Sən
Allahla xoşbəxtsən, mənsə sənlə məsudam...
Nəsimi
Sönər bu su içində həyat
atəşim - qaçaq
Yanar bu od içində
baxışlarım çak-ka-çak...
Həyat nisbidi - bizlər -
"mütləq olaq" deyirik
"Şəfəqləri bəbəkdən
bir-bir yolaq" deyirik...
Şəfəq məndə
yayılar - mən yayılmaq bilmirəm
Ayağım səkkiz gəzər
- heç ayılmaq bilmirəm...
Tapılmaq istəmirəm -
axtarılmaq bilmirəm...
Gövdədən can
ayrılır - çün ayrılmaq bilmirəm...
Gəl bir az analıq et içimdəki
körpəyə.
Söylə pəncərənə
də az örtünsün örpəyə
Günəş deyə bir şey
var - müqəddəs kitabı yox
ondan qaçmağa bir yer,
hansısa bir qapı yox...
...günəş Tanrıdı
axı - ayəsi şəfəqində
Üfüq batar - sonrası
başlar ən-əl-həqqində...
Bir Nəsimi doğuldu bəlkə
hansısa yurdda
Bu gün uşaq, sabah söz...
amma sonrası budda...
Təbəssümün
şeiri
O balıq var bu çayda - balaca
qara balıq.
Bədbinləşib,
onunçün hər bir yer xarabalıq
Hər gün ucuz fəlsəfə,
hər gün yem axtarmalar,
Nə qədər axtar, ara, yolsuz
qalıb karmalar...
Bapbalaca bir uşaq daş
götürüb atarsa
Fəlsəfə etdiyi vaxt bu
balığa tuş gələr.
Suyun qabarcıqları pulcuqlara
qarışsa.
Suda səs-küyü
görüb, köçəri bir quş gələr.
Caynaqları bu ovçun kobud, kələ-kötürsə
Dimdiyiylə balığı
yuvasına aparsa
Böyük sevinc içində
böyük sürət götürsə,
Kiçik ətcə balalar ondan
tikə qoparsa...
Günəş boylansa sənə,
açsa şəfəq ovcunu
Qapama gözlərini, üfüq zərbəsi
vurma
Dovşan qaçsa yeyincə və
çaşdırsa ovçunu
Qışqır: "...onu
gözləyir tifil körpəsi, vurma!..".
Günəş qol açar bizə,
dağın taa kürəyindən
Ağaclar yarpaq dolar, budaqlar şux
olarsa
Atalar xoşbəxt olar, zəhmətin
"pul iyi"ndən
Atalar xoşbəxt olar, körpələr
tox olarsa.
Körpəsi səhər-səhər
qum-torpağın içində
Bir çimdik bal götürüb
yuvalara əyilsə
Onlarla qarışqalar
barmağına daraşsa
Arıların zəhməti
bala-bala yeyilsə...
Ovucların içində
balıqqulağı gülsə
O gülüşlər sənindir
- hamısını mənimsə...
Bir stəkan dolu su döşəməyə
tökülsə
Su aydınlıqdı deyib, əsəbləşmə,
gülümsə...
Qocaman bir
gün
Üfüq günəşin
kürəyini vurur yerə
və 5 metr qarşıda,
qaranlıq bir kafe
qarşısında
günəşə and içir
oğlu Bakı-Müharibə
yolunda itkin düşmüş
üzündən qürubluq
süzülən ata,
gözünə qəriblik
muncuqları düzülən vətənpərvər,
nigaranlığın hər
üzünü görmüş güzgü adam...
Bədəninin hər nöqtəsiylə
üzgün adam...
Səhvlərlə bəzədilmiş
batinən düzgün adam...
Üfüq günəşin
kürəyini vurur yerə
və böyük bir qaranlıq
udmağa çalışır şəhəri
yorğun işçilər Bizansa
dönüşür bu halsızlıqdan
ceo və founderlər isə onlar
üçün
yenicə yetkinləşmiş
yeniçəri...
Bu çərçivədən
çıxmaq,
burdan başqa dünyalar
üçün darıxmaq,
yumruğunu sıxmaq və...
əllərini boşaltmaqla
keçən bu ömür
bizi... öz içimizdəki
ümidlərə gömür...
əslində
Sabahlar üçün xəyal qəpikləri
yığır gizlində
bütün zəhmətkeş və
zəhləmgetmiş adamlar...
Üfüq günəşin
kürəyini vurur yerə
və səni yuxudan
oyatmamasını istəyirsən
artıq
pəncərəni dələn
işıltıların...
Sevincin inzivaya çəkilir.
...və qapı zəngini duymursan
bəlkə də.
yuxuda da qaçırsan bu ölkədən...
Sevinirsən görəndə ki,
Günəş - o mələksima,
o daima
yanındadı.
...və oyanırsan.
Günəş kimi yanırsan
bu kor olası həqiqətə...
Üfüq günəşin
kürəyini vurur yerə
və balıqçının
balaqlarından su damır,
kor peşman təpikləyir qumsala
dalğanı.
Qarmağa gəlmir daha balıqlar,
anarxistləşiblər...
Və gecə düşdükcə
aclıq oyunlarında
götürməyə gedir
qalxanı
qoca balıqçı...
Ona xorhaxorla gülür bir
qayıqçı...
"Çox deyirdin, qarmaq tordan
güclüdür deyə".
P.S.
Nə ola bu kor qayıqçı
"...bircə dənə bu
balıqdan gəl götür" deyə...
...qaranlığın ən pik
nöqtəsində
fırçanı dənizdə
isladır,
quaşı gecədən
götürür rəssam
və qımışır Günəşi
düşündükcə:
"uduzan pəhləvan güləşə
doymazmış..."
"sabah insanları günəşə
doymazmış..."
...gecəni bilə-bilə...
İsa
İşlətdiyim bu sözlər
necə sərsəmmiş, sərsəm
Nöqtə və vergüllərlə
danışaram istəsəm
Su ocaqdan böyükmüş,
yaşam eşqisə sudan
Sən Allahla xoşbəxtsən,
mənsə sənlə məsudam...
Aşdı azadlıq payın,
bitdi imtiyazın da
Nöqtən cümləndən
böyük, ayaqların əlindən
Biraz xatırla məni, boğul
söz dünyasında...
Suyun xoşbəxti balıq
sürüşsə çəngəlindən...
Mən də qeybə qaçaram,
öpüş versə İuda
Mən intihar edərəm sataramsa
İsamı
Yoxdu burda Kavafis, Edip nə də
Neruda
Söylə, ruhla ağıldan...
necə qurum nizamı?
Romantika tanrısan!
Qarşındaca əyildim!
Anlatdılar öləssən!
İnan Allaha, inan!
Onsuz da mən ruhumdan başqa bir
şey deyildim...
Nəsimi söylədim mən, yox
başqa doktrinam!
Mənim şeirim rənglərin
yeddi qarışığından
Söz ölməli, ölməsə
qaçacaq çarmıxından
Lüsiferin kəfgiri qaynadır
bizi sözsüz
Yox kiçik məzuniyyət,
hansısa bir tənəffüs
İndi insanlar qısa
sözcük ya şəkilçilər
Ya da uzun cümlələr, müəllimlər
və dilçilər
İndi insanlar ölü, indi
insanlar ölü
Redaktəyə meyilli, səhvli, əyri-üyrülü...
Günəşdən
danışırıq... gözümüzdə sönüb
nur...
Heç cür həyat oturmur
şairlərin mətninə...
Çünki... şair dediyin
ölmür, abort olunur
Bu dünyanın bətnindən, o
dünyanın bətninə!
Dənizkənarı
Səhər 10:27
...
...sevgimi yansıtdığım
qağayılar da anidən
hissə-hissə, dəstə-dəstə
ləkələdi
ağappaq göy üzünü.
...dəniz, ən qəddar
baxışlarımı götür..
Bu gün bir neçə
balıqçını ac qoyduğunçün,
məndən sonra döy
özünü...
Gecə saat 22:53
...
Soyuqdur. Qucaqla.
ƏIlərini cibinçün yox,
ovcumçün saxla.
Dodaqlarında illərdir həbs
etdiyin
sözlərə əfv fərmanı
verib,
onlarla məni büründür...
Gecədir, gecdir, gözlərimə
düşən işıltın
nura boyadı bozarmış
çöhrəmi.
Qalx, mayakları söndür.
Noyabrın
şeiri
Bir andaca küləklər
yuxusundan oyanar
Bir qırıq ümid tozu
düşər göz bəbəyinə.
Soyuq kəlmələriylə
düz önümdə dayanar:
- Məqsəd fəsli gəlir
bax, geyin səbəb əyninə.
Mənim duyğum ağlımı
kölgələyib beləcə
Tam getmək havasında, addım
basır əyləcə.
Mən artıq anlamıram,
neçə söz var susduğum?
Hərflərim yağanda, dilim olur
gölməçə.
Gəlir payız havası, bulud
susuzdu susuz
Bunun yanvarı susuz, bunun avqustu
susuz
Guya sakit gedirsən, heç bir
şey də demirsən.
Bəs nədir bu
qışqırıq? Bu qədər gurultu.. sus.
Sən şəhərin tozusan,
dolmuşkən pəncərəyə
Mənsə divar küncündə
- məhbusam hörümçəyə.
İçindəki cüzamdan
sözlər qopub tökülür
yarımçıq cümlələrtək
bu kimsəsiz küçəyə...
Kadrlara nəzər
(Sosializmə
göndərmələrdən)
1. Onda hələ Yalıncıq
Beyrəyin qanlı köynəyini
gətirməmişdi..
2. Onda hələ sığortalamamışdı
"əlif zəbəd əə"-lərlə
Molla Sadıq behişti..
3. Onda kartoçkasını
axtaran Vaqif də
qırçı olmaq istəyirdi
aclıqdan
4. Onda həmin o tənha narı
tapmaq asan idi min ağaclıqdan...
1. - Gəldi..
Beyrəyin qanlı köynəyi...
2. - Gəldi.
Ruhanilərin cəhaləti
canımıza...
Behiştin qoxusu gəlmədi həyat
boyu
burnumuzun ucuna,
hədis və ayələrındən
başqa...
3. - Gəldi.
Həmin zaman ki...
Vaqif qırçı oldu,
başımızın üstü yağış...
Nə yağış dayandı, nə
Vaqif qırçı ola bildi...
4. - Gəldi.
Sadıq axtardı
ağaclığı...
"Burda nar deyə bir ağac
yoxdur" deyildi...
Atası yenidən qayıtmadı,
sanki Sadığın
müharibədən...
P.S.
Düşündüm ki,
bu qaramsarlaşmış günəş
bəlkə də
kimsəsizliyin əlaltısıdır..
Bəlkə də..
hansısa kiçik ulduzların
sabah qaraltısıdır sadəcə...
Seymur
SU
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 12-13.