Sözün
yaddaş mürgüsü - metaforik sərhədlər,
yaxudbir ana möhtac olan uzun ömür - şeirin ləpədöyəni
1
Sözlər
bəzən dua kimi gəlir, bəzən də
çağırış, güman, qayıdış, son həddə
məchula gedən yoldan qaytaran nəfəs kimi... Dünyada
"xilaskar" adına uydurulmuş saysız mifik obrazlar var.
Amma, məncə, ən böyük qurtarıcını
unuduruq. Sözlər, əlahəzrət sözlər... Haqdan
qopub gəldiyimiz andan bizə yoldaşlıq edən, bu fani
dünyadakı qəribliyimizi unutduran, dərdimizi,
canımızın ağrısını, şəhdi-şirəsini
axıtdığımız sözlər...
Şeirlə
bağlı məndə həmişə belə bir təəssürat
olub: "Sanki bütün poetik mətnlər cidd-cəhdlə
sözü layiq olduğu başlanğıcına qaytarma cəhdinin
üzərində qərarlaşıb". Demək, söz
"yoxdur", onu tapıb-bulmaq, layiq olduğu
başlanğıca, ilk nəfəsə qaytarmaq cəhdi var.
Bu amil (bəlkə də ömrümüzdə bir dəfə
fəhm etdiyimiz, təkrarı olmayan işıq haləsi,
işıqlanma-!) klassik poeziyada, ortaçağ poeziya örnəklərində
daha qabarıq şəkildə özünü göstərir.
Sözə bu şəkildə həssaslıq hər dəfə
və yalnız məqamı yetişdikdə şairləri
söz haqqında, sözün sehri haqqında
danışmağa məcbur edir. Şairlərin bu cəhdi də
elə yuxarıda bəllədiyimiz fikrin açımı təsirini
bildirir: ilkin nəfəs dərməni, onun sehrini tuta bilməyəndə
əlac özünü sözə çevirməyə
qalır... Hər halda, bunun saysız örnəkləri də
var. Hər kəs də özünü bu ilkin nəfəs dərmənin
bir yerində görür, həmin sehrin əhatəsində.
2
İllər
arxasından gələn salamın, ya da üz-üzə
dayanan, lakin bir-birinə çata bilməyən iki mənanın
fitrətindəki o nadir enerjinin sözün kimyasına
qarışıb qeyri-adi metaforik sahə yaratması poeziya
adına heyrət məqamıdır. Bu, elə nəhəng
bir missiyadır ki, onun nə zaman sonsuzluq
ölçüsündə tutulan nadir həqiqət, nə
zaman da dərdə dəva tərəfinin üstün gələcəyini
kəsdirmək mümkün deyil. Onunla münasibətdə
gah onu poetik tamın bir parçası kimi qavramaq, gah da lokal
miqyasda hisslərin ən səmimi ifadəçisi kimi dəyərləndirmək
prosesin mürəkkəbliyinin təzahürüdür. Lakin
bütün hallarda belə mətnlərlə bağlı
müdriklik və səmimiyyət iki əsas dəyər
ölçüləridir. Müdriklik - son nəticədir, səmimiyyətsə
yol yoldaşı... Əslində, yaddaşın bu poetik gəzişmələri
səbəbsiz deyil. Qarşımda şair Adil Məmmədin
"Yağış yüklü bulud" şeirlər
kitabı var. Bu kitab an-an, lövhə-lövhə
bütöv bir ömür mətninin müxtəlif
anımlarının məcmusu kimi qarşımıza
çıxır. Elə mətnlər var ki, orda bir an əbədiləşir,
sözlər heykəlləşir. Bu, təkcə onların
semantik-semiotik sərhədlərilə bağlı
imkanların göstəricisi deyil, mövcud kontekstdə daha
çox, insan hekayələrinin qəlb yandıran tarixçələridir.
İlk oxucularından olduğum "Yağış
yüklü bulud" mənim üçün də bir
görüşün tarixçəsi kimi simvollaşır.
Həyatın
öz ritmi ilə axıb getdiyi bu günlərdə qəfil
gələn bir telefon zəngi yaddaşda fırtına
qoparacaq ani, bir o qədər də "gözlənilən"
bir görüşün xəbərçisi idi. Bu, bir müəllimin
tələbəsinə etibarı, etiqadı idi.
Yaddaşımda onunla bağlı müxtəlif anımlar hərəkətə
gəldi. Həyatının bütün qayəsi ədəbiyyat
olan bu adamın bunca həyat qovğasında o böyük
sevgiyə bütün səmimiyyətilə sadiq qalma
gerçəyi təqdirəşayan idi. Dərhal
yaddaşımda bir xatirə çözələndi. Bir dəfə
Məsihinin "Vərqa və Gülşa"sını
müzakirə edirdik. O, hər şeyi ruhundan keçirib
danışırdı. Mən bəlkə də ilk dəfə
hadisələri, məfhumları kosmoqonik miqyasda dərk etmənin
fərqinə onun işıq saldığı yolda vardım.
İllər sonra ondan və digər müəllimlərimdən
filoloji istiqamətdə öyrəndiklərimin
hesabatını verərkən, dinləyənlər
arasında illər uzaqlığından gəlmiş yeganə
qonaq - Adil müəllim vardı. Taleyin müxtəlif
dönümlərində təkrarlanan nadir görüşlər
sən demə, yeniləri üçün körpüdən
başqa bir şey deyilmiş. Bu dəfə müəllimim
könül dünyasını, ömür mətnini mənə
etibar edir...
"Yağış
yüklü bulud" müxtəlif zamanlarda yazılan
şeirlərin məcmusudur. Bu kitab müəllifin ilk və
son kitabı olmasa da, mətnlər elə seçilib ki, onun həyat
xronikası kimi səslənir. İnsan həyatının
ziddiyyətli, mürəkkəb, dolanbaclı
trayektoriyasının gizli xəritəsidir bu poetik
parçalar... Son zamanlarda, "filoloji fantaziya"lar
dövriyyəyə daha çox daxil olur və ədəbiyyat
adına çeşidli gedişlər edirik. Lakin Adil Məmməd
bütün səmimiyyətilə:
"Sərhədlə
əzablanmış
Bir
balaca ölkəyəm.
Mən
bir azca işığam,
Bir
azca da kölgəyəm"
-
deyir. Və bu, bütün ədəbi-nəzəri
variasiyalardan kənarda, ömür sərhədini bəlləməkdir.
Şair həm gözünün tutduğu, ondan da o yana var
olan geniş məkanı, ucsuz-bucaqsız ərazini, həm də
bu genişliyin bir balaca nöqtəyə
dönüşdüyü anı hiss edir, bu ikisinin işiylə
mistik şəkildə ucalan, insanı həm yola salan, həm
də əlindən tutub saxlayan sərhəddi fəhm edir.
"Kölgə" effekti bu poeziyanın
çıxış nöqtəsi, həm də "Bermud
üçbucağı"dır. Burada bildiklərimizlə
bilmədiklərimiz, ancaq hər dəfə ad qoyduğumuz,
bununla da bütün qəlbimizlə dərk etmək istədiyimiz
nəsnələr qovuşur, onların ani görüş
yeri işıqla kölgənin çarpazlaşmasını
andırır. Bu parçada göz açıb yumunca
keçən ömrün dastanlarda "yorulan", amma əslində,
bir kiçik nöqtəyə sığan tarixçəsi
var, elə bil istidən qovrulduğun anda hardansa, ərzin dərinliklərindən
qopub gələn sərin mehi-cənnət küləyini hiss
edir, ömründən düşüb itən anların
dünyasında bircə məscid minarəsinə qəfil
yağan qarın soyuğunu hiss edirsən. Bu şeirdə
varlıqla yoxluq arasında qalan ruhun əzablı
çırpınışlarını "kölgə"
təsiri ifadə edir. Kölgələr o vaxt
uzandıqca-uzanır ki, günəş zenitdə olur və
bu, təbiətin diktəsidir. Bir də söz və mənanın
harmonik vəhdətində mənanın misra daxilindəki
şaquli hərəkətində "kölgə"yə
dönməsi var. Bu məqamda poetik obrazla bağlı
fransız tədqiqatçısı Qaston Başlyarın
fikrinə istinad etmək istərdik: "...Belə
çıxır ki, istənilən həqiqi şeirdə
adi, çay kimi, külək kimi üfüqi istiqamətdə
axan zamandan fərqləndirmək üçün şaquli
adlandıra biləcəyimiz ölçüsüz, hərəkəti
dayandırılmış zaman iştirak edir. Buradan dəqiq
müəyyənləşdirmə tələb edən
paradoks meydana çıxır; prosodiyanın zamanı
üfüqidir, poeziyanın zamanı - şaquli. Prosodiya
olsa-olsa səslərin ardıcıllığını
düzüb-qoşur, kadans bölgüsünü müəyyənləşdirir,
hiss və ehtirasları idarə edir, özü də çox
zaman əbəs yerə. Poetik anın nəticəsini mənimsəməklə,
prosodiya prozanı, deyilmiş fikri, yaşanmış məhəbbəti,
situasiyanı - axan, axıb gedən, xətti, arasıkəsilməz
həyatı "abadlaşdırmaqdan"
yapışır".
Adil
Məmmədin şair məni daha çox bu platformada qərarlaşır.
Çünki onun özü də xarakter etibarilə
xoşgörü insanıdır, bu mənada, orta həddi
sevir. Bu xüsus, onun poetik mətnlərinin daxili
tarazlığını da təmin edir. Məsələn,"Ölmədim
də ölən kimi..." şeirində onun dərdlərilə
"qol-boyun" olmağı var:
"Olmadım
da olan kimi,
Ölmədim
də ölən kimi,
Qabıq
verən ilan kimi
Dərdə
sarılıb gedəcəm".
Deyim
ki, bu şeir müəllifin yaradıcılığında
özünüifadə baxımından xarakterik nümunələrdən
hesab oluna bilər. Qədim hind traktatından gətirilən
nümunə kimi xatirimdə qalan təxminən belə bir qənaət
var; şairlər bədbəxt kəslərdən hesab olunur,
ona görə ki, onlar gözəlliyi dərk edirlər,
xoşbəxtliyin koordinatlarını bilirlər. Yəqin, məhz
bu üzdən həmin nöqtəyə çatmaları
mümkünsüz görünür:
"Doğma
eldə oldum qərib,
Məni
bu dərd dilləndirib,
Bəlkə
dünya lilləndirib,
Sonda
durulub gedəcəm".
Müəllifin
poeziyasında müxtəlif tərəflərilə
görünən "dərd-ələm" xətti var və ənənəvi milli poeziyada
olduğu kimi, burada da "dərd" obrazı rasional anlamda
insanı didib-dağıdan, yox edən məfhum kimi yox, əksinə,
dərinlərə nüfuz edən, insanı daxilən ucaldan
faktor kimi çıxış edir. Biz Adil Məmmədin
şeirlərinə çəkilən başqa obrazlardan da bəhs
edə bilərdik. Ancaq məqsədimiz bu obrazların
seçimindəki mistik xətti nişan verməkdir. Başqa
bir şeirində "kömür" sadə və səmimi
inamla içində yaşadığı nağıla
sığınan, inanan, lakin bu duyğuların dəqiq
ünvanını tapmaqda maneələrə rast gələn
şairin boğulan hisslərinin, qaralan arzularının
ekvivalenti kimi obrazlaşır:
"Ya
qoymadılar tamam alışam,
Yanıb
külə dönəm,
Yana-yana
öləm.
Ya da
söndürmədilər.
Beləcə
qarala-qarala qaldım".
Müəllifin
adını kitabına da verdiyi "Yağış
yüklü bulud" onun bu günə qədər dediklərinin
və deyə bilmədiklərinin saxlanc yeridir. Şair
ömrünün qəribə təzadları, cilvələri
var. Ömrü boyu özlərinə olan borcu ödəyə
bilməmənin, "başqa biri" kimi yaşamanın faciəvi
taleyini yaşayırlar. Mövcud zonada bu, həm də nə
yağış olub, nə də bulud qala bilməmənin sərhədləri
titrədən harayıdır.
Bu
şeirlərdən boylanan - eşqə, gözəlliyə
könül vermiş, son dərəcə sadəlövh,
kövrək şair qəlbi var. Sanki müəllif həyatın
qovğalarından, təngnəfəsliyindən eşq
adlı daldalanacağa sığınır. Lakin onun sevgi pərdəsinin
alt mətnində daha çox yaradana və yaradılana
qarşı insancıl münasibətin bəlirtiləri
duyulur. Həmin şeirlər obrazları, obyektləri, hekayələrilə,
sanki vahid mətnin müxtəlif nümunələrə səpələnmiş
fraqmentləri kimi çıxış edir. Onlar həm də
itirilmiş sevgiyə rekviyem kimi səslənir. Təəssüf,
gecikmişlik duyğusu, yuxu effekti və nəhayət,
ömrün kamil çağında duyğu titrəyişləri
yüngül yumor, özünə ironik münasibətlə
müşayiət olunur:
"Bu
yuxunu necə yozum?
Tanrı
mənə versin dözüm.
Kor
olsa da iki gözüm,
Soraqlayar
əlim səni".
"Səni..."
şeiri görünür, Adil müəllimin
özünüifadəsinə ən çox
inandığı şeirlərdəndir. Burda obyekt dayaq
nöqtəsi, inanc yeri kimi simvollaşır. Müəllif bu
hissin əbədiyyətinə o qədər inanır ki,
dünyadan ötə sərhədlərdə də yalnız
onun mövcudiyyətini qəbul edir. Bu poeziyada
"eşq" mənzilbaşı deyil, səfər
halında təzahür edir. Fikrimizcə, obrazlar və
münasibətlərdəki çalarlıq bu səbəbdəndir.
"Ruhum min illərdir səni axtarır/ Əbədi bir
eşqin yolçusuyam mən"- estetik idealı həmin
iddianı, sanki doğrulayır. "Eşq" anlamına bu
yanaşma təbiətin danışan dili şair Musa Yaqubun
"Karvan, götür apar məni özünlə"
şeiri ilə müəyyən paralelliklər təşkil
edir. Həmçinin, həsrət, ayrılıq yükü
onun lirik təsvirlərinin məna dairəsinin əsas çərçivəsini
təyin edir. "Sənsizəm" şeirində mövcud
hadisə bütün metaforik sərhədsizliyi ilə
görünür. "Cadar-cadar olmuş torpaq/ Ölü
dodağında donub qalan söz" kimi idealizələr hadisənin
dağıntı gücünü və effektini ifadə edir.
"Yağış
yüklü bulud", həmçinin, şairin vətən,
millət, tarix anlayışlarını özünəməxsus
yozumlayır. Bu mənada lokal təsvirlər - xan
çinarın, şah palıdın "vətən"
kimi obrazlaşması maraqlı təsir yaradır.
Sözlər
bəzən dualara bənzər, dua mətnlərindən
çıxıb gələr, çünki şeir yazmaq an məsələsidir,
zamanın, taleyin diktəsi deyil, bəlkə, itirdiyin,
ömrünün içindən qeyb olan, elə buna görə
də tutub yanında saxlamaq istədiyin anların sirrini
çözmək cəhdidir, ancaq bilirsən ki, heç nə
çözülməyəcək, bu anları nə qədər
"məharətlə" tutsan, bir o qədər də
uduzmuş olarsan və bunu bütün varlığınla
hiss edib uzaqlaşmaq istərsən, amma bu müstəvidə ən
uzaq yer də sənin öz içindir...
Samirə Məmmədli
Ədəbiyyat.-
2020.- 11 yanvar. S. 31.