Mən
bir heç
Düşüncə
alternativləri
"Yuğ" Teatrının
"Mənəm... mən" tamaşasının
koordinatlarında gəzmək üçün tarixilikdən
qopmaq gərək, Nəsimini xəyal etmək gərək,
hürufilərin hərf, nöqtə və rəqəmlərlə
şəkilləndirdiyi Allah-insan ikonasının
qarşısında heyrətlənmək gərək; anlamaq
gərək ki, sən Nəsimi şeirlərini oxuyanda
türkcə zikr eləyirsən, hüruficəsinə salavat
çevirirsən...
Budu gəldi "Yuğ" məkanına
Hürufi elmi-ilahi aktyor
Əbdülqəni Əliyevin təqdimatında bir dəniz ləpəsi
kimi: gəldi, qayıtdı, qayıdıb bir də gəldi
Seyid Əli Şamlını Süleyman peyğəmbərin
bildiyi quş dilindən agah etmək üçün...
Əbdülqəninin Hürufi
elmi-ilahisi islam aləmində ezoterik bilgilərin sirrindən,
möcüzəsindən, sufilərin dünya modelindən xəbərdardır,
dərvişdir, arifdir. Hərçənd tam dəqiqləşdirmək
olmur ki, bu dərviş təsəvvür personajıdır,
qarabasmadır, yoxsa Seyid Əli Şamlının gözünə
görünən Nəsimi teyfi? Üç versiyanın
üçünü də aktivləşdirmək
mümkün: amma mən üçüncünü daha cəlbedici buluram.
Həmin bu personajın
davranış motivasiyası rəsmi dini dairələr tərəfindən
hürufiləri, şəxsən də laməkan Nəsimini
tapıb cəzalandırmaqdan ötrü vəkil edilmiş cəllad
Seyid Əlini (Ziya Ağa) Fəzlin fəlsəfəsinə,
inamına, əqidəsinə gətirməkdir.
Bundan ötrü Hürufi elmi-ilahi
islam mifolojisində insanın mələklərdən uca
tutulmasının səbəbini izah edir: əbcədə
güvənib söyləyir ki, bəni-adəmi bildirən
"vəch" sözünün rəqəm simvolu
14-dür, "Fatihə" surəsində ayələrin
sayı 7-dir, iki dəfə nazil olub, bir əlin
barmaqlarının 14 büküşü var, qünut
zamanı iki əl bir araya gələndə barmaq
büküşlərinin cəmi eləyir 28, yəni kitab kimi
açılıb 28 hərflə yazılmış
"Quran"ı rəmzləşdirir. Ay 28 gün yol gedir.
28 dörd yeddidir. Həftə 7 gündür. 128 min peyğəmbər
yenə bir yeddidir. İnsanın üzündə 7 dəlik
mövcud və burada "əlif", "lam", "həy"
nəqqaşlıq edib "Allah" sözünü
yazır. Odur ki, bəni-adəmin surəti
"Quran"dır. Bu mənada Allah, "Quran", Muhammad, Kəəbə,
insan, cahan - "mənəm... mən".
Onda məgər təəccüblüdür
ki, personajların sayı tamaşada yeddidir?
Əsla.
Bu elə belə də
düşünülüb zatən.
Yeddi personajdan yalnız biri Nəsimidir!
Nəsimidirmi?
Axı məkanı yoxdur anın?
Məkansızdırsa, görünə bilərmi?
Yazıçı-dramaturq İlqar
Fəhminin didaktik-detektiv (detektiv didaktikanı özündə
apriori ehtiva eləyir və nəzəriyyədə ən
didaktik janr hesab olunur) janrlı
"Nəsimi" pyesi filosof-şairin 650 illik yubileyi müstəvisində
bir ithaf kimi qavranılır: məramı şübhələrində
boğulan dindar, cəllad birisini irfana, ali bilginin
işığına qovuşdurmaqdır, Nəsimini axtaran
Seyid Əli Şamlının özünü "nəsimiləşdirməkdir".
Pyesin diskursu hürufi fəlsəfəsinin və Nəsimi
şeirlərinin insanlara ecazkar, möcüzəvi təsirinin
təftişi, sınağı üzərində qurulub: belə
ki, dramaturji mətndə Nəsimi olmaya-olmaya hərə bir
cür Nəsimi sözünün aşiqi, dəlisi kimi
aparır özünü. Daha doğrusu, əsər tarixi
şəxsiyyətə yaşadığı dövr
kontekstində situativ münasibət sərgiləyir.
Subyekt, yəni Seyid Əli (və
ya Əhməd) Şamlı dramatik toqquşmaların
içindədir. Bu konflikt onun daxili dünyasının
konfliktidir və başqaları ilə mübarizəni ehtiva
eləmir. O ehtimal da var ki, hətta situasiyanın özü
Seyid Əli Şamlının xəyalıdır; təsəvvürü
ilə, şübhələrilə provokasiya olunur. Ona görə
də pyes mental duellər kimi hörgülənib və elə
o cür də tamaşaya qoyulub.
Ancaq bu, tam dekonstruksiya deyil, Nəsimi
mifini dağıtmaq cəhdi deyil, əksinə, özgələrin
ünsiyyətində, intellektual mübahisəsində Nəsiminin
yeni bir orijinal hekayətini modelləşdirmək, Nəsiminin
fikir ikonasını yaratmaq, onu məsihləşdirmək,
buddalaşdırmaq təşəbbüsüdür. Di gəl ki, pyesin dialoqlarına pərçim
intonasiya, düşüncəni bəyana gətirmək tərzi,
diskursu tərtibləmək manerası, nitq taktları məlum
"Nəsimi" filminin bədii ənənəsilə səsləşir.
Fəhminin "Nəsimi"
pyesini quruluşçu rejissor Mehriban Ələkbərzadə
detektivdən "uzaqlaşdırıb" mistik-psixoloji dram
janrına doğru yönəldir və "Mənəm... mən"
oyunu kimi mizanlaşdırır, harada ki Nəsimi adlı bir
personaj gözə dəymir: çünki burada Nəsimi
ideyadır, niyyətdir, yoldur, fikir və əməllərin
qarasını mənəviyyatın ağına döndərmək,
bədəni ruha çevirmək cəhdidir.
Təsadüfi deyil ki, tamaşa
başlarkən oyun məkanı, sanki çarşablanıb,
qara örtüyə bürünüb və bu örtük
üzərində dönən mövləvi dərvişlərinin
qızılı rəngli qrafik görüntüləri
(quruluşçu rəssam Vüsal Rəhim) şəkillənir.
Əslində, bu qara örtük Seyid Əli
Şamlının batin qarasını eyhamlaşdırır.
Ona görə də Hürufi elmi-ilahi oyuna girər-girməz
çalışır qara örtüyü divarlardan
qoparıb atsın, ağ örtüyü aşkar eləsin,
Şamlını aydınlığa çıxarsın.
Digər dərvişlər də
həmin bu qutlu missiyanı gerçəkləşdirmək,
qəhrəmanı şəriətdən həqiqətə
aparmaq niyyətilə "Mənəm... mən" oyununa
daxil olacaqlar.
Budu gəldi "Yuğ" məkanına
Hürufi eşqi-ilahi yumşaq ağ duman kimi aktyor Vüqar
Hacıyevin plastikasında: məramı Allah eşqinin idrakdan
uca olduğunu Seyid Əli Şamlıya anlatmaqdır.
Budu gəldi "Yuğ" məkanına
Hürufi ilahi yazı narın bir yağış kimi aktyor
Elgün Həmidovun ifasında Seyid Əli Şamlının
bütün varlığına hopmaq üçün...
Budu gəldi "Yuğ" məkanına
Hürufi ilahi şeir pırpız səba yeli, səhər nəsimi
kimi aktyor Qasım Nağının təfsirində Seyid
Əli Şamlının şair ruhunu diriltmək məqsədilə...
Budu gəldi Hürufi övliya
ullah torpaq kimi aktyor Amid Qasımovun təqdimatında Seyid
Əli Şamlını fənafillaha yetirmək ümidilə...
Hərə öz xislətinə,
öz eşqinə, öz adına, öz ədasına,
öz surətinə və imicinə uyğun Seyidin qəlb
qarasını və ya gözlərinə çəkilmiş
qara pərdəni götürüb orada Nəsimi ruhunu
yaşatmağa çalışır. Hətta məqsədlərinə
çatmaq, Seyid Əli Şamlını "nəsimiləşdirmək"
naminə bu dərvişlər düşüncənin
gücü ilə öz ölümləri bahasına onu qətllər
törətməyə təhrik edirlər. Yəni hər fikir mübahisəsində
Seyid Əli Şamlı şəriətin qaydalarını
üstün sayıb bu irfan sahiblərini, söz, hikmət,
ruh aşiqlərini küfrdə suçlayır, onları
"Yuğ" məkanında düzbucaqlı qutu-postament
kimi qurulmuş edam iskələsinə və ya ölüm
"quyu"suna - qəbir quyusuna göndərir.
Bütövlükdə, 7 beytlik qəzəli
xatırladan tamaşanın mizanları şeir rədifi kimi təkrarlanır:
M.Ələkbərzadə pyesin "Nəsimi"
adını "Mənəm... mən" adı ilə əvəzləyəndə
artıq bu təkrarı oyun strukturunun dominantı qismində
götürür və tamaşanın mizan biçimini bu
dominant fikrin məkan qəlibinə çevirir.
Digər tərəfdən, "Mənəm...
mən" şəxsiyyətin psixi durumuna, yetərincə
rişələnmiş nərgizliyinə, Tanrı olmaq istəyinə
bir işarədir. Ayrı bir
yöndən yanaşanda isə Yunus İmrənin "məni
məndə demə, məndə deyiləm" fikri Nəsiminin
elə "cahan mənəm mən" dedisinin eynidir. Birinci
introvert şəxsiyyət tipinin düşüncə məhsuludur,
ikinci - ekstrovert şəxsiyyət tipinin.
Əgər cahan məndirsə,
onda ya cahan yoxdur, ya da mən: mən hər yerdə olanda, mən
zərrə, günəş, kosmos olanda mən heç vədə
mən olmur. Çünki mən
vəhdət əl-vücuda gəlir, fərq nişanələrini
itirir, fənalaşır. Əbəs deyil ki, "mənəm...
mən" aqressiv dedisinin tərs üzündə müdrikanə
"mən bir heç" bəyanatı
gizlənir: həqiqətdə, onların məna tutumu
bir-birinə müsavidir.
Elə buna görə də
M.Ələkbərzadənin tamaşasında söyləm
hadisədir, nitq eyləmdir. Hər bitkin "dedi"
fraqmentindən sonra mütləq şəkildə bir qətl
gerçəkləşir: amma ölən də, öldürən
də Seyid Əli Şamlının özüdür.
Oyun meydançasında
aktyorların bir ifa mükəmməlliyi var: onlardan hər
biri, xalq artisti Məmmədsəfadan (Şəmsəddin
Bağdadi rolunda) savayı, Nəsiminin ruhu olmağa, nəsimiliyi duyduğu kimi, anladığı
kimi öz içindən zühura gətirməyə
iddialıdır. Belə ki, aktyorlar bu tamaşada Nəsimi
dünyasının bildiricilərinə (hürufilikdə elmi
ilahini, eşqi-ilahini, ilahi yazını, ilahi şeiri,
övliyalığı) öz jest, səs,
davranışları vasitəsilə nurlanmış, ruhsal
bir görkəm verməyə, sözdən təsirlənib vəcd
ovqatına varmağa, hətta bəzən nəsimiləşməyə,
Nəsimi ruhu ilə buluşmağa çalışırlar
və niyyətlərində sonacan səmimi qalırlar.
Xalq artisti Məmmədsəfanın
Şeyx Əzəm Şəmsəddin Bağdadisi antinəsimidir,
aqressiv hökmranlığı, emosional coşqusu, nəfəs
"püskürmələri", davranış üslubu ilə
sanki müasir ərəb terrorçusudur, hürufiləri
"dişinən-dırnağilən" didib
parçalamağa hazır birisidir. İfa tərzi keçərlidir,
tamaşanın fikir partiturasının məntiqinə
uyğundur, amma onun fakturasında, estetik paradiqmasında yad
elementdir.
Məncə, "Yuğ"
Teatrında maraqlı, yetərincə qadir bir kişi
truppası formalaşmaqdadır; elə bir truppa ki, hətta
amerikalı dramaturq Recinald Rouzun "12 qəzəblənmiş
kişi" pyesini də
onların iştirakı ilə Azərbaycan teatrına gətirmək
mümkün...
Hərçənd "12 qəzəblənmiş
kişi" pyesinin səhnə parametrlərində oyun
ritmini, musiqi həllini tapmaq son dərəcə çətin,
problemli. İ.Fəhminin "Nəsimi"
əsərisə, əksinə, Şərqin və müsəlman
aləminin bütün musiqi patternlərinə geniş
amplitudada açıq. Buna rəğmən rejissor "Mənəm...
mən" tamaşası üçün bəstəkar
Aygün Səmədzadəyə orijinal musiqi sorağında
müraciət etmişdir.
Azərbaycanın Xalq artisti
Aygün xanımın bəstələri
öz-özlüyündə olduqca işıqlıdır, həlimdir,
safdır, incə bir zövq sərgiləyir: amma mürəkkəb
Nəsimi düşüncələri, qədim türk dilinin
şaman cazibəsi, sərt ritmikası ilə süslənmiş
Nəsimi şeirləri, Nəsimi ruhu üçün yox,
Mövlana Cəlaləddin Ruminin su kimi axan fəlsəfi
pritçaları üçün reflektivdir. Bəlkə də
"Mənəm... mən" tamaşasına bir təlqin
musiqisi, yəni sufi zikrləri ritmində bəstələnmiş
parçalar daha çox faydalı ola bilərdi. Məsələyə
digər bir yöndən yanaşanda etiraf etməliyəm ki,
axı Fəhmi pyesinin özü də haradasa
pritçavaridir. Ancaq bütün hallarda tamaşanın
seyrçini ovsunlayacaq, onu Nəsimi dünyasının
magiyasına salacaq emosional-energetik təsir qüvvəsi, təlqin
qüvvəsi, mənim fikrimcə,
yenə də yetərli deyil.
Bununla belə gedək finala
doğru.
Gənc istedad Ziya Ağa, rejissorun
aktyor seçimi artıq neçənci dəfədir ki, dəqiqliyilə
heyrətlidir, Seyid Əli Şamlını güc və zəifliyin
qonşulaşdığı sərhəddə vücuda gətirir.
Aktyorun personajı, eynən Ziya Ağanın özü kimi, səmimiyyəti
içində çaşqın və şübhəlidir.
Onun qəhrəmanı hürufi elmi-ilahidən, ilahi eşqdən,
ilahi yazıdan, ilahi şeirdən nə qədər ki xəbərsizdir,
cəllad, qatil "baramasında" mövcuddur. Elə ki bu
bilgilər, duyumlar Seyid Əli Şamlının qanına,
canına işləyəcək, varlığına
çevriləcək, onun yaşıl barama paltarı Şeyx
Əzəmin zərbəsindən sonra nar kimi pardaxlanacaq və
barama Nəsimiyə transformasiya olunacaq, misali-kəpənək
təəssüratı oyadacaq: Seyid Əli nəsimiləşəcək,
hürufi əqidəsində öz ölümünü qəbul
edəcək və Mənsur əl-Həllacın "ənəlhəqq"
dastanını tamamlayacaq...
Əgər İmadəddin Nəsimi söyləyirsə
ki, "gərçi bu gün Nəsimiyəm, xak ilə
yeksan olmuşam", deməli, "mənəm... mən"
bir hürufi şairin mistifikasiyasıdır; arxasında
"mən bir heç" fikri dayanır.
Əgər Azərbaycanın
"Yuğ" məkanında belə bir tamaşa varsa, bu
ona dəlalət edir ki, Nəsiminin ruhu bizimlədir.
Əgər ruh olmasa, sevinməzsən.
Əgər ruh olmasa, kədərlənməzsən.
Əgər ruh olmasa, heçlik səni
qorxudar.
Əgər ruh olmasaydı, onu yenidən
kəşf edib insanlara bağışlamağına dəyərdi.
Çünki ruhun
mövcudluğuna inanıb ölmək ruhun yoxluğunu bilib
yaşamaqdan yaxşıdır.
Çünki ruh dünyanın ən
müqəddəs, ən şirin, ən xilaskar, ən müəmmalı
həqiqəti və uydurmasıdır.
Çünki ruh insanın sonuncu
sığınacağı və ümididir.
"Yuğ" məkanının
cəmi ruhlarına salam olsun!!!
Aydın
Talıbzadə
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 4-5.