Bacım, hardasan
Fərqanə Mehdiyevanın əziz
xatirəsinə
Sən yoxsan,
de görüm, kimə
deyim dağ?
Məni ayrılığın neştəri
kəsdi.
Necə
də uçuldu söykəndiyim dağ,
Mən hələ
istiyəm, mən hələ isti.
Ürəyim ağrıdı ağrı-acına,
Yıxıldı dostluğun dayağı
dedim.
Ağladım, söykənib tut ağacına,
Sənin
yoxluğuna bir ağı dedim.
Mən özgə əlləri sıxa bilmərəm,
Taleyim qarşıma
yetirə kimi.
Nömrən göz dağıdı,
yığa bilmərəm,
Qalacaq bir ömür xatirə kimi.
Ağaclar
Tutun yarpağından öpüb
gedirəm,
Yaşıl xatirədir ömrün hər günü.
Səhər, gözlərimə təpib
gedirəm,
Titrəyən yarpağın təbəssümünü.
Üstünüz, başınız bəyaz
qar kimi,
Gülür gözləriniz sizi öyəndə.
Küçədə döyülən
uşaqlar kimi
Gəlməyin üstümə külək
döyəndə.
Bağımda gəzəndə darıxmıram
mən,
Ağaclar dostumdu, var həmsöhbətim.
Hər biri oxuyur məni
gözümdən,
Heyva dayan deyir,
nar həmsöhbətim.
Baxıram, necə də təzə-tərdilər,
Bəhəri sallanan budaq arzudu.
Yoxdu tamahları, bəxtəvərdilər,
Məndən istəkləri varsa da, sudu.
Pəncərəmdən baxıram
Sükut
içindədir qəmli
gecələr,
Nə olsun işıqdan hər tərəf ağdı.
Adama tamarzı, həsrət küçələr,
Elə bil anası ölmüş uşaqdı.
Pozulub
min sevgi müqaviləsi,
Adamsız solubdur bağçalar, bağlar.
Gözləyir yolunu hər sevən kəsin,
Məhəbbət qoxulu oturacaqlar.
Bu qəfil ayrılıq qəddimi əyib,
Necə doğma imiş hər künc-bucağın.
Səhərlər nəfəsin üzümə
dəyib,
Səkilər, küçələr ana
qucağı.
Gözə gətirdilər səni,
şəhərim,
Kədərli gözlərin mənə
dərd olub.
Xoş xəbər gətirsən,
de ki, şəhərim,
Koronovirusdan dünya qurtulub.
Gördüm bu günü də, ölmədim, Bakı,
Səninlə görüşmək necə
çətindi.
Ovcumda qədrini bilmədim, Bakı,
Sənə pəncərəmdən baxıram
indi.
Mən göyün üzündə olaydım
gərək
Bal dadır anamı gördüyüm yuxu,
Ömrümün ən şirin anıdır mənə.
Sən demə özümü izləyir çoxu,
Məni özgələri tanıdır
mənə.
Əyriyə, yalana düz demirəm ki,
Ürəyim süfrədi, çöləm,
bayıram.
Şeir
yazmıram ki, söz demirəm ki,
Torpaq belləyirəm,
yer şumlayuram.
Demirəm qazancın cəmi
mənimdir,
Əlimə keçəni bölüb
gedirəm.
Elə bil kədəri, qəmi mənimdir,
Şəhid atasıyla ölüb gedirəm.
Mən göyün üzündə
olaydım gərək,
Bəzən boğur məni qəhər, yerdəyəm.
Bəlkə təyyarədir sinəmdə
ürək,
Gecələr göydəyəm, səhər
yerdəyəm.
Ağacım, başına sığal
çəkmişəm,
Zəhmətim olmasa, bar vermə mənə.
Özüm öz yaxama qarqış tökmüşəm,
Demişəm, İlahi, var vermə mənə.
Tanrının qəlbini oxumaq
çətin,
Bilir hansı
dağa yağdırır
qarı.
Kisəsi
boş qalar bir məmləkətin,
Olsa mənim
kimi xəzinədarı.
Məzuniyyət
Zəng
edib kimisə dəng eləmirəm,
Gileyli misrayla doludu masam.
Daha doğmalara zəng eləmirəm,
Məni
axtaran kim,
mən axtarmasam.
Gərəkli günlərim qaldı
arxada,
Sevinci sevincə
qatardı hamı.
Olsaydı bir medal, orden yaxada,
Mənim kandarımda yatardı hamı.
Dostun dar günündə qəmə batmışam,
Vermişəm ömrümü xoş ünsiyyətə.
Öz öz əmrimə imza atmışam,
Çıxmışam özümdən məzuniyyətə.
Dedim qəm eləmə
Dedin ki, ilhamım sözümə baxmır,
Qələmim korşalıb, yaza bilmirəm.
Təbimin göyündə ildırım
çaxmır,
Qəzadı, ya da bu
cəza, bilmirəm.
Quşa
göy gərəkdi,
qanad çalmağa,
Ağrıdır adamı xəstə yerişi.
Qarışqa vaxt tapmır nəfəs almağa,
Şeirdi böcəyin asta yerişi.
Meh nədi, əsəndə əs külək kimi,
Qoşul göydən yağan yağışa, ağla.
Durna qatarından düş lələk kimi,
Duyğular payıza qarışa, ağla.
Hardadı ünvanı görən sükutun?
Hər yanan ulduzdan hikmət, sirr soruş.
Yapış yaxasından göydə
buludun,
Niyə kölgə salır Aya, bir soruş.
Şillədən betərdi sözün
hədəsi,
Gördüm ki, tər tökür,
boğulur dostum.
Dedim qəm eləmə, çatar vədəsi,
Şeir yazılmır ki, doğulur, dostum.
Alver
Hərənin bir yerdən çıxır çörəyi,
Ümidim arzumla yola gedərmi?
Neynirəm sinəmdə köhnə
ürəyi?
Hərraca çıxarsam pula gedərmi?
Üstündə eybini yazaram, kövrək,
Baxanlar xəyala
dalacaq elə.
Axı kimə
gərək bu yorğun ürək?
Alan təzəsini alacaq
elə.
Demirəm bir kimsə oduma düşdü,
Hər kəs öz işində, öz güzarında.
Atamın
bir sözü yadıma düşdü,
Adam ucuz olur can bazarında.
Sükut
Yola salıb neçə cığır, iz məni,
Təbim qaynar, dəmə çəkib söz məni.
Axtarmayın, aramayın siz məni,
İstəyirəm bir mən olum,
bir sükut.
Çox
almışam salam kimi dərdimi,
Ucaltmışam qalam kimi dərdimi.
Qarşıladım balam kimi dərdimi,
İstəyirəm bir mən olum,
bir sükut.
Ömrün, günün hesabı
var sükutda,
Neçə vicdan əzabı var sükutda.
Hər sualın cavabı var sükutda,
İstəyirəm bir mən olum,
bir sükut.
Bəd söz deməz, desə dilim qurusun,
Öz evini Tanrı özü qorusun.
Üzü dönsün bu
koronovirusun,
İstəyirəm bir mən olum,
bir sükut.
Səhvim
varsa, desin mənə üç adam,
Doğmasından inciyərmi heç
adam?
Mən yol kəsən deyiləm ki, keç, adam,
İstəyirəm bir mən olum,
bir sükut.
Kimdi səni salan yada, yetmişim,
Qismətə bax, düşdü oda yetmişim.
Axır
gəlib çatdı,
bu da yetmişim,
İstəyirəm bir mən olum,
bir sükut.
Bu mən
deyiləm
Səhər duran kimi güzgüyə baxdım,
Xoşuma gəlmədim, bu mən deyiləm.
Görmədim çiynimdə qanadlarımı,
Nə vaxtdı
qırılıb, həmən
deyiləm.
Mətləbi qanıram başıma
görə,
Necə də dünyanı qarışdırdılar.
Cəzamı almışam yaşıma
görə,
Məni taleyimlə barışdırdılar.
Göylər ki, səxavət
çuvalı deyil,
Payına nə düşüb kimin, bəsidi.
Sinif otağıdı dünya
elə bil,
Hamının keçdiyi Tanrı dərsidi.
Başımın üstünü alıb
duman, çən,
Axı haçanacan
evimdə qalım.
Bəlkə şagird kimi əl qaldırım mən?
Koronovirusdan icazə alım.
Ünvanlı şeir
Axı saf qəlbimi niyə görmədin?
İşim əzəl gündən çıxıbdır daşdan.
Nə yaxşı zəngimə
cavab vermədin,
Qoy bilim işimi elə bu başdan.
Yol alıb gedirəm ömrün qışına,
Necə ürəyimin həvəsi
olsun?
Nahaq çıxdım bacı
axtarışına,
Çətin Fərqanənin əvəzi
olsun.
Könlümə yatanı gözüm
bilirəm,
Duyğusuz, qəlbimə yaman deyəcək.
Mən nəyi qazandım, özüm bilirəm,
Sən nəyi
itirdin, zaman deyəcək.
Fəxrəddin TEYYUB
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 28.