"Qurbani" dastanının İstanbul çapı

 

Orta əsrlərdə yaşamış, əsərləri əlimizə çatmış aşıqlarımızdan biri də Qurbanidir. Dəqiq doğum tarixi məlum olmasa da, tədqiqatçılar adı ilə bağlı olan dastana, şeirlərinə əsaslanaraq göstərirlər ki, şair XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşamış, Şah İsmayıl Xətainin hakimiyyəti illərində  (1501-1524) onun sarayına yaxın olmuşdur. (Qurbaninin Səfəvilər sarayında yaşaması barədə fikir heç bir sənəddə təsdiqini tapmır). Şair Cənubi Azərbaycanın Dirili kəndində doğulmuş, Dirili Qurbani kimi də məşhur olmuşdur. Zəngin ədəbi irsə malik olan ustad aşığın əsərlərinin bir çoxu əlimizə çatmayıb, şifahi xalq ədəbiyyatı janrlarında yazdığı şeirləri, qoşma və gəraylıları onu qüdrətli lirik şair kimi səciyyələndirməyə imkan verir. Qurbani sadə, axıcı dillə yazılmış lirik şeirlərlə bərabər, ictimai məzmunlu, dövrünün haqsızlıqlarını, ədalətsizliklərini tənqid edən əsərlər də yazmışdır. Onun Şah İsmayıla yazdığı, vəzirdən, saray əyanlarından şikayət məktubu, ümumiyyətlə, bütün xalqın saray adamlarının, məmurların özbaşınalığından, zülmündən şikayəti kimi səslənir.  Professor Məmmədhüseyn Təhmasib haqlı olaraq göstərir ki, şairin şeirləri əsasında tərtib edilmiş "Qurbani" dastanında rast gəldiyimiz şaha şikayət məktubu tamamilə başqa bir əhvalat, Qurbaninin başına gəlmiş başqa bir hadisə münasibətilə yazılmışdır: "Bir sıra qoşmalar, bəndlər, misralar onun dövlət adamları tərəfindən incidilmiş olduğunu da aydın şəkildə göstərir ki, bunlardan biri elə həmin "Mürşidi kamilin, Şeyx oğlu Şahim" qoşmasıdır. Buradakı "Baş açmadım seyrəqibin sirindən" və "Qolubağlı keçdim Xudafərindən" misraları həmin qoşmanın və ümumiyyətlə, Qurbaninin bu qoşma ilə şaha müraciətinin müəyyən bir tarixi hadisə ilə bağlı olduğunu göstərir. Dastanda o, Xudafərini qolubağlı keçməyir. Buna görə də orada bu misra vəziyyətə uyğunlaşdırılmış, "qolubağlı" sözü "gözü yaşlı" ilə əvəz edilmişdir. İkinci bənddəki "Oğlu ölmüş vəzir qəza eylədi" misrası isə bu hadisənin vəzirlə əlaqədar, daha dəqiq deyilsə, vəzirdən şikayət olduğunu göstərir. Bu ehtimalı şairin "Gəlmişəm" rədifli qoşması da bir daha qüvvətləndirir". "Qurbani" dastanının mətnini ayrı-ayrı mənbələrdən əlimizə çatmış şeirləri ilə müqayisə etdikdə görürük ki, onun şikayət, etiraz ruhlu bir sıra şeirləri aşıqlar tərəfindən dəyişdirilərək məhəbbət dastanının ruhuna uyğunlaşdırılmışdır.

Tədqiqatçılar "Qurbani" dastanının üç versiya təşkil edən əsasən on variantının olduğunu göstərirlər. Şərti olaraq Gəncə, Diri və Zərgan versiyaları nəzərdən keçirilir. Gəncə versiyasının dörd, Diri versiyasının dörd, Zərgan versiyasının isə iki variantı vardır.

Bu yaxınlarda dastanın Berlin Dövlət Kitabxanasından əldə edilmiş çap nüsxəsinin surəti göstərir ki, əsərin Anadoluda yayılıb qələmə alınan versiyası mövcuddur. Kitabxanada Or.265545 şifri altında saxlanan "Aşıq Qurbani" adı ilə 1880-ci ildə İstanbulda çap edilmiş, 40 səhifədən ibarət bu nüsxə bir neçə baxımdan diqqətimizi cəlb edir (əsərin surətini Berlin Dövlət Kitabxanasından əldə edib bizə göndərən Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyniyə minnətdarlığımızı bildiririk). Fikrimizcə, dastanın bu nüsxəsinin ilk növbədə o cəhəti əlamətdardır ki, əsasən sovet dövründə Şimali Azərbaycanda toplanan variantlardan fərqli olaraq bu nüsxə daha əvvəl yazıya alınmış və deməli, burada müxtəlif aşıqların əlavələri daha azdır. Nüsxənin mətnindəki süjet xəttində, bəzi əhvalatlarda, əsas qəhrəmanların adında, buraya daxil edilmiş şeir parçalarında müəyyən fərqlər vardır ki, bunlar da onu ayrıca bir versiya kimi nəzərdən keçirməyə imkan verir.

Qeyd edək ki, professor Məmmədhüseyn Təhmasib əsəri məcazi məhəbbət dastanı, rəmzi dastan adlandırır ki, bu da, fikrimizcə, onun ilahi eşqə, təsəvvüfi eşqə həsr edilməsi ilə bağlıdır. Qurbani də, yuxuda buta verilmiş digər məhəbbət dastanı qəhrəmanları da Haqq aşiqləridir. Haqq aşiqi isə, əslində, Tanrıya, Yaradana aşiq olan, ona qovuşmağa can atan mütəsəvvif deməkdir. Qurbaninin yaşadığı dövrdən Azərbaycanda, Anadoluda, digər yerlərdə geniş xalq kütlələrinin anlayacağı dildə, heca vəznində şeirlər yazan ozanların Haqq aşiqlərinə çevrildiyini, aşıq sözünün mütəsəvvif-şair anlamında işlədildiyini görürük. Təsadüfi deyil ki, dastanda şair Şah İsmayıl Xətaiyə "mürşidi-kamilim" deyə müraciət edir. Səfəvi hökmdarları səfəviyyə-təriqətinin mürşid-rəhbəri, başçısı idilər. Azərbaycan ədəbiyyatında Məhəmməd Əmani Şah İsmayıl Xətaiyə, Qəribi I Təhmasibə, Məsihi I Şah Abbasa şeirlərində "mürşidi-kamilim" deyə müraciət etmişlər.

Dastanın əldə edilmiş yeni versiyasında, İstanbulda nəşr edilmiş "Aşiq Qurbani" dastanında bir sıra ciddi fərqlər vardır ki, onları diqqətə çatdırırıq. Dastanın əksər variantlarında valideynlərin övladı olmur, onlar nəzir-niyaz verir, qurban kəsirlər, bundan sonra oğullar dünyaya gəlir. Bu səbəbdən də onun adını Qurbani qoyurlar. (Məntiqə görə, onun adı Qurban olmalı idi. Aşıqlar Qurbani şeirləri əsasında onun adı ilə bağlı olan dastan yaradarkən ustad aşığın adını təhrif etməmək üçün belə etmişlər). İstanbul nüsxəsində isə baş qəhrəmanın adı onun qurban kəsiləndən sonra doğulması ilə bağlı deyil. Qurbani varlı bir tacirin-bazirganın üç oğlundan biridir. Onların adı müsəlman ilinin ayları ilə bağlıdır: Rəcəb, Şəban, Qurbani. Burada Qurbani adı Həcc səfərləri edilən, qurbanlar kəsilən zilhiccə ayına işarə kimi təqdim olunur. Nüsxədər şeir parçalarının sayı Gəncə versiyası ilə müqayisədə azdır. Dilində osmanlı dilinin təsiri özünü göstərir. Təhkiyəsində nağıl, rəvayət tərzini, kitab dilinin təsirini görürük. Əsərin əvvəlindən bir nümunə verməklə onun əsasən yazıya alınarkən məruz qaldığı bu təsirləri əyani surətdə nümayiş etdirmək mümkündür: "Raviyani-Əxbar və naqilani asar və mühəddisani-ruzigar şöylə rəvayət və bu yüzdən hekayət edirlər ki, zəmani-əvaildə Əcəm diyarında kain bir məmləkətdə bir bazirgan var idi. Lakin dünya yüzündə gərək mal və gərək cariyə və tarla və əmlak və cəvahircə bir şeyə ehtiyacı yox idi.  Lakin bunun üç oğlanı var idi: birinin adı Rəcəb və birinin adı Şəban və birinin Qurbani idi". Qeyd edək ki, sonrakı yerlərdə əsərin dili sadələşməyə doğru gedir.

Dastanın ən mükəmməl Gəncə versiyasında Qurbaninin atasının adı Mirzəli, əmisinin adı isə Hüseynəli xandır. Onlar Xudafərin körpüsü ilə Araz-Kür qovuşağı arasında yaşayırdılar. Ataları öldükdən sonra Hüseynəli xan atasının bütün varidatını mənimsəyir, qardaşına heç nə vermir. Yoxsul Mirzəli xanın qurban kəsdikdən sonra bir oğlu Qurbani doğulur. Qurbani böyüyüb əmisinin yanına gedir. Ondan bir cüt öküz alır. Lakin Qurbani bu öküzləri kövşəndə işlədə bilmir. Öküzləri açıb buraxır, özü də bir zağada yatır. Yuxuda ona buta verilir. Üç gündən sonra ayılan Qurbani gəncəli Ziyad xanın qızı Pəri xanımın ona buta verildiyini deyir, butasının ardınca Gəncəyə yola düşür, bir sıra çətinliklərdən, sınaqlardan, Şah İsmayıla müraciətindən sonra sevgilisinə qovuşur.

Diri versiyasında Qurbani Dirili Fəraməz bəyin nəzir-niyazla anadan olan oğludur. On yeddi yaşına çatanda atası öz əhdinə görə onu ova aparır. Bir dağkeçisini vurub yeyir, Mazannənə pirinin ətəyində yatırlar. Yatarkən Qurbani yalvarır ki, ona buta versinlər. Elə də olur. Yuxuda onu gəncəli Abdulla xanın bacısı Pərini göstərir, buta verirlər.  O, Gəncəyə yola düşür, bir sıra çətinliklərdən, Gəncə versiyasında olduğu kimi, Qara Vəzirin maneçiliklərindən, Şah Abbasa şikayətdən sonra Pərini Qurbaniyə verməyə razı olurlar. Qurbani əlində saz qızı Diri dağındakı pirdə gözləyir. Lakin vüsal baş tutmur: Qurbanini ilan vurur. O, bulağın başında ölür, Pəri də onun meyiti üstündə bayatı deyib ölür. Aşiqlər yanaşı qəbirlərdə basdırılır.

Cənubi Azərbaycan aşıqları tərəfindən yaradılmış üçüncü Zəngan versiyasına görə, Qurbani Zəngan xanı Vəlinin oğludur. Vəlinin ölümündən sonra qardaşı Məmmədəli vəzir şahlığı ələ keçirir, Qurbanini saymır, hətta oğlunun toyuna belə çağırmır. Bundan incimiş Qurbani bağda çarhovuzun yanında yatır. Yuxuda kabilli Pərizad xanımın qızı Pərini ona göstərib eşq badəsi içirirlər. Bir sıra macəralardan sonra Qurbani Kabilə gedib Pəri ilə görüşür. Çuğul vəzir bunu Kabil şahına xəbər verir. Pəri Kabil şahının oğluna nişanlıdır. Şahın hüzuruna gətirilən Qurbani qapının dalında əlində yalın qılınc olan cəlladların durduğunu hiss edir (bu, əslində, onun Haqq aşığı olub-olmadığını yoxlamaq üçündür), versiyaların hamısında istifadə edilən "Dedim: könül, sevmə xublar xubunu" misrasıyla başlanan qoşmasını deyir. Başqa versiyalarda olduğu kimi, qılınclar kütləşir. Şah Qurbaninin Haqq aşığı olduğunu başa düşür, onu incidən vəzirin boynunu vurdurmaq istəyir. Qurbani şahın qan tökməsinə razı olmur, vəzirə qarğış edir. Vəzir yıxılıb ölür. Şah Pərinin Qurbaniyə getməsinə razı olur. Dastan Qurbaninin Pəri xanıma və qırx incəbel qıza xitabən dediyi "Bənövşə" rədifli qoşması ilə bitir.

Yeni İstanbul nüsxəsində Qurbani adı bildirilməyən varlı bir tacirin oğlu, üç qardaşın biridir.  Atası ölərkən vəsiyyət edir ki, var-dövləti bərabər bölünsün, Qurbani məktəbə oxumağa göndərilsin. Bir gün Qurbani anasından xahiş edir ki, qardaşları tarlaya işləməyə gedərkən onu da gəzməyə aparsınlar. Tarlada işləyən qardaşlar onu çörək ardınca göndərirlər. Qurbani yolda bir çeşmənin başında yorulub yatır, üç gün ayılmır. Onu axtarıb tapanda görürlər ki, Qurbani yatıb, ağzından köpüklər çiyinlərinə tökülüb.  Üç gündən sonra ayılan Qurbani xəbər verir ki, qırxlar gəlib Qarabağda İzzət xanın bacısı Pərüzat (pəri mənşəli mənasını verən "pərizad" sözünün dəyişmiş variantıdır) xanımı ona buta vermişlər. Qeyd edək ki, dastanın əvvəlində, bir yerdə onun adı "Durrzat" kimi gedir. Bu məqamda Qurbaninin dediyi "Dedilər" rədifli qoşmada digər versiyalarla müqayisədə bir sıra fərqlər vardır. Burada haqqında söhbət gedən ərənlər, qırxlar, qırx ərənlər övliyalar, müqəddəslərdir ki, bu da bir daha əsərin təsəvvüflə bağlı olduğunu göstərir:

 

Yatirkən üstümə gəldi ərənlər,

 

Yatan, nə yatırsan, oyan dedilər,

 

Onu görən olur sərxoş, divanə,

 

Pəri, Pərizatdır dövran dedilər.

 

 

 

Oyandım qəflətdən, açdım gözümü,

 

Söylətdilər bəni, Həqqə dedim sözümü.

 

Ərənlər payinə sürdüm üzümü,

 

Doxsan min kəlam bəyan dedilər.

 

 

 

Əli minmiş Düldülə, Qənbər də belə,

 

Pirim də yadigar, qırxlar da belə,

 

Səbəb ............. qol-qola,

 

Bir qədəh iç, qan-dedilər.

 

Nəşrdəki mətbəə xətası səbəbindən sonuncu bənddəki bir neçə sözü oxumaq mümkün olmadı. Məhəbbət dastanlarında, adətən, buta verən Həzrət Əli olur. Burada Qırxlardan və Həzrət Əlidən danışılır. Dastanın həqiqi, ilahi eşqə həsr edildiyini göstərən başqa məqamlar da vardır. Sınaqlardan keçən Qurbanini Pərüzatla görüşdürmək istəyərkən, o, hətta nikahdan sonra da onunla cismani vüsalı arzulamadığını bildirir. Şah Abbasla görüşüb dərdini bildirəndən sonra Qurbani "Varmışam mürşidimə, muradım almışam" deyir, onun, Səfəviyyə təriqətinin müridi olduğunu bildirir. Qoşmaların birində o, sevgilisinin üzündə Tanrının təcəlli etdiyini deyir:

 

Cəbinin təcəlli, camalın günəş,

 

Küllü şeyün halik Allah deyibdir.

 

İki qabi-qövseyn, qürrətül-eynin,

 

Bilmirəm qanıma nə susayıbdır.

 

Beləliklə, digər versiyalardan fərqli olaraq İstanbul nüsxəsində Qurbaninin sevgilisinin adı Pərüzat xanımdır və o, Qarabağ xanı İzzət xanın bacısıdır. Əsərin bir yerinə

 

Könül dilər varım gedim qürbətə,

 

Orda bir şəhər var adı Gəncə, hey

 

- misraları ilə başlanan qoşmanın daxil edilməsi səbəbini başa düşmək olmur. Fikrimizcə, dastanın bu versiyasını yaradanlar sadəcə olaraq şairin şeirini kənarda qoymaq istəməmiş, nəyin bahasına olur-olsun, burada yerləşdirmək istəmişlər.

İstanbul nüsxəsində hadisələrin digər versiyalardan fərqli olaraq Qarabağda cərəyan etməsi barədə onu deyə bilərik ki, Səfəvilər dövründə Gəncə ilə Qarabağ uzun müddət bir bəylərbəylik olmuşdur. XVI əsrin 40-cı illərində I Şah Təhmasib Azərbaycanın Qızılbaş tayfalarından olan Qacar qəbiləsinin Ziyadlı oymağından Əmir Şahverdi Sultanı Gəncə-Qarabağ bəylərbəyi və Qacar qəbiləsinin başçısı təyin etmişdir. Bu vəziyyət 1737-ci ilə qədər davam etmiş, sonra iki xanlıq ayrılmışdır. Əksər versiyalardan fərqli olaraq, İstanbul nüsxəsində Qurbaninin arzusuna çatmaq üçün I Şah Abbasa müraciət etməsi barədə deyə bilərik ki, Səfəvi dövlətinin (1501-1736) ən qüdrətli hökmdarlarından olan I Şah Abbas (hakimiyyəti illəri: 1587-1629) şifahi xalq ədəbiyyatımızda geniş yer tutur. Folklorumuzda ona münasibət birmənalı olmamışdır. O, gah tamamilə mənfi, gah da tamamilə müsbət keyfiyyətlərdən ibarət şəxsiyyət kimi də təqdim olunmuşdur. Bir çox nağıl, əfsanə və rəvayətlərdə o, xeyirxah, ədalətli bir hökmdar, mürşid kimi təsvir edilir, "cənnətməkan" deyə xatırlanır. Bu əsərlərdə o, çox vaxt vəzir Allahverdi xanla birlikdə libasını dəyişərək kəndləri, şəhərləri, evləri gəzir, sadə insanların dərdini öyrənir, haqsızlıqları, ədalətsizlikləri aradan qaldırır, günahkarları cəzalandırır. Burada da o, ədalətin tərəfdarı kimi göstərilmişdir.

İstanbul nüsxəsində digər versiyalarda olmayan belə bir epizod vardır: Qurbani Qarabağa getdiyi yolda bir abdala rast gəlir. "Abdal" övliya, müqəddəs deməkdir. Əsərdə sufi mənasında işlənir. Aşıq Qurbani ona "paşam" deyə müraciət edən abdalla libasını dəyişir, bundan sonra getdiyi bütün yerlərdə abdal və Haqq aşığı kimi qəbul edilir.

 

Nəzərdən keçirilən nüsxədə belə bir qoşma vardır:

 

Yatır ikən üstümə gəldi ərlər,

 

Muradımı verdi murad verənlər.

 

Eşit, şahım, Pərüzatı görənlər,

 

Ya sərindən keçər, ya abdal olur.

 

İstanbul nüsxəsində olub, başqa versiyalarda rast gəlmədiyimiz bir sıra məqamlara diqqət yetirək. Burada da Pərüzat xanım (əksər versiyalarda Pəri xanımdır) vəzirin oğlunun nişanlısıdır. Lakin burada onun adı Qara vəzir deyil. Onun, ümumiyyətlə, adı yoxdur. Vəzirlə bərabər bacısı Nigar xanım da Qurbanini sınaqlardan keçirir. Bu sınaqlarda Qurbaninin rəqiblərinin məqsədi onun Haqq aşığı olmadığını sübut etməkdir. Əgər o Haqq aşığıdırsa, onun butasını müqəddəs qüvvələr vermişlərsə, belə bir adamın taleyini heç kim dəyişdirə bilməz. Haqq aşıqlığının özünü nədə büruzə verdiyini görürük: O, heç kimin görə bilmədiyini görür, qarşısındakının fikrindən, məqsədindən belə xəbərdardır. İstanbul nüsxəsində belə bir epizod var: İzzət xan Qurbaninin Haqq aşığı olduğunu başa düşüb qızını ona vermək qərarına gəlir.  (O başa düşür ki, müqəddəs qüvvələrin əmrinə qarşı durmaq olmaz). Lakin məkrli Nigar xanım xandan icazə alıb onu yeni sınaqlara çəkir. Aşıq bütün sınaqlardan keçdikdən sonra, Nigar xanım ona şərab verir. Qurbani sərxoş olub huşunu itirir. Nigar xanım bir qayıqçıya pul verib Qurbanini sahibsiz bir adaya aparmağı tapşırır. Qurbani adada ayıldıqdan sonra başına gələn əhvalat maraq doğurur, buradakı onu xilas edən, adı çəkilməyən müqəddəs əlamətlərinə görə Xızır peyğəmbərdir: "Qurbani, - qaliba, bən röya görürəm, - deyü gözlərini yumub yenə açdı. Baxdı ki, xeyr, röya deyildir. Bir də gördü ki, dəniz üstündən bir atlı gəlir, atının ayağından toz çıxıyor. Bir də ol atlı Qurbaninin yanına gəlib, atın başını çəkib ayıtdı:  Ey abdal! Bu issız adada nə gəzirsən deyincə Qurbani ayıtdı: Sultanın, buraya düşmüşəm, nə təriq ilə düşmüşəm və bəni buraya kim gətirdi, bilmiyorum. Bir də uyqudan oyandım ki, ətrafımı su almış... Qurbani türkiyi təkmil edincə atlı ayıtdı: Oğul, nə tərəfə gedirsən - dedikdə Qurbani ayıtdı: Bənim gedəcək yerim uzaq, amma, lakin şu dənizin kənarına düşsəm, yolu bularam - deməklə ol atlı ayıtdı: Oğul, gəl atın tərkinə, - deyib, Qurbanini atın tərkinə alıb, - oğul, yum gözlərini deyincə Qurbani gözlərini yumub bir də, - aç gözünü, - deyincə bir də Qurbani gözlərini açıb kəndisini dəniz kənarında buldu. Bir də ardınca baxıb gördü ki, nə atlı var və nə kimsə var". Bu epizod "Aşıq Qərib" dastanında çıxılmaz vəziyyətdə Qəribin Xızırın atının tərkinə minib mənzilinə çatmasını xatırladır.

İstanbul nüsxəsində Qurbaninin vüsala çatması üçün Şah Abbasla bərabər başqa bir hökmdar - Ərdəbil şahı da məktub göndərir. Hər iki şahın İzzət xana məktubu əsasən hədə-qorxudan ibarət idi. Şah Abbas katibinə əmr edir ki, İzzət xana belə bir məktub yazsın: "Qurbani oraya gəldikdə Pərüzat xanımı Qurbaniyə verib muradına irgürər isən, nə gözəl. Əgər əmrimə müxalif edər isən, Qarabağ məmləkətini dələr də boğazına keçirərəm".

Qurbaninin Ərdəbil hökmdarı ilə görüşü epizodu da çox maraqlıdır və buna başqa versiyalarda rast gəlmirik. Məlum olur ki, o, aşıqları oxutdurur, xoşuna gəlməyənlərin başını kəsdirib, camaata nümayiş etdirir. İndiyədək 39 aşıq başı kəsdirmişdir. Qurbani onun hüzurunda çalıb-oxumağa məcbur olduqda yarıciddi-yarızarafat öz-özünə deyir ki, deyəsən, kəsiləcək qırxıncı baş mənimki olacaqdır. Qurbaninin görücülüyü, aşıqlığı Ərdəbil hökmdarının çox xoşuna gəlir. Qurbani başa düşür ki, onunla pərdə arxasında danışan hökmdar qızdır və ifa etdiyi qoşmasında bunu bildirir. Qurbanidən razı qalan Ədrəbil hökmdarı da çaparla İzzət xana məktub göndərib, bacısını Qurbaniyə ərə verməsini tələb edir.

Bütün cəhdlərinin boşa çıxdığını görən Nigar xanım yalançı qəbir qazdırır, qoca qarıları Qurbanini qarşılamağa göndərir. Onlar aşığa sevgilisinin öldüyünü deyirlər. Bu bəd xəbərdən ürəyi gedən Qurbani özünə gəlib belə bir şeir oxuyur:

 

Ey fələk, sənin əlindən

 

                        əlləşənin meydanı ola,

 

Tutalım dövran sənindir,

 

                        kərəmin, ehsanın ola.

 

Varmışam mürşidimə,

 

                        mən muradım almışam,

 

Neylim, bənciləyin xak ilə yeksanın ola.

 

 

 

Ey yarım, kim köçürdü

 

                        fani dünyadan səni,

 

Ya İlahi, necə qıydın,

 

                        şöylə mövcəvanın ola.

 

Qurbaniyə dedilər ki,

 

                        yarın üçün qəm yemə,

 

Bu yazı böylə yazılmış, aləmə nişan ola.

 

Bəd xəbər almasına baxmayaraq, Qurbani də, Şah Abbasın və Ərdəbil şahın çaparları da İzzət xanın sarayına gedirlər. İzzət xan məktubları alıb oxuyur, baş vermiş əhvalatdan xəbərdar olur. Məmləkətdəki küpəgirən qarıları ciddi cəzalandırır. Bundan sonra Qurbani ilə Pərüzat xanıma qırx gün, qırx gecə toy edib onları bir-birinə qovuşdurur.

Qeyd edək ki, bu yazıda İstanbul nüsxəsinin bütün fərqli epizod və məqamlarını sadalamadıq. Gəncə versiyası ilə müqayisədə İstanbul nüsxəsinin mətni daha kiçikdir, buradakı şeirlərin sayı daha azdır. Əsərin dilində bir sıra əski türk sözləri (məsələn, "dedi" əvəzinə "ayıtdı"). Osmanlı sözləri, Anadolu həyatı ilə bağlı sözlər diqqəti cəlb edir. Məsələn, hökmdarların ordusundakı əsgərlər "çavuş" adlanır.

Aşığın oxuduğu şeirlərə "qoşma" deyil, "türki" deyilir. Müraciət forması kimi "paşam", "əfəndim" sözlərindən istifadə edilir. Lakin birmənalı olaraq deməliyik ki, əsərin dili Azərbaycan türkcəsidir. Burada bir hadisədən başqasına keçid nağıllarda, bir sıra dastanlarımızda olduğu kimidir. Məsələn: "Çapar getməyində olsun, gələlim Qurbaniyə"; "Qurbani layəqəl düşüb yatmağında olsun, gələlim Nigar xanıma" və s.

Surətini yeni əldə etdiyimiz, 1880-ci ildə İstanbulda çap edilmiş "Aşıq Qurbani" dastanı sübut edir ki, Dirili Aşıq Qurbaninin, onun adı ilə bağlı olan dastanın şöhrəti vaxtı ilə Cənubi və Şimali Azərbaycanın hüdudlarından kənarlara da yayılmışdı. İndiyədək bizə məlum olan versiyalarla müqayisədə daha əvvəl qələmə alınmış bu nüsxənin ətraflı araşdırılması, dastanın, ümumiyyətlə, dastançılıq ənənələrimizin tədqiqinə töhfələrini verə bilər.

 

Teymur Kərimli ,

 Paşa Əlioğlu.

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 22-23.