Dolanırıq...
Bizim
bu dünyaya gəlməyimizə görə də bu aləmə,
aləmi Yaradan "Ol"! - deyib. Hərəkətə gətirənə,
zamanı çalışmağa başladana şükür
deməliyik, təşəkkür eləməliyik. Biz hər
birimiz minlərdən, bəlkə də milyonlardan
seçilib gəlmişik. Ömür adlı gözəl,
şirin, elə o qədər də acı-çətin bir səfərə
çıxmışıq. Ən çətin mərhələni
artıq keçmişik. Yəni biz yer üzündəki hər
hansı canlılardan biri də ola bilərdik. Amma biz yer
üzündəki canlıların ən alisi - İnsan kimi gəlmişik.
Qədəri alnına yazılmış, ünvanı əl
barmaqlarının ucunda göstərilmiş, hətta
ölümü də özü ilə bir vaxtda dünyaya gəlmiş
İnsan kimi. İnsan ağlı kəsən gündən
ölümü hər an onunla bir yerdə olduğunu,
qaşla-göz arasında yaşadığını bilir.
Əslində, bunu bilən əsl İnsan ölümün bu
qədər yaxın olduğunu dərk edəndə daha
ürəkli olur. O ölümü sonuncu qapı - xilas yolu
kimi görür. Çünki yaşayıb, həyatda
tülkü, çaqqal, canavar kimi yaşayan adamlar
görüb və düşünür ki, bəlkə məni
Yaradan bunları insanlığa dəvət etmək
üçün göndərib. Bunlar İnsanlıq yolunda,
inkişaf yolunda ciddi maneədir. Mən bu vəziyyəti dəyişməsəm,
mübarizə aparmasam, onlar daha da güclənib mənim
övladımın yoluna çıxacaq. Ölsəm də
qoy bu mübarizədə ölüm. Bəlkə o
tülkü, çaqqal, canavar xislətlilərin vicdanı
oyanar, hər halda onlara təsiri olar. Heç bu da olmasa elə
onların da, özümün də balalarımızın
yolunu təmizləyər, heç olmasa, asanlaşdıraram,
onların yolunda şəhid olaram, şəhidlər
ölmür. Şəhidlik qəhrəmanlıqdır.
Dünyaya özümlə gətirdiyim, ömrüm boyu
ürəyimin üstündə, gözlə-qaş
arasında bəslədiyim ölümü ölməzliyə
açılan qapı elədim, ömrümü
ölümsüz elədim!
Ümumiyyətlə,
insan - insanlıqdan kənara addım atanda
özü-özündən şübhəli, qorxa-qorxa
yaşayır. İnsan Yaradanın ən gec yetişən
barıdır. Yaradan insanın yoluna əngəlləri də
ona görə səpir ki, onu sınaqda bərkitsin, təcrübəsini
artırsın. Daha gərgin vəziyyətdə, daha gərgin
şəraitdə çalışmağı öyrətsin.
Əslində, insanın daxilində bütün imkanlar var.
Çətin vəziyyətdə ürəklə, güclə,
əsəblə yox! Səbrlə, daha sakitliklə, hər iki
tərəfi də düşünərək öz beyninlə,
ürəyinlə vicdanınla məsləhətləşib
çıxış yolunu görəcəksiniz. İnsan olan
hər kəs unutmamalıdır, dünyada tam pis insan yoxdur.
Heç belə düşünməyə də
ixtiyarımız yoxdur. Çünki onu da Allah yaradıb, onu
da Allah İnsan yaradıb. Əgər belə birinə biz rast
gəliriksə, biz onun Yaradan tərəfindən
qarşımıza qoyulan sual kimi qarşılayaq. İnsan
yaratdığım varlığı hansı vəziyyət,
şərait bu günə salıb? Hamını bir Allah
yaradıb. Hamını eyni yaradıb. Bütün dinlərin
səmavi kitablarında oğurluq, rüşvət, haram mal
qadağandır. Yer kürəsinin bütün ölkələrinin
"ana yasasında" əsas qanunda da qadağan olunub. Belə
cinayətlər üçün təcridxanalar var və
ilaxır... Amma bu xəstəlik də var.
1962-ci
ildə "Rüşvətxorlar" adlı bir şeir
çap etdirmişdim. Mənə üç imzasız təhqiramiz
məktub gəldi. Doğrusu, ürəyimdə sevindim ki,
ölkəmizdə cəmi üç nəfər
rüşvətxor varmış. Məktubların
üçü də imzasız idi. Onlar atasının,
anasının əziz balasına verdiyi sevimli adı da
rüşvət kimi gizlətmişdi. Amma şeir onu
ağrıtmışdı. Cavab yazmağa məcbur
etmişdi. Şeir ona daş kimi dəymişdi. Mən daş
atmıram, şeir yazıram, şeir qəlb qırmalı
deyil. Buna mənim ixtiyarım yoxdur. Bir az daha dərindən
düşünəndə mənim yolum da səhvdir. Mən
oxucumu belə sərt, amansız tənqid edəndə dediyim
hər sözün arxasında yazmadığım və demədiyim
bir sözü eşitdim. "Mən yaxşıyam",
"sən pissən". "Mən haqlıyam", "sən
haqsızsan". Axı, onlar da Allahın yaratdığı
bacılarım, qardaşlarımdı. Mən ona kömək
etməkdənsə, ona damğa vurdururam,
günahlandırıram. Polis deyiləm, hakim deyiləm. Mən
şairəmsə, oxucunun ürəyinin içində
vicdanının, ən gizli duyğularının söhbət
yoldaşıyam. Mənim insana məhəbbətim, səmimiliyim
onun qanına işləyib ruhunda unudulmuşları
oyatmalıdı. Təcridxanalar, zindanlar tərbiyə
ocaqları deyil. Oraya salınmış insanlar cəza çəkmir.
Onlar burda öz vərdişlərini sənət səviyyəsinə
yüksəltmək üçün təkmilləşmək
kursu keçir. Beləliklə, orada daha kamil oğru, daha kamil
qatil, dolandırıcı və bu kamillər yetişir.
Ölkənin ən humanist, ən insanpərvər
insanları bu müəssisələrdə
çalışmalıdı. Onlar üçün insana məhəbbət
"Quran" kimi müqəddəs olmalıdı. Onlar
unutmamalıdır ki, Allahın ən gözəl, ən ali
yaratdığı canlı İnsandır. Cinayət və ya
başqa günahlar üzündən bura düşənlər
də İnsandır. Onlar da sevgiyə, hörmətə,
qayğıya layiqdirlər. Rəhbərindən tutmuş bu müəssisənin
bütün işçilərindən o sevgini, hörməti,
qayğını görməlidirlər. Əslində,
insanın insana gərək belə münasibəti olaydı.
Hər kəs özünü, öz ailəsini idarə edərdi
və belə idarə etsəydi, ölkədə belə
münasibətlərə ehtiyac olmazdı. Xülasə, arzu
başqa şeydir, reallıq başqa, reallıq budur. Arzumuza
qalsa, Allahımız kainatı bizim üçün
yaradıb. Kainatda Planetlər itkisiz təsərrüfatlardı,
bizim Yer kürəmiz də onlardan biri. Bəs burada inkişaf
necə gedir? Xaotik, pərakəndə. Elm inkişaf edib. Yerin
cazibəsindən çıxmağı öyrənib. Amma
uzaq uçuşlara hələ hazır deyil. Elm atomu, molekulu,
nüvəni parçalayıb dəhşətli silahlar
yaradıb. Növbəti addımda Yer kürəsini məhvərindən
oynada bilərik. Bərəkallah bizə! Bizim bu rəngarəng
Yer kürəmizi öyrənmişikmi? Yox! Yer Kürəmizi
qorumağı öyrənməmişikmi? Yox! Bəs
özümüzü necə? Yəni insan orqanizmini, onun
bütün imkanlarını? İnsan beynini, beyninin hər
bir mərkəz nöqtəsinin nəyə qadir olduğunu
öyrəndikmi? Yox! Bəs bu milyon illər ərzində biz
nəyi öyrənmişik? Yaradan insanlar şəhərlər
salıb körpülər yaradıb, binalar ucaldıb.
Güllü-çiçəkli, barlı-bəhrəli
bağlar salıb. Onu da gördük ki, başqa insanlar
yaraşıqlı evləri viran qoydu, körpüləri
dağıtdılar. Bağları oda qaladılar. Həm də
bu vəhşiliyi öz Yer kürəmizin insanları, öz
qonşularımız körpələri, qocaları
qırdılar, şəhərləri, kəndləri viran
qoydular. Bunları görəndə düşündüm:
"Allahım, Sənə çox şükür! Nə
yaxşı bunlar Yerin cazibəsindən hələ
çıxa bilmirlər. Allahım, bu nifrətin, kinin
daşıyıcılarına imkan vermə, elə burada
onları özün bildiyin kimi islah eylə. Başqa səyyarəyə
nifrəti, kini apara bilməsinlər. Allahım, insanın
insana, təbiətə, torpağa, canlılara məhəbbətini
artır. İnsanı evinə, qonşusuna, kəndinə,
şəhərinə, ölkəsinə məhəbbət gətirməyə
öyrət.
Məhəbbətdən
insan doğulur, nifrətdən bir-birindən dəhşətli
silahlar. Nifrət kordu, haqlını, haqsızı
görmür, nifrət yanğınlara, daşqınlara,
tufanlara dönür. Əli çatan hər kəsi cəzalandırır.
Ağaclar yanğından, seldən, tufandan, qaça
bilmir".
Bizim,
yəni İnsanların ən böyük zəfəri odur ki,
dünyaya İnsan gəlmişik, ömrümüz boyu bu
insanlığı qoruyaq, saxlayaq, çalışaq
dünyadan da insan kimi, bu "böyük ada" layiq olub gedək.
Bu həm asandır, həm də çətin. Asandır ona
görə ki, sənin əqidən, düşüncən,
vicdanın nəyi istəsə, enerjin onu yerinə yetirmək
imkanına malikdir. Bizə artıq məlumdur ki, hər bir
canlı öz tutumu həcmində enerjidir. Enerjinin qidası
canlının düşüncəsi, əxlaqı, əqidəsidir.
Canlı öləndə enerjisi ölmür - şəklini dəyişir.
Əlbət ki, o canlının əxlaqı,
düşüncəsi, əqidəsi, vicdanı da
ölmür. Onlar da barmaqları toxunduğu,
çalışdığı yerlərdə, əşyalarda
izləri qalır, hərarəti yaşayır, sonra onlarla təmasda
olanlara əlinin hərarətini, duyğusunu yaşadır, bəzi
düşüncələrini düşündürür.
Enerjisi ölmədiyi kimi, edilən yaxşılıq da,
yamanlıq da itmir, sən dünyanı dəyişəndən
sonra da yaşayır. Yaxşılıq və yamanlıq
arasındakı ədavəti yaşadır. Hər iki
dünyada bir tərəzi var, şəkildən-şəklə
düşən bir enerji var. Çox az hallarda tərəzinin
iki gözü də taraz dayanır, bu bir an olur. Amma doxsan faiz
də tərəzinin yaxşılıq gözü qalib olur.
Ona görə həyat yaşayır, yaşadır. İnsan
həyatı qorumaq üçün yaranmış
varlıqdır. İnsan - Yaradanın ən kamil
yaratdığı bir varlıqdır. Kamil olduğu qədər
də müstəqildir. Yəni onu idarə edən
başı, başında beyni, beynində düşünmək,
yaratmaq, yaşatmaq, həyatı daha da gözəl, firavan etmək
kimi ideyaları var. Ürəyi var, ürəyində məhəbbəti,
nifrəti, vicdanı enerjisini azalmağa qoymayan, qidalandıran
yanacağı var. Xülasə, İnsan adlanan varlıq
dünyada yaşamaq üçün lazım olan hər
şeylə təmin olunmuş halda həyata gəlir. O, məhəbbətdən
yaranır, onu dünyaya da məhəbbət gətirir. Bəs
necə olur, dünyaya gəlmənin son mərhələsində
doqquz ay uşaq ana bətnində qayğı və məhəbbət
qoynunda yaşadığı halda, onun körpə qəlbində
kinin və nifrətin də rüşeyminə yer
tapılır?
Təbii,
siz bu yerdə haqlı olaraq məndən soruşa bilərsiniz,
dünyaya gəlmənin ana bətnindəki doqquz aydan əvvəl
hansı mərhələsi ola bilər?
Allahın
yaratdığı hər şey o qədər kamil, möhtəşəmdir
ki, orada təsadüfə yer yoxdur. Bəlkə doğulacaq
uşaqların ruhları özünə ata-ana seçir.
Onları ağlagəlməz yollardan keçirib üz-üzə
gətirir. Onlar bir-birinin gözündə o körpənin təbəssümünü
görür. Mən bu yerdə şairlik eləyib çox
şey deyə bilərəm, amma demirəm. Güman edirəm,
siz məni anlayarsınız. Bu həyatda heç bir təsədüf
yoxdur. Əvvəlini bilmədiyimiz zəruri məntiqi nəticələr
var. Biz ona təsadüf deyirik. Bəli, insan məhəbbətdən
doğulur. Amma kin, nifrət ən çətin vəziyyətdə
həyatı, insanı qorumaq üçündür. Kin-nifrət
də örüyüb artır. Yeni-yeni silahlar doğurur. Bəli,
bu da zərurətdən doğan həqiqətdir. İyirmi
birinci əsrdə bizim belə bir həqiqətlə
üz-üzə qalmaqda özümüz günahkarıq. Biz
deyəndə mən İnsanı, İnsanlığı nəzərdə
tuturam.
Mənə
elə gəlir ki, biz lap əvvəldə, öyrənmək
və öyrətmək məsələsində səhv yol
seçmişik. Hansısa həlledici bir mərhələdə
uşaq niyə düşünməlidi? Biz bu yolu
keçmişik, düşünmüşük. Dediyimizi
yerinə yetirsinlər kifayətdir! Beləliklə, bu təcrübəni
ailə başcısı öz böyük övladlarına,
böyük qardaş-bacılar kiçik
qardaş-bacılarına, böyük ailələr
kiçik ailələrə, böyük kəndlər
kiçik kəndlərə, böyük şəhərlər
kiçik şəhərlərə, böyük ölkələr
kiçik ölkələrə tərbiyə verir. Belə
inkişafın sonunda prokuristin məşhur
çarpayısı bizi - yəni insanları gözləyir.
O çarpayıdan ayağı çıxanın
ayağını kəsəcəklər, başı
çıxanın başını kəsəcəklər.
Gödək olanları dartıb çarpayı boyunca
uzadacaqlar.
Belə
düşüncə tərzi ilə yaxın gələcəkdə
insanları geniş laboratoriyalarda, lazımi miqdarda yetişdirəcəklər.
İnsan da silah kimi istehsal oluna bilər. Onun primitiv forması
artıq yaranıb. Terroristlər iş başındadır.
Bir azdan sonra onları konveyerlə istehsal etmək
mümkün olacaq...
Amma
ikinci bir yol var. İnsan dünyaya gələndən ona
özünün başdan-ayağa bir möcüzə
olduğunu anladaq. O, öz bədəninin bütün əzalarını
düzgün istifadə etsə, əzalar ona azı iki yüz
il xidmət edə bilər. O öz beyninin bütün
imkanlarından istifadə edə bilsə, beyninin gözü
ilə yaxın planetləri səyyahət edə bilər. Sənin
sinəndə yumruq boyda ürəyin bütün bədənin
hər zərrəsini fasiləsiz qanla qidanlandırır,
ömrü boyu da qidalandıracaq. O qan da adi deyil, o qanda əcdadının
qan yaddaşı yaşayır. Hələ gəldiyin bu
dünya, bu Yer kürəsi... Allah onu cənnət yaradıb
bizə verdi. Ayağının altındakı torpaq, sənin
iki ayağının izi altında qalan torpağı əksən,
becərsən, bacarsan səni ömrün boyu yedirtməyə
qadirdir. Sənin yalnız özünü öyrənmyə,
özünü hazırlamağa, imkanlarını
açmağa, bir ən uzun insan ömrü də azdır.
Sən
yer üzünə Allahın göndərdiyi paysan.
Bütün imkanlarını açmağa insanlara
paylamağa çalış. Bəlkə bizə heç belə
bir imkan bir daha verilmədi. Məsələ burdadır ki, biz
hamımız belə bir sərvətə malikik. Amma bundan xəbərimiz
yoxdur. Çünki özümüzü tanımırıq.
Biz birinci növbədə özümüzü öyrənməliyik,
özümüzü öyrətməliyik. Biz ömür
adlı uzaq bir səfərdəyik.
Hər
şeyə, hər vəziyyətə hazır
olmalıyıq. Ona görə də birinci növbədə
özümüzü, öz imkanlarımızı, nəyə
qadir olduğumuzu öyrənməliyik. Amma yox, biz
başqalarını öyrətməyə
çalışırıq. İnsan gördüyünə
daha çox inanır. Sən ağıllı, savadını
artıran, işini yaxşı bilən, hər kəsə
hörmət və məhəbbətlə yanaşsan səni
görənlər, səndən daha çox şey
görüb-götürəcəklər, öyrənəcəklər.
Nəinki onlara dərs verən, öyüd verən, leksiya
söyləyən insanlardan. İnsanın yaşayış tərzi,
davranışı, əxlaqı, səbri, təmkini ətrafdakılara
daha çox tərbiyə verir. Kamil insan heç özü
bilmədən nə qədər insana öz nümunəsi ilə
gözəl yaşamaq tərzi öyrədib. Daha doğrusu,
öyrətməyib. Ondan görüb-götürüb
öyrəniblər.
Nə
gizlədim, hərdən üzümü göyə tutub
soruşmaq istəyirəm: Allahım, Adəmlə, Həvvanı
sözündən çıxdıqlarına görə Yer
kürəsinə sürgün elədin. İndi bu planetdə
altı milyarddan çox insan yaşayır. Yer daraldıqca
qılıq da daralır, müharibələr,
qırğınlar bir yandan, sellər, tufanlar, yanğınlar
da bir yandan. Yerin cazibəsindən də çıxıb
qaçmağa qoymursan. Anlayıram, bizim beynimizdə burdan
getməyin açarını gizlətmisən.
Ağlımızın gözünə pərdə çəkmisən,
o açarı tapa bilmir, görə bilmir. Kainatda sayagəlməz
qədər səyyarələr var. Çoxu
insansızdır, bir çoxu da tam boşdur. İzin ver gedək
yaşayaq. Bilirəm, deyəcəksən "Mən səni
azad yaratmışam. Səndə ulduzları gəzmək
üçün hər şey var. Çalış uç!
Get! Yaşa! Mən hər kəsə hər şey vermişəm.
Hər kəs layiq olduğu qədər istifadə edə
bilir. Mən "Ol" dedim, zaman çalışmağa
başladı. İkinci sözü siz deyəcəksiniz.
Görək nə, ya kim olacaqsınız".
Bəli,
indi az adam özünü araşdırmaqla, öz
imkanlarını kəşf etməklə məşğul
olur. Əksəriyyət başqalarına tərbiyə, təlim
verməyə çalışır. Valideynlər, qohumlar
dostlar, tanışlar, təbliğat aparanları qəzetlər,
jurnallar, kitablar, radiolar, televiziya proqramları gərəkli, hərdən
gərəksiz verilişləri ilə yeniyetmələri, gəncləri,
ahılları məlumatlandırır. Zamanın
sayğacı işləyir. İnsan artır. Yer daralır.
Ölkələrin gözü qonşularda boş yer
axtarır ayağını qoymağa, yavaş-yavaş
özünküləşdirməyə. Bu azmış kimi, hər
ölkənin içində partiyalar artır. Onlar da hərəsi
bir başqa ölkə tərəfə öz ölkəsini
çəkmək istəyir.
Bu
cür çalın-çarpaz siyasi atışma mərkəzində
qalan vətəndaş özünü necə tapsın,
tanısın? Çətindi! Elə İnsan olmaq da işin
çətinindən yapışmaqdı. Gərək
gözlərini geniş açasan, hər şeyə
çox yuxarıdan baxasan. Hətta özünə də,
özündən xeyli yuxarıdan baxsan, özünün kim
olduğunu görəcəksən. Sən, əslində, vətənin,
yəni bu torpağın, suyu, havası, bu danışa bilməyən,
təhlükədən qaça bilməyən
ağacların, onların meyvəsi sənin qanında var.
Onların kölgəsi sənin saçlarındadır.
Xülasə:
Dolanırıq
Otlar
torpağı yeyir,
Qoyunlar
otları yeyir,
Biz
qoyunları yeyirik,
Bizi
torpaq yeyir
Hamımız
bir-birimizi
Yeyə-yeyə
dolanırıq.
Bizi
dolandırana
Şükür
deyə-deyə
Hamımız
bir-birimizin
Qanında,
canında dolanırıq.
Ordan,
yuxarıdan Allahın ayağı altındakı yüksəklikdən
baxıb, torpağımın, suyumun, odumun, havamın mənafeyindən
çıxış etməli, özümü onun əsgəri
hiss etməməliyəm. Bədənim də özüm boyda
torpaqdır. Onu da bu torpağa qaytarmalıyam. Bizi Allah öz cənnət
adlandırdığı bağçasında güllər-çiçəklər
kimi fərqli - rəngbərəng yaradıb. Kainatda
yaratdığı səyyarələr də bizim kimi fərqli
- rəngbərəngdir. Bəlkə forma etibarilə biz fərqliyik.
Məzmunca eyniyik. Bilmirəm. Hər halda bu fərziyyədir.
Amma bir şeyi dəqiq bilirəm. Yolumuz kainata
bağlıdır. Nə qədər biz Yer kürəsində
planetimizi dövlətlər arasında sərhədlərə
ayırmışıq. Gediş-gəliş viza ilədir.
Torpaq bizi kainata buraxmayacaq, kainat bizi qəbul etməyəcək
- gərək əvvəl beynimizdən sərhədləri
götürək. Gərək bizi Yaradan bizim insan kimi tam
yetişdiyimizdən, kamil olduğumuzdan arxayın olsun. Sonra
bizə kainatın qapılarını açsın!
Haqlıdır! Elə ona görə bir adı da Haqdır!
Hər
halda mən bu yazıda dediklərimi aksioma saymıram. Bu
istiqamətdə də düşünmək, müzakirə
və mübahisə etmək olar.
"Dolanırıq"
şeiri də elə bu dolaşıq fikirlərdən
yazılıb.
Fikrət Qoca
Ədəbiyyat.-
2020.- 18 yanvar. S. 2-3.