. Bu baxımdan alimin Nizami
yaradıcılığını ayrı-ayrı ədəbiyyatlara
və ədəbi şəxsiyyətlərə "daim təsir
göstərən bir amil" kimi qiymətləndirməsi dərin
elmi maraq doğurur və təbii ki, Qəzənfər müəllimin
əldə etdiyi zəngin poetik mənbələrdən
doğan bir qənaətdir.
Dərin elmi-nəzəri biliyi, təhlil və
mühakimə qabiliyyəti, bir neçə dilə hakim
olması onun tədqiqatlarının sahəsini genişləndirməyə
imkan vermişdir. Türkmən dövlət xadimi, sərkərdəsi və
şairi Bayram xanın bədii
yaradıcılığının tədqiqinə həsr
olunmuş "Türkmən şairi Bayram xan" əsəri
(1969) də alimin elmi yaradıcılığının dəyərli
örnəklərindəndir. Təsadüfi deyildir ki, bu əsərə
və "Türkmən ədəbiyyatı tarixi"nin ərsəyə gəlməsində
yaxından iştirakına görə Qəzənfər
Əliyev Türkmənistanın Dövlət Mükafatı
laureatı adına layiq görülmüşdür (1980).
Qəzənfər
Əliyev ümumiyyətlə, Şərq xalqlarının ədəbiyyatına
həsr olunmuş, dünyanın müxtəlif ölkələrində
Azərbaycan, rus, özbək, türkmən, tacik, fars, ingilis, alman, çex və s. dillərdə
nüfuzlu elmi dərgilərdə dərc edilmiş
irili-xırdalı 160-dan çox elmi məqalənin müəllifidir.
Alimin Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya
(1977, 1979) elmi ezamiyyətləri zamanı Şərq
xalqlarının, o cümlədən də Azərbaycan
xalqının mədəniyyət və ədəbiyyatına
dair etdiyi məruzələr elmi yükü, yeni qənaətləri
baxımından həmişə böyük diqqətə səbəb
olmuş və maraqla qarşılanmışdır.
Qəzənfər Əliyev həm də cəfakeş mətnşünas
idi. O, Nizami ədəbi
məktəbinin ən məşhur nümayəndələrindən
olan Əmir Xosrov Dəhləvinin "Şirin və
Xosrov" poemasının elmi-tənqidi mətnini
hazırlamış, ona geniş Önsöz yazaraq Moskvada nəşr
etdirmişdir (Dixlavi, 1979). Ümumiyyətlə,
Əmir Xosrov Dəhləvinin "Xəmsə"sinə
daxil olan poemaların elmi-tənqidi mətnləri Moskvada Qəzənfər
Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə
hazırlanaraq çap olunmuşdur.
Yorulmaz alimin fəaliyyətinin bir istiqaməti də ədəbi
nümunələrin tərcüməsi və nəşri ilə
bağlıdır. Bu baxımdan, təbii ki, ilk olaraq Nizaminin
"İskəndərnamə" poemasının filoloji tərcüməsini
qeyd etmək lazımdır. Şairin
"Xosrov və Şirin" poemasını isə N.Osmanovla
birlikdə rus dilinə filoloji tərcümə etmiş və
geniş şərhlərlə nəşr etdirmişdir.
Tərcüməçilik fəaliyyətində,
şübhəsiz ki, doğma xalqımızın qiymətli
folklor nümunələrinin, atalar sözlərinin də rus
dilinə tərcüməsinin ayrıca yeri vardır.
"O,
Əmir Xosrov Dəhləvinin "Həşt behişt"
poeması və qəzəlləri ilə yanaşı, Baba
Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin "Nal və
Damən" poemasını, Mirzə Əsədulla xan Qalibin
şeirlərini və digər bədii nümunələri"
rus dilinə filoloji tərcümə etmiş, onlara məzmunlu
müqəddimələr və dəyərli şərhlər
yazmışdır" (Məsiağa Məhəmmədi).
Bundan
başqa, Qəzənfər Əliyev fars dilində
yazılmış, əsas motivləri fəlsəfi mühakimələr,
sevgi iztirabları, orta əsr didaktikası olan rübailəri
toplayıb sətri tərcümə edərək qeydlərlə
birlikdə nəşr etdirmişdir (N.Osmanovla birlikdə). Kitabda hər bir şair haqqında qısa məlumat
da yer almışdır. Topluya
IX-XIX əsrlərdə müasir İran, Tacikistan, Azərbaycan
və Hindistanda yaşamış və dövrün
ictimai-siyasi, ədəbi-mədəni tələblərindən
irəli gələrək fars dilində
yazıb-yaratmış 50-dən artıq şairin - Rudəki,
Ünsüri, Nasir Xosrov, Qətran Təbrizi, Ömər Xəyyam,
Səna`i, Fələki Şirvani, Xaqani Şirvani, Cəmaləddin
İsfəhani, Ənvəri,
Nizami Gəncəvi, Rumi, Əvhədi Marağayi, Xacu Kirmani,
Hafiz, Cami və başqa şairlərin rübailəri daxil
edilmişdir (Plodı hedroserdiə. Çetverostişiə.
Perevod s farsi. Moskva,
"Xudojestvennaə literatura". 1979). O
da əlamətdardır ki, rübailərin böyük əksəriyyəti
ilk dəfə məhz adı çəkilən kitabda rus
dilində çap olunmuşdur.
Qəzənfər Əliyevin adı lüğətçilik
fəaliyyəti ilə də bağlıdır. O, hazırda da farsdilli ədəbiyyat
üzərində tədqiqat aparan alim və tələbələrin
ən çox istifadə etdikləri "Farsca-rusca
lüğət"in (2 cilddə) tərtibində də
iştirak etmişdir.
Alimin pedaqoji fəaliyyətinin bəhrələri - onun
elm yolunu davam etdirən görkəmli tədqiqatçılar
bu gün öz araşdırmalarını Qəzənfər
Əliyevin varisi, təmsilçisi və təbliğatçısı
olduğu klassik elmi ənənələr əsasında davam
etdirirlər.
Bu ənənlərdən biri də
keçmiş ədəbi və elmi irsə diqqətdir ki, Qəzənfər
müəllim özü bunun nümunəsini Y.Bertelsin və
A.Krımskinin əsərlərinin nəşri işində
bir daha göstərmişdir.
Onu
tanıyan hər kəs Azərbaycanla, xüsusilə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə sıx əlaqələrindən
danışır, tez-tez bu müqəddəs elm məbədinə
baş çəkməsini xatırlayırlar. Bilmirəm,
bunu səadət adlandırmaq olarmı? O, vətəninə
növbəti işgüzar səfərlərinin birində,
doğma universitetin dəvəti ilə 1984-cü ildə,
mühazirələr oxumağa gəldiyi bir vaxtda
dünyasını dəyişmiş və göz
açdığı torpaqda da dəfn olunmuşdur.
Bir məqamı da qeyd etmək yerinə düşərdi
ki, alim haqqında Azadə Rüstəmovanın "Həmkarımızı
anırıq" ("Ədəbiyyat və incəsənət",
1990-cı il, 12 oktyabr, səh.6.), Məsiağa Məhəmmədinin
"Yarımçıq ömür", Abuzər
Bağırovun "Nizami yurdunun görkəmli
nizamişünası" ("Nizamişünaslıq". Elmi əsərlər.
¹ 1. Gəncə, 2011,
"Elm və təhsil", səh. 102-104.),
Təhminə Bədəlovanın "Farsdilli ədəbiyyatın
öyrənilməsində Qəzənfər Əliyevin xidmətləri"
("Fars dili və ədəbiyyatının yayılma
arealı" XI Beynəlxalq Elmi Konfrans. İran
İslam Respublikası, Gilan vilayəti, Rəşt şəhəri.
Gilan Universiteti. (şəhrivər 1395) 7-9
sentyabr 2016. Konfransın materialları. IX cild. Səh. 10309-10321) məqalələri
işıq üzü görmüşdür.
Cəmi
54 illik bir ömür yaşamış Qəzənfər
Yusif oğlu Əliyevin çox qısa icmalını
verdiyimiz (yəqin ki, çox məqamlarını
unutduğumuz) bu qədər zəngin elmi irsinin dərindən
öyrənilməsi və tərcümə edilməsi,
xüsusilə də Azərbaycan dilinə çevrilməsi,
zənnimizcə, ədəbiyyatşünaslığımızın
inkişafı üçün qarşıda duran faydalı məsələlərdəndir.
Təhminə Bədəlova
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 24-25.