Alman
dərsi
Hekayə
Həmişə düzgünlüyün, doğrunun
arxasında mətanətlə dayanan o təmiz, saf, alicənab,
həm də xeyirxah, qaməti azca əyilmiş qocaman qəzetçiyə,
son zamanlar bəzi adamlar sadəlövh, bəzi adamlarsa sarsaq,
səy, gicbəsər deyirdi. Adamları da qınamaq olmaz,
qapısı açıq otağın önündən tanış jurnalistlər keçərkən
bütün ömrünü yazı-pozuya, qəzetçiliyə
həsr eləmiş, arabir hekayələr, povestlər yazan,
yetmiş beş yaşlı, həmişə gülümsəyən
qocanın birdən-birə sol əlində palitra, sağ əlində
fırça molbert arxasında görənlər nə
düşünməliydi. O jurnalistlərin bəzisi
qocanın otağına girib tabloya baxmış, "Gözəldi!
Əladı!" deyib heyranlığını bildirsə də,
qapıdan çıxcaq rastlaşdığı bir həmkarına
"deyəsən, o söz..." deyib gicgahına bərk-bərk
dirədiyi şəhadət barmağını həvəngdəstəyi
kimi hərləyərək "başı xarab olub"
eyhamını ötürmüşdü. Güya
özünü yaxın, simsar sayan başqa birisi də bu qeybəti
gətirib qocanın ovcuna qoyanda o, "düz deyir, səksənində
öyrənən gorunda çalar məsəli..." söyləyib
mehribanlıqla, şirin-şirin gülümsəmişdi.
Otağa girən adamlardan biri portretləri görəndə
"bu ki filankəsdi", başqa birisi "toçnı
oxşatmısan", "özüdür ki, var..."
söylədiyi rəylər son zamanlar qocanın onsuz da
aşıb-daşan həvəsinə yeni güc, enerji, ilham qatmışdı. Hər gün bir qayda
olaraq qaranlıqlı yuxudan ayılan qoca yüngülvari idman
edər, yağ, kəsmik, cemlə tələsik
nahar edib dəmlədiyi çayı içərək,
hamının şirin yuxuda olduğu vaxt səs salmadan evdən
çıxar, iş yerinəcən iki kilometrlik yolu ayaqla
gedib (işdən yenə də piyada qayıdardı) düz
saat doqquzda molbertin arxasına keçərdi. Bir
də yaxındakı məsciddən gələn azan səsindən
diksinib işindən ayrılar, bəzən bircə bananla, bəzən
də itirdiyi yarım saat vaxta hayıfsılanaraq, tələsik
hazırladığı qəhvə və yulaflı
qoğalla günorta yeməyini başa vurub yenidən dəzgahın
arxasına keçərdi. Gəncliyinin
enerjili çağında bir məqalənin, yaxud hekayənin
üzərində üç-dörd saatdan artıq işləyə
bilmədiyi halda, yaşının qürub
çağında gün ərzində tablosu önündə
altı, bəzənsə yeddi saat həvəslə, sevgiylə
işləsə də, yorulmaq bilməməsi qocanın
özünü də təəccübləndirirdi.
Bütün günü nəşriyyatın yeməkxanasında
oturub gözü yol çəkən, hansı
tanışınınsa gəlib onu yüz qram arağa qonaq
etməsini gözləyən, özünü dərviş
adlandıran ucaboy, dazbaş şairin karandaşla çəkilmiş
portreti uğurlu alındığından həmin şair
hallı durumunda həftədə ən azı iki gündən
bir qocanın otağına baş çəkər, təntənəylə:
- Sənətkara eşq olsun! - deyər,
yağlı boyayla çəkilmiş mənzərəni
gözdən keçirib, - Əladı! - söyləyib
gülə-gülə sözünə davam edərək: -
Qağa, bəs sərgin haçan olacaq? - yaxud:
- Sərgini haçan təşkil edək? - soruşanda,
qoca çevrilib diqqətlə onun gözünün içinə
baxaraq, "sərgi təşkil edənimə bax" -
Ciddimi deyirsən? - təəccüblə
soruşdu. Şair bir an öncə sifətindəki
gülüşü silərək: - Balamın canı,
düz sözümdü, - söylədi. Bəlkə də,
şairin, eləcə də başqa
tanışlarının, bəzən
tanımadığı adamların otağa girib divara söykəli
işlərə baxandan sonra: "Bunları
satırsınızmı... bunun qiyməti neçə olar,
yaxud sərginiz olacaqmı? - dəfələrlə
verilən suallarla yanaşı, həm də üç il ərzində
yaradıcılığında xeyli irəliləyişi
özü də hiss etdiyindən sərgi məsələsi
bir fikir olaraq torpaqdan cücərib qalxan yaşıl toxum kimi
günbəgün qocanın başında boy atmaqdaydı.
Ədəbi aləmdə orta səviyyəli, bəlkə
ortadan bir qədər artıq tanınsa da, qoca bu vaxtacan nəinki
ədəbi camedə, hətta evində, ailəsində belə,
bircə dəfə də olsun nə doğum, nə
kitabının təqdimatı, nə də yubiley
gününün keçirilməsinə razı olmuşdu. Təsadüfən iştirakçısı
olduğu bütün yığıncaqlarda sıxılıb
qəm-qüssəyə tutulduğu hisslərini gəncliyində
yazdığı bir şeirində verməyə cəhd
etmişdi.
Gözəl
bayramlarda,
Gözəl
toylarda -
tanışımın olsun,
dostumun
olsun,
qardaşımın olsun, bacımın olsun,
hardaydı o sevinc,
sarı
bir həsrət tıxanar boğazıma,
qara bir
kədər boğar məni.
Gözəl
bayramlarda, gözəl toylarda
nədənsə, yadıma
qovuşmaqdan öncə
ayrılıq düşər.
Nədənsə,
toya gələnlərdən
çox -
ölənlər, itənlər -
yeri
görünən düşər.
Deyilən
sözlərdən çox,
deyilməyənlər,
yad edilənlərdən
çox,
unudulanlar
düşər.
Dindirməyin
məni,
atam,
anam, bacım, qardaşım,
Güldüyüm
yerdə durub, birdən ağlaram...
Ancaq nə məsələydisə, son zamanlar "əgər
yaşayaramsa, nə qalıb ki, Allah bir il də möhlət
versə, səksənimi sərgimlə qeyd edərəm". Qocanın
başından bu fikir çıxmırdı. Qocanı
narahat edib təəccübləndirən başqa bir iş də
vardı. Onu tərifləyib öyənlərdən
savayı, bəzi tanışların otağa girib onu molbert
arxasında görəndə əsla reaksiya verməmələri,
divar boyu düzülmüş tabloları görməzliyə
vurmaları qocanı təəccübləndirir, həm də
onda şübhə yaradırdı. İki
gün qabaq uzun illərin ayrılığından sonra
doğmaca əmisi oğlu yanına gəlmişdi. O,
qapıdan girəndə qocanın bir əlində yenə də
fırça, o birisində palitraydı. Qoca əlindəkiləri
masanın üstünə qoyub əmisioğluyla
qucaqlaşıb öpüşdü. Yüz
ilin başında redaksiyaya birinci kərəydi gəldiyi.
Qarşı-qarşıya oturdular.
Birsaatlıq söhbət zamanı əmoğlusu, onlar
yaşıd idi, ancaq uzun-uzadı axır vaxtlar keçirdiyi xəstəliyindən,
yaddaşının korşalmasından, qidaların
zaylığından, bazarın od tutub yanmasından
həvəslə danışdı. Əmoğlu
olan bəndə bircə dəfə də olsun,
gözünün uçuyla nə palitrada səs-küy
salıb göz qamaşdıran al-əlvan boyalara, nə
fırçaya, nə də dəzgahın üstündəki
tabloda təsvir olunmuş beçə verib budaqdan sallanan
arı topasına baxdı. Kənd mənzərəsini
görəndə, əmisi oğlunun heyran olacağını
gözləyirdi. "Doğrudanmı, mənasız
işlə məşğulam..." fikri qocanın
ağlından keçdi.
İş
yerindəki adamlar bir yana, son zamanlar
qocanın yenicə yaradıb təkbaşına fəaliyyət
göstərdiyi aksiyaya görə (evlərindən nəşriyyatacan
iki kilometrlik yolda çəkdiyi siqaretin
artığını yerə atanlardan hansını yaxalaya
bilirdisə, şirin dilini işə salıb onun
qılığına girir, boş damarını tutaraq siqaret
kötüyünü götürdüb zibil qabına
saldırırdı) arvadı onun gününü göy əsgiyə
tutmuşdu. "A kişi, deyəsən doğrudan da, o
söz..." söyləyib şəhadət
barmağını gicgahına qoyaraq nəşriyyata işarəylə
"sənin barəndə ordakılar
yanılmıyıb..." deyəndə qoca halını
pozmadan gülərək "səviyyəniz bu qədərdi,
neyniyim" demişdi. Qocanın özündə də az yox idi. Qadını onu hər
gün dünənkindən daha çox danlasa da, o, aksiyayla
bağlı başına gələn hərgünkü
olayı, bütün xırdalığıyla, həvəslə
xanımına söyləmədən keçinə bilmirdi.
Bir yandan onu qınamaq da olmazdı. Gün ərzində otağında molbert
arxasında saatlarla təkbaşına sus-pus
qaldığının əvəzini, evə çatcaq,
aksiyayla bağlı gördüyü işi həvəslə
arvadına danışmaqla çıxır, bir sayaq
rahatlanırdı. Aksiyaya yenicə
başladığı günlərin birində Memarlıq və
İnşaat Universiteti yaxınlığında çəkdiyi
siqaretin artığını suyla dolu enli çalaya atan tələbənin
qolundan tutub saxlamışdı. Atdığı
siqaret kötüyünü götürməsini
mehribanlıqla ondan tələb etmişdi. Kənd
uşağı olan tələbənin yerində donub
qaldığını görəndə qoca: - Sən
götürmədin, baban götürər, - deyərək, kəsilib
yerə atılmış budaqdan dartıb
qırdığı şax-şəvəllə gölməçənin
ortasındakı islanmış siqaret kötüyünü
çəkib götürmüş, bayaqdan pərt halda donub
yerində qalmış tələbənin qoluna girərək
ilk dəfə "Alman dərsi"ni doğma baba
mehribanlığıyla ona danışmışdı.
Universitetin girişi önündə siqaretin
artığını oğlana uzadaraq zibil qabına işarəylə:
- Apar özün at, - demişdi. Qoca tələbəylə
keçirdiyi anları birbəbir arvadına danışandan
sonra: - Səncə, o uşaq ömrüboyu siqareti bir də
yerə atarmı? Ömründə mümkün deyil!.. - sevinclə deyəndə,
qadını "Onnansa siqaretin ziyanını başa
salaydın..." söyləmişdi. - Elə mənim kimi sənin
də yaddaşın korşalıb, - qoca incik-incik cavab
vermişdi. Ona görə incimişdi ki, hələ rəssamlığa
başlamamışdan neçə-neçə gəncə,
orta və öz yaşıdından olanlara: - Kişi kimi
söz ver ki, tərgidəcəksən, bu dəyqə, ya sabah, birisi gün, haçan vaxtın olsa, gəl
nəşriyyata, boynuma alıram, bahalı restoranda
gücüm çatmaz, bizim yeməkxanada sənə
qonaqlıq da verim, - deyib vizit kartını
uzatmışdı. Qəribə də olsa, qocadakı mehribanlığı,
səmimiyyəti, sevgini görən adamların bəzisi
"mümkün deyil, bəzisi iki yol cəhd eləsəm də,
bacarmadım, bəzisi qırx ildi mənnən
bağrı-badaş yoldaşlıq, qardaşlıq edir, ondan
ayrılmaqmı olar?.." deyəndə,
- çoxumuz özümüzdə olan gücümüzdən,
iradəmizdən xəbərsizik. Allah eləməmiş, sənin
qardaşın, oğlun, yaxud atan o qəddar gavurların əsirliyində
olsa, desələr siqareti atan dəyqə azad olunacaq... -
qocanın sözünü qurtarmağa səbri çatmayan,
bir-birindən xəbərsiz o adamların hamısı dərhal
"Əlbəttə atarıq" demişdilər...
Arvadının danlağı sayılmasa, altı ay
yaşı olan aksiyanın son gününü qoca ən
uğurlu gün sayırdı. Səhər tezdən "Elmlər"
metrosundan çıxan, avtobuslardan tökülüşən,
ətrafdakı binalardan çıxıb gələn tələbələrin
bir-birinə qarışaraq Akademiyanın bağı boyunca,
yan-yörəsinə, məcrasına sığmayan yaz
çaylarını xatırladan gənclik selinin ortasında
irəliləyən qoca burnunun ucuna baxaraq, "maşallah,
bunlarla dağı yerindən oynatmaq olar" düşünərək,
ötən yüzilin doxsanıncı ilində Azadlıq
meydanındakı mitinqləri xatırlayıb qürur hissi
keçirdi. Ancaq arxadakı tələbələr gəlib
sürətlə onun yanından ötəndə, nə qədər
cəhd etsə də, boyca ondan qat-qat balaca və cılız
tələbələrlə də ayaqlaşa bilməyəndə
"qocalıq buymuş..." düşünərək kədərləndi.
Gənclərin əksəriyyətinin siqaret
tüstülədə-tüstülədə tələsik
addımladığını görəndə "ciyərləri
çiçək ləçəyitək tər-təmiz, təravətli
olan bu uşaqlar səhər-səhər bəlkə nahar da
eləməyiblər..." təəssüf hissi keçirən
qoca, ağappaq siqaret kötüklərinin hara gəldi
atıldığını görəndə, yeniyetmə
çağında kənddə adicə yeldən ələnib
yamyaşıl çəmənliyə tökülmüş
tutları xatırladı. Zəhərli
zibil tör-töküntüsünü cənnət meyvəsinə
bənzətdiyindən əsəbiləşərək
özünü qınadı.
Texniki
Universitetə az qalmış qəzet
köşkündən azca aralı dayanmış qızla oğlan
diqqətini çəkdi. Onlara
çataçatda oğlan siqaretin kötüyünü
yamyaşıl qazon döşənmiş otluğa atdı.
Qoca onlarla üzbəüz dayanıb gülümsəyərək
"sabahınız xeyir" - dedi. Onların diqqətini
çəkib inandırmaq üçün yalandan "mən
Almaniyada oxumuşam, psixoloqam" söyləyib sözünə
davam elədi: - Bir-birinizə çox
yaraşırsınız, Allah sizi xoşbəxt eləsin... -
söyləyəndə qızın yanaqları
qızardı. Qoca, "Qızım..." deyib oğlanın
qolundan tutaraq: - Heç bilirsənmi bu oğlan səni nə
boyda istiyir... Sənin bir arzun, bir istəyindən yana ölümə getməyə də
hazırdı. Bəs sən onu, niyə az
istiyirsən? - deyib, sanki təəssüflənərək
başını buladı, - Səni dəlicəsinə sevən,
bu yaraşıqlı oğlana niyə indiyəcən "ya
siqareti at, ya məni" deyib tərgitdirməmisən?.. - başını aşağı dikmiş
qızın yanaqlarının od tutub yandığını
görən qoca, gülümsəyən oğlanı ehmalca
çəkib, alçaq taxta çəpərə
alınmış yamyaşıl qazon otluğun yanına gətirdi,
hələ də tüstülənmədə olan siqaret
kötüyünə barmağını tuşlayaraq: -
Götür, gəl, - dedi. Oğlanın
duruxduğunu görəndə - Sən gedib götürməsən,
mən... - söyləyib ayağını qaldıraraq
hasarı aşmaq istəyəndə, oğlan cəld
adlayıb atdığı siqaret kötüyünü
götürüb geri qayıtdı. Qoca yenə onun
qolundan mərhəmcəsinə tutub yüngül təmasla
dartıb qızın yanına gətirdi: - Babanın
sözünü yerə salmadığına görə Allah
razı olsun. Tərbiyəli ailədə böyümüsən,
üz-gözünnən, görkəminnən mədəniyyət
yağır... Sənnən bir xahişim də
var. - Siqaret kötüyünü yola, otluğa,
qazılmış çalaya, necə deyim, hara gəldi
heç vaxt, heç vaxt atma. Görsən, küçədə
heç kim yoxdu, sənə kimsə
baxmır, yaxud görsən hamı çəkib yerə
atır, sən atma, mənim balam, zibil yeşiyi tapanacan...
işdi tapmasan, lap evinizəcən apar, axı heç
ağır da deyil, iki-üç qram ola-olmaya, yerə
atmamağı özündə vərdiş elə,
yaxşımı? - deyəndə bayaqdan sakitcə
dinləyən, sifətini günah və utancaqlıq
bürümüş oğlan razılığını
bildirərək başını tərpətdi. Qoça əlini
yuxarı qaldıraraq gülə-gülə: - Di sağ olun,
Allah sizi qorusun! - deyib şən ovqatla
yoluna davam elədi. Həmin gün sevincdənmi,
yoxsa qocanın göstərdiyi xeyirxahlığın əvəzinə
İlahidən bağışlanan mükafatıydımı,
aylardan bəri qoca tablolarında verə bilmədiyi məsafə-perspektiv
fəndini tapdı. Müxtəlif
xarakterli, müxtəlif rəngli, səsli-küylü
boyaları bir-birinə qovuşdurmağın öhdəsindən
də gəldi. Erkək-dişi cütləşməsindən
doğulan üçüncü fərd, yeni varlıq kimi,
ağla qaranın, qarayla sarının, sarıyla
yaşılın... qovuşmasından yeni boyaların
zühur etdiyini gördüyündən həmin gün
vaxtı unudaraq saat doqquza işləyəndə nəşriyyatı
tərk elədi...
Həmin
gün oğlana mehribanlıqla dediyi şirin,
qılıqlı, nəsihətamiz sözləri altı ay ərzində
qoca gündə ən azı beş, bəzənsə
altı-yeddi adama söyləmişdi. Bu müddətdə
təkcə bir günün içində iki nəfərlə
əməliyyatı baş tutmamışdı. Birinci uğursuzluğu səhər tezdən Bəxtiyar
Vahabzadə küçəsinin aşağı
qurtaracağı, Beynəlxalq Bankın yanından sağa
dönüb üzüyuxarı, "Elmlər" metrosuna
sarı qalxanda baş vermişdi. Hüseyn
Cavid prospektinə çatana qədər küçənin
müxtəlif yerlərində qazıntı
aparıldığından və bir dənə də zibilqabı
olmadığından (Diqqət! Diqqət! Şəhərlərimizin,
rayonlarımızın küçələrində,
parklarında milyonlarla zibil qutusuna ehtiyac var. Oliqarx və
iş adamları, onu ya özünüz istehsal edin, ya da xaricdən
gətirib iki-üç qat artığına
sırıyın bu zavallı xalqın canına, qazanc yeri
xirttəkdən, tələsin!..) çalalar, torpaq təpəcikləri kimi
piyadalar üçün yol da siqaret kötükləri, salfet
və cürbəcür kağız-kuğuzla, kəndir-parça
qırıqlarıyla, plastik butulkalarla... doluydu.
Ağacların budağındasa ağaran boş selofan torbaları
məğlub ordunun ağ bayrağıtək
yellənirdi. Tünd-mavi cins şalvarda, gözoxşayan
narıncı dəri gödəkcədə əlli-əlli beş yaşlarında ucaboy, qısa, çal
saqqallı, yaraşıqlı kişinin kurtkasının
cibindən çıxardığı siqareti alışqanla
yandırdığını görəndə qocanın
"beləsi söz götürməz... ancaq bu eleqant
görkəmli kişiyə siqaret çəkmək yaman
yaraşır. Siqaretin təbliği
üçün əsl reklamlıqdır. Yeniyetmələr, gənclər beləsini görəndə
siqaret çəkməyə necə həvəslənməsin..."
fikir ağlından keçsə də, sövq-təbii
sürətini artırıb ona yaxınlaşdı. Cavid prospektinə çatanda işıqfor
qırmızı-qanlı gözünü bərəltdi.
Modelə bənzər kişinin əlindəki
siqaret qısalmışdı. "Bir-iki yol
sümürüb atacaq...". Prospekti adlacaq sola dönüb Bəxtiyar Vahabzadə
küçəsini keçərək metronun
qarşısına çatdı, son dəfə siqaretini
sümürdü, qolunu aşağı endirməklə əlindəki
siqaret artığını etinasız yerə buraxdı.
Qoca onun qolundan ehmalca, çəkinə-çəkinə
yapışdı, model adam bir an ayaq
saxlayıb, boyca öz çiynindən də aşağı
olan qocaya çəpəki, təkəbbürlə baxanda
"bu, mənnik deyilmiş, gərək saxlamayaydım"
qocanın ağlından keçsə də, həyəcan
içində tez-tez: - Sizdən bir xahişim var... Bəlkə də bunu sizə demək yersizdi.
Görkəminizdən ziyalı, mədəni, etikalı
insana... Deyəsən, fikirliydiniz... - qocanın təşvişlə,
dolaşıq cümlələr işlətdiyini görəndə,
adam sakitcə: - Siqaretimi deyirsiz? - söyləyib addımını atanda qoca
uşaqsayağı: - Bəli! Bəli! Mən əminəm
ki, fikirliydiniz... - deyəndə adam əlini
yelləyərək etinasız, bir az da təkəbbürlə
bircə kəlmə "Əşşi..." söyləyib
metroya sarı addımladı. Qoca nəşriyyata
çatanacan, "ancaq kübar görkəmi vardı. Bəlkə
rəssamıydı... bəlkə fizika elmləri doktoru...
baleron kimi şivərəkdi... bəlkə də Allah ona
yalnız yaraşıqlı görkəm verib, içi
boş, mənasızın biridi...". Həmin
gün molbertin arxasında saatlarla həvəzsiz, ruhsuz işləyəndə
də model adam, onun dediyi "əşşi"
sözünün mənası, yozumu barədə nə qədər
baş sındırsa da "mənə dərs deyənimə
bax... bircə sən çatmırdın... rədd ol
başımnan... saqqal darağımız
çatmırdı... " bir nəticəyə
gələ bilmədi.
Həmin gün axşamüstü işdən
çıxıb Akademiya bağına çatanda
papağının uzun dimdiyi göyə tuşlanmış,
uzun qollarını yellədə-yellədə, əlində
siqaret bir gəncin onun yanından yel kimi
ötüb-keçdiyini gözü aldı. "Metroya tələsirsə,
ya "bərədə", ya da metro binasına girhagirdə
siqareti yerə atacaq", qoca əvvəlcə
addımlarını yeyin atmağa başladı, ancaq
aralarındakı məsafənin getdikcə
çoxaldığını görüb
taytıya-taytıya qaçıb, İvan Mixayloviç
Seçenov adına Birinci Moskva Dövlət
Universiteti Bakı Filialının hasarı boyunca
şığıyan həmin gəncə güclə
özünü yetirdi. Onun qolundan tutub üç-dörd
addım arxada qalmış siqaret kötüyünə
sarı çəkəndə çaşqın, devikmiş
halda sağına-soluna baxan oğlan azacıq dartınaraq: - Nə
olub? Hara? - soruşanda,
bəzək kollarının dibinə atılmış siqaret
kötüyünə barmağını tuşlayaraq: -
Xahiş edirəm götür, - qoca dedi. Oğlan yenə də
təşviş içində sağını, solunu
gözdən keçirərək "Ayıbdı..." -
dedi. - Sən götürməsən, baban yaşdayam, mən
götürəcəm - deyib əlini oğlanın qolundan
çəkdi, bir addım atıb kolun dibinə əyiləndə,
çanavar ağzından qurtulub qaçan dovşan kimi
oğlan metroya sarı götürüldü... "Tələsik
oldu... ağıllı, mədəni, tərbiyəli, alicənab,
xeyirxah... olduğunu boynuna qoyub boş damarını
tutmağa vaxt çatmadı...".
Universitet hasarının qurtaracağı qocanın son
zamanlar kəşf elədiyi "Bərə" yeriydi. Metroya sarı gedərkən
hasar boyu qırx, doxsan-yüz addımlıq yolun solunda
yamyaşıl bəzək kollarına söykəli
ağzıaçıq kisələrdə ceviz,
fındıq, badam ləpələri, ərik, gavalı,
kişmiş, meviz çərəzləri... azca aralıda
enli faner üzərində cürbəcür şüşə,
saxsı, farfordan qab-qacaqlar... quruca asfalta sərilmiş adyal
üstündə ucuz, güllü baş örtükləri,
cürbəcür qadın geyimləri... sağ tərəfdə,
yenə də dördayaqlı enli faner taxtası üzərində
çeşidbəçeşid kasıb malı Çin qol
saatları, cürbəcür gözlüklər, onun
yaxınlığında yenə faner parçası üzərində,
eyni ölçüdə, elə bil dəzgahdan
çıxmış, oval formada sapsarı heyva qalağı,
ondan aralı naringi, apelsin qalağı... Bunlardan
hər birinin ətrafına toplaşanlar, işdən
çıxıb evə gedən universitetlərin qadın
müəllimləri, Akademiyanın qadın elmi işçiləriydi.
Bu Bərə yerini kəşf etdiyini, itmiş
oyuncağını tapdığına sevinən uşaq kimi
qoca arvadına: - Səhər tezdən sel kimi axıb-gedən
gənclərlə birgə addımlayanda yaşımı
unuduram, onlardan güc, enerji alıram... ancaq onlar arxadan gəlib
yanımdan yel kimi ötəndə, quş kimi uçub gedəndə,
onlarla ayaqlaşa bilməyəndə kədərlənirəm.
Sözüm onda deyil, innən belə siqaret
çəkənin ardıyca qaranəfəs qaçan deyiləm.
Ovçu kimi ovumu, kəşf elədiyim Bərədə
yaxalayacam. Metroya tələsənlərin hamısı
siqaretini orda, ya da metronun qapısı həndəvərində
atır, - danışanda arvadı ucadan: - Bəxtəvər
başıma! Allah adamı son eybindən
saxlasın. A kişi, deyəsən,
sənin başın doğrudan da... barmağını
gicgahına qoyaraq hikkəylə sözünə davam eləmişdi:
- nəşriyyatda sənə boş yerə dəli demillər...
Qoca gülümsünərək: - Onların deməyinnən
mən dönüb dəli olmuram ha, desinnər də...
- Gündə
üç-beş adama dərs keçməklə zibilləmənin
qabağını alassan? Onnansa televizora çıx, dediyini biryolluq
hamı eşitsin...
- İndi yalan üfürənləri, məddahları
televizora çağırıllar. Ona görə televizora baxan yox... tək-tük
baxanlar da deyilənlərə inammır...
- Yox e,
atam kiminsə atdığı siqaret kötüyünü
ömründə əyilib yerdən götürməyi şəstinə
sığışdırmazdı...
- Atana
Allah rəhmət eləsin, o, rəsmi, sovet
dövrünün adamıydı, içinnən əl-qolu
qandallı, ayağı buxovlu partiya işçisiydi,
özün demirdinmi, hər gün köynəyini dəyişir...
fasilədə nahar eləməyə gələndə,
şalvarını ikinci dəfə ütülətdirir...
-
Heç ən görkəmli, şöhrətli, mədəni
yazıçımız, şairimiz, bəstəkarımız
da hansısa avaranın atdığı siqaret
kötüyünü əyilib yerdən götürməyi
özünə sığışdırmaz...
- Ay
sağ ol, təkcə onlar yox e, heç bütün
rektorlarımız, icra başçılarımız, nazirlərimiz,
deputatlarımız... əyilib
götürə bilməz. Onların
gördüyü böyük iş-işdəyi, əməlləri
mən bacarmadığım kimi, onlar da, böyük bir ordudu
e, təsəvvür edirsənmi... mənim gördüyüm
bapbalaca işin öhdəsindən gəlməyi bacarmazlar.
Əslində, mənimlə fəxr eləməlisən...
- demişdi.
...Bu
gün evlərindən xeyli aralıdakı marketdən
bazarlıq etməli olduğundan Bərədə dayanmadı.
Bugünkü normasını, yəni beş
adamdan birini də dilə tutub yerə atdığı nəyisə
götüzdürə bilməmişdi. "Sabah bu
günün də əvəzini çıxaram...". Dünən tezdən
işə gedərkən modelə bənzər kişiylə,
axşamüstü işdən qayıdarkən
papağının dimdiyi göyə tuşlanmış gənclə
başına gələn əhvalatı bütün
xırdalığıyla evdə danışanda qadını
daş atıb baş yardı. - Metronun yanında bu qədər
dayanırsan, gec-tez səni tanıyacaqlar. Az-çox
adın-sanın var. Qəzetdə oxuyacaqlar, sosial şəbəkədə
paylaşacaqlar, televizorda göstərəcəklər. Qonşular, qohum-əqrəba yanında biabır
olacağıq. Deyəcəklər, başı xarab
olub, küçə-bacanın siqaretini, zir-zibilini
yığır...
- Desinlər
də, kiməsə sataşmıram, kiminsə haqqını
tapdalamıram, cibə girmirəm, xalqın malını,
milyonlarını talamıram...
-
Yaxşı, bunlar cəhənnəmə, bir dəli
qabağına çıxıb bıçağı
qarnına soxanda...
- Narahat
olma, mənim silahım qocalığımdı. Daha
doğrusu, qocalığım qalxanımdı...
Qocalığım bir yana. Sən
arının, kəpənəyin gül-çiçəyin
başına ehtiyatla necə hərləndiyini, üstünə
necə məhrəmcəsinə, istəklə-sevgiylə
qonduğunu görmüsənmi. Bax mən
o hava, o ovqatla gənclərə yanaşıb qolundan tuturam.
Ballı sözlərimi ana nəvazişiylə onlara yedirdirəm...
Statistika İdarəsinin yanınca addımlayanda ayaq səslərinə
geri döndü, sir-sifətindən zəhm yağan qırx
beş-əlli yaşlarında, əlində siqaret bir
kişinin asta-asta gəldiyini gördü. "Bunu
güdümmü? Beləsi adamı təhqir
edə bilər, adamın qocalığına,
ağsaqqallığına da baxmaz. Yox e, həmişə
uşaq-muşağa girişirsən, bir yol da beləsiylə
dil tap... Axı, bu gün bir nəfərə də dərs
keçməmisən...". Ayaq saxlayıb cibindən
çıxardığı telefona baxdı. Adam, bir əlində qulağına söykədiyi
telefon, o biri əlində siqaret asta yerişlə gəlib onun
yanından ötdü. Marketin tuşuna
çatanacan siqaetini çəkib qurtarmadı. Uzun-uzadı danışdığnı görəndə
qocanın hövsələsi daraldı.
"Zibilqabının yanındadırsa, yerə atmaz...". Səhər tezdən xəstə
arvadının "günortaya bir qırıq çörək
qalıb" dediyini xatırlayaraq marketə tələsdi.
Qapının ağzında qanrılıb geriyə
baxanda hələ də telefonla danışan adamın siqareti
yerə atdığı gözündən qaçmadı.
Qoca tələsik onun yanına qayıtmaq istəyəndə,
adamın gəldiyi yolla ağır-ağır geriyə
addımladığını gördü. "Yox,
baş tutmadı, telefonla danışmasaydı... Eybi yox, sabah
Bərədə beş-altısını yaxalasam, bu
günün də əvəzini çıxaram...". Qoca qara çörək bir banka badımcan kürüsü və xaş
üçün doğranıb vitrinə qoyulmuş mal
dırnağını alıb qapıdan çıxanda zibil
yeşiyindən əlli-altmış addım aralı
"Qazel" maşınının önündə
dayanıb hələ də telefonla danışan həmin
adamı gördü. "Atonnan çərənçi
yiyəsi, bu qədər danışmaqmı olar? Nə
olar, olar, dil tapmağa cəhd edim...". Yolunu zibilqabının yanından saldı, yerdəki
siqaret kötüklərinin arasında adamın bahalı qara
siqaretinin kötüyünü tanıdığına sevinərək
götürdü. Tərəddüdlə
addımlayaraq gəlib adamın yaxınlığında ayaq
saxladı. Cibindən telefonunu
çıxarıb qulağına tutaraq astadan
"danışmağa" başladı. Adam, telefonu
qulağından aralayanda qoca yaxınlaşıb doğmalıq
sirayət edən təbəssümüylə
(arvadının dəfələrlə - sən gülümsəyəndə
bambaşqa adam olursan, ən qəddar-sərt
adam da yumşalıb muma dönər, - dediyini
xatırladı) ona salam verdi. Adam
başını tərpətməklə salamı aldı.
- Bağışlayın, xəstə qocanın sizdən bir xahişi
var, - dedi, adamın onu başdan ayağa
süzdüyünü görəndə tələsik: -
Narahat olmayın, pul istəmiyəcəm, - deyəndə adam
gülümsünərək "nə olar istəyəndə..."
söylədi. "O qədər də sərt
deyil, buna "alman dərsini" keçmək olar. Hardan, necə başlayım... boynuna nə qoyum...
yüzlərlə adama dediyim sözləri "böyük
insan, xeyirxah, intellekt-ziyalısınız..." deyim."
Fikir qocanın ağlından ani keçdi.
- Biz bayaq birgə gəlib burda ayrıldıq, mən marketə
sarı, sizsə, - o, əlini aralıdakı küknar
ağacına tuşlayaraq, - oraya getdiniz. Mən
marketə girəndə çevrilib ani sizə baxdım.
Telefonla danışırdınız, deyəsən, bir az da əsəbiydiniz. Sözümün
canı var... "oğlumdan eşitdiyim
"alman dərsi"ni öz adımdan desəm, günaha
batmaram..." - Dağlardan Qəbələyə su kəməri
çəkirdik. Təpəlikdən,
çınqıllıqdan, meşədən, kol-kosluqdan
keçirdik. Gün ərzində
yeyib-içdiyimizin artıq-urtuğunu hara gəldi
atırdıq. Aramızda bir donqar alman
mühəndisi vardı. Təsəvvür
edin o, yediyi kolbasanın soyulmuş pərdəsini, tez-tez
çəkdiyi siqaretin kötüklərini, əlini sildiyi
salfet dəsmallarını, yediyi dondurmanın boş
qabını, (oğlu dondurma deməmişdi, bunu özündən
artırdı) çeynədiyi saqqızın
kağızını toqqasından asdığı selofan
torbasına yığaraq rayona gətirib oteldə
zibilqabına atdı. O, bircə kəlmə işlətmədən
hamımıza sözsüz-savsız, səssiz, heç vaxt
yaddan çıxmayan alman dərsi keçdi.
Başağrısı olmasın, sizi yordum...
- Niyə
ki, maraqlı söhbətdi. Ancaq məndən nəsə
soruşmaq istəyirdiniz... - Hə, üzə demək
olmasın, siz çöldən də, içdən də, mənim
üçün o almannan da mədəni, intellektsiniz...
üstəgəl, axı mən psixoloqam, siz nəcib,
hissiyyatlı, həm də səxavətlisiniz... - deyib siqaret
kötüyünü ona sarı uzadaraq tələsik
sözünə davam elədi, - mən əminəm, bayaq
telefonla danışanda, kimsə sizi əsəbiləşdirdiyinə
görə bunu qeyri-ixtiyari yerə atdınız. Götürün, söhbət edə-edə gedib
zibilqabına ataq.
Ayrılanda qoca sevinclə, gülə-gülə onun
sıxdığı əlini doğmalıqla bərk-bərk
silkələdi. Bu vaxtacan söhbətləri tutub dostcasına
ayrıldığı yüzlərlə adama dediyi xahişi
ona da söylədi: - Sizə ərklə dediyimi, xahiş edirəm,
siz də heç olmasa, ən azından bircə nəfərə
söyləyin...
- Baş
üstə... - altı ay ərzində birinci dəfə
olaraq görkəmcə sərt, nisbətən yaşlı
adamı ram etdiyinə, etibarlı dost kimi ürəkdən
ona söz verdiyinə görə qoca bərk sevindi, ani də
olsa, xoşbəxt oldu. Bugünkü uğurunu
arvadına danışmaq üçün qıvraq
addımlarla evə tələsdi.
Yanvar-fevral,
2019
Azər Abdulla
Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 24-25.