Sirlərin
sərgüzəştlərindən katarsisə
Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatında postmodern ədəbiyyatın əsas
yaradıcısı kimi təsbit olunan Xalq
yazıçısı, akademik Kamal Abdullanın bədii əsərləri,
hər şeydən əvvəl, bədiilikdə elm faktorunun
birgə fəal iştirakı ilə səciyyələnir. Daha doğrusu, elmi idrakla bədii düşüncənin
hər iki qanadında özünü isbat etmiş Kamal Abdulla
həm də elmi baxışın ədəbiyyatın
inkişafı üçün ikinci mühüm nəfəs
olduğunu özünün orijinal bədii əsərləri
ilə təsdiqləmişdi. Fikrimcə,
Kamal Abdullanı Azərbaycanda postmodern ədəbiyyatın
yaradıcısı olmasına gətirən yol da onun
yaradıcılığında elmi və bədii
düşüncənin dialektik vəhdətinə doğru
atılmış düşünülmüş addımlarla
üzvü surətdə əlaqədardır. Demək olar ki, məsələnin bu cəhəti, yəni
elmiliklə bədiiliyin mütənasib sintezi Kamal
Abdullanın bütün əsərləri üçün səciyyəvidir.
Aydın surətdə görünür ki, Kamal
Abdulla yaradıcılıq prosesində bədii təxəyyülün,
yazıçı fantaziyasının sərhədləri
daralanda elmi idrakla ona yeni nəfəs verməyi bacarır.
Bədii əsərlərinin mətnindəki
postmodernist gəzişmələrdə ənənəvi
mövzunu, məlum süjetləri dekonstruksiya etmək, ona
yeni don geydirmək üçün o, ədəbi əsərdə
elm amilindən yaradıcı şəkildə faydalanmaq vəzifəsinin
öhdəsindən gəlməyi böyük məharətlə
həyata keçirir. İndiki halda
artıq Kamal Abdullanın fərdi yaradıcılıq
üslubunun möhürbəndinə çevrilmiş bu
yanaşma tərzi Azərbaycan ədəbiyyatında fərqli
bir istiqamətin də aparıcı xüsusiyyətlərindən
biri kimi özünü təsdiq etmişdir. Beləliklə,
Kamal Abdulla böyük zəhməti və qabiliyyətləri
hesabına elmdə akademik rütbəni, ədəbiyyatda Xalq
yazıçısı fəxri adını almaqdan başqa,
həm də bədii yaradıcılıqda elmlə ədəbiyyatın
mükəmməl sintezini yaratmış yeni tipli
yazıçı-alim modelinin də mükəmməl bir
daşıyıcısıdır. Bu tərzdə
yazılmış "Yarımçıq əlyazma"
romanının müəllifinə və Azərbaycan ədəbiyyatına
qazandırdığı şöhrət seçilmiş
yolun üstünlüklərini və yaşarılığını
təsdiq edir.
Bu baxımdan Kamal Abdullanın 2019-cu
ildə nəşr edilmiş "Sirlərin sərgüzəşti"
romanı da Xalq yazıçısı təcrübəsi ilə
akademik yanaşmaların üzvü əlaqəsindən
yaranmış orijinal bədii əsərdir. Bu
roman Kamal Abdullanın elmi və bədii əsərlərindəki
paralelliklərin sintezinin yaradıcı şəkildə
davamıdır. Əslində, "Sirlərin
sərgüzəşti" Kamal Abdullanın romanı olmaqla
bərabər, həm də onun elmi baxışlarını və
ideyalarını bir yerdə əks etdirən ciddi və əhəmiyyətli
bir əsərdir. Xüsusən, "Kitabi-Dədə
Qorqud" dastanları ilə əlaqədar "Sirlərin sərgüzəşti"
romanında təsvir edilmiş motivlər bundan əvvəl
Kamal Abdullanın bu möhtəşəm Azərbaycan
oğuznaməsinə həsr olunmuş elmi əsərlərində
haqqında söz açdığı məsələlərin
yeni tərzdə təqdim olunmasından ibarətdir. "Sirlərin sərgüzəşti" daxil
edilmiş Beyrək-Banuçiçək, Basat-Təpəgöz
süjetlərində Kamal Abdulla elmi əsərlərində
tezis kimi səsləndirdiyi mətləbləri daha real,
canlı və həyati şəkildə təqdim
etmişdir. "Sirlərin sərgüzəşti"
romanındakı "Kitabi-Dədə Qorqud" motivləri
"Gizli Dədə Qorqud" və ya "Kitabi-Dədə
Qorqud"un poetikasına giriş" monoqrafiyalarında
haqqında bəhs olunan elmi ideyaların yaradıcı şəkildə
inkişaf etdirilmiş roman variantıdır. Beyrəklə
Banuçiçəyin "savaşında" dastanda
olduğu kimi Basatın deyil, Banuçiçək
xanımın qalib gəlməsi ideyası, yaxud dastandan fərqli
olacaq Təpəgözün "yunan adalarından gəlmə"
və müəyyən insani keyfiyyətlərə malik
varlıq olması mətləbləri Kamal Abdullanı uzun illər
ərzində məşğul edən məsələlər
sırasındadır. "Sirlərin sərgüzəşti"
romanında həmin məsələlərdən söz
açmaqla o, öz versiyasının müəyyən həyati
əsaslara malik olduğunu göstərmiş, irəli
sürdüyü mətləbi və ya ideyanı daha da
kütləviləşdirməyə
çalışmışdır. "Kitabi-Dədə
Qorqud" boylarının xalq arasında müxtəlif variantlarının
olduğunu nəzərə alsaq, Kamal Abdullanın
yaratdığı Beyrək-Banuçiçək, Basat-Təpəgöz
süjetlərinin roman versiyası, sanki oğuz
dastanının variantlarından biri təəssüratı
yaradır. Bununla belə, Kamal Abdulla
böyük ustalıqla özünü illərdən bəri
düşündürən müəyyən elmi ideyaları
və ya detalları roman dilində səsləndirməklə
bərabər, həm də əsərin ümumi süjetinə
uyğun olaraq "Sirlərin sərgüzəşti"
seriyasına daxil etmişdir. Əsər boyu baş verən
bütün hadisələr kimi, romandakı Dədə Qorqud
motivlərinin də Hacı Mir Həsən ağa Səyyahın
risaləsinin fəsilləri kimi təqdim edilməsi,
tarixçi professor Həsən Hüseynovun araşdırma
kağızlarında "zühur etməsi" formatında
oxuculara çatdırılması məlum süjetlərə
yeni bir roman həyatı qazandırmışdır. Digər məsələlərdə olduğu kimi, Dədə
Qorqud süjetlərinə yenidən qayıdışda da
Kamal Abdulla özünü təkrar etməmiş, mövcud
elmi düşüncəsini fərqli və yaradıcı
şəkildə inkişaf etdirmişdir. Hətta
Kamal Abdulla "Sirlərin sərgüzəşti"
romanında özünün "Kitabi-Dədə Qorqud"
dastanları ilə əlaqədar elmi ideyalarına müəyyən
əlavələr də etmişdir. Belə ki, o, elmi əsərlərində
nəzərə çarpmayan oğuz tayfalarından olmayan qəhrəmanların,
məsələn Qanturanın "kafir qızı" Selcan
xatunla, yaxud Dədə Qorqudun "gəlmə" Təpəgözlə
hansı dildə danışması məsələlərini
ilk dəfə "Sirlərin sərgüzəşti"nin
təqdim etdiyi "sirlərin" sırasında səsləndirilmişdir.
Elmi əsərlərində tezis şəklində
ifadə etdiyi mətləbləri romanının fəsillərinə
çevirən Kamal Abdulla, yəqin ki, bədii əsərində
qaldırdığı problemə yeni elmi araşdırmaları
ilə aydınlıq gətirəcəkdir. Elmi idrakla bədii düşüncənin vəhdətindən
yoğrulmuş digər əsərləri kimi, "Sirlərin
sərgüzəşti" romanı da tam mənası ilə
Kamal Abdullanı yaradıcı şəxsiyyət kimi də,
elm adamı kimi də tamamlayır. İlk dəfə
olaraq romandakı sirlərin sərgüzəştinin
"carçısı" Hacı Mir Həsən ağa Səyyah
obrazının Kamal Abdullanın prototipi olmasının müəllif
tərəfindən sezdirilməsi yazıçı Kamal
Abdulla ilə akademik Kamal Abdullanın nə qədər vəhdətdə
olduğunu təsəvvür etməyə imkan verir. Xalq
yazıçısı, akademik Kamal Abdulla kimi, Hacı Mir Həsən
ağa Səyyah da bir bədii əsər qəhrəmanı
olaraq özündə coğrafiyaçı və mətnşünas
alimlə sirlərin sərgüzəşti risaləsini roman
şəklində ifadə edən yaradıcı şəxsiyyət
sifətində ifadə olunan, mükəmməl surətdə
işlənmiş və ümumiləşdirilmiş bədii
obrazdır. Kamal Abdulla "Sirlərin sərgüzəşti"
romanında Hacı Mir Həsən ağa Səyyahın onun
özü olduğunu bildirməklə bu vaxta qədərki əsərlərində,
xüsusən "Sehrbazlar dərəsi" romanında təsvir
etdiyi Səyyahın üzündən "bədii obraz" niqabını
götürmüşdür. Fikrimcə, Kamal
Abdullanın tədqiqatçıları onun
yaradıcılığını tədqiq edərkən məsələnin
bu cəhətinə diqqət yetirməklə məsələlərə
yenidən qiymət verməli olacaqlar.
"Sirlərin sərgüzəşti"
romanında Kamal Abdullanın digər bədii əsərlərindən
"gəlmə" motivlər vardır. Əsərdə
Məhəmmədəlinin oğlu Novruzəlinin sərgüzəştlərinin
təsvirində "Sehrbazlar dərəsi" romanından
alınma məqamlar nəzərə çarpır. Əsərin sonunda isə "Unutmağa kimsə
yox" romanının fəlsəfəsinə fərqli bir
formada qayıdış müşahidə olunur. Əvvəla, hər iki halda "Sirlərin sərgüzəşti"ndə
əvvəlki əsərlərindən gəlmə motivlər
epizodik cizgi xarakteri daşıyır. İkincisi və
fikrimcə, ən mühümü isə bundan ibarətdir ki,
Kamal Abdulla yaradıcılığındakı məlum motivlərə
yenidən müraciət edərkən həmin mövzu ilə
əlaqədar qabaqkı əsərlərində demədiyi,
yaxud demək istəmədiyi mətləbləri indi, yeni bədii
əsərində fərqli şəkildə səsləndirmək
istəmişdir. Beləliklə, ona doğma
olan mövzular və süjetlər daim əsərdən-əsərə
dialektik inkişaf prosesləri yaşayaraq və ardıcıl
şəkildə yeniləşərək, dərinləşib
daha da təkmilləşir. Bu faktor Kamal
Abdullanın yaradıcılığının bütöv mənzərəsini
tamamlayır və onun yaradıcılıq təkamülünü
əhatəli şəkildə izləməyə imkan verir.
Kamal Abdullanın "Sirlərin
sərgüzəşti" romanı çoxplanlı əsərdir. Roman janrı
üçün xarakterik olan çoxplanlılıq ədəbi
ənənədə daha çox seçilmiş həyat
materialının, yaxud əsərin əsas qəhrəmanının
təqdimatındakı müxtəlif istiqamətlərin,
qatların əks etdirilməsi funksiyalarının bədii mətndə
öz əksini tapması kimi qəbul edilir. Kamal Abdullanın "Sirlərin sərgüzəşti"
romanında isə çoxplanlılıq bir-birindən fərqli
məkanlarda və ayrı-ayrı qəhrəmanlara aid olan
hadisələrin və obrazların vahid süjet xətti ətrafında
birləşdirilməsi formatında təqdim olunur. Müxtəlif insanların həyatında və
taleyindəki "sirlərin sərgüzəştləri"
onları tale, baxış etibarilə bir-biri ilə
yaxınlaşdırır və doğmalaşdırır.
Bununla belə, "Sirlərin sərgüzəşti"ndəki
aparıcı obrazlardan hər birinin taleyinin təsviri
ayrılıqda həm də müstəqil bir bədii əsər
təəssüratı yaradır. "Sirlərin sərgüzəşti"nin
içərisində tanınmış tarixçi alim Həsən
müəllimin romanı, tacir Məhəmmədəlinin
Çərxi-fələk ölkəsinə işıq
axtarmağa getmiş oğlu Novruzəlinin və onun
qardaşı xudpəsənd Nəzərəlinin povesti, əsərin
sonlarına yaxın haqqında söz açılan Hacı
Ələkbərin hekayəti, hətta məchul şəkildə
sənətkar adlandırılan mütəfəkkir şəxsin
novellası yerləşdirilmişdir. "Sirlərin
sərgüzəşti" roman içərisində roman
yaratmaq nümunəsidir. Kamal Abdulla paralel
süjetləri "sirlərin bir-birinin içinə girməsi"
və ya "sirlərin bir-birinə qarışması"
kimi təqdim edir. Yazıçı Hacı Mir Həsən
ağa Səyyahın "Səyahətnamə" risaləsinin
timsalında sirlərin sərgüzəştlərini
"yerbəyer etmək" yox, "hansı şəkildə,
neçə və nə təhər", "heç bir
düzəliş aparmadan" qələmə almağı ən
məqbul üsul hesab edir. "Sirlərin sərgüzəşti"
romanı oxucuya (tədqiqatçıya da - İ.H.) əsərdə
təsvir olunan həyat materialını, insan talelərini
bütün yönləri ilə başa düşməyə,
daha dəqiq desək, hərtərəfli şəkildə dərk
etməyə əsas verir. "Sirlərin
sərgüzəşti"ndə bir-birindən fərqli sirlərin
vasitəsilə bütövlükdə cəmiyyətin və
insanın dərindən təqdim edilməsindən açar
kimi istifadə edilməsi Kamal Abdullanın yazıçı
özünəməxsusluğunun bədii ifadəsi olmaqdan
başqa, həm də dünyanın qavranılması
üsulu kimi nəzərə çarpır. Müəllif müxtəlif taleli insanların tale
romanlarını ""Sirlərin sərgüzəşti"nə
cəmləşdirmiş, fərqli həyat hadisələri
ilə müşayiət olunan süjetlərdən bənzər,
ümumiləşdirilmiş nəticələr
çıxarmışdır. Beləliklə,
"Sirlərin sərgüzəşti" "gəlimli-gedimli",
sirli-soraqlı dünyanın harmoniyası haqqında
yazılmış orijinal romandır.
Fikrimizcə, Kamal
Abdullanın "Sirlərin sərgüzəşti"
romanı Azərbaycan postmodernist ədəbiyyatının əhəmiyyətli
bir nümunəsidir. Bu, yəni postmodernist baxış əsərin
bir çox məqamlarında aşkar müşahidə
olunmaqdadır. Əvvəla, "Sirlərin
sərgüzəştləri"ndəki hadisələrin
demək olar ki, folklor motivləri üzərində
qurulması, şifahi xalq ədəbiyyatı
materiallarından alınma süjetlərin romanda təsvir
olunan həyatı prosesləri axara salmaq funksiyasını
yerinə yetirməsi postmodern yanaşmadır. Romana əlavə süjet kimi daxil edilmiş "pəhləvanların
nağılı" da bitməmiş, tamamlanmamış,
lakin özünəməxsus bədii funksiya daşıyan
yarımçıq əlyazma təəssüratı
yaradır. İkincisi, əsərdə
folklor materiallarının, xüsusən də "Kitabi-Dədə
Qorqud" boylarındakı motivlərin dekonstruksiya edilməsi
həm də postmodernizmin təzahürləridir. Hadisələrin və obrazların təqdimatında
zamanın şərti anlayış kimi illər, yaxud tarixlər
əsasında deyil, fəsillər üzrə təqdim
olunması da postmodernizmdən başqa bir şey deyildir.
Kamal Abdulla orijinal xüsusiyyətlərə
malik "Sirlərin sərgüzəşti" romanı ilə
Azərbaycan postmodernist ədəbiyyatını daha da zənginləşdirmişdir.
"Sirlərin sərgüzəşti"
romanı Azərbaycan ədəbiyyatında posmodernizmin
yaşamaqda davam etdiyini əyani surətdə nümayiş
etdirir.
Kamal Abdullanın "Sirlərin
sərgüzəşti" əsərindəki əsas motivlər
"təkcənəlik" və "gərəksizlik"
ideyaları üzərində qurulmuşdur. Qeyd etmək
lazımdır ki, "Təkcənəlik"
sözünü neologizm kimi ilk dəfə ədəbiyyata
Xalq yazıçısı Kamal Abdulla gətirmişdir.
O, həm də Həsən müəllim obrazının
simasında bu cür həyat tərzinin faciəsini də
inandırıcı şəkildə təsvir etmişdir. Həsən müəllim "təkcənəliyin"
- tənhalığın, həyatdan tədric olunmağın
ibrətamiz acı nəticələrini əks etdirən
ümumiləşdirilmiş obrazdır. İndiyə
qədərki ədəbiyyatda tənhalıq əsasən
şəxsiyyətin, fərdin faciəsi kimi təqdim
olunmuşdur. Kamal Abdulla isə "təkcənəliyi"
şəxsiyyətin və onu əhatə edən mühitin,
nəticə etibarilə cəmiyyətin faciəsi kimi
ümumiləşdirmişdir. Bu məqamda ən sonda
doğma ocağını tərk edərək qeyb olmuş Həsən
müəllimlə, insanlığın sirlərin
açıb göstərdiyi üçün qaragüruhun
yaratdığı ölüm təhlükəsi ilə
üzləşərək evi yandırılmış,
özü mağaraya sığınmış Hacı Mir Həsən
ağa Səyyahın acınacaqlı taleyi üst-üstə
düşür. Hətta Çərxi-fələk
şəhərində arzu etdiklərini tapa bilməyən, vətəninə
dönmək üçün Sindbadla birlikdə vahiməli dəniz
səfərinə çıxmağa məcbur olan, son taleyi
naməlum qalan Novruzəlinin aqibəti də mahiyyət
etibarilə onlarla yaxındır. Zahirən
belə görünə bilər ki, müəllif oxucusunu
"təkcənəlik"dən yaxa qurtarmağın
mümkünsüzlüyünə inandırmaq yolunu
tutmuşdur. Fikrimcə, yox! Kamal Abdulla
"Sirlərin sərgüzəşti"ndə yekun olaraq
romanda təsvir etdikləri obrazların həyatının
sonluğunu naturalist şəkildə açıb göstərmək
yox, baş verən acı hadisələrdən müstəqil
və obyektiv nəticə çıxarmaq missiyasını
oxucunun ixtiyarına buraxmaq vasitəsilə onu mənəvi təmizlik
baxımından seçim qarşısında qoyur.
"Sirlərin sərgüzəşti"
- ağılın, idrakın ağrılı sərgüzəştləridir.
"Sirlərin sərgüzəşti"ndən
çıxan əsas nəticə insanın mənəvi cəhətdən
təmizlənməsi, katarsisdir.
"Sirlərin sərgüzəşti"
romanı "Yarımçıq əlyazmanın davamı,
"Sehrbazlar dərəsi"nin dərinləşdirilməsi,
"Unutmağa kimsə yox" fəlsəfəsinin ümumiləşdirilməsi
olmaqla bərabər, ideal eşqin daşıyıcısı
odunçu Əhmədin, vəfalı və cəfakeş
övlad missiyasını məsuliyyətlə yerinə yetirən
Həlimənin, onun qızı, bir neçə cümlə
ilə babası Həsən müəllimin obrazını
cızan balaca Bəyinin, nankor övladların Əliqismətin,
Zaurun... başlanğıcıdır.
Bu mənada "Sirlərin sərgüzəşti"ndən
Kamal Abdullanın bundan sonrakı yaradıcılıq macərasını
da hiss etmək, görmək mümkündür.
"Sirlərin sərgüzəşti"
Kamal Abdullanın həyatın və ədəbiyyatın təzə
"sirləri" yollarında ciddi axtarışların
içərisində olduğunu diqqətə
çatdıran orijinal roman nümunəsidir.
"Sirlərin sərgüzəşti"
sadəcə yalnız sərgüzəştlərin təsviri
olmayıb, seçilmiş həyati sərgüzəştləri
böyük sənət hadisəsi səviyyəsinə
qaldıran əsl ədəbiyyat nümunəsidir.
Əsərdə Hacı Mir
Həsən ağa Səyyahın
sığındığı mağara ideal bir cəmiyyətin
yox, əbədiyyətin rəmzidir. Kamal Abdulla
"Mağara xilas yeridir, oranı tərk etmək olmaz" -
dedikdə də mağaranı qəhrəmanların
düşdükləri çətin vəziyyətlərdən
çıxış yolu üçün məkan kimi seçmələrini
təqdir etməyib, mənəvi cəhətdən çirklənmək
və ya alçaldılmaqdansa, hətta mağarada
yaşamağı seçmək daha məqbul yoldur -
mesajını vermişdir.
Kamal Abdulla oxucusunu mənəvi
baxımdan təmizləmək üçün dərindən
düşünməyə, heç bir hazır resept vermədən
özünü və ətrafı təhlil edib nəticələr
çıxarmağa istiqamətləndirir. Romanın
sonlarına doğru, süjetin razvyazka hissəsində
yaşanan qorxu, həyəcan və stress oxucuda böyük
yunan alimi Aristotelin kəşf etdiyi katarsis-mənəvi təmizlənmə
prosesinin baş verilməsinə tam şərait yaradır.
Böyük ədəbiyyatın əbədi, əzəli
yolu və əsl yazıçının idealı da bu şərəfli
missiyaya xidmət etməkdən ibarətdir.
5 yanvar 2020-ci il
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 18-19.