İki Şahmar - iki nisgil

 

Şahmar Hüseynov. Əlli yaşına il yarım qalırdı (1939, iyul-1988, yanvar). Yazıçılar Birliyindən təzə ev almışdı. Sevinirdi, hələ içərisinə girmədiyi o evə həyətdən boylanırdı. Amma Şahmar Hüseynov aldığı o təzə evdə bir gün də yaşaya bilmədi, amansız infarkt ona aman vermədi ki, ailəsiylə birgə o evdə xoşbəxt günlər keçirsin. O infarkt yazmaq istədiyi, amma bu qəfil ölüm səbəbindən yaza bilmədiyi neçə hekayənin süjetini də özüylə apardı. Yaşasaydı, indi 81 yaşı olardı, amma mən Şahmar Hüseynovu heç cür bu yaşda təsəvvür edə bilmirəm. O mənim yaddaşımda dolu bədənli, lopa bığlı, işıqlı gözləriylə yaşayır, 40-49 yaşlarında. On il idi onun hekayələrini oxuyurdum, arzum idi ki, bu gözəl hekayələr haqqında nəsə bir söz deyim.

Şahmar Hüseynov çox sadə bir ömür yolu keçdi. Xanlar rayonunun Nərimanov kəndində doğulmuşdu, orta məktəb bitirmişdi, İncəsənət İnstitutunun tələbəsi olmuşdu və 1966-cı ildən ta ömrünün sonunacan A.Şaiq adına Kukla Teatrında aktyor kimi çalışdı. 1976-cı ildən ilk hekayələri çap olundu ("Ulduz" jurnalında), həyatda çox ağrı-acıyla üzləşən, maddi cəhətdən sıxıntılar keçirən Şahmarın ədəbiyyatdakı uğurları ona sevinc bəxş elədi. Hekayələri haqqında tanınmış yazıçılar tərif söyləyirdilər (həm sağlığında, həm də ölümündən sonra)...

Şahmar necə yazıçı idi? Bu sualı ona görə səsləndirirəm ki, indiki gənc yazarların çoxu Şahmar Hüseynovun hekayələrini oxumayıblar.

Şahmar Hüseynov kənddə doğulmuşdu, yazılarında da kəndin cazibəsindən ayrıla bilmirdi. Amma şəhərdə yaşadı, teatr aləmindəydi, yazıçı və aktyor dostlarının əhatəsindəydi. Ona görə də onun hekayələrində kəndlə şəhərin "qohumluğu", birindən digərinə keçid diqqəti cəlb edir. O, kəndlə şəhərin - bu iki məkanda yaşayan insanların əlaqəsini bəziləri kimi qarşıdurmaya gətirib çıxarmırdı. Amma Şahmarın bəzi hekayələrində şəhər mühitinə alışa bilməməzlik, narahatlıq da hiss olunurdu.

Şahmarın hekayələrinin gözəlliyi bir də onun dilindəydi. Bu dildə incə yumordan tutmuş, insanın hiss-həyəcanlarını ifadə edən nə varsa, hamısını görə bilərdin.

İndi xatirə yazmaq dəbdir. Hətta bir-iki ötəri görüşdən, salaməleykdən, yarım saatlıq söhbətdən də xatirə yazırlar. Mənim Şahmardan xatirə yazmağa bu mənada haqqım yoxdur. Amma onunla 1987-ci ilin may günlərinin birində, köhnə avtovağzalın çayxanasında bir təsadüfi görüşdə söhbətimi xatırlayıram. Bir-iki sual verdim ona. Soruşdum ki, niyə ancaq hekayə yazırsan? Sənin hekayələrində povestə keçid üçün material ki var. Dedi ki, o dediklərində ancaq o boyda yazı - hekayə çıxıbsa, min şükür. Bir də adam gərək bir şeyi axıra qədər yarıda, sonra keçə o birisinə. Soruşdum: "Hekayələrində tez-tez öz adını çəkirsən, hadisələr də güman verir ki, çoxu sənin başına gələnlərdir. Buna necə baxırsan?". Dedi: "O hadisələr həm mənim başıma gələnlərdi, həm də başqalarının. Uydurduğum yoxdu, ola bilsin var. Bunun bir əhəmiyyəti varmı?". Bir də soruşdum: "Niyə yaradıcılığa gec başladın?". Dedi: "Əslində, mən o hekayələri beynimdə çoxdan yazmışam, amma cəsarət eləmirdim qələmə almağa. Bilirsən ki, mən Kukla Teatrının aktyoruyam. Böyük səhnəyə ürək eləmirdim çıxam, çünki itirirəm özümü, bunu aktyor dostlarım bilir. Bax, ürəyimdə, beynimdə yazdığım o hekayələri də "böyük səhnəyə" ona görə çıxarmırdım. Amma yazıçı dostlarıma oxudandan sonra daha qorxmadım.

O qısa söhbətin sonunu xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, Şahmar harasa tələsirdi. Onda ölümünə altı ay qalmışdı.

Şahmar Əkbərzadə. İyirmi il əvvəl, avqustun 31-də gözəl şairimiz Şahmar Əkbərzadə dünyadan köçdü. Onun 59 yaşının tamamına dördcə ay qalırdı.

 

Şahmar, bəsdir, zildə durma, keç bəmə,

Dağ üstündən dağı çəkmə sinəmə.

Məhəbbətin kökü varsa, qəm yemə -

Qoca dünya boşalar hey, dolar heyyy!

 

Misal gətirdiyim misraları Şahmar Əkbərzadə ölümündən on altı il öncə - 1984-cü ildə qələmə alıb. Şeiri misra-misra, hətta söz-söz oxuyanda belə, ondan vida qoxusu gəlir. Birinci və ikinci bənddə kədər var, üçüncü bənddə nikbinlik. Elə bil, Şahmar on dörd il sonrakı ölümünü qabaqcadan hiss edirmiş, ondan əvvəl isə doğulduğu Qarabağın qəhrini çəkəcəkdi: O elatlar, o karvanlar qayıtmaz, Binələrin gözü yolda qalar heyyy!

Tez-tez eşidirdim ki, Şahmar bütün türk dünyasının nəhəng sənətkarı olan Çingiz Aytmatovun görüşlərinə gedir və Çingiz Aytmatov Şahmarı çox sevir. Şahmar dünyasını dəyişəndə bu böyük sənətkar çox sarsılmışdı. Polad Bülbüloğlu yazır: "Bişkekdə Çingiz Aytmatovun yubileyinin keçirildiyi günləri xatırlayıram. Şənliyə dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlmişdi. Şahmarın alovlu çıxışları bütün iştirakçıları valeh edirdi. Onun söylədiyi bəzi kəlmələr, hətta dillər əzbəri olmuşdu. Qəzetlər onun sözlərini manşetə çıxarmışdılar: "Yaşasın Qırğızıstan-Manasstan və Çingizstan!".

Bəli, Şahmarı sevirdilər. Onun dönməz türkçülüyü, Azərbaycançılığı, yurdsevərliyi dillər əzbəri olmuşdu. Hər bir insana sevgi və ehtiramı da bu ali sevgidən doğurdu. Türk dünyasının öndər simalarından olan Oljas Süleymenov da Ç.Aytmatov kimi Şahmarın ölümünü eşidib sarsılmışdı.

Şahmarın dostluq etdiyi, illər boyu ünsiyyət bağladığı sənətkarlardan biri də böyük şairimiz Bəxtiyar Vahabzadə idi. Onları birləşdirən, ürəklərini bir araya gətirən səbəblər çox idi.

Şahmar az yazırdı, amma lazım olanda, məqamı çatanda yazırdı, ilhamını zorlamırdı. Bir neçə sifarişdən, təkiddən sonra Şahmar şeirlərini "Azərbaycan" jurnalı redaksiyasına gətirdi. Baxıb gördük ki, Şahmarın şair xarakteri qətiyyən dəyişməyib, şeirlərində yenə həmin o patriotik duyğular, hisslər yaşayır. Amma bu şeirlərdə, təbii ki, 90-cı illərin ictimai-siyasi ab-havası duyulurdu. Şahmar Azərbaycan torpağının iyirmi faizinin işğalına dözə bilmirdi, bunu özü və xalqı üçün böyük dərd hesab edirdi, keçid dövrünün bitib-tükənməyən məhrumiyyətləri, insanların düçar olduğu əzab-əziyyətlər onun ürəyini parçalayırdı.

 

Ümidini göyə tutub bu ölkə

Yananıyla yanmayanı bilinmir!

Ahıl-cahıl bir-birinə qarışıb,

Qananıyla qanmayanı bilinmir!..

 

...Haqq savaşı dönüb alış-verişə,

Kasıb-kusub mat qalıbdı bu işə.

Aman Allah, döyüşə bax, döyüşə,

Satqınıyla qəhrəmanı bilinmir!

 

Şahmarın "Mərkəzi poçtxana" adlı bir şeiri də var ki, bu şeir vətənpərvərliyin poeziyada ən həzin, ən kövrək notları kimi misilsizdir. Şair mərkəzi poçtxanaya gəlir, amma harasa, konkret bir ünvana teleqram göndərmək niyyəti yoxdur. Çünki teleqram vurulası obalar, ellər, yollar, dağlar, çöllər var ki, onların həsrətini çəkir.

 

Bu payız küsəcək məndən Qarabağ,

Yollarda qalacaq gözü yolların.

Payım budaqlardan özün asacaq,

Bağrı çatlayacaq güleyşə narın.

 

 Olarmı təcili teleqram verim

Qönçə balaları solan güllərə?

Öpüş sovqatım var, necə göndərim

Çörəkli çöllərə, barlı çöllərə?

 

Bir quşam, mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəklidərə.

Xəbər ver, Cənuba köçən durnalar

Bu gecə qəlbimdə gecələsinlər.

 

Şahmar qarabağlı idi və onun danışığında, rəftarında, ədasında məhz keçmiş Qarabağ kişilərinə məxsus bütün əlamətlər cəmləşmişdi. Deyə bilmərəm, onun babası, babasının babası bəy olub, ya olmayıb, amma Şahmarda bir bəylik, özü də ziyalı bəyliyi, qüruru görürdüm. Çıxışlarında da o əda, o qürur apaydın hiss edilirdi.

Təbii ki, onun xatirəsi yad olunan bu balaca yazıda bütün şeirləri barədə söz açmaq çətindir və haçansa daha geniş bir yazı da yazacağam. Amma budur, əlimdə bir başqa kitab var: "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antologiyası" (tərtib edənlər Elçin İsgəndərzadə və Adil Şirin). Deməli, Şahmar unudulmayıb. Onun adına Beynəlxalq Ədəbiyyat Mükafatı da təsis olunub və bu mükafatın bir xeyli laureatı var.

Bu yazını bitirəndə bir də Şahmarın kitabına baxdım. Adı tutdu məni. "Ona yanıram ki...". İndi biz ona yanırıq ki, Şahmar bizim sıralarımızda deyil. Və Şahmarın, sanki əbəbiyyətdən göndərdiyi - amma 1985-ci ildə yazdığı bir şeirindən iki bəndlə sözümü tamamladım:

 

 Qarabağdan əsən yellər,

Cığırlarım yol olubmu?

Mənsiz Damcı bulağının

Göz yaşları sel olubmu?

 

 ...Doğulduğum doğma yeri

Görməmişəm yazdan bəri,

Çəmənlinin çiçəkləri

Həsrətimdən kül olubmu?

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 19 sentyabr. S. 29.