Qadın
ürəyi qədər kövrək poeziya
Firuzə Məmmədli
çağdaş Azərbaycan poeziyasına özünəməxsus
poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan,
Heyran xanım, Ağabəyim ağa şeirindəki
böyük qadın ürəyinin
yaşantılarını, yalnız qadın şairlərə
məxsus həssaslıqla sözə xəfif yanaşmanı
yeni tərzdə şeirə gətirən şairdir. Onun ilk
şeiri 1963-cü ildə çap olunub. "Ay həkim"
adlı bu şeirin sayalı qədəmləri şairin o
vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130
elmi-publisistik məqaləsinə, 5 cildlik
"Seçilmiş əsərləri"nə yol
açıb. Hər yeni şeiri, hər təzə
işıq üzü görən əsəri Firuzə Məmmədlini
mötəbər oxucuya bir addım daha
yaxınlaşdırıb. Şairin bəzən kövrək,
bəzən sərt düşüncələrə köklənən,
gah incə hisslər aşılayan, gah da qəti hökm kimi
səslənən dərin məzmunlu poeziyası
şeir-şeir boy atıb duyumlu ürəklərə
nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə,
şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli
ömrün bir-birini qovan günlərini, illərin
ovqatını, ahəngini misra-misra sözlərə
köçürüb. Taleyini ən vəfalı həmdəm
bildiyi Sözə bağlayan şair söz
dünyasının hər sınağında sınanıb,
çətinində bərkiyib, bugünkü sənətkar əzminə
yiyələnib:
Çətininə çiyin
verdim,
Asanında sındım
sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım
sözün.
F.Məmmədli
yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini
vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir.
O, sənətdə ilk, kövrək addımlarını
atdığı 60-cı illərin, ilk şeir kitabı
"Gümüşü damla" (1972) ilə şair "mən"ini
təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə
ən inamlı illər kimi qarşılayıb yola
saldığı milli özünüdərk ərəfəsi
və milli müstəqillik dönəminin - 80-90-cı illərin
sosial-estetik problemlərini yaradıcılığında
böyük məharətlə əks etdirmişdir. Şair
poeziyasında xalqımızın ictimai həyatının
bütün narahat məqamlarına, ağrılı günlərinə
həssas sənətkar münasibəti bildirmişdir.
Çağdaş milli
poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə
şeir, onlarca poema həsr etmişlər. Ümumiyyətlə,
60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında
Cənub həsrəti aparıcı mövzulardan biri
olmuş, bu həsrət "o tay-bu taylı vətən",
"fəraq salan Araz", "Xudafərin
körpüsü", "Heydərbaba", "Təbriz dərdi",
"Savalan" və s. obrazlarda mükəmməl bədii
ifadəsini tapmışdır. Həmin illərdə Firuzə
Məmmədli də səsini müasirlərinin səsinə
qatır, "Əsrin o tayı, bu tayı", "Səslə
məni", "Sahillərin həsrəti" şeirləri
ilə B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir kimi
qələmdaşlarının Cənub harayına qoşulur:
Bu qədər hicrana ürəkmi
dözər?!
Bacı qardaşıyla
görüşməz məgər?!
Təbrizi Bakıya qoşub bir səhər
Danışıq xəttində,
tel, səslə məni.
"Səslə məni"
Sərhədlər - yolumun
sönmüş çırağı, -
Ömür sərhədlərdə
dolaşıb qalıb.
Əsrin o tayına bir Araz
yağıb -
Əsrin bu tayında təlaşı
qalıb.
"Əsrin o tayı, bu
tayı"
Cana doyub sahillərin həsrəti,
Üzə durub bu ayrılıq
haçandı.
Ümidləri yumruğunda gizlədib,
Bu diş bizə gülə-gülə
qıcandı.
"Sahillərin həsrəti"
F.Məmmədlinin özünəməxsus
lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm
ənənəvi məktəbin, həm də
eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini
özündə birləşdirir. Bu cəhətdən də
F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah
Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti,
dil sadəliyini, fikir aydınlığını özündə
ehtiva edirsə, digər tərəfdən, Rəsul Rza
poeziyasının özünüdərkə səsləyən
modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal
üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı
şairin bütün yaradıcılıq nümunələrinə
hopub, onun yaratdığı yeni ruhlu poeziyanın
başlıca uğurunu təmin edir.
F.Məmmədlinin sənətkar
"mən"i onun poeziyasında son dərəcə fəal,
dürüst ifadə olunur. Bu poeziyada şair "mən"i
ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi
arasında məsafə yoxdur, onların əlaqəsi
bütövdür, qırılmazdır.
Müdriklərin belə bir məşhur
məntiqi qənaəti var: "Əsl insan ailəsini
özündən artıq sevən, yaxşı insan vətənini
ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti
vətənindən artıq sevəndir". F.Məmmədli
poeziyasına diqqətlə nəzər saldıqda şairin
ailəsini özündən, vətənini ailəsindən,
bəşəriyyəti vətənindən çox sevdiyini
müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini
doğulduğu yurddan, el-obadan alır, "Xaçmaz",
"Yurd yeri", "Kəndimiz", "Qızbənövşə",
"Pirbəhyə dağı" kimi onlarca şeirində
boy atıb böyüyür:
Sən adında mənaya bax,
"can əxi"...
"Əxi"lərin yadigarı
Şamaxı,
Bəlkə, sənin bir
parçandı Canaxır...
Bəlkə, qopub nağıllardan
kəndimiz.
"Kəndimiz"
Demirəm ki, odun daha istidir,
Demirəm ki, suyun daha
dadlıdır.
Məni soyuq torpağın da
isidir,
Mənə acı küləyin də
bal dadır.
"Ata yurdum"
Bu yurd sevgisi şairin poetik
istedadı ilə birgə böyüyərək daha
böyük sevgiyə - bütöv Azərbaycan sevgisinə
qovuşur: "Bağrında tükənməz atəş
qaynağı, adında "can" kimi şirin sözü
var". Sonra bu sevgi daha böyük vətən anlamına -
türkçülüyə, Turançılığa üz
tutub səslənir: "Dünya daşım, ocaq
daşım, yurd daşım, Doğu, Batı türk elimə
vətənmiş", "Elə "cənnət"
dediyimiz o diyar Türkiyəymiş, bilməmişik,
İlahi".
Aşıq ədəbiyyatı
nümunələrindən çağdaş müasir
poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik
inkişaf yolunda daim "təzə-tər qalan", köhnəlib
unudulmayan obrazlardan biri də Bənövşədir. Bu
obrazın ən mükəmməl yaradıcısı
Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən
üzü bəri neçə-neçə sənətkar bənövşəni
sevə-sevə vəsf edib. F.Məmmədlinin "Bənövşə"si
də (sələflərində olduğu kimi) "kövrək
vücudunda" şairin çəkilməz ovqat
yükünü daşıyır:
Boynu bükükmüydü
binadan-başdan?
Ayrı
düşmüşdümü yardan, yoldaşdan?
Bəlkə də,
qaçıbmış bir qəlbidaşdan,
Düşüb qar üstündə
qara bənövşə.
...Mən də sənin kimi qəlbidağlıyam,
Nisgil soraqlıyam, qəm
soraqlıyam.
Bir sınıq taleyə elə
bağlıyam,
Çəkib
varlığımı dara, bənövşə.
Bir neçə il öncə
"Haqqın işığına tapınan misralar"
adlı məqalədə Firuzə Məmmədlinin
adını dünyanın görkəmli qadın
yazıçıları ilə bir sırada çəkmişdim.
Məqsədim məhz "kişi nəhənglər kimi
yazdığına" görə yox, dünyanı, həyatı
daha incə, daha həssas qadın ürəyi, qadın
hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə
Firuzə Məmmədli yaradıcılığının
üstünlüyünü nəzərə
çatdırmaq idi. Bir vaxtlar bütün dünya ədəbi
ictimaiyyətində maraqla qarşılanan, bütün
xalqları cəlb edən əsərləriylə heyrət
doğuran qadın yazıçılar Şarlotta Brontenin,
Etel Lilian Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin
sənətkar üstünlüyü kimi...
Təranə
Turan Rəhimli
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 11.