Anarın "Şəhərin qış gecələri" Gənc Tamaşaçılar Teatrında

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşası hazırlanır.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühümlüyünü xüsusi qeyd edib: “Son aylarda bütün qüvvəmizlə Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında “Şəhərin qış gecələri” tamaşasını hazırlayırıq. 20 yanvar faciəsindən otuz il keçib, bu dəhşətli faciə tarixdə silinməz izlər buraxıb və görünür burda da bir məntiq var ki, məhz 30 il sonra böyük yazıçımız Anar bu mövzuya müraciət edib. Bilirsiz ki, hələ ötən əsrin 80-ci illərində Anarın “Şəhərin yay günləri” əsəri çox məşhur idi, mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi o tamaşaya. Bu dəfə isə artıq 30 il keçib və həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək qurmağa çalışırıq. Və ümid edirəm ki, bu tamaşa yeni gələn nəsillərin həqiqətlərimizi, tariximizi doğru, dürüst öyrənməsinə faydalı olacaq”.

Qeyd edək ki, tamaşanın premyerası 18 və 19 yanvar tarixlərində baş tutacaq.

 

Ədəbiyyat.- 2020.- 11 yanvar. S. 32.