Tehran
Əlişanoğlu obrazı
İlk
tanışlığımız və Ədəbiyyat İnstitutunun dəhlizindəki
söhbətimiz indiki kimi
yadımdadır. 1993-cü il idi. Hələ o zaman
böyük ustadımız Yaşar Qarayevin Tehran
Əlişanoğluna necə hörmətlə və ciddi
yanaşdığının şahidiyəm.
Yaşar müəllim ikimizin də
elmi rəhbəri olub.
Professor Tehran Əlişanoğlu
az-az alimlərdən biridir ki, onunla ədəbiyyat söhbəti
etməyi, dialoqa girməyi, emosional mübahisə etməyi
çox sevirəm. Tehranın isə səbrlə dinləmək
mədəniyyəti, susub cavab verməyi başqa bir aləmdir...
O susanda da düşünür. Onun mətnləri susmaq əxlaqına
sahib bir alimin mətnləridir. "Şüuraltı
axın" akademik üslubunda aydınca görünür...
Tehran Əlişanoğlu təhlil
etdiyi mətnin obrazını yazıçının öz
obrazına proyeksiya edir. Kitablarında Azərbaycan ədəbiyyatı
tarixi bədii mətnlərin obraz tarixi kimi təqdim olunur.
Bizdə ənənəvi olaraq
poeziyadan (mən də içində olmaqla) yazan çoxdur. Həm
ədəbi mentalitetimiz də buna meyillidir, həm də səbrimiz
şeirə çatır. Amma etiraf etmək lazımdır
ki, müasir Azərbaycan nəsrinin intellektual-filoloji mənzərəsi
daha çox onun məqalələrində, resenziyalarında,
monoqrafik araşdırmalarında əksini tapıb. O, Azərbaycan
nəsrinin bilicisidir. Bu qədər fərqli müəllifləri,
fərqli üslubda nəsr mətnlərini necə oxuyub
çatdıra bilir?! Hələ də heyrət edirəm...
Ədəbi tənqidimizin bir təfəkkür
və fəaliyyət sahəsi kimi ayaqda durmasında onun
böyük əməyi var. Ədəbi tənqidimiz üzərinə
zaman-zaman "səlib yürüşü" yapılanda
onu haqsız, cahil hücumlardan qoruyanlardan biri
T.Əlişanoğlu olub. Sadəcə səbrlə,
başını aşağı salıb işini davam etdirib.
Məqalələrini yazıb, kitablarını nəşr
etdirib.
Ədəbiyyat tarixi, ədəbiyyat
nəzəriyyəsi onun yaradıcılığında
bir-birini tamamlayır. O, həm müasir nəzəriyyələrin
içindədir, həm də ondan "kənarda"
olmağı da bacarır. Yüksək nəzəri
hazırlıq fikirlərini ümumiləşdirməyə, mətnlərə
tənqidi yanaşmağa imkan verir. Xüsusən məqalələrinin
sonluğunu çox sevirəm - fikrinin cövhəri
ordadır.
Desəm ki, Tehranın filoloji
düşüncəsində zaman əsas kateqoriyadır, yəqin,
yanılmaram. Ona görə də bugünkü ədəbi
proses onun yazılarında ədəbiyyat tarixinin bir hissəsi
kimi görünür. Bəlkə də yazılarının
altında konkret tarix qoyması da həmin (xronotopik) həssaslıqdan
gəlir?!. Düşünürəm ki, Azərbaycanı da məkan
kimi deyil, zaman obrazı kimi qəbul edir. Özü də Azərbaycanın
tarixi obrazından çox, ədəbi-bədii obrazına
inanır. Bu inamı (və inancı!) onda Azərbaycan ədəbiyyatı
yaradıb.
Başımız məişət
qayğılarına elə qarışıb ki, dünən
Azər müəllim zəng edib deməsəydi, heç
yubileyindən xəbərim olmayacaqdı. Tələm-tələsik
Azərbaycanın bu görkəmli ədəbiyyatşünasını
və tənqidçisini, əziz dostumu kiçik bir təbrik
mətnilə salamlamalı oldum...
Yaşa, yarat, qardaşım!
Rüstəm
Kamal
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 17.