Şeir musiqi

 

Şeir, çox güman ki, musiqidən yaranıb... Əsas ecaz musiqidədir. Rəsmdə rəssamın əməyi donmuş haldadır. Şeiri isə hər səsləndiriləndə yenidən canlanır. Bununla da eyni poetik əsər həm şairin olur, həm oxucunun. Şeir ancaq düzgün səsləndiriləndə şairə aiddir - yəni şairin intonasiyası həm onun bəstəsidir.

Bu gün şeir bir sıra incəsənət növləri ilə birləşir, ancaq bunun əksinə olaraq şeirin bətnindəki musiqi zəifləyir. Ona görə çağdaş şairlərin "üslub"ları bir-birinə bənzəyir, sanki müxtəlif sözlər bir bəstədə, eyni "musiqi" ilə oxunur.

Homerin "dastan"larında adıçəkilən musiqi aləti - lira bizə yaxşı tanışdır. "Lirik" sözünün antik yunan kəlməsi olan lirdən yaranması təsadüfi deyil. Bu, şeirin musiqi ilə bağlılığına aid məsələdir.

 

Qayıdış

 

Poeziyada dünyanın indiki durumu ilə uzlaşmayan qəribə bir hal müşahidə olunmaqdadır; şeirdə liriklər yenidən poeziyanın önündədirlər. Sosial şəbəkə dövründə, internet əsrində lirik şairlər, daha çox lirik sitatlar müəllifi kimi oxucuların sevimli müəllifinə çevrilirlər. Sosial şeirlər, "cəmiyyət poeziyası", sanki bir qədər arxa plana keçib, sərt ironik poetik dil isə, demək olar, əvvəlki hörmətində qəbul edilmir, arxaik sayılır. Bir sözlə, çağdaş şairlər yumruqla yox, əllərini ürəklərinin üstünə qoyaraq "danışırlar". Lirizmin mahiyyətini - özəyini isə musiqi (özünəməxsus intonasiya) təşkil edir. Ona görə şeirin sirayətedici ritmə, musiqiyə qayıdışı labüddür.

 

Çağdaş dünya

 

Hesablamalara görə, müasir dünyada insanlar mədəniyyətə ancaq 10 saat vaxt sərf edə bilirlər. Bunun isə sadəcə bir neçə dəqiqəsini şeirə ayrılan vaxt tutur. Çünki müasir dünyada "mədəniyyət" dedikdə daha geniş müstəvidə kino musiqi başa düşülür. Şeirin gələcəkdə sevilməsi, poeziya vurğunlarının artması birbaşa musiqidən asılı məsələ olacaq. Bu gün oxucuların şeir zövqünün korlanması da musiqidən qidalanır. Bayağı mahnıların həvəskarları həm mənasız şeirləri sevirlər.

 

Ovqat musiqisi

 

Bu gün şeirdə musiqinin gücü azalıb. Əksərən poeziyada musiqi şairin fərdi poetik intonasiyasında mövcuddur. Sanki şeir indi dinlənilmək yox, oxunmaq üçündür. Amma bu proses çox güman, dayanıqlı olmayacaq, şairlər ya yenidən qafiyəli şeirə qayıdacaqlar, yaxud sərbəst şeir özü müstəqil musiqisini tapacaq yaxud da şeir şairləri əsərlərinə müasir zamana bab hansısa ritmə uyğunlaşacaqlar. Əks təqdirdə, şeir ilkin mahiyyətini itirəcək bəlkə , bu proses artıq reallaşmaqdadır.

 

Ölüm

 

Şeiri yazarkən şairin içərisində bir ovqat yaranır. Sonra həmin ovqat zamanla poetik intonasiyaya çevrilir. Bu həm şairin yaşam musiqisidir. Ancaq çox şey kimi, o duyğular da ötüb-keçir şair daha həmin şeiri yazıldığı intonasiyada oxumur, yaxud oxuya bilmir. Bu zaman şeirdəki sözlər, sanki öz-özünə gül kimi solur, əvvəlki təravətini itirir. Elə bil, şeirin sözləri yaşayır, musiqisi ölür...

 

Musiqi

 

Bizim şeir təfəkkürümüz musiqi təfəkkürümüzdən öndədir. Musiqimiz öz milli ənənələrinə söykənərkən çağdaş şeirimizlə bərabər yenilənə bilmir. Çünki musiqi xalq təfəkkürünə yaxın məsələdir, çox zaman da onunla bərabər yürüməyi sevir. Buna görə şeirimiz qədər musiqimizdə mərhələlər yoxdur. Sovet dövründə isə bu bərabərlik hansı dərəcədəsə olub. Bu fərqlərin nəticəsində bugünkü sərbəst şeirlərin çoxu "bəstəyə gəlmir", çünki indiki musiqimiz onu bu cür poetik əsərlərə yaxın buraxmaq istəmir. Əlbəttə, çağdaş şairlərimizin gitarada şeirləri çox oxunur. Amma o yeni musiqi yolu da sərbəst şeirimizin yolu kimi müasirliyə açıqlıqdan yaranıb. Fəqət burada kütləvi maraqdan söhbət gedə bilməz.

Bəzən deyirlər ki, Türkiyə türklərinin, rusların, ingilislərin sərbəst şeiri musiqiyə rahat oturur, Azərbaycan sərbəst poetik nümunələri isə yox. Bu yanlış qənaətdir, çünki musiqimiz bütün gücü ilə çağdaş şeirimizin yanında deyil. Musiqimizin elit havası retroda, şeirimizin elit nəfəsi isə avanqarddır...

 

Fərid Hüseyn

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 30.