Qisas
qiyamətə qalmayanda...
Firuzə Məmmədli mənim
ilk gənclik çağlarımdan, daha doğrusu,
özümü ədəbiyyata meyilli bir gənc kimi dərk
etdiyim zamanlardan - 80-ci illərdən üzü bəri
"Ulduz", "Azərbaycan" jurnallarından,
"Ədəbiyyat qəzeti"ndən həmişə
boya-boy ucalıb, zaman-zaman yorulmaz-usanmaz axtarışları və
istedadının gücü ilə "Azərbaycan
poeziyasının Firuzəsi" (V.Yusifli) məqamına
yüksəlib.
Şair Firuzə Məmmədli
haqqında çox yazılıb. Hətta mənim bildiyimə
görə, bu yazılardan ibarət ayrıca bir ədəbi-tənqidi
məqalələr məcmuəsi də çap olunub.Yenə
də mənim bildiyimə görə, F.Məmmədlinin nəsri
haqqında çox az yazılıb. Bəlkə də,
heç yazılmayıb. Bir fakt da buna işarə edir.
Şairənin "Seçilmiş əsərləri"nin
yeddicildliyinin beşinci cildi başdan-ayağa nəsr əsərlərindən
ibarət olduğu halda (bir neçə müsahibə və
məqaləsi ilə bərabər), kitabda "Ön
söz" əvəzinə verilən məqalələrdə
(V.Yusiflinin "Azərbaycan poeziyasının Firuzəsi"
və Əbülfəz Əzimlinin "Poeziyanın ruhu, ruhun
poeziyası" yazılarında) ancaq şeir
yaradıcılığı təhlil predmeti olur. Yalnız
V.Yusiflinin məqaləsinin son abzaslarında F.Məmmədlinin
nəsri haqqında qısa xarakteristika verilir. Məsələ
burasındadır ki, bu abzaslar F.Məmmədlinin nəsri
haqqında tənqidin ilk sözü kimi maraq doğurur və
ciddi əhəmiyyət kəsb edir.
Beşinci cilddə F.Məmmədlinin
"Ruhun qisası", "İkinci həyat",
"Köhnə məscid həyəti", "Sular
sonası" povestləri və xeyli sayda hekayələri
toplanıb. Bu əsərləri çox diqqətlə
oxuyandan sonra onların həqiqi nasir qələmindən
çıxdığına heç bir şübhəm
qalmadı. Məsələ burasındadır ki, bu əsərləri
oxumamışdan onları V.Yusiflinin təbirincə desək,
"şairin nəsri" kimi qəbul edir və bu
düşüncə mənə Firuzənin nəsrinə tənqidi
yanaşma təlqin edirdi. Amma etiraf edim ki, elə birinci povestin
oxusundan sonra mən çox dərin düşüncələrə
dalmışdım və qarşımda sözün tam mənasında
ciddi bir nasirin əsərlərinin
dayandığının fərqinə
varırdım. Bu qənaətim povestdən-povestə
keçdikcə bir qədər də möhkəmləndi.
V.Yusifli çox dəqiq tutmuşdu ki, bunlar heç də
"şairin nəsri" deyil, elə nəsr kimi doğulan
yazılardır". Mən F.Məmmədlinin nəsrində
çox mükəmməl bir nəsr dili gördüm.
Söhbət elə bir dildən gedir ki, fərdi nəsr
üslubunun ortada olmasına heç bir şübhə yeri
qoymur. Məhz bu cəhətə və bir sıra digər
ciddi məziyyətlərinə görə Firuzənin nəsrinin
orijinal nəsr təfəkkürünün məhsulu
olduğuna şübhəm qalmadı. Ədəbi tənqidin
"görünür, şeirdə ifadə edə bilmədiklərini
nəsrdə deyə bilmək üçün yazıb
bunları" (V.Yusifli) qənaəti məni heç cür
razı salmadı. Şeirdən nəsrə keçid
heç vaxt belə orijinal nəsr üslubu doğura bilməz.
Firuzənin nəsri poetik təfəkkürlə heç
cürə qarışıb-çulğalaşmayan, tam fərqli
bir təfəkkürün, sanki qələmini ancaq nəsr sahəsində sınayan və
öz üslubu ilə ətrafındakıların
hamısından fərqlənən, öz nəsr "mən"ini
ortaya qoyan bir nasirin yaradıcılığıdır.
"Bütün Azərbaycan oxucuları üçün
şair Firuzə Məmmədli obrazı" nə qədər
doğma və əziz olsa da, demək lazım gəlir ki,
"Ruhun qisası", "İkinci həyat",
"Köhnə məscid həyəti", "Sular
sonası" povestlərinin müəllifi nasir Firuzə Məmmədli
şair Firuzə Məmmədli ilə rəqabətə davam
gətirə biləcək bir gücdədir və bu güc
ona Azərbaycan nəsrində öz yerini tutmağa kifayət
edəcək.
***
Firuzənin nəsri güclü bədii
ümumiləşdirmələri ilə diqqəti çəkir.
Prozaik məzmun bu nəsrə tamamilə yaddır. Məzmunun
polifonikliyi və metaforik ifadəsi bu nəsrin əsas səciyyəvi
cəhəti kimi yadda qalır. Bədii təsvirin ətinə-qanına
hopdurulmuş ironiya idrakın hüdudlarını genişləndirir.
Bu nəsrdə deyilənlə, təhkiyə olunanla idrak
olunan arasında əsaslı fərq var. Hər bir ifadə, hər
bir cümlə və abzas
düşüncə müstəvisində öz
hüdudlarını aşır, oxucunu nəhayətsiz
düşüncələr axarına salır. Bu mənada "Ruhun qisası" povesti
xüsusilə seçilir. (Povest 1996-cı ildə
yazılmış, ilk dəfə "Yeni Azərbaycan" qəzetinin
"Ədəbiyyat" əlavəsinin 15 iyun 2003-cü il
nömrəsində çap olunmuşdur). Əsər cəmi
on dörd səhifədir. Müəllif bu 14 səhifəlik
povesti yeddi hekayətə ayırıb. Geniş götürəndə
ön dörd səhifə povest həcmi deyil. Ənənəvi
normativlərlə düşünsək, bu bir hekayə həcmidir.
Lakin "Ruhun qisası" öz məna-məzmun
genişliyi ilə bizi bu normativ düşüncə orbitindən
çıxarır. Əsəri dönə-dönə
mütaliə etdikdə orada bir roman materialının yerləşdirildiyini
görməmək mümkün deyil.
"Ruhun qisası" Qarabağ
mövzusunda yazılmış bir əsərdir. "O, 18
yaşlarında bir mesxeti türkü idi. Özbəkistandan
köçüb buraya pənah gətirmişdilər.
Adı, gərək ki, Əhməd idi. Hə, Əhməd
Abdullayev. "Qarabağ bizimdir" - deyib canını
tapşırdı". Bu sözlər povestdə "əsirlikdən
qurtarmış bir qadının dediklərindən" qeydi
ilə epiqraf kimi verilir. "Qarabağ bizimdir" - deyib
canını tapşıran Əhməd Abdullayevin faciəsi
Azərbaycan-erməni savaşında xalqımızın qəhrəmanlıqla
həlak olan igid oğullarının dönməz xarakterini,
hüdudsuz vətən sevgisini görüntüyə gətirir.
Bununla belə, Qarabağ mövzusunun bədii həllində ənənəviliyin
davamı kimi səslənir. Birinci hekayət erməni əsirliyində
onun miqyassız məhrumiyyətlərinin və faciəli
ölümünün təsvirinə həsr olunub və bu təsvirlər
də ilkin planda mövzuya ənənəvi münasibətdən
xəbər verir. Yəni biz Qarabağ mövzusuna, Azərbaycan-erməni
savaşına həsr edilmiş yüzlərlə nəsr əsərində
əsirlikdə can verən soydaşlarımızın mətin
xarakteri, erməni vəhşiliyi qarşısında
sarsılmazlığı, ermənilərin insanlığa
qarşı yönəlmiş cinayətləri haqqında
çox oxumuşuq. Və biz çox vaxt nəql olunanı
oxumuşuq. Ancaq birinci hekayətdə mövzunun ənənəviliyi
ilə bərabər, onun təqdimində və bədii həllində
bir qeyri-ənənəvilik də var. Əhmədin
başına gələnlər bu "hekayət"də nəql
olunmur, vizual görüntüyə gətirilir. Müəllif,
sanki hadisələri ekranda canlandırır. Bizim gözlərimiz
qarşısında canvermə anında çapalayan, -
"gah titrəyən, gah da hərəkətsiz
düşüb qalan bədən" canlanır. Biz "çiyinləri
arasından al-qırmızı fəvvarə axan"
başı kəsilmiş Əhmədi görürük. Təsvirin
mükəmməlliyi və vizuallığını, sanki
hadisələrin bizim gözlərimiz qarşısında
baş vermiş kimi səciyyələnməsinin mükəmməlliyini
şərtləndirən odur ki, başı kəsilməkdə
olan və yaxud kəsilmiş qəhrəman başına gətirilənləri
özü də görür, duyur: "Görür ki, həmin
qaban avtomatın küpü ilə onun gicgahına
güclü bir zərbə endirdi. Sonra o biri qaban
bıçağı çəkib bir an içində onun
boğazını üzdü. Sonra saçlarından
yapışıb kəsilmiş başı qanı
şoruldaya-şoruldaya öz boyu bərabərinə
qaldırdı və yolun kənarındakı zibilliyə
tulladı".
Firuzənin təsvir və təhkiyəsində
reallıq bütün çılpaqlığı,
acıları və dəhşətləri ilə
görünür. Bütün məqamlarda təsvir və təhkiyəni
psixoloji gərginlik müşayiət edir. Qədli-qamətli
bir gənci "özü kimi bir sürü qabana göstərərək",
"yaxşı qurbanlıqdı" - deyib, erməni
varlığını ortalığa qoyan təbiəti ilə
(qana hərisliyi, nadanlığı, təcavüzə və
təcavüzkarlığa meyli, bütövlükdə isə
xəstə millətçi xarakteri ilə) "yerdə
canı ilə əlləşən cəsədin"
canını tapşırsa da, ruhunu qoruyub saxlaması, bu ruhun
"bu dünya ilə hələ işinin
qurtarmaması", onu intiqama səsləməsi
arasındakı paralelizm hər iki xalqın mənəvi
dünyası arasında müqayisəyəgəlməz fərqlərin
mükəmməl bədii ifadəsi olmaqla bərabər,
hadisələrin sonrakı davamının qeyri-ənənəviliyini
də işarələyir.
Povestin ikincidən epiloq əvəzi
yeddinci hekayətə qədərki sonrakı hissələri
bir erməni ailəsində cərəyan edir və bu ailədəki
yeniyetmə bir qızın taleyini önə çəkir.
Hadisələrin cərəyan etdiyi məkan ermənilərin
xəyanət və zor gücünə işğal etdiyi
bizim Vətən torpaqları - Dağlıq Qarabağ ərazisidir.
Əsərdə Dağlıq Qarabağın adı çəkilmir,
hadisələri təhkiyə edən erməni qızı
"dərdsiz-qayğısız böyüdüyü" və
ürəyincə olan malikanələrinin babasının
"dünyanın cənnəti"
adlandırdığı bir torpaqda yerləşməsindən,
babasının tez-tez bu torpaq uğrunda
axıdılmış qanlardan danışmasından söz
açır. Söhbətin Qarabağ torpaqlarından getməsi
aydın olur. Erməni qızı tez-tez babasının
kabinetində divardakı türk xalçasının
üstündən asılan bir bıçaqdan söz
salır, babasının hər səhər o
bıçağın tiyəsini vəhşi bir ehtirasla əmməsini
müşahidə etdiyini söyləyir. Yeniyetmə erməni
qızının təhkiyəsində oxuyuruq: "Mən bu
mənzərəni ilk dəfə görəndə babamın
gözünə necə göründümsə, kişi
bıçağı tullayıb ikiəlli boğazından
yapışdı. Sonrası yadımda deyil".
Babanın öz nəvəsini
görən gözü yoxdur və tez-tez təkrar edir:
"Bu qız bizlərə oxşamır. Onun gözləri mənə
qəribə baxır".
Baba, sözün həqiqi mənasında,
nəvəsindən çəkinir, onu görəndə
hansısa bir fövqəlqüvvənin təsiri ilə həmişə
gözlərinin önündə vaxtilə başını kəsdiyi
türk oğlunun xəyalı canlanır. Baba türk
oğlunun intiqamından qorxur (həmişə bu hissin təsiri
altındadır) və bu hissin təsirilə əlini həmişə
boğazına atır. (Bıçaqla başını kəsdiyi
Əhmədin bıçağını öz
boğazında hiss edir).
Əhmədin vəhşicəsinə
qətlə yetirilməsi erməninin törətdiyi nə
birinci, nə də sonuncu cinayət idi. Erməni rəzaləti
qarşısında Əhmədin cismini tərk edən ruhu
Haqqın dərgahında da sakitləşmir, intiqam hissi ilə
aşıb-daşır. Əhmədin ruhu Haqqın səsini
eşidir. "Haqq dedi: Sən intiqam ala bilməzsən. Bunu sənsiz
edəcəklər".
Görünür ki, Haqqın
qüdrəti sayəsində Əhmədin ruhu erməni
qızının varlığına
köçürülür. Sanki Haqqın dərgahında
erməni qızına İntiqam ilahəsi statusu verilir...
Erməni qızı
babasının törətdiyi cinayəti sənədləşdirən
fotoşəklə baxır. Bu şəkildə babası
"üz-gözü qapqara tük, əlindəki qanlı
bıçağı ayağı altına sərilmiş bir
cəsədin paltarına silib təmizləyir". Erməni
qızı bu dəhşətə dəhşətlə
baxır, fotoşəklin təsiri altında "hərdən
boğazında iti bıçaq yerinin ağrısını
duyur".
Evlərinə qayıdanda
gözünü xalçanın üstündəki
bıçaqdan ayıra bilmir. Babasını yoxlamaq
üçün onun yanına girəndə babası onu
Əhməd şəklində görür, "Əhməd,
Əhməd...." deyib onu qovmağa çalışır.
Bu səhnədən dəhşətə gələn qız
özünü otaqdan bayıra atır. Otağa daxil olan
oğlanları atalarını başı kəsilmiş vəziyyətdə
tapırlar. "Tiyəsi qanlı yatağan (bıçaq)
babamın kəsilmiş başının yanında
düşüb qalmışdı". Babanın
başını kim kəsmişdi? Bir-birini əvəz edən
müstəntiqlər bu müəmmadan heç cür baş
aça bilmirlər. Bıçağın üstündə
tək bir nəfərin - varlığında Əhmədin
ruhunu daşıyan nəvənin əl izləri var. Onu
istintaqa çəkirlər. "Maraqlanmışdım, nənəmdən
bir ötəri eşitmişdim ki, babam bu bıçaqla
(yatağanla) "Əhməd" adlı bir türk
oğlunun başını kəsibmiş. Türklərin (azərbaycanlıların)
qatı düşməni idi babam. Yadıma düşdü
ki, babam çapalaya-çapalaya mənə baxır və
"Əhməd, Əhməd", - deyirdi. Nənəmin
üstünə qaçdım. "Siz nahaq məni
günahlandırırsınız. Qatil babamdır". Mən
demək istəyirdim ki, Əhməddir. "Babam Əhmədin
qatili idi, Əhməd də babamın qatili oldu".
Erməni qızı müstəntiqləri
və bütün ətrafındakıları
inandırmağa çalışır ki, "o, (yəni
Əhməd) ölü də olsa, ruhu diridir və öz
intiqamını almışdır. Ola bilsin ki, bunun
üçün mənim əllərimdən istifadə
etmişdir".
"Ruhun qisası" povesti ermənilərin
tökdüyü nahaq qanların yerdə qalmaycağından
danışır. Ancaq bu motiv povestin fəlsəfəsini ifadə
etmir. Şübhəsiz ki, burada fərdi intiqamdan, hansısa
bir qan intiqamından söhbət getmir. Povestin fabulasında Azərbaycan
xalqına qarşı yönəlmiş genosiddən, etnik təmizləmə
siyasətindən və bu yolda nəhayətsiz qanların
tökülməsindən, bu qanın yerdə
qalmayacağına qəti bir inamdan söhbət gedir.
F.Məmmədli müəllif
mövqeyini heç cürə çılpaqlaşdırmaq
fikrinə düşmür. Povestdə ermənilərin
törətdiyi vəhşilikləri erməni
qızının öz pozulmamış (antitürk əhval-ruhiyyəsi
ilə zəhərlənməmiş) xarakteri ilə, ən əsası
isə varlığında türk oğlunun ruhunu
daşıyaraq və məhz bu ruhun təlqini ilə təmizlənərək,
bəsirət gözünü açmaq imkanı əldə
edərək götür-qoy edib insan haqqında ən bədbin
qənaətlərə gəlməsi tam təbii bir proses kimi
verilir. Erməni xisləti haqqında ən real həqiqətlər
varlığında türk oğlunun ruhunu daşıyan erməni
qızının taleyindən keçərək həyata vəsiqə
alır. Povestin oxunaqlığını və bədiiliyini
şərtləndirən əsas cəhət də budur.
Təyyar
SALAMOĞLU
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 10-11.