Cavabsız
sual və ya sualsız cavabsızlıq - Mətn nədir?
Söz
yox, bu iki söz birləşərək sual cümləsi
yaradıbsa cavabsız qalacaq. Ya da bitməyən mübahisə
və müzakirə mövzusuna çevriləcək - eynən
"Tanrı varmı?" - sualı kimi...
Öz-özümə
Tanrının olduğunu deyib bu mövzunu müzakirəyə
bağlı elan edirəm. Bəs əlahəzrət Mətn,
o necə olsun? Haqqında danışmaqmı,
danışmamaqmı? Başqalarının fikirlərilə
hesablaşmaqmı, hesablaşmamaqmı?..
Lakin
söz yox, hamı mətn barədə danışa, yaza bilər.
Çox
güman Mətnlə bağlı danışmaq haqqı fitri
duyumla doğulmaqla sonradan cilalanmışlığın vəhdətindən
yaranır, ya da hədsiz cahillikdən...
Mətn
nədir?
***
Burda
keçmişə qayıdıram...
Uşaqlıq
vaxtlarımdan əlimə keçəni oxumağa
başlamışdım. O illərdə evimizə az da olsa
xarici ədəbiyyat sızırdı, atamın hansı
yollarlasa alıb gətirdiyi rus dili kitablarında yazılanlar
məktəbdə öyrədilənlərdən,
altını-üstünə çevirdiyim məktəb və
kənd kitabxanasındakı kitablarda yazılanlardan tamamilə
fərqlənirdi. Uşaq və yeniyetməlik dövrüm bu
baxımdan mənə əvvəl təəccüb, sonra
müşahidə, müqayisə və qəribə şəkildə
ümumi məlumat axınından ayrılma
bacarığı bəxş etdi.
"Çox
kitab oxumaq lazım deyil, orda yazılanlar həyatda baş
vermir" - bir dəfə müəllimimiz mənim çox
kitab oxumağıma işarə edərək demişdi: -
"Sonra çaşıb qalırsan".
Şübhəsiz,
mən çox da çaşıb qalmadım, çünki
oxuduğum mətnlərdə adi şeylərdən
yazılırdı... İnsanlar nəfəs alır,
düşünür, sevinir, qəzəblənir, mübarizə
aparır, hamı kimi yaşayırdılar, kitablarda baş
verənlər fərqli məişətə və mədəniyyətə
xas olsa da, insan yaşantıları bizim
yaşantılarımızla üst-üstə
düşürdü...
Müəllim
o sözləri deyərkən ağlımdan ildırım
sürətilə onun dünyadan xəbəri
olmadığı fikri keçmişdi...
Əvvəl
inanmamışdım, bu necə ola bilərdi? Mən elə
bilirdim, bizim evdə olanlar hamının evində var, atamla
etdiyimiz söhbətlər bütün ata-qızların adi
söhbətləridir...
Sonra,
beşinci, ya altıncı sinifdəykən
yazdığım mətnə görə xeyli
danlanmağım, hətta atamın da məktəbə
çağırılıb qınanması bəlkə də
həyatımın əhəmiyyətli nöqtəsi oldu. O
zaman olmasa da, sonralarda "böyüyəndə kim
olacaqsan?" mövzusunda yazdığım və direktorun təbiriylə
desək, "əndrabadi hoqqabazlığın" evimizə
sızan şələ-şur kitabların təsirindən
ortaya çıxdığını başa
düşdüm...
İki
il əvvəl kənddəki saxlancdan o illərin qaralama dəftərlərini
tapıb çıxarmışdım, həmin inşa da
qalırdı. "Kim olmağın əsas deyil, məsələ
şəxsiyyət (şəxsiyyət ha, o yaşda ürəyə
bax) olmaqdadır"- təxminən belə...
Mən,
əlbəttə, müəllimlərin çörək
yediyini, ayaqyoluna da getdiyini yaxşı bilirdim, amma bu hadisə,
kiçicik bir mətn ətrafında "Ağ qarğa
görmüşlük" təsiri çox güman təsir
qüvvəsi kimi işini görmüşdü...
Mən
öyrədiləni deyil, gördüklərimi yazıya gətirmişdim.
Çünki, məsələn, şagirdin başına
sığal çəkilə-çəkilə dərs
deyildiyini göstərən rəngli şəkilli kitabla bizi
savadlandıran müəllimin o kitabı tez-tez ləngiyən,
dilini sürüyən, dərsə hazır olmayan şagirdin
başına vurduğunu görürdüm...
Atam
həmin gün, direktorun otağında mənə daha
böyük bir dərs verdi - Susdu. Əlinə tutdurulan vərəqlərə
nəzər salıb gülümsədi. Sonra birlikdə evə
gəldik. Bir səhər yatağımın yanına
qalın bir dəftər və bəzəkli qələmlər
qoyub: "Yazmağa davam elə" - dedi... Yəqin, bu bir
tale idi. Atamsa onu əvvəlcədən hiss edir və qoruyucu
mələk missiyasını üstünə
götürürdü. Məni bircə dəfə də
incitmədi, bircə dəfə də qarşımı kəsmədi,
bircə dəfə də zədələmədi... amma adət
olunmamış bir yol seçdi - məni özbaşıma
buraxdı... Bundan əvvəl isə baxışlarıyla mənə
bir görünməz və haraya açıldığı
bilinməyən bağlı qapını göstərmişdi
- sadəcə göstərmişdi, onu açmaq artıq mənim
özbaşınalığımın öhdəsindəydi...
...Qələm
dostlarımla söhbətlərdə həmişə bir fikrin
üstündə dayanıram: "Mətninizi qorumayan, Mətninizi
zədələyən və sizi Mətndən uzaq salan
heç nəyi həyatınızda saxlamayın"...
Hətta
xatirələrinizi də...
***
İnsan
taleyi əlahəzrət Mətnin fövqündə yarana bilər,
amma qala bilməz. Mətn də, öz növbəsində, hətta
ən sehrli gücüylə belə, insan taleyi yarada bilməz...
O, Tanrı deyil...
İnsan
barmaq izi və alın yazısıyla bərabər həm də
Mətniylə doğulur. Doğrudur, haqlısınız, istənilən
insanın həyatını götürüb Mətn
yazmağın mümkünlüyü ilə
mümkünsüzlüyü barədə mübahisələrin
sonu sonuncu iki insandan birinin ölməsi ilə başa
çatacaq...
Yazı
- hələ Mətn deyil, lakin Mətn dərhal
Yazıdır. Eynilə, Tale də həmişə İnsan
deyil, lakin İnsan həmişə taledir...
Biz
onları yazdığımız qədər də
yazmırıq. Niyə? Cürbəcür səbəblərdən...
Bəs niyə yazırıq?
Belə...
qayıtdıq əvvələ...
***
Ətrafımızdakı
insanları müşahidə edirəm... İşə tələsən,
evə qayıdan, nəsə alan, növbə gözləyən,
idman edən, yemək yeyən, əllərini yuyan, torpaqla əlləşən,
mühazirə oxuyan, doğum sancısı çəkən,
qolunu sevgilisinin boynuna dolayan, dilənən, avtomobil sürən...
İlahi, hamı nəsə edirmiş. Edirmiş, hər
şeyi də danışa-danışa edirmiş...
Görəsən,
bütün bəşəriyyət eyni dəqiqələrdə
sussaydı yerin səsi kainatda necə eşidilməzdi?..
Necə
bir sükut çökərdi...
Bəs
hamıya birdəncə bundan sonra insan kimi deyil, Mətn kimi
mövcud olacağı deyilsəydi?
Yəqin,
adamlar nədən başlayacaqlarını bilməzdilər,
çoxlarının ürəyi partlayardı. Bəzilərisə
cəsarətli çıxıb etiraz edərdilər - Mətn
olmaq nədir, bu nə axmaqlıqdır?..
Həmin
hadisə heç zaman baş verməyəcək...
Çünki həqiqətən "axmaqlıqdır"..
Amma
yazmaq istəyib yaza bilməyən və ən azından buna
ümidi qalmayan adamların ürəyinin
partladığını çox eşitmişik...
***
Yaradıcılığın
hardan başlayaraq yol almasını mübahisə mövzusu
hesab etmirəm... Yəni səbəb maraqlı deyil, yaş
da, sosial vəziyyət də... Yaradıcılıq
ehtiyacı insanın içində yer alan digər vacib
instinktlər kimi özlüyündən doğulur. Bəsən
gözünü açıb onu içində tapırsan, bəzən
təsadüfən rastlaşır, bəzən nə edəcəyini
anlaya bilməyib ora-bura vurnuxan məqamlarda birdəncə
qarşına bir işarə çıxır...
Bəzən
darıxan, özünə yer tapmadığını deyən
insanları müşahidə edirəm... Bəzən
incidilmiş, qəzəbli insanları...
Birincilərin
zərbəsi əksər hallarda özlərinə, ikincilərin
zərbəsi cəmiyyətə doğru yönəlir...
Yaradıcılıq
sükut halında o iki yönəlmənin tən ortasında
insanı gözləyir... Yaradıcılıq - etibarlı
ünvandır. İnsanın qəzəbindən silah kimi
istifadə etməsi, dərhal əvəz çıxmaq
arzusu, ya da ədalət axtarışında ruh
düşkünlüyü həm öz, həm də
başqalarının həyatı üçün əzabdır...
Sevgi? Bəli, sevgi kimi möhtəşəm duyğu belə,
çıxılmazlıq içində nəsə yaratmaq
mümkünlüyü ağlagəlməzsə faciələrə
səbəb ola bilər...
İnsan
etirazının yaradıcılığa çevrilməsi
taleyin və talelərin əbədiyaşarlığa üz
qoyması, daha uzaqlara, daha çox insana, daha çox
düşüncəyə və daha çox ümidə səslənişdir.
Amma adamlar "çaşıb qalırlar", kim bilir, bəlkə
onlar qapıdan xəbərsizdirlər və haraya üz
tutacaqlarını bilmirlər...
Ən
kədərli gözü bağlılıq...
Lakin...
vay o gündən, yaradıcılığın qapısı
tapıldıqdan sonra qarşınızın kəsilməsinin
özü belə, qəzəbə cığır
aça... O qapıdan keçmək haqqının əldən
alınması dünyanı alova bürümək
gücündə olan bir qığılcımdır. Bəzən
kimsə orda oturub öz vaxtını gözləmir, geri, gəldiyi
yerə dönür və savaşa hazırlıqlar
başlayır...
Bu
barədə düşünərkən həmişə
Hitleri xatırlayıram. Rəsmlərinə qalereyada yer verilməməsinin
əvəzini milyonlarla insana ödədən Hitleri...
Onun
iki əvəz çıxmaq yolu vardı - Yaratmaq və
Öldürmək. İkincisini seçdi...
Amma
deyilənə görə, son günlərinə qədər
arabir gizli-gizli nəsə yazır, rəsmlər çəkirmiş...
Boynunda milyonlarla günahsız insanın qanı qalan
gücsüz adam...
Knut
Hamsun da acıqlıydı, Hitleri dost görürdü...
"Aclıq"-ın
müəllifi...
***
Kəsişmə
və ayrılma nöqtələrindən xəbərsiz Mətn
yaratmaq iddiasına düşənlər isə... elə
yazıda ilişib qalırlar. Amma bunda nə bir eyib var, nə
bir günahkarlıq. Hətta bəzən etiraz, utanc
doğuran mənasız söz-söhbətin belə əlahəzrət
Mətnə isti-soyuğu yoxdur. Onun qapısı görünə
də bilər, görünməyə də, döyülə
də bilər, döyülməyə də. Kilidi də,
açarı da özündə olan, ya da eləcə
açar-kilidsiz, sadəcə toxunmaqla açılan və
bağlanan bir qapı. Mən həmişə
düşünmüşəm, bu qapı içəridənmi
açılmalıdır, ya çöldən? Bəlkə
də bizə bir tay görünən qapı, əslində,
üz-üzə dayanmış iki lay qapıdır, bəzən
birini çöldən döyürük, içəridəki
açılmır, bəzən müəllifin iç
qapısı açılır, amma çöl qapısı
bağlı qalır.
Bəlkə
o iki lay arasındakı yol elə həyatın
özüdür?
Görəsən,
onlardan hansı daha çox sükut və səbr tələb
edir?
Mətn
o qapıdan içəridədir, yoxsa çöldə? Onu
içəriyə keçərəkmi götürə
bilirik, ya ayağımızı çölə ataraq?
Qapı ya içəridən Mətnlə açıla, ya
da çöldən Mətnlə döyülə bilərmi?
"Yox"
deyirəm...
Bizim
hər birimizin qəlbində bir iç qapı və
çöl qapı var. Oxusaq da, yazmaq iddiasına düşsək
də tanrısal bir proses qaçılmazdır.
Çöldən
gələn yazıyla içəridən çıxan
yazı üst-üstə düşürsə Mətndir...
Bundan
sonrası isə Allah bilir kimin üçün necə
olacaq...
Hədiyyə
ŞƏFAQƏT
Ədəbiyyat.-
2020.- 11 yanvar. S. 7.