Gözlərini
qaçırırsan məni görməyəsən deyə...
Şairlər
bir-birlərinin tale qardaşları, düşüncə
qohumlarıdır. Bir də görürsən, bu
başında yaşadığın dünyanın o biri
başında qarşına elə bir adam çıxır
ki, xarakteri, dünyagörüşü ilə yaxından
tanış olduqda bir belə tale bənzərliyi olmaz deyə
heyrətlər içində qalırsan.
Rumıniyanın Krayova şəhərində
hər il keçirilən beynəlxalq Mihail Eminesku şeir
festivalı dünya şeirinin çəkim mərkəzinə
çevrilib. Keçirilən görüşlər, edinilən
tanışlıqlar sonradan yeni ədəbi əlaqələrin
yaranmasına vəsilə olur. Burada XIX yüz il Dünya
şeirinin hüzn ünvanı nakam taleli şair M.Eminesku ruhu
da az rol oynamır. Avropa şeir dünyasına
çıxışım ordan M.Emineskunun ruhunun var olduğu
Krayova Dünya şeir festivalından başlayır desəm,
yanlış olmaz. Şeir festivallarında tanış və
dost olduğum şairlərin adlarını çəkəcək
olsam, uzun bir siyahı alınar. 2019-cu il festivalında
tanış olduğum sənətkarlar arasında
bolqarıstanlı şair Georgi Konstantinovun ayrıca bir yeri
vardır. Beş xarici dildə sərbəst danışan
Georginin festival günlərində çevrəsi çox
genişdi. Görünür, yaş
yaxınlığından olmalı idi ki, sözümüz
ilk görüşdəncə tuturdu. Kitablarımızı dəyiş-düyüş
etmişdik. Rusca Moskvada çap olunan "Vmesto pisma"
kitabımı elə festival günlərində oxumuş və
ürək sözlərini söyləmişdi. Festivaldan bir
neçə ay sonra onun tərcüməsində
Bolqarıstan mətbuatında bir-birinin ardınca şeirlərim
yayınlanacaqdı. Mətbuatdan Georginin Amerikada, İtaliyada,
İspaniyada əsərlərinin çap olunduğu xəbərlərini
duyduqca dostumun şeirlərinin dilimizdə səslənməsini
istədim.
Georgi Konstantinov 1943-cü ildə
Bolqarıstanın Pleven şəhərində anadan olub.
1967-ci ildə Sofiya Universitetinin bolqar filologiyası
bölümünü bitirib. 1967-71-ci illərdə
Bolqarıstan televiziyasının ədəbi şöbəsində
redaktor vəzifəsində çalışıb. 1973-cü
ildə "Rodna Rech" ədəbi jurnalının,
1983-cü ildən isə "Plamak" ədəbi
jurnalının baş redaktoru vəzifələrində
işləyib. 1989-cu ildə Bolqarıstanda baş verən
sosial dəyişikliklərdən sonra Bolqarıstan
Böyük Millət Məclisinin deputatı seçilib.
Georginin özünün də etiraf etdiyi kimi, "o
dövrkü Milli Məclisin əsas vəzifəsi köhnə
totalitar konstitusiyanı yeni demokratik konstitusiya ilə əvəz
etmək olub. Bəlkə də məclisə seçilməyimin
səbəbi bu böyük dəyişikliklərdən əvvəl,
yəni Todor Jivkov rejimi dövründə bəzi satirik
şeirlərimin dərc olunması idi. Şeirlərdən
birində belə misralar vardı: "Sən portretin çərçivəsi
olmaq istəyirsən. Və düşüncən heç
vaxt qaranlıq sürəti ilə işığı
dayandıra bilməz". Ancaq müəyyən sosial
görüşlərimə baxmayaraq, 1988-ci ildə, yəni
radikal islahatlardan bir il əvvəl solçu partiyadan xaric ediləcək
və bundan sonra da heç bir partiyanın üzvü
olmayacaqdım"...
Georgi Konstantinov 1992-ci ildən
"Plamak" Nəşriyyat Evinin direktoru vəzifəsində
çalışmağa başlamış, 1995-ci ildə isə
Bolqarıstan mədəniyyət nazirinin müavini vəzifəsinə
təyin olunmuşdur. Bu dövr, Bolqarıstanda mədəniyyət
sahəsində də özəlləşdirmə
dövrü idi. Kitabxanaların, klubların və icma mərkəzlərinin
özəlləşdirilməsini israr edənlər
çoxdu. Şübhəsiz ki, özəlləşdirmə
deyilən bəla bu gözəl binaları diskotekalara və
ya restoranlara çevirə bilərdi. Bu səbəblə də
Georgi bolqar icma mərkəzlərinin, kitabxanaların, oxu
salonlarının və mədəniyyət saraylarının
qorunması üçün qanun layihəsi hazırlayacaq və
bu qanun parlamentdə qəbul olunacaqdı. Beləcə kitabxanaların,
klubların, mədəniyyət mərkəzlərinin bir
çoxu "özəlləşdirmədə" -
işbazların özününküləşdirmə
qarmağından qurtulacaqdı. (Nə yazıq ki,
bolqarların bacardığını zamanında biz bacara bilmədik,
klublar, kitab mağazaları, kitabxanalar özəlləşdirmə
adıyla işbazların əlinə keçdi). Şairin
öz fikrini burada təkrarlamağın faydalı
olacağını düşünürəm: "Təəssüf
ki, nazir müavinləri var, amma müavin şairlər
yoxdur".
Şair, 2001-ci ildən
Bolqarıstan PEN İnternational Mərkəzinin prezidenti
seçilmiş, 2013-cü ildən isə Bolqarıstan PEN-in
fəxri prezidentidir.
Georgi Konstantinov ədəbiyyata gəlişi
ilə bağlı fikirləri də ilgi çəkicidir: Mən
şeiri həyata bir istiqamət kimi seçmədim, əslində
şeir məni seçdi desəm, daha doğru olar. Atam
Konstantin Georgiyev qəsəbədəki bütün musiqi tədbirlərinin
təşkilatçısı idi və o da şeir
yazırdı. Evimizdə çox kitab vardı, tez-tez şeir
müzakirələri keçirirdik. Liseyin ilk siniflərində
biz, şeiri sevən məktəblilər bir qəzet dərc
edirdik. İndi qəribə görünə bilər, amma mən
o zaman qəzetin satirik səhifəsini hazırlayırdım.
Tədricən lirik poeziyaya heyran oldum, çünki lirik
poeziya mənə daha çox həzz verirdi. On altı və
ya on yeddi yaşıma gəldiyimdə hiss etdim ki, şair
olmağa can atıram. O zamanlar görkəmli lirik şairlərimizdən
Dimcho Debelyanov, Peyo Yavorov və Vesselin Hancevi oxumaqdan zövq
alırdım. Üstəlik, milli azadlıq və ədalət
uğrunda mübarizəni tərənnüm edən
böyük şairlərimizin Kristo Botev, İvan Vazov və
Nikola Vaptsarovun şeirləri də məni çox təsirləndirdi.
Sonradan poeziyaya görə aldığım milli
mükafatlardan bəzilərinə bu sevimli şairlərimin
adı veriləcəkdi..
Georgi Konstantinov oxu
coğrafiyası milli şairlərin əsərləri ilə
məhdudlaşmayacaqdı. Sonradan Debelyanov və Yavorovla
yanaşı, "lənətlənmiş şairlər"
Çarls Baudelair, Edqar Allan Po və Paul Verlainenin tərcümə
olunmuş şeirlərini də oxuyacaqdı. Valt Vhitman ot
yarpaqlarını kitabı onunçün bir vəhy
olacaqdı. Rus şairləri Aleksandr Puşkin və Fyodor
Tyutçev, Mixail Lermontov, Sergey Yesenin, Anna Axmatova, Boris
Pasternak, Yevgeni Yevtuşenko, yunan şairi Konstantinos Kavafisin və
İsveç Nobel mükafatçısı TomasTranströmer
onu valeh edən şairlərin başında gələcəkdi.
Şeirləri müxtəlif dillərdə,
o sıradan ingilis, fransız, rus, yapon, alman, türk, yunan, ərəb,
Rumıniya, hind, flaman və fars antologiyalarına daxil
edilmişdir. Stokholm, Maastrixt, Saloniki, Mexiko, İstanbul,
Nikosiya, Belqrad, Brüssel, Buxarest, Riqa, Tel-Əviv, Dehli, Tehran və
Krayovada keçirilən Dünya şeir festivallarında
iştirak etmiş, əsərləri bir çox
mükafatlara layiq görülmüşdür.
Otuz beşdən çox şeir
kitabının müəllifidir. "Bir təbəssüm mənim
paytaxtımdır" (1967), "Şəxsi vaxt" (1974),
"Savadsız ürək" (1978), "Təkbaşına
insan" (1982), "Səni sevirəm" (1992-2002, 13 təkara
nəşr), "Bir ağac və bir quş" (1999),
"Bir sevgi cədvəli" (2005), "Adam bir
sualdır" (2005), "Axşam göy
qurşağı" (2006), "Qarda qarğa" (2011),
"Konstantinopoldakı duyğu" (2013), "Həmişə
erkən" (2016), "Əjdaha necə doğuldu" (2018),
"Kolhida" (2019) və s.
Məmməd
İSMAYIL
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 5.