Harmoniya
Ramiz
ƏZİZBƏYLİ: "Yenidən fürsət
yaransaydı həyatın fəlsəfəsi haqda film çəkərdim"
Deyim ki, çoxdan bəri idi bu evə
üz tutub bu qapını döymək fikrimiz var idi. Çox
yaxın dostum, əziz insan, yazıçı-dramaturq İmir
Məmmədli ilə birgə tez-tez bu barədə plan
qururduq ki, bu gün gedək, sabah gedək. Nəhayət, deyəsən,
şeytanın qıçını sındıra bildik. Təzə
ildə həm bayramlaşmaq, həm də onu ziyarət etmək
qismətimiz oldu. İmir müəllim və daha bir dostumuz,
rejissor Elbrus Quliyevlə bərabər bu qonaqlı-qaralı
evin qapısını döyənlərdən biri də biz
olduq. Həmin ünvan sevimli sənətkarımız,
rejissor-aktyor Ramiz Əzizbəylinin evi-ocağıdır.
Artıq xeyli vaxtdır ki, səhhətində problemlər
yaşanan sənətkarın yaşayıb-yaratmaq eşqi bir
an belə sönmür. Ramiz müəllimdə bunu hiss edincə
çox sevindik. Xəstəliklə ölüm-dirim
mübarizəsində olduğunu bilsək də, o bunu hiss etdirmədi.
Əksinə, yenə yazıb-yaratmağından, gələcək
planlarından və hətta indi də sevdiyindən bizə
danışdı.
- Ramiz müəllim, xoş
gördük sizi. Necəsiniz?
- Xoş gəlib, səfa gətirmisiniz.
Gördüyünüz kimi yaxşıyam,
şükür. Təşəkkür
edirəm.
- Ramiz müəllim heç
sualımı gözləmədən bir az keçmişindən
bəhs elədi.
- Bəy balası olmuşam.
Özü də ailədə on birinci uşağam -
sonbeşik. Bu barədə şeirim var. Daim
çalışıram, azı on kitabın materialını
yazmışam. Çap eləyən olsa, gözəl olar (gülür).
- Oxucularımızın diqqətinə
çatdırım ki, siz bu günlərdə
"Şöhrət" ordeninə layiq
görülmüsünüz. Təbrik edirik sizi.
- Çox sağ olun.
- Ramiz müəllim, istərdim ki,
rejissorluq fəaliyyətinizdən danışasınız.
- "Pirverdinin xoruzu" rejissoru
olduğum ilk filmimdi. Almaniyadan üzü bu yana 11 festivalda
iştirak edib. İkinci film "Bəxt
üzüyü"dü. O da dünyanı dolaşıb.
Üçüncü filmim isə "Yalan" adlanır.
Ərzurumdan başlayaraq festivalı həm açdı, həm
də bağladı. Dördüncü filmim
"Qovğalı kəndinin gecələri"di ki, onun da
ssenari müəllifi İmir Məmmədlidi (üzünü
təbəssümlə İmir müəllimə tutur).
İmir müəllimə təşəkkürümü
bildirirəm bu filmin rejissorluğunu mənə həvalə
etdiyi üçün. İndi də film çəkərdim.
Təəssüf ki, ayaqlarım işləmir, hərəkətsizdi.
Təsəvvür edin 72 yaşda təzə məhəbbət
oyanıb məndə (gülür). Sevgi şeiri yazıram.
Çünki ürəyim cavandı.
- Bax, bu çox vacib məsələdi.
Yaradıcı insanın içində sevgi-məhəbbət
varsa, demək, o, hələ də yaradır, yaşayır.
Osman Sarəvəlli yazırdı ki, hər kim 100 il
yaşamasa, günah onun özündədir. Sizə 100 il və
100 faiz ömür arzulayıram.
- Çox sağ olun. Sizə də
həmçinin.
- Oxucularımızın nəzərinə
çatdırmaq istəyirəm ki, İctimai radionun
"Harmoniya" proqramında Ramiz müəllim 2 dəfə
qonağım olub. Amma bugünkü söhbətimiz bir
başqa ab-havada keçir. Razısınızmı, Ramiz
müəllim?
- Tam razıyam. Çox isti bir
söhbət gedir. Bu sizin məharətinizdi.
Alqışlayıram sizi.
- Rejissorluq fəaliyyətinizi
xüsusi qeyd etdik, amma unutmayaq ki, siz bir aktyor kimi də filmlərdə
oynamısınız...
- Bəli, oynamışam. Nə
deyim, ortabab bir aktyor olmuşam.
- Özünüzə məxsus
danışığınızla el şənliklərimizə
də bir tərz gətirmisiniz... Yəni heç kimə bənzəməyən,
heç kimi təkrarlamayan bir yolunuz olub toyu idarə etmək
işində.
- 21 il tamadalıq etmişəm. O
qədər lətifələr söyləmişəm ki... Həmişə
məclislərə bir əhval-ruhiyyə qatmağa, o məclisləri
şən aparmağa çalışmışam.
Oxumağım da varaa... (gülür). Qeyd edim ki, 6
yaşımdan artıq ekrana çıxırdım. İlk
Buratino, ilk qaranquşam. Bir çox nağıl qəhrəmanlarının
ilk ifaçısı olmuşam. Televiziyada rəhmətlik Bünyad Məmmədovun
rejissorluğu ilə məşhur rus nağılı
"Arxip baba və Lyonka"nı da oynamışam. Nə
vaxtsa o diski hardansa tapsaz, məni sevindirərsiz, sizə minnətdar
olaram. Qeyd dim ki, bu nağılda oynayanda, heç 10
yaşım yox idi.
- Ramiz müəllim, siz qəzetimizin
"Harmoniya" layihəsindəsiniz. Siz harmoniyanı necə
dərk edirsiniz?
- Harmoniya mənim düşüncəmdə
birləşməyi tələb edən xüsusiyyətdi. Bir
fikri ifadə eləyə bilən, cəmdir. Bütün
gözəlliklərin birləşməsi deməkdir.
- Yeri gəlmişkən, siz həm
də şeir
yazırsınız...
- Həə... bir kitabım var,
şeirlərdən ibarət, indi onun bir nüsxəsini sizə
də hədiyyə edəcəm, "Cızma-qaralar"
adlanır. Və işıq üzü görən digər
bir kitabımı da sizə bəxş etmək istəyirəm.
- Ramiz müəllimin evində
üst-üstə yığılmış kitabları ilə
yanaşı, rəssam Nəvai Mətinin çəkdiyi
portreti də diqqətmizdən yayınmadı. Özü bu
haqda belə söyləyir...
- 40-dan çox portretim çəkilib.
Rəssam Nizami Bəydəmirov başladı (Allah rəhmət
eləsin).
- Portretlərinizdən ən
çox hansını bəyənirsiniz?
- Hamısını bəyənirəm.
Tələbələrimin çəkdiklərini xüsusi
olaraq bəyənirəm. Rəssam kimi artıq püxtələşməkdədir
onlar.
- Ramiz müəllim, əgər
özünüz rəssam olsaydınız və portretinizi
çəkməli olsaydınız, üzünüzdəki
hansı cizgilərə daha üstünlük verərdiniz?
- Yaratmışam da... Heç
birini. Eybəcərliyimi (gülür). Son illər
yazı-pozu ilə məşğul olanda bir az yoruluram. Amma
yarım vərəq də olsa, hər gün yazmağa
çalışıram. İşdən yorulmaq bilmirəm.
- Daha çox nədən
yazırsınız?
- Hər şeydən. İndi məqalələr
yazıram. Xeyli məqalənin materialı var əlimdə.
- Yenidən bir fürsət yaransa,
rejissor kimi fəaliyyət göstərməyinizə, ilk
növbədə hansı mövzuda film çəkərsiniz?
- Maraqlı sualdı. Ancaq fəlsəfi
kino çəkərdim. Həyatın fəlsəfəsi var,
onu insanlara aydınlatmağa çalışardım. Əlbəttə,
film çəkənlər saysız-hesabsızdı.
Böyük rejissorlarımızın hamısının ruhu
şad olsun. Onların məzarına qurban olum.
- "Ədəbiyyat qəzeti"nin
oxucularına, ümumiyyətlə, bütövlükdə ədəbiyyatsevərlərə
arzularınız.
- Cansağlığı ən əziz
nemətdi. Canınızdan muğayat olun. Təzə ilimiz
uğurlu, bərəkətli olsun, inşallah.
- Ramiz müəllim, biz də sizə
sağlıqlı bir ömür arzulayırıq.
Yastığınız yüngül olsun, tezliklə ayağa
qalxıb peşəkar fəaliyyətinizi davam etdirməyi diləyirik
sizə. Səmimi söhbət üçün çoxlu təşəkkürlər.
- Var olun. Mən də təşəkkürümü
bildirirəm sizə, oxucularınıza.
Ramiz
ƏZİZBƏYLİ
Müsahibəni apardı: Samir ƏFŞAN
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 8.