Tehran
Əlişanoğlu - tənqidçi üslubunun kodları
Tehran
Əlişanoğlu - 60
Tehran Əlişanoğlu
bizim ədəbi tənqid və ümumən ədəbiyyatımızda
fərqli bir imzadır - həm üslubu, məsələyə,
mətləbə, bədii mətnlərə yanaşma,
onları çözmə üsuluyla, həm də, - və bəlkə
daha çox, - hadisələri üzdə olmayan yönlərdən
qabartmaq (və fəhm etmək-!) cəhdləriylə. Bu cəhəti
bilmədən, bunu önəmsəyib öyrənmədən
onun yazdıqlarına gərəyincə qiymət vermək
mümkünsüzdür, əks təqdirdə, o yazılar
anlamadığımız heroqliflər şəklində
görünəcəkdir və çox zaman elə belə də
olur. Amma aradan keçən otuz il müddətində
onun unudulmaz Yaşar Qarayev haqqında yazdığı
kiçikhəcmli kitabından "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" adlı
ikicildliyində məsul redaktor kimi çəkdiyi zəhmətə
qədər uzanan yol ədəbiyyata, bədii mətnlərə,
hər şeydən öncə konkret dövrün ədəbi
prosesinin hadisələrinə konseptual yanaşmanı sərgiləyir.
Bu yanaşmaların orijinallığı onun
dilində də hiss olunur, Tehranın yozma, təhlil, dərində
gedən prosesləri incələmə mənasında dili
yaxşı mənada dəyişkəndir; siz onun hələ
keçən əsrin 90-cı illərində o dövrün
şedevri sayılan "Cahan" jurnalında (Məsiağa
Məhəmmədinin redaktorluğu ilə nəşr edilən
dərgi-!) Anarın "Otel odası" romanından bəhs
edən yazısına baxın: kiçik, amma fərqli təhlil,
mətni, onun içində yatan enerji-informasiyanı üzə
çıxarmaq, müəllifin oxucuya ötürdüyü
aşkar və gizli informasiyanı çeşidləmək
bacarığı ilə seçilən bu yazı Tehranın
üslubunu tanıdan ən dəyərli mətnlərdən
hesab edilməlidir. Bu yazının jurnalda necə dərc edilmə
hekayətini də danışa bilərik: bəli, "Ədəbiyyat
qəzeti"ndə baş redaktorun müavini vəzifəsində
çalışan Tehrandan yazı istənmişdi, həm də
çox fərqli, yüksək kriterilərə cavab verən
bir yazı, çünki adıçəkilən dərgi
sıradan mətnləri çap etmirdi. Tehran
özlüyündə maraqlı təsir buraxan başqa bir
yazı vermişdi və bu yazı mülahizəmizə
görə yaxşı olsa da, o dərgilik deyildi, o məqamda
Tehranın "Otel odası"ndan qəribə enerjiylə
danışan yazısına rast gəldim. Bu, "bədii nəsr mətnini necə təhlil
edərlər" anlamında bir nümunə olmaqla
yanaşı, ədəbi prosesdə dövrlə, zamanla, həm
də ölkənin taleyi ilə bağlı baş vermiş
mühüm dəyişikliyi incə şəkildə tutmaq fəhminin
mətni idi. Tənqidçi daha sonra, 2018-ci ildə
adıçəkilən məqalədə hifz olunan
ideyanı davam etdirirmiş kimi yazırdı: "...Anar bu ədəbiyyatı
bilavasitə quranlardandır; əsərləri ilə,
yazıçı mövqeyi, əqidəsi,
prinsipiallığı ilə. 60-cılar ədəbiyyatına
dəxli nə varsa, Anarda var. Kimisi lirika, "mən"
duyğusu, kimisi mühakimə, fikir, kimisi ağrı,
müqavimət, ya aqressiya... - Anar müasir ədəbiyyatımıza
düşünmək mədəniyyəti gətirib. Doğrudur, kimsə deyə bilər ki, bu, klassikada
var; klassikada nə yoxdur ki; o sıradan 60-cılarda da
klassikadan bir duz var. Düşünmək, düşünmək,
düşünmək; düşüncənin
yaratdığı aurada var olmaq... - bu məhz Anarın yaratdığı
bədii platformadır. Bir tənqidçinin söylədiyi
kimi: Anar nəsrimizə "düşünən və
düşündürən qəhrəmanlar" gətirmiş,
yaxud bir başqasının sezdiyi kimi: "həyat
maksimalizmi", ya üçüncü birisinin bəyan etdiyi
kimi: ekzistensial İnsan problemləri... Müasir
dünyanın nəfəsi var 60-cılarda, şəksiz; o
cümlədən bir çimdik duz da Qərb modernizmi,
modernizm estetikasından. Amma yazmışam, demişəm;
bir də demiş olum: "Azərbaycan yeni nəsri"
özəl hadisədir, əzəl mübtədası Anar
olmaqla; biz bu nəsri yalnız dünya ədəbiyyatı
içrə qavradıqda əsl çəkisini duya,
sanbalını bilə bilərik...".
Belə ki, Tehranda yazıçı, yazar üslubunu duymaq və
bunu tənqid, təhlil mətnində maksimum ekspressivliklə
ifadə edə bilmək səriştəsi var. Bu məqamda
"ekspressivlikdən" başqa bir cəhət də qabardıla
bilər: ideyanı, fikri dolandırmadan, məxsusi yerində
otuzdura bilmək çevikliyi. Yəni tənqidçi
"düşünmək mədəniyyəti"
anlayışına oxucunun gözlədiyi izahları vermir, əksinə
bu gözləntidən yan keçib onu məsələnin
başqa keyfiyyətinə doğru yönləndirir, yəni
bir yazıçının ədəbi ömrü boyu
yazdıqlarını bircə səhifəyə
sığışdıran məqamlar (tezislər-!)
hansılardır, bu mənada onun mətnlərindəki təhkiyə,
bədii mətndən aldığı informasiyanı
çatdırmaq, gördüyü, hiss edib "gizlətdiyi"
qüsurları hansı məqamlarda üzə çıxarmaq
üsulu fərqlidir; beləliklə, tənqidçi
"çoxmərtəbəli" təhkiyə
strategiyasına önəm verməklə bir əsər ətrafında
gəzişib modern milli ədəbiyyatın yolunu, istiqamətini
nişan vermək cəhdlərində bulunur... Yəni ədəbiyyatı,
ədəbi prosesi keçmişli-bugünlü və gələcəkli
proqnozlar daxilində çözməyin kifayət qədər
çətin və müşkül olduğu bir şəraitdə
daim özünü ötmək, bədii mətnləri
müxtəlif üslub prizmasından görə bilmək
ehtirası bir tənqidçinin baxışlarında
"sınmalar" yaratdığı kimi, əksər
hallarda onda mövcud anlayış və problemlərə
ayıq baxmaq özəlliyini də şərtləndirir. Bu mənada
Tehran bəzən, həm də ehtiyac duyulduğu məqamlarda
təhkiyə "çoxmərtəbəliliyindən"
"janr kodifikasiyasına" keçid edir, onun fb, onlayn
rejimdə ərsəyə gətirdiyi yazılar janrı
etibarilə fərqlidir, daha çox o mənada ki, Tehran indiki
şəraitdə ədəbi prosesə çevik münasibət
və reaksiyanın zəruri olduğunu dərk edir və bu
yöndə daha çox mübahisə yaradan fikirlər
atır ortaya. Əslində, mübahisə
doğuran həmin çevik mətnlərdəki ideyalar deyil,
baxsanız, o fikirlər onsuz da məlum və aydındır,
fərqli olan bu günümüz üçün zəruri
olan aspektləri oxucuya, ədəbi cameəyə
"qıcıqlandırıcı tonda"
çatdırmaqdır. Və həm də ədəbiyyatla
uğraşan, onu oxuyan, yaxud ara vermədən
təhlillər yazan oxucu və müəlliflərin yaddaşını,
bədii mətnə nüfuz edə bilmək duyğusunu
yoxlamaqdır. Tehran bir tənqidçi kimi öz
missiyasını yaxşı bilir, bu missiyanın bir sistem kimi
komponentlərini tam şəkildə ortaya qoyub gerçəkləşdirməyə
çalışır, yazılarında
"yaxşıdır, pisdir", "gərəkli, ya gərəksizdir"
qütblərindən vaz keçib tarixi-estetik fonu bu
günün mətnlərindən gələn intensiyalarla
qovuşdurmağa çalışır, bu baxımdan onun
"oxu zalı" portalındakı müzakirələrdə
iştirakı, yazdığı təhlil yazıları gənc
ədəbiyyatçılar üçün öyrənmək
mənasında önəmlidir.
Tehran, eyni zamanda həm
klassik nəsri, həm modern-müasir nəsr və poeziya mətnlərini
təhlil edir.
Klassik nəsr mətnlərinə yanaşması ilə digər
bədii mətnləri çözmək üsulu həm
oxşar, həm də fərqlidir: şübhəsiz ki, metod
və zamanın dərki baxımından. Mirzə Cəlilin
"Danabaş kəndinin əhvalatları"na
yönəlik araşdırmalarında Tehran ədəbiyyatşünasdan
çox tənqidçidir və həm də ədəbiyyat
tarixçiliyinin fəlsəfəsindən axıb gələn
ən dürüst meyarları içində ehtiva edən
yeni tənqid estetikasının prinsiplərini davam və
inkişaf etdirmək əzmi ilə. Onun tədqiqatında Mirzə
Cəlilin nəsr əsərlərinin ayrı-ayrı klassik
janrlarla (bayatı, qoşma, qəzəl...) müqayisəsi
müəyyən dərəcədə assosiativlik üzərində
qurulsa da, hər halda klassik mətnlərdən ümumən ədəbi
düşüncəni var edən ideyaların məhvərini,
içini-tamamını bəlli etmək cəhdi kimi
çox maraqlıdır. Bu tipli
araşdırmalarda Tehran ədəbiyyat tarxçiliyinin ciddi
prinsipləri ilə bədii mətni sərbəst şəkildə,
heç bir maneə və estetik qadağa olmadan yalnız fəhmlə
duyma və bunu sözlərə çevirmək cəhətləriylə
birləşdirməyə çalışır (Xudu Məmmədovun
"Qoşa Qanad" kitabındakı intellektlə hissin, fəhmin
qovuşduğu anların son dərəcə maraqlı
obrazlarını yada salın). Yəni bir ədəbiyyat
tarixçisi, daha çox isə bir tənqidçi kimi,
Tehran bədii mətni ən müxtəlif yönlərdən
oxumağa çalışır. Diqqət edin:
"Günün qəhrəmanı necə olmalıdır? -
soruşursuz. Bir peşəkar
oxucu olaraq hər bir yeni əsərdə mən, ilk növbədə,
özümü axtarıram, qəhrəmanın yerinə
qoyaraq, necə deyərlər, özümü qəhrəmanla
eyniləşdirirəm, identifikasiya edirəm. Mənim
duyduqlarımı-gördüklərimi-bildiklərimi deyə
bilirsə, hələ yaxşıdır, təqdir edirəm;
üstəlik bilmədiklərimə aparırsa məni, heyrətləndirirsə,
düşündürürsə... - əhsən!, deyirəm, bu barədə başqalarına
da xəbər verməyə çalışıram".
Buna da diqqət edin: "Amma bilirsizmi, ədəbiyyatımız
ümumən "dünya təcrübəsi"nə nədə
uduzur? Mənimcə, bütövlükdə intellektual
düşüncə səviyyəsində! Ədəbiyyatımız
çağın ağrılı suallarını elə bil
orijinal düşünə - həzm edə bilmir, sanki
"dünya təcrübəsi"ndə olanları təkrarən
istehsal edir. Təzə, tam orijinal ideya-tərz-yanaşma,
yəni sırf "öz sözümüz"ü təklif
edə bilmir oxucuya. İstər modernizm məcrasında
olsun, istərsə də elə postmodern.
Görünür, oxucuların yaşadığımız
qlobalizə dövrünün suallarına cavabı daha
çox əcnəbi ədəbiyyatda axtarmaları da elə
bununla bağlıdır...". Bu iki mətn pasajında Tehranın bədii mətnə
və ədəbi tənqidin funksiyasına aydın münasibəti
əksini tapıb. Hələ bu da azdır: cari prosesdəki
çatışmayan cəhəti, özü də prosesdə
dərin şırımlar açmış, onu dərininə
inkişafdan illər boyu məhrum edən bir aspekt onun şərhində
bəzək-düzəksiz analitik tərzdə yozumlanır. Bu nəyə görə belədir? Tənqidçi
20-30 ilin proses istiqamətlərini, ümumən ədəbi
gedişatdakı ən ümdə detalları seçib bir
kontekstdə dəyərləndirə bilir, bu mənada onun
cari prosesdə tənqidçi imzaları ilə
çıxış edən müəlliflərə də
münasibəti analitik yozumla müəyyənləşir, həm
də fərdi üslub bucağından. Baxın, 70-80-ci illərdə
ədəbi prosesdə inkişaf baxımından düzxətlilik
vardısa, bu proses hazırda bəzən bir-biri ilə
çarpazlaşan çoxlu çevrələr şəklindədir.
Ona görə də bizim tənqid prosesindəki ziddiyyətlər
ilk baxışdan oxunan olsa da, əslində, problem çox
ağrılı və bir az da
ümidsizdir. Bir tərəfdə ədəbi
prosesə münasibətdə əyalət təfəkkürü
çağlayır, "məhsuldarlığı" ilə
seçilir (təzad nədədir? - bu əyalət
təfəkkürünün ifadəçiləri qəribədir
ki, dünya ədəbi prosesin çevrələmək
iddiasına düşür və özlərinə qədər
deyilənləri çox bəsit şəkildə təkrar
edirlər), digər tərəfdən, modern
çağın düşüncə tərzini mənimsəmək,
qavrayıb mətndə inikas etdirmək şövqü yeni nəzəriyyəçilər,
tənqidçilər nəslinin yetişməsinə təkan
verir. Bu prosesdə Tehranın payı əhəmiyyətlidir.
Tehranın tənqidçi
konsepsiyasında iki cəhət mənimçün
maraqlıdır: 1) O, bütün yazılarında
açıq-aşkar milli bədii nümunələrdə Azərbaycan
obrazını axtarır, bu xətt onun
yaradıcılığında bir an olsun belə
qırılmır; 2) milli və dünya ədəbi prosesində
baş verən hadisələri, bunların gətirdiyi yeni
rakursu anında fəhm edir, hər hansı bədii nümunənin
orjinallığını məhz məxsusi tənqidçi
konsepsiyasına maksimum uyar şəkildə açıqlaya
bilir. Bu mənada Tehran janrların dilini gözəl bilir, bu
dillə deyilənləri və "gizli
saxlanılanları" fəhm edir, hissiyyatla intellektin
qovuşuğunda bədii mətndən keçmişə və
gələcəyə uzanan yolları nişan verir. (Baxın:
...Yuxarıda sadalanan əsərlərin hər birində
1990-cı illər Azərbaycanından gərəyincə həyat
materialı var; amma yeni epoxanın-zamanın, yeni Azərbaycanın
obrazı yoxdur hələ bu nəsrdə; bir qayda olaraq, qəhrəman
içində daşıdığı (öz) Azərbaycan
xəyalı-təsəvvürü-idealı ilə girir əsərə,
eləcə onun da obrazı-təcəssümünü:
pafosu-tragizmi-dramatizmini, yaxud satira-ironiya-parodiyasını
verir. Yeni həyat materialı yeni də
yanaşma-təqdim, xarakterini-obrazını istəyir nəsrdən).
Onun təfsirində tariximizin hər hansı
dönəmində irəli sürülən ideya, ideal, daha
sonrakı, müstəqillik dönəmində bu idealın
iflasa uğraması bədii nümunələr əsasında,
bədii mətnlərin toxumalarından keçirilərək
dərk və təqdim edilir. Bu mənada təhlil,
erudisiya, dərk, inikas... masştabı bütöv tənqidi
mətnin struktur və quruluşunu müəyyənləşdirir.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 16-17.